Yaqub Mahmudov – Azərbaycanın milli məfkurəli tarixçisi ictimai xadimi

 

Yaqub Mahmudovun “qısqanclıq” böhranı yaşayan opponentlərinə cavab

 

Müasir dünyada elmi fikirlərin, mülahizələrin, ideyaların yayılması və təbliği indi artıq ənənəvi sayılan nəşr formasında monoqrafiya, məqalə, məruzə vasitələri ilə deyil, həm də daha çox elektron vasitələrlə mümkünləşir. Bu, bir tərəfdən, elmi yeniliklərin ictimaiyyətə daha sürətlə çatdırılmasını təmin edirsə, digər tərəfdən, istənilən ideyanın, o cümlədən qərəzli fikrin, etnikmilli qaşıdurmalara, sosial gərginliyə dəstək verə biləcək mühakimənin də yayılmasına rəvac verir. Bu səbəbdən, müasir tarixçinin üzərinə daha böyük məsuliyyət düşür: təkcə məhdud sayda bir elmi dairə üçün deyil, milyonları ehtiva edən auditoriya üçün nəzərdə tutulmuş web-aləmdə obyektiv, siyasiideoloji yükü olmayan, qərəzsiz tarixi yaymaq və təbliğ etmək.

 

Azərbaycan uğrunda və Azərbaycançılıq adına elmi dairələrdə və beynəlxalq məclislərdə mücadilə Yaqub Mahmudovun bir tarixçibir vətəndaş olaraq taleyinə yazılmışdır. Amma son onilliklərdə bu mücadilənin yeni bir şaxəsi də yaranıb – web aləmdə həmfikirlərinin dəstəyilə yanaşı, «özümüzdən» və Rusiyadan, Ermənistandan, İrandan olan opponentlərinin güclü müqavimətinə qarşı mübarizə aparmaq.

Son bir neçə ildə İnternet saytlarında geniş yayılmış müxtəlif yazılarda, istər müsahibələrdə, istərsə də web-məqalələrdə bu opponentlərin görkəmli tarixçi Yaqub Mahmudova qarşı qısqanclıq, paxıllıq, qarayaxma xarakterli reaksiyaları artmışdır. Azərbaycanın əleyhinə işləyən qüvvələr görkəmli tarixçinin demək olar ki, hər addımını izləyir, Azərbaycan tarix elminin hər uğurunu qılınc-qalxanla qarşılayırlar. Çox təəssüf ki, ölkənin daxilində də onların səsinə səs verən qüvvələr yox deyil.

Bu reaksiyalar, bir tərəfdən, qonşu ölkələrin bəzi üzdəniraq elmiictimai dairələrinin, həmçinin ürəyi qısqanclıq və paxıllıqla yanan bəzi yerli “alimlər”imizin Azərbaycana və Azərbaycan tarixçisinə qarşı əsl simasını üzə çıxarır, digər tərəfdən, Azərbaycan tarix elminin böyük uğurlarını da təsbit edir.

Məsələn, təkcə elə ermənilərin Yaqub Mahmudovun yazılarına, elmiictimai fəaliyyətinə reaksiyasını, web-aləmdə əsl düşmənçilik hərəkətlərini təhlil etsək, bu yazdıqlarımızın həqiqiliyi ortaya çıxar. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Yaqub Mahmudov rəhbərlik etdiyi Tarix İnstitutunun əməkdaşları ilə birgə «26 Bakı Komissarları» adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımın gerçək tərəflərinin üzə çıxarılması, təbiidir ki, ermənilərin ağlasığmaz kəskin reaksiyasına və Azərbaycan tarixi ilə bağlı yeni uydurmalarına, ən başlıcası, Yaqub Mahmudova qarşı böyük bir kampaniyanın başlanmasına səbəb olmuşdur. «26 Bakı Komissarları» adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımın gerçək tərəflərinin üzə çıxarılmasını «həzm» edə bilməyən ermənilər öz İnternet-saytlarında Yaqub Mahmudovu «milli-şovinist» ruhlu tarixçi adlandırır, Şaumyana qarşı «faşist» yonlü kampaniya aparıldığını qeyd edir, Azərbaycan tarixçisinin bu fəaliyyətinin əslində bütün Azərbaycan dövlətçiliyi üçün səciyyəvi olan «məzarlıq» siyasətinin («êëàäáèùåíñêàÿ ïîëèòèêà») tərkib hissəsi olduğu haqqında fikirlər sayıqlayırlar.

Bu tip reaksiyalar ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi digər cinayətlər, o cümlədən 1918-ci ildəki soyqırımları ilə bağlı Yaqub Mahmudovunonun məktəbinin apardığı digər araşdırmalara qarşı da davam etməkdədir. Yaqub Mahmudovun tədqiqatlarında Azərbaycanın tarixi torpaqlarının xüsusi yer tutması, «itirilmiş torpaqlar» konsepsiyası çərçivəsində İrəvanın, Təbrizin, Dərbəndin, Borçalının tarixinin yenidən və əhatəli tədqiqi də onun xaricdəki opponentlərinin qəzəbinə səbəb olmuşdur. Bir-birinin ardınca Ermənistanın, İranın, Rusiyanın, Dağıstanın, Gürcüstanın İnternet saytlarında Yaqub Mahmudova qarşı kampaniya yeni vüsət almışdır. Saytlarda yer alan qərəzli yazılarda həm görkəmli tarixçiyə, həm də Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı kəskin çıxışlar edilmiş, Azərbaycanın tarixi torpaqlarına iddialar bu dəfə də online şəkildə davam etdirilmişdir.

Qeyd edək ki, adları çəkilən ölkələrin saytlarında, həmçinin bəzi yerli saytlarda bu tipli yazılar böyük saydadır, lakin öz qərəzliliyi, elmə zidd fikirləri, açıq-aşkar «qarayaxmalar»ı ilə geniş auditoriya qazanması mümkünsüzdür. Yaqub Mahmudovun bir alimictimai xadim kimi fəaliyyətinə layiqli qiymət verən, obyektiv, qərəzsiz və doğru yazılarla zəngin saytlar on minlərlədir və təbii ki, oxucu auditoriyası da daha genişdir.

Əsl elm, əsl alim, əsl Tarix – qeyri-obyektivlikdən, qərəzdən, müxtəlif siyasişovinist təmayüllü mühakimələrdən çox-çox üstdədir və üstündür! Yaqub Mahmudov dünya tarixşünaslığına Azərbaycan tarix elminin uğurlarını yazdırmağı başarmışdır.

Biz Yaqub Mahmudovun opponentlərinə öz “dillərində”, yəni onların müxtəlif saytlara sızan məqalələri tipində -  təhqirlərlə, iftiralarla, şəxsiyyəti alçaldan sözlərlə dolu yazı ilə cavab vermək istəmədik. Aşağıdakı yazıda biz Azərbaycan tarix elminin uğurlarını təsbit etməklə və Yaqub Mahmudovun Azərbaycan tarix elmindəki xidmətlərini göstərməklə, onun opponentlərinə Yaqub Mahmudovun adına layiq - əsl alim və vətəndaş qismində cavab veririk.

Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri, böyük tarixçi, professor Yaqub Mahmudov, - o, indi burdadır, - bir çox başqa alimlər Şəkinin yetirmələridir.

 

Heydər Əliyev

(Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində nitqindən – «Azərbaycan» qəzeti, 10.11.2002)

 

 1. Müasir Azərbaycan tarix elminin inkişafında milli məfkurənin rolu

Azərbaycanda tarix elminin müasir mərhələdə inkişafı milli dövlətçilik ənənələrimizin bərpası, Azərbaycanın tarixi torpaqlarının bir hissəsində müstəqil Azərbaycan Respublikasının qurulması milli məfkurənin formalaşması ilə sıx bağlıdır.

1980-ci illərin ortalarından etibarən Azərbaycanda milli hərəkatın genişlənməsi, milli qürurun, milli-mənəvi dəyərlərin yenidən böyük əhəmiyyət kəsb etməsi, milli tariximizə ictimai marağın artması Azərbaycan tarix elminin Azərbaycan tarixçilərinin qarşısına böyük məsuliyyət qoymuş oldu. Bir tərəfdən, sovet hakimiyyəti dönəmindən marksist metodologiyasının ehkamlarına tabe etdirilmiş tarix elmini bu «buxovlardan» azad etmək, yəni elmi metodologiyanı dəyişmək lazım idi, digər tərəfdən, hələ XIX yüzilliyin başlanğıcından Rusiyanın tarix elminin, dəqiq desək, rus müstəmləkəçi-şovinist tarixçilərinin təsiri diktəsi altında yazılmış TARİXİMİZİ yenidən yazmaq zərurətə çevrilmişdi.

İlk baxışdan, sadəcə zahiri xarakterli görünən bu məsələ, əslində, Azərbaycan tarixçisindən həm böyük erudisiya, həm alim obyektivliyi tələb edirdi. Uzun illər tədqiqatları Rusiya hakimiyyəti tərəfindən həm ideoloji baxımdan, həm sırf elmi nöqteyi-nəzərindən məhdudlaşdırılan Azərbaycan tarixçisinin yanlış yol seçməyə, qeyri-elmi düşüncələrlə tarixi arqumentləşdirməyə ixtiyarı yox idi. Üstəlik, «millətçi», «pantürkist», «panislamist» damğası ilə «yüklənmiş»  Azərbaycan tarixçisi indi bu «izmlər»dən əvvəlkindən daha artıq uzaq olmalı idi, çünki Vətənin tarixini hər hansı subyektiv məqamlarla «yükləmək» - bəzi «ruspərəst», «sovetpərəst» tədiqatçıların qınağına, «görürsünüz, Rusiya elmindən uzaqlaşmağımız nələrə gətirib çıxardı» tipli qərəzli fikirlərinə səbəb ola bilərdi. Müstəqil Azərbaycanın tarixçisi milli məfkurəli, amma hər hansı şovinist ruhda olmayan tədqiqatlar yazmalı idi.

Əslində, Azərbaycan tarixçisinin bu araşdırmaları birdən-birə yarana bilməzdi: çarsovet Rusiyasının bütün məhdudiyyətlərinə və qadağalarına, müstəmləkəçi və marksist ideologiyanın ehkamlarına rəğmən, Azərbaycan tarixçisi iki yüzillik ərzində xeyli nailiyyətlərə də nail olmuşdu. Vətən tarixinin ən əhəmiyyətli hadisələrindən bir çoxu – hərbi tarixi, sosial-iqtisadi tarixi, mədəniyyət tarixi geniş şəkildə araşdırılmış, fundamental əsərlər yazılmışdı. Bu əsərlərin nəhəng mənbəşünaslıq bazası isə elmi aktuallığını indiyədək saxlamaqdadır.

Amma ideologiya, məfkurə elə bir sistemdir ki, onu digərilə əvəz etmək, hətta Vətənin və millətin xeyri naminə olsa belə, çətin qərardır. Musa peyğəmbərin yüzilliklər boyu kölə vəziyyətində yaşamış xalqını azadlığa çıxarması üçün onu 40 il Kənan ətrafında dolandırması lazım olduğu kimi, milli yöndə tədqiqatlar aparmağa hazır olan tarixçi üçün də ZAMAN gərək idi. Amma torpaqlarının bir hissəsi Ermənistanın işğalı altında olan, qonşuları tərəfindən təkcə torpaq iddiaları ilə deyil, TARİXİNƏ olan iddialarla da təkbətək qalan Azərbaycanın tarixçisinin bu zamandan yararlanmaq «imtiyazı» yox idi.

Sovet dövrünün qadağalarına rəğmən milli ruha xəyanət etməyən, alim obyektivliyini qoruyub saxlayan tarixçilərimiz bütün bu «ağırlığı» öz üzərilərinə götürməyə hazır idilər. Belə tarixçilərdən biribirincisi Yaqub Mahmudov oldu. 1980-ci illərin sonunda Yaqub Mahmudovun dekan olduğu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsi Azərbaycan milli məfkurəsinin formalaşdığı mərkəzlərdən birinə çevrildi. Ətrafında toplanan davamçıları və tələbələri müəllimindən onilliklər boyu yığılıb qalmış suallara cavab istəyirdi: Azərbaycan gəncləri öz TARİXİ üçün narahat idi və ən böyük yardımçıları da vətəndaş ömrüalim fəaliyyəti boyu ZAMANA tabe olmayan milli məfkurəli Yaqub Mahmudov idi.

Yaqub Mahmudov tarixçi gənclərə, davamçılarına və tərəfdarlarına millətini sevmək, amma elmə xəyanət etməmək prinsipini aşılayırdı. Bu isə yalançı «vətənpərvərlik», populist yazılarla və fikirlərlə gəncləri zəhərləyən, milli məfkurəyə - Azərbaycançılıq ideyasına deyil, şovinist düşüncələrə yol açan üzdəniraq alimlərin xoşuna gələ bilməzdi. Ona görə də 1980-ci illərin sonunda Tarix fakültəsi sözün əsl mənasında ideyaların mübarizəsi mərkəzinə və meydanına çevrilmişdi.

 

ardı var...

 

 

Olaylar.- 2013.- 17 may.- S.12.