Laçın adlı dərdimiz var...

 

Qarabağ adı gələndə qəlbi sızlayan hər bir azərbaycanlının gözlərini yolda qoyan, acı həsrət yaşadan Laçının işğalından 21 il ötür. 21 ildir davam edən bu acı həsrət hər bir azərbaycanlının göz yaşları, ürək yanğısı ilə çəkdiyi dərddir. Artıq 21 ildir ki, doğma Laçınımıza həsrətik. Bu ağrı – acı nə vaxtadək davam edəcək? Nə vaxtadək biz haqqımız olan torpaqlarımıza ayaq basa bilməyəcəyik? Bu dərd qəlbimizdə bizimlə məzara gedəcək, yoxsa bir acı həsrət olaraq tarixə qovuşub bitəcək?

 

Qanlar tökülməsə, neçə - neçə cavan canlara qıyılmasa bu torpaq qayıtmayacaqmı? Hanı bəs ədalət?!

Acı həsrətini qəlbimizdə daşıdığımız Laçın rayonu 1992-ci il mayın 18-də erməni qəsbkarları tərəfindən işğal olunub. Yüzlərlə ev dağıdılıb, əhali torpağından didərgin salınıb. Axı bu insanların nə günahı vardı ki, bir gecənin içərisində bütün varidatları talan edilib.

Doğma Laçının zəngin tarixi var. Beləki 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili ilə əlaqədar Şuşa qəzası ləğv olunub əvəzində Ağdam qəzası təşkil edilib. 1923-cü ildə Respublika Mərkəzi İcraiyyə Komitəsinin qərarına uyğun olaraq Qubadlı, Kəlbəcər Laçın torpaqları vahid qəza halında birləşdirilərək Kürdüstan qəzası yaradılıb. Qəza mərkəzi kimi əvvəlcə Pircahan, sonra Minkənd, daha sonra isə Laçın təsdiq edilib. Laçın rayonunun 1924-cü ildə Tağı Şahbazi Simurq tərəfindən əsası qoyulub.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nin Nazirlər Sovetinin "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında", "Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətlərini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 16 noyabr 1971-ci il Azərbaycan KP MK-nin bürosunun "Laçın şəhərinin 50 illiyi barədə" 6 avqust 1974-cü il tarixlərdə qəbul olunmuş qərarlar rayonun sosial-iqtisadi mədəni həyatının, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına güclü təkan verib, təsərrüfatların maddi-texniki bazası xeyli möhkəmlənib, orta məktəb məzunlarının güzəştlə ali məktəblərə qəbuluna xüsusi yer verilib.

Rayonun ərazisi 200-ə yaxın tarixi, mədəniyyət memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə təbii sərvətləri, qiymətli mineral suları ilə zəngindir.

Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.

Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı kimi fəxri ada layiq görülmüş həmyerlilərimiz mərhum Kamil Nəsibov, İsrafil Şahverdiyev, Oktay Güləliyev, Fazil Mehdiyev, Qorxmaz Eyvazov onlarla "Azərbaycan bayrağı" digər ordenlərə layiq görülmüş mərd, mübariz insanlar məhz Laçın rayonunun yetirmələri olublar.

Bu gün Laçın rayonunun, bütövlükdə Dağlıq Qarabağın düşmən tapdaqları altında qalması qəlbimizi ağrıdır. Tarixən bizə məxsus olan torpaqlara ayaq basa bilməməyimiz, onu yalnız kadrlardan, şəkillərdən izləməyimiz bizi çox incidir.

Biz bizə məxsus olanı geri qaytarmaq üçün nələr edə bilirik, görəsən?!

 

 

Sevda Qurbanqızı

 

Olaylar.- 2013.- 17 may.- S.8.