Diaspora sahəsində həyata keçirilən uğurlu siyasət

 

Yeni-yeni birlik və təşkilatların yaradılmasına stimul verir

 

Diaspor sahəsində görülən uğurlu işlər və həyata keçirilən məqsədyönlü siyasət yeni-yeni birlik və təşkilatların yaranmasına stimul verib. Davamlı olaraq dövlət və onun müvafiq qurumları tərəfindən aparılan məqsədyönlü işin nəticəsidir ki, ötən il ərzində də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, azərbaycanlı ziyalıların və tələbələrin diaspor quruculuğu işinə cəlb olunması istiqamətində mühüm işlər görülmüş, bu sahə diaspor quruculuğu işinin prioritet istiqamətlərindən olmuşdur.

 

 Hesabat dövründə xarici ölkələrdə ümumilikdə 15 yeni diaspor təşkilatı yaradılmış və hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 433-ə çatmışdır. Yeni yaradılmış təşkilatlar xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan dövləti ətrafında daha sıx birləşməsinə, onların ölkəmizin milli maraqlarının müdafiəsi işinə cəlb olunmasına mühüm təkan vermişdir. Türkiyədə Kocaeli Azərbaycan Kültür  Evi, Antalya Azərbaycan Dərnəyi, Şimalı Kipr Türk Respublikasında  Yakın Doğu Universiteti  Azərbaycanlı Gənclər Birliyi, Gürcüstan Azərbaycanlılarının Milli Konqresi, Filippin-Azərbaycan Dostluq Cəmiyyəti, Belçikada Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyi, Birləşmiş Ştatların Kaliforniya Ştatının İrvin Universiteti Azərbaycanlı Tələbələrin Assosiasiyası, Azərbaycan Mədəniyyət Mərkəzi, Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi, Niderland Azərbaycan Gəncləri Cəmiyyəti, Polşa Azərbaycan Mədəniyyət Mərkəzi, Belçika Azərbaycanlıları Cəmiyyəti, Danimarkada Odlar Yurdu Təşkilatı, Fransada Azərbaycan Evi, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti Kolomna şəhərində regional bölməsi  və digər yeni təşkilatları qeyd etmək olar.

2012-ci il ərzində  xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclər də diaspor quruculuğu, Azərbaycanın milli mədəniyyətinin, tarixinin təbliğ olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görmüş, həyata keçirdikləri və ya iştirak etdikləri tədbirlərdə yerli ictimaiyyəti Azərbaycan haqqında ətraflı məlumatlandırmışlar. Dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərin Azərbaycan naminə daha mütəşəkkil və həmrəy fəaliyyət göstərməkləri istiqamətində həyata keçirilmiş ən vacib və Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biri 2012-ci ildə mart ayının 12-də Bakıda, “Gülüstan” sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi olmuşdur. Qurultayda hökumət və dövlət nümayəndələrindən, xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlı tələbələrdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dən artıq nümayəndə və qonaq iştirak etmişdir. İclasda məruzələr ətrafında müzakirələr aparılmış, çıxışlar  dinlənilmişdir. Sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının sənədləri qəbul olunmuşdur. Qurultayda təşkilatın Nizamnaməsi və Fəaliyyət Proqramı da təsdiqlənmiş, qəbul olunmuşdur.  Məhz bu toplantıdan sonra gənclərin diaspor işində aktivliyi nəzərəçarpacaq dərəcədə artmışdı.

Azərbaycanda 57-ci Avroviziya musiqi yarışmasının keçirilməsi ilə əlaqədar xüsusilə  Avropa ölkələrində Azərbaycana maraq və diqqət artmışdır. Məhz buna görə də Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi, turizm potensialı, ölkəmizin müasir inkişaf səviyyəsi, əldə etdiyi nailiyyətlər, qarşılaşdığı müxtəlif problemlər, î cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Avropa ictimaiyyətinin məlumatlandırılması işinə xüsusi diqqət yetirilmişdir. Bununla yanaşı, Azərbaycan diaspor təşkilatları Avropanın müxtəlif ölkələrində xalqımızın mədəniyyətini, incəsənətini təbliğ edən tədbirlər təşkil etmiş, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşdırılması üçün müxtəlif layihələr həyata keçirmişlər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 18-20 may.- S.15.