Yaqub Mahmudov-Azərbaycanın milli məfkurəli
tarixçisi və ictimai xadimi
Yaqub Mahmudovun “qısqanclıq”
böhranı yaşayan opponentlərinə cavab
Müstəqilliyinin ilk illərində
siyasi, ictimai və iqtisadi həyatında sonu görünməyən
bir xaos yaşayan Azərbaycanda elmin də bu mərhələni
yaşaması təəccüblü deyil: vətəndaş
həmrəyliyinə nail olunmadıqca, milli məfkurə
dövlətin rəsmi ideologiyasına çevrilmədikcə,
Tarix elmi də bu «dalğa»da üzməli olurdu. 1993-cü il -
müasir Azərbaycanın tarixində dönüş
nöqtəsi oldu: siyasi sabitlik, iqtisadi dirçəliş, vətəndaş
həmrəyliyi, beynəlxalq aləmdə nüfuzun bərpası
və yüksəlməsi Azərbaycan alimi üçün də
zəruri sabitliyi yaratmış oldu.
Çox
qısa bir zaman kəsiyində Azərbaycan tarix elmi obyektivliyə,
tərəqqiyə və milli məfkurəyə dayaqlanan nəzəri
və praktiki istiqamətini müəyyən etdi və Yaqub
Mahmudov məktəbi bu istiqamətin müəyyən edilməsində
əvəzsiz xidmət göstərdi.
2. Yaqub Mahmudov Azərbaycan tarix elminin təşkilatçısı
kimi
Yaqub
Mikayıl oğlu Mahmudov Azərbaycan tarix elminin görkəmli
nümayəndəsi, məşhur ortaəsrşünas və
böyük bir elmi məktəbin banisidir. Qeyri-adi istedadı
və geniş erudisiyası Yaqub Mahmudova Azərbaycan və ümumdünya
tarixinin ən müxtəlif sahələri üzrə nəhəng
sayda elmi əsərlər yazmağa imkan vermişdir.
Azərbaycanın
orta əsr dövlətlərinin tarixi, ölkənin
Avropa-Asiya əlaqələrində yeri və rolu, Azərbaycan
xalqının mədəni irsi, onun təşəkkülündə
rol oynamış dövlətçilik ənənələri
və s. məsələlər hələ keçən
yüzilliyin əvvəllərindən başlayaraq rus, daha
sonra sovet şərqşünasları, həmçinin Azərbaycan
tarixçiləri - Sara Aşurbəyli, Məhəmməd
Şərifli, Ziya Bünyadov, Ədhəm Şahmalıyev tərəfindən
bu və ya digər səpkilərdə
araşdırılmış, ərəb, fars, türk mənbələrinin
araşdırılması sayəsində Azərbaycan tarixinin
aktual problemləri ortaya çıxarılmışdır.
Bütün bu tədqiqatlar kompleks şəkildə Yaqub
Mahmudovun elmi yaradıcılığının
çoxşaxəli istiqamətlərini müəyyən
etmiş, adı çəkilən alimlərin
ayrı-ayrılıqda araşdırdıqları elmi problemlər
Yaqub Mahmudovun tədqiqatlarının vahid obyektinə
çevrilmişdir. Başqa sözlə desək, Yaqub Mahmudov
tarix elmində Azərbaycan tarixinin ən mühüm mərhələlərinin
və istiqamətlərinin vahid elmi problem halında
araşdırılmasının əsasını
qoymuşdur.
Hələ
1960-cı illərin əvvəllərindən etibarən Yaqub
Mahmudovun Azərbaycan tarix elmi üçün xüsusi əhəmiyyət
kəsb edən diplomatiya tariximizlə bağlı tədqiqatları
çap olunmağa başlayır. Həm Vətən, həm
də ümumdünya tarixşünaslığında ilk dəfə
olaraq Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin
Qərbi Avropa ilə siyasi-diplomatik və iqtisadi-ticarət əlaqələrini
kompleks tədqiq edən tarixçi ümumilikdə Şərq-Qərb
münasibətlərini araşdırır. Bu tədqiqatlar
Avropa-Asiya əlaqələrinin tarixi köklərini, siyasi və
iqtisadi zəminini müəyyən etməklə dünya
tarixşünaslığı üçün də elmi dəyər
kəsb edir.
Avropa mənbələrinin
materialları əsasında Yaqub Mahmudov Böyük
Coğrafi kəşflər ərəfəsində və
dövründə beynəlxalq münasibətlərdə təkcə
Avropa ölkələrinin və Osmanlı imperiyasının
deyil, Azərbaycanın da aparıcı qüvvə
olduğunu, hətta bir çox hallarda müəyyənedici
rol oynadığını üzə
çıxarmış, Azərbaycanın bu dövrdə
periferiya deyil, dünyanın diplomatik və iqtisadi mərkəzi
olduğunu sübut edə bilmişdir. Bu, sovet elmində
marksist metodologiyanın hökmran olduğu bir vaxtda təkcə
tarixçi deyil, həm də vətəndaş
üçün çox cəsarətli addım idi.
Sovet və
təəssüf ki, təkcə sovet deyil, dünya
tarixçilərinin də Şərqi ikinci dərəcəli,
Asiya İstehsal Üsulunun hökmran olduğu cəmiyyət
kimi təqdim etdiyi bir vaxtda, Yaqub Mahmudov «Odlar Yurduna səyahət»,
«Səyyahlar, kəşflər, Azərbaycan», «Səyyahlar Azərbaycana
gəlir», «Səyyahlar Azərbaycan haqqında» adlı əsərlərində
antik dövrdən bu yana Avropa səyyahlarının, tacirlərinin,
diplomatlarının, missionerlərinin Azərbaycana
marağının səbəblərini araşdırır,
Azərbaycan-Avropa əlaqələrinin zəminini göstərir,
bu ölkənin Avrasiyanın mərkəzi olduğunu
tutarlı dəlillərlə sübut edirdi. Bu əsərlərdə
Yaqub Mahmudov «İslam dünyası» anlayışını
işlətməkdən nəinki çəkinmir, üstəlik,
bu dünyanın elm və mədəniyyət sahəsindəki
uğurlarından ətraflı yazırdı. Yaqub Mahmudov
Avropanın XV-XVI yüzilliklərdə yaşamağa
başladığı dirçəlişin köklərini
Şərqlə bağlayır, «İslam Atlası»nın, əl-Biruninin
vahid dünya okeanı nəzəriyyəsinin əhəmiyyətini,
heliosentrik nəzəriyyənin Kopernikdən 500 il əvvəl
müsəlman alimləri tərəfindən irəli
sürüldüyünün vacibliyini xüsusi
vurğulayırdı.
Yaqub
Mahmudovun tədqiqatlarında sovet elmi üçün
görünməmiş və «həzm edilməsi» asan olmayan
daha bir ciddi addım – tarixçinin Osmanlı
imperiyasının xarici siyasəti ilə bağlı düşüncələri
idi. Osmanlı imperiyasını Avropa üçün «təbii
düşmən» sayan avropasentristlər Qərbi Avropa ölkələrinin,
o cümlədən, Macarıstanın, Venesiyanın,
Habsburqların, Papa dövlətinin antiosman tədbirlərini
osmanlı fəthləri qarşısında məcburi
atılan addımlar kimi təqdim edirdilər. Yaqub Mahmudov
Osmanlı imperiyasına qarşı Avropa dövlətlərinin
birləşmək cəhdlərində və antiosman
ittifaqlarının yaranmasında bu amillə yanaşı,
adları çəkilən dövlətlərin özlərinin
də işğalçı ruhunun, Şərqdə
bacardıqca daha çox torpaq və imtiyaz əldə etmək
planlarının, müstəmləkə siyasətinin
aparıcı amil olduğunu sübut edə bilmiş, tarix
elmində hökmran olan ənənəvi fikri alt-üst
etmişdir.
Qeyd olunan tədqiqatların
daha bir vacib cəhəti, əlbəttə ki, dövlətçilik
tariximizin böyük bir mərhələsinin öyrənilməsi
və təbliği ilə bağlıdır. Müstəqillik
qazanandan sonra tarix elmimizin də sovet buxovlarından azad
olduğu bir şəraitdə dövlətçilik tarixini
araşdırmaq xeyli asanlaşmışdır. İndi
tarixçilərin qarşısında heç bir ideoloji məhdudiyyət
yoxdur və bu məsələləri araşdırmaq da
çətin deyil. Amma biz Yaqub Mahmudovun dövlətçilik
tariximizi araşdırdığı XX yüzilliyin 60-70-ci və
hətta 80-ci illərindən danışırıq. Hər
hansı milli ənənəni rədd edən, milli ruhu
tanımayan, siyasi inkişafda yalnız Rusiya dövlətçiliyini
nümunə olaraq götürən sovet tarix elmi
üçün bu əsl «dissident yazıları» idi. Yaqub
Mahmudov isə hər şeyə rəğmən, Azərbaycan
diplomatlarından və dövlət xadimlərindən – Uzun Həsəndən,
Sara Xatundan, Azərbaycan milli dövlətçiliyinin əsasını
qoymuş (sovet elmində K.Marksın təbirilə
«işğalçı» olaraq tanınan) Şah İsmayıl
Xətaidən, Avropa dövlətlərini bir-birinə
qarşı qoymağı bacarmış Böyük Abbasdan,
Hüseynəli bəy Bayatdan və onun «Böyük
Elçiliyi»ndən yazırdı.
Yaqub
Mahmudovun Azərbaycanın dövlətçilik tarixinə
verdiyi böyük töhfə apardığı milli ruhda
yazılmış və milli dövlətçiliyimizə
xidmət edən araşdırmalarla bitmir; bu tarixin öyrənilməsini
koordinasiya etmək onun xidmətlərinin başında gəlir.
Azərbaycan tarixçisi Kərim Şükürovun qeyd
etdiyi kimi, «Tarixin xalq və dövlət qarşısında ən
mühüm vəzifələrindən biri də
dövrün – zamanın çağırışına
cavab verməsidir, Yaqub Mahmudov isə bu
çağırışlara cavabların müəllifi və
təşkilatçısıdır». Görünür, buna
görə Yaqub Mahmudov elmi və ictimai fəaliyyətinin elə
ilk illərindən təqiblər və haqsızlıqlarla
üzləşmiş, onlara boyun əyməyərək
mücadiləsini davam etdirmişdir.
Yaqub
Mahmudov 1962-ci ildə Azərbaycan Dövlət Universitetini
(indiki Bakı Dövlət Universiteti) əla qiymətlərlə
bitirir və Tarix fakültəsi Elmi Şurasının
xüsusi qərarı ilə orta əsrlər tarixi
ixtisası üzrə aspiranturada saxlanılır. Həmin
vaxtdan da görkəmli ortaəsrşünas alim professor Ə.M.Şahmalıyevin
rəhbərliyi ilə orta əsr Azərbaycan dövlətlərinin
Avropa ölkələri ilə qarşılıqlı əlaqələri
problemi ətrafında elmi axtarışlara başlayır.
1966-cı ildə aspiranturanı müvəffəqiyyətlə
başa vuran Yaqub Mahmudov XV əsrin ikinci yarısında Azərbaycan
Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə
həsr olunmuş namizədlik dissertasiyasını müdafiə
edir. Alimin o vaxtadək tədqiqatçılara məlum olmayan
bir çox yeni mənbələr əsasında XV əsrdə
Azərbaycanın Qərbi Avropa dövlətləri ilə
geniş ticarət və diplomatik əlaqələr
saxladığını ilk dəfə olaraq aşkara
çıxaran, o cümlədən Azərbaycanın
böyük dövlət xadimi, görkəmli sərkərdə
Uzun Həsənin, məşhur diplomat Sara Xatunun həyat və
fəaliyyətini bütövlükdə elm aləminə məlum
edən bu elmi tədqiqatına görə Tarix fakültəsinin
Elmi Şurası ona, yekdilliklə, birbaşa tarix elmləri
doktoru elmi dərəcəsi verməyi qərara alır.
Lakin Tarix fakültəsi Elmi şurasının bu qərarını
şura üzvü olmayan, həm də orta əsrlər tarixi
mütəxəssisi olmayan bəzi tarixçilər
qısqanclıqla qarşılayır. Onların təzyiqi ilə
Yaqub Mahmudova tarix elmləri doktoru elmi dərəcəsi verilməsi
haqqında qərar Universitetin Böyük Elmi Şurasında
təsdiq olunmur.
Bunun
ardınca Yaqub Mahmudova qarşı daha bir haqsızlıq
edilir. Uğurlu müdafiəsinə və gənc mütəxəssis
olmasına baxmayaraq, Yaqub Mahmudova Universitetdə iş verilmir.
O, doğma təhsil ocağından uzaqlaşmağa məcbur
olur.
Universitetdən
ayrı salındıqdan sonra Yaqub Mahmudov 1966-cı ildə Azərbaycanın
xalq şairi Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan
Sovet Ensiklopediyasında Tarix redaksiyasının elmi redaktoru
kimi fəaliyyətə başlayır.
Əslində
Yaqub Mahmudovun Azərbaycan tarix elminə koordinatorluğu – ona
milli təəssübkeşlik nöqteyi-nəzərindən
yanaşması, dövlətçilik tariximizi
araşdırmaq üçün müvafiq qurumları və
alimləri səfərbər etməsi onun məktəbinin
formalaşdığı dövrlə üst-üstə
düşür və 1960-cı illərin ortalarından - Azərbaycan
Sovet Ensiklopediyasında fəaliyyətə
başladığı dövrdən götürülməlidir.
Ensiklopediya
illəri (1966-1975) - qaynar redaksiya fəaliyyəti, ilk milli
ensiklopediya sözlüklərinin yaradılması, gecəli-gündüzlü
axtarışlar, elmi müzakirə və polemikalar,
Ensiklopediyanın Baş redaksiyasında Rəsul Rzanın
yaratdığı milli dirçəliş və xalq
azadlıq ideyaları mühiti gənc alimin həyatında
mühüm rol oynayır. O zaman - XX yüzilliyin 60-cı illərində
Azərbaycanın əsas milli oyanış mərkəzlərindən
biri olan Ensiklopediyada Yaqub Mahmudov sözün həqiqi mənasında
milli təəssübkeşlik məktəbi keçir.
Ardı var...
Olaylar.- 2013.- 18-20 may.- S.11.