Özünü azərbaycanlı hesab edən hər bir vətəndaşımız...”

 

Adil Kərimov: “Səfər etdiyiya yaşadığı ölkələrdə öz millətini layiqincə təmsil etməlidir”

 

Diasporalar fəaliyyət göstərdikləri ölkə vətəndaşları ilə daha sıx görüşlər keçirsələr, yaxın gələcəkdə ölkəmizin tanınması işində yüksək nailiyyətlər əldə edə bilərik”

 

Azərbaycan diasporunun formalaşıb inkişaf etməsi, onun dünyada söz sahibinə çevrilməsi, eləcə də xaricdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin əldə olunması istiqamətində dövlət və onun müvafiq qurumları ilə yanaşı, eyni zamanda qeyri-hökumət təşkilatları, ayrı-ayrı fərdi şəxsləryorulmaz fəaliyyət göstərir, bu sahədə əllərindən gələni əsirgəmirlər. Xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliyinin təmin olunması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərən dəyərli insanlarımızdan biriAdil Kərimovdur. Ehtiyatda olan kapitan, Qarabağ döyüşçüsü Adil Kərimov müntəzəm olaraq etdiyi xarici səfərlər zamanı Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi barədə olduğu ölkədə təəssürat formalaşdırır, oradakı soydaşlarımızla bir araya gələrək müxtəlif mövzularda fikir mübadiləsi aparır.

 

“OLAYLAR”-a verdiyi müsahibədə də Adil Kərimov bu sahədə mövcud olan vəziyyətdən danışıb.

-Adil müəllim, Siz müntəzəm olaraq xarici ölkələrdə səfərlərdə olur, orada diaspor nümayəndələrimiz, gənclərlə görüşürsünüz. Ümumilikdə Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirirsiniz?

-Öncədən onu qeyd edim ki, mənim xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının heç biri ilə əlaqəm yoxdur və məhz bu səbəbdən diasporanın fəaliyyətini qiymətləndirməyə çətinlik çəkirəm. Mən sadəcə bir azərbaycanlı,  sıravi vətəndaş kimi, öz ölkəmi xaricdə təmsil etməyə, millətimi digər millətlərə  tanıtmağı özümə mənəvi borc bilib, səfərdə olduğum ölkələrdə bacardığım səviyyədə, əsasən tanış olduğum türk cəmiyyətləri arasında görüşlər keçirirəm. Lakin onu da qeyd edim ki, Almaniyada keçirdiyim üç geniş tədbir və iştirak etdiyim bir çox görüşlərdə mənə bəlli oldu ki, ölkəmiz 20 ildən artıq müstəqillik əldə etdiyinə baxmayaraq hələ də yetərincə tanınmır. Hətta türk qardaşlarımız arasında da elələri vardır ki, biz azərbaycanlılar haqqında elementar səviyyədə belə təsəvvürləri yox idi. Məhz bu səbəbdən Almaniyanın Balingen şəhərində baş tutmuş ilk toplantını Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı çıxış hazırlayıb toplantı iştirakçılarını bizim keçmişimizlə və müasir dövrümüzün nailiyyətləri ilə tanış etdim. Bu görüş mənə böyük zövq verdi və mən çox məmnuniyyət hissi keçirdim ki, mənsub olduğum millət haqqında azacıq da olsa məlumat verə bildim.

 -Daha çox Almaniyada səfərdə olursunuz. Sizi bu ölkə ilə daha çox nə bağlayır?

-Uzun illərdir ki, kiçik qardaşım Almaniyanın Dormetingen şəhərində  yaşayır. 2012-ci ilin iyul ayında Almaniyaya ilk səfərim də məhz bu şəhərə oldu. Orada bir çox türklərlə, o cümlədən Fatih Camisinin başqanı Hikmət bəy Doğru ilə tanış oldum. Bu şəhərdə yaşayan türklərlə də ilk toplantını məhz bu caminin vasitəsilə həyata keçirə bildim. Həmin toplantı zamanı iştirakçıların təkidi ilə qərara alındı ki, bu görüşlər davam etsin və mən söz verdim ki, növbəti görüş zamanı xalqımızın ən acı faciəsi olan Xocalı soyqırımına həsr olunmuş tədbir hazırlayacam. Həmin tədbiri biz 2013-cü il, fevralın 24-də Şönberq şəhərində keçirdik. "Günəşin batdığı yer" adlı “Atv-interneşnl” kanalının hazırladığı 50 dəqiqəlik yarı bədii, yarı sənədli bir film həmin tədbirdə nümayiş olundu. Sonuncu tədbirimiz isə bu yaxınlarda baş tutdu. Tədbir əbədi liderimiz ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuşdur. Bütün bu görüşlər zamanı tədbir iştirakçılarının bir qisminə Azərbaycana aid disklər və suvenirlər hədiyyə kimi təqdim olunurdu. Bu görüşlərdə nəinki türklər, hətta almanlar, ruslar, gürcülər və s. millətlərdən olan alman vətəndaşları da iştirak edirdi

 -Bəs Almaniyada Azərbaycan diasporu ölkəmizin həqiqətlərini tam mənada alman ictimaiyyətinə çatdıra bilirmi?

-Yuxarıda qeyd etdiyim kimi, Almaniyada fəaliyyət göstərən diasporamızın ölkəmizi tam mənada tanıda bilməsi haqqında birmənalı fikir söyləməyə çətinlik çəkirəm. Sözsüz ki, əhalisi 81 milyon təşkil edən bir ölkənin ictimaiyyəti arasında millətimizi qısa bir zamanda lazımi səviyyədə tanıdılmasına nail olmaq asan deyil. Bu məqsəd uğrunda işlər daim aparılmalıdır və əmin olmaq istərdim ki, nəinki Almaniya, digər xarici ölkələrdəki diaspor təşkilatlarımız da bu yolda aktiv fəaliyyət göstərirlər. Lakin buna baxmayaraq özünü azərbaycanlı hesab edən hər bir vətəndaşımız səfər etdiyi və ya yaşadığı ölkələrdə öz millətini layiqincə təmsil etməlidir. Çünki ölkəmizin və millətimizin buna çox ehtiyacı var.

 -Almaniyada Azərbaycan və türk diasporu arasında əlaqələr hansı səviyyədədir?

-Diasporlar arası münasibətləri deyə bilmərəm, amma sıravi vətəndaşların bizə qarşı münasibəti olduqca səmimi və mehribandır.

 -Sizcə, Azərbaycan gənclərinin potensialından diaspora işində kifayət qədər istifadə edilirmi?

-Almaniyada olduğum müddətdə bir neçə azərbaycanlı tələbələrlə də tanış oldum. Böyük fəxr və qürur hissi ilə qeyd edə bilərəm ki, bu gənclərimiz həqiqətən həm intellektual səviyyələri, həm əxlaq nöqteyi nəzərindən və həmçinin vətənpərvərliklərinə görə azərbaycanlı adını daşımağa layiqdirlər. Söhbət əsnasında onlar bildirdilər ki, diasporanın təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edirlər. Yenə də vurğulamaq istərdim ki, bu gənclər tək tədbirlərdə iştirakları ilə yox, təhsil aldıqları və ya çalışdıqları müəssisələrdə artıq öz bilik və bacarıqları ilə özlərini tanıdırlarsa bu artıq təqdirəlayiq bir haldır.

 -Diaspor sahəsində daha ciddi uğurlara imza atmaq üçün nələri təklif edərdiniz?

-Fikrimcə, diasporalar fəaliyyət göstərdikləri ölkə vətəndaşları ilə daha sıx görüşlər keçirsələr, onlarla mütəmadi olaraq əlaqə saxlasalar və ən əsası biz azərbaycanlılar öz aramızda daha mütəşəkkil və birgə çalışsaq yaxın gələcəkdə ölkəmizin tanınması işində yüksək nailiyyətlər əldə edə bilərik.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 18-20 may.- S.15.