“Çalışırıq ki, ermənilərin Fransada apardıqları antiAzərbaycan təbliğatının qarşısını ala bilək”

 

Mustafa Əlincə: “Fransada yaşayan azərbaycanlılar ölkəmizin problemləri, Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə çox zəif iştirak edirlər”  

 

“Fransadakı türk diaspor təşkilatları ilə çox normal əlaqələrimiz mövcuddur”

 

Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edən diaspor təşkilatlarından biri də “Strasburq Azərbaycan Evi”dir. 2005-ci ildən fəaliyyət göstərən “Strasburq Azərbaycan Evi” ölkəmizin həqiqətlərinin Fransa, eləcə də dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması istiqamətində davamlı işlər aparır. “Strasburq Azərbaycan Evi”nin hər il Xocalı soyqırımının ildönümü ərəfəsində Strasburqun Kleber meydanında keçirdiyi etiraz aksiyası bu mənada xüsusi önəm kəsb edir. “Strasburq Azərbaycan Evi”nin rəhbəri Mustafa Əlincə “OLAYLAR”-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, qarşısına qoyduğu vəzifələr, eləcə də Fransadakı Azərbaycan diasporunun vəziyyəti barədə danışıb.

 

-Mustafa bəy, “Strasburq-Azərbaycan Evi” nə zamandan fəaliyyət göstərir?

-“Strasburq-Azərbaycan Evi”ndən əvvəl 1991-ci ildə  mənim müəlliməm mərhum İren Məlikova ilə birlikdə Azərbaycanla Mədəni Əlaqələr Təşkilatı yaratdıq. 2005-ci ilə qədər biz həmin təşkilat adı altında fəaliyyət göstərdik. 2005-ci ildə Azərbaycanın Strasburqdakı daimi nümayəndəsi Aqşin Mehdiyev bizi bir araya yığaraq birgə işləməyi tövsiyyə etdi və bizə dəstək olacaqlarını bildirdi. Biz də öz növbəmizdə 3 təşkilat-Strasburqdakı Azərbaycan Tələbələr, Güney Azərbaycandan olan soydaşlarımızın Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanla Mədəni Əlaqələr Təşkilatı olaraq birləşib “Strasburq-Azərbaycan Evi”ni yaratdıq.

-Təşkilatınızın əsas fəaliyyət istiqamətləri nələrdir?

-“Strasburq-Azərbaycan Evi” olaraq hər il milli bayramlarımızı qeyd edirdik. Eyni zamanda Strasburqda müntəzəm olaraq keçirilən musiqi yarışmaları və bu tipli tədbirlərdə Azərbaycanı təmsil edirdik. Paralel olaraq Strasburq Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif mövzuları əhatə edən konfranslar keçirirdik. 2005-ci ildən etibarən isə “Strasburq-Azərbaycan Evi”ndə kitabxana yaratdıq. İren Məlikova 600-dən artıq kitabını “Strasburq-Azərbaycan Evi”nə hədiyyə etdi. Bütün bunlarla yanaşı hər ay yerli radioda iki saatlıq proqramımız olur. Fransız dilində yayınlanan proqram zamanı Azərbaycan musiqisi təbliğ edilir. Eyni zamanda Azərbaycan həqiqətləri, ölkəmizin yaşadığı sıxıntılar, Dağlıq Qarabağ problemi həmin radio proqram vasitəsilə fransızlara çatdırılır. Konkret olaraq başlıca fəaliyyət istiqamətlərimiz Azərbaycanın milli məsələlərini fransızlara çatdırmaqdır. Bu il ərzində bizim 4 radio proqramımız yayımlanıb. 20 Yanvar faciəsi qeyd edildi və bu barədə radio proqramda məlumat verildi. Eyni zamanda Xocalı soyqırımı ilə bağlı Strasburqdakı meydanda keçirdiyimiz mitinq barədə reportaj efirə getdi. Bir müddət əvvəl isə Avropa Şurası Parlament Assambleyasının toplantısı keçirilərkən Assambleyanın binası qarşısında Ermənistanın monitorinqinin ləğv edilməsinə etiraz əlaməti olaraq mitinq təşkil etdik. İş günü olmasına baxmayaraq çoxlu sayda insanlar həmin mitinqdə iştirak etdi.

-Yaxın vaxtlar üçün “Strasburq-Azərbaycan Evi” Azərbaycanla bağlı hansı tədbirlər keçirməyi nəzərdə tutur?

-İyun-iyul aylarına qədər bizim radio proqramlarımız davam edəcək. Bundan başqa “Strasburq-Azərbaycan Evi”nin bir sıra proqramları, tədbirləri də nəzərdə tutulur. Ancaq mövcud olan müəyyən problemlər nəzərdə tutduğumuz proqramların həyata keçirilməsinə mane olur

-Problemlər nədən ibarətdir?

-Başlıca problem ondan ibarətdir ki, “Strasburq-Azərbaycan Evi”nin ofisi bağlanıb. Təşkilat olaraq yalnız mənim şəxsi ofisimdə fəaliyyət göstəririk. Həmin ofis də çox kiçik olduğu üçün “Strasburq-Azərbaycan Evi”nin malik olduğu kitablar, eləcə də digər sənəd və ləvazimatlar bir otağa zorla yerləşdirilib.

-“Strasburq-Azərbaycan Evi”nin ofisinin bağlanmasına səbəb nə oldu?

-Maddi problem. Çünki bizi təşviq edənlər artıq ortalıqda yoxdurlar. Həmçinin “Strasburq-Azərbaycan Evi”nə də artıq maddi yardım göstərilmir. Böyük bir çətinliklə “Strasburq-Azərbaycan Evi”nin yerləşdiyi ofisin borcunu ödəyib oradan çıxmağa məcbur olduq.

-“Strasburq-Azərbaycan Evi” nə zamandan ofissiz fəaliyyət göstərir?

-2010-cu ilin oktyabr ayından biz oradan çıxdıq. Bir il dostlarımızın maddi vəsaiti hesabına kiçik bir ofis tutaraq orada fəaliyyət göstərdik. Lakin onun da pulunu ödəməyə gücümüz çatmadı həmin ofisi tərk etdik.

-Bəs hazırda hansı şəraitdə fəaliyyət göstərirsiniz?

-Mən iki ildir ki, tərcümə mərkəzi açmışam. “Strasburq-Azərbaycan Evi”nin materiallarını da həmin mərkəzin kiçik bir otağına yığmışıq. Bu səbəbdən bizim təşkilatımızın fəaliyyəti artıq məhdudlaşmağa başlayıb.

-Fransa ermənilərin ikinci ana vətəni hesab edilir. Belə bir ölkədə Azərbaycanı təmsil etmək, onun təbliğatı ilə məşğul olmaq təhlükəli deyilmi?

-Əgər biz bu kimi təhlükələrdən qorxsaydıq fəaliyyət göstərməzdik. Düz 21 ildir ki, biz Strasburqun Kleber meydanına çıxır orada Xocalı soyqırımını qeyd edir, etiraz aksiyası keçiririk. Həmin aksiyaya digər dostlarımız da dəstək verir. Düzdür, bunu bir cəsarət kimi hesab etmirik. Bilirik ki, bu işi biz görməliyik. Onu da etiraf etmək lazımdır ki, dəfələrlə ermənilər tərəfindən təhdidlərə məruz qalmışam. Xüsusilə, son iki ildə mənə çoxlu təhdid mesajları göndərilib. Çünki ermənilər Fransadakı Azərbaycan diasporunun fəaliyyətindən çox narahat olmağa başlayıblar. Əvvəllər ermənilər Avropada özlərini çox rahat  hiss edirdilər. Xüsusilə, Xocalı soyqırımı ilə bağlı məsələdə. Onlar düşünmürdülər ki, azərbaycanlılar tədricən Avropanı Xocalı soyqırımı barədə məlumatlandıra biləcəklər avropalılar, fransızlar da bizim problemlərimizə qulaq verəcəklər. Fransa dövlət televiziya kanalında xəbərləri təqdim edən şəxs bir vaxtlar erməni idi. Həmçinin bu ölkənin keçmiş baş naziri erməni əsilli idi. Hazırda da Fransa Məclisində ermənilər çox güclüdürlər. Bunun qarşılığında əgər biz səsimizi fransızlara çatdıra biliriksə, bu böyük bir işdir. Artıq Fransada işıq üzü görən kütləvi informasiya vasitələrinin mövqeyində müsbət istiqamətə doğru dəyişilmə müşahidə edilir. Əgər əvvəllər fransız qəzetləri Xocalı soyqırımı ilə bağlı material hazırlayandaAzərbaycanlılar yığıldılar”, “mitinq oldukimi ifadələr işlədirdilərsə, indi isə belə yazılır. Azərbaycanlılar Xocalı qətliamını yad etdilər”. Yəni, artıq bir məntiq fərqi var bu beyinlərə həkk olunur. Ancaq çox istərdik ki, bizə Azərbaycandan siyasi dəstək olsun. Çünki biz bir təşkilat,  əsgər kimi mübarizə aparırıq. Eyni zamanda siyasi güc, dəstək olmalıdır ki, erməni cinayətlərini Avropa, beynəlxalq məhkəmələrə çıxara bilək. Nəticədə Serj Sərkisyan, Robert Köçəryan, Zori Balayan kimi əli qanlı qatillər barədə beynəlxalq məhkəmələrdə müvafiq qərar qəbul olunsun.

-Siz bir təşkilat rəhbəri olaraq hazırda Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirirsiniz?

-Azərbaycan diasporuna mərhum prezident Heydər Əliyev tərəfindən göstərilən diqqət qayğı bu gün  prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ancaq bir məqamı da etiraf etmək lazımdır ki, Fransada yaşayan azərbaycanlılar ölkəmizin problemləri, Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə çox zəif iştirak edirlər. Güney Azərbaycandan olan soydaşlarımızın bir hissəsi tədbirlərə dəstək verdikləri halda, digər bir qismi iştirak etmir. Azərbaycanlılar digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə Strasburqda keçirdiyimiz tədbirlər zamanı adıçəkilən təşkilatın sədri İlham İsmayılov da şahid oldu ki, soydaşlarımız  keçirilən tədbirlərdə aktiv olmurlar. Hər kəsi bir-bir dəvət edir, mobil telefonlarına mesaj göndərir, hətta qapılarına qədər gedib tədbirə dəvət edirik. Ancaq soydaşlarımızdan istənilən qədər dəstək ala bilmirik. Lakin ziyafət tədbirlərimizdə iştirak edən azərbaycanlıların sayı çox olur. Hətta dəvət etmədiyimiz insanlar da həmin tədbirə gəlirlər. Bu il Novruz bayramı ilə bağlı keçirdiyimiz tədbir zamanı toplantının keçirildiyi zala daxil olmağa belə imkan yox idi. Ancaq Xocalı, Qarabağla əlaqədar mitinq keçirəndə millətimizi tapa bilmirik. Onlara dəvət belə göndərsək həmin mitinqə gəlmirlər. Bütün bunlara baxmayaraq heç kimdən küsmür, incimirəm. Tək olsam belə bayrağımı əlimə alıb meydanlara çıxacam mübarizəmi aparacam. Ermənilər törətdikləri vəhşiliklərin hesabını verənə qədər biz küçələrdə, meydanlarda olacağıq.

-Bəs Fransadakı türk diaspor təşkilatları ilə əməkdaşlığınız hansı səviyyədədir?

- Fransadakı türk diaspor təşkilatları ilə çox normal əlaqələrimiz mövcuddur. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə haqlı olaraq açıq şəkildə bildirib ki, bir millətin iki diasporu olmaz. Ona görə biz “Strasburq-Azərbaycan Eviolaraq türk təşkilatları ilə əməkdaşlığı daha da inkişaf etdiririk. Təşkilat olaraq bundan əvvəl türk diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edirdik. Hazırda da birgə əməkdaşlığımız davam edir.Strasburq-Azərbaycan Eviolaraq hər il Xocalı soyqırımı ilə bağlı keçirdiyimiz aksiyaların iştirakçılarının böyük əksəriyyəti məhz türk qardaşlarımız olur. Eyni zamanda Fransadakı ermənilərin gücünü nəzərə alaraq digər xarici təşkilatlarla da əməkdaşlıq edirik çalışırıq ki, ermənilərin Fransada apardıqları antiAzərbaycan təbliğatının qarşısını ala bilək.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 21 may.- S.15.