Uşaqları niyə qorxuduruq?

 

“Valideynlər arasındakı qeyrinormal münasibətlər də uşaqları qorxaq və əsəbi edir

 

Bir çox valideynlər övladlarını yalanlar içində böyüdür, şıltaqlıqlarının qarşısını qorxutmaqla önləyə bilirlər. “Yemək yeməsən xoxan gəlib səni aparacaq”, “...etməsən ham-ham gələcək” və s. bu kimi deyimlər əksər ailələrdə valideynlərin uşaqlar üçün işlətdiyi aforizmə çevrilib. Öncəki yazıda da müəyyən qədər də olsa uşaqların qorxu hissi haqda danışdıq. Mövzunu daha da dərindən öyrənmək üçün psixoloq Tünzalə Verdiyevaya müraciət etdik.

 

Qorxu hissinin gələcəkdə uşaqlar üçün böyük fəsadlar yarada biləcəyi haqda danışan psixoloq valideynlərin təsiri olmadan da bu cür arzuolunmaz hisslərin yarandığını deyib: “Uşaqlar müxtəlif yaş dövrlərində gündəlik olaraq xüsusi şəraitdə özünü büruzə verən qorxularla üzləşirlər. Onlar çox zaman qaranlıq otaqdan, göy gurultusundan, suya girməkdən, işıqla hərəkət edən cisimlərdən qorxur, tanış olmayan, adət edilməyən bir şey gördükdə isə tez vahiməyə düşürlər. Belə qorxuların yaranmasına səbəb uşağın həyat təcrübəsinin, onun ətraf mühit haqqında təsəvvürlərinin məhdud olmasıdır. Uşaq əşya və hadisələrə necə yanaşmağı və onacür münasibət bəsləməyi bilmir”. Qorxu hissinin hər uşaqda müxtəlif cür təzahür etdiyini deyən  T.Verdiyeva əsas əlamətlər haqda da məlumat verib. Psixoloqun sözlərinə görə, hər bir uşaq qorxduğu zaman özünü müxtəlif cür aparır. Biri ağlayır, qorxudan dəhşətə gəlir, qışqırır, titrəyir, digəri “göyərir” və ya bir neçə saniyə nəfəsi tutulur, bir başqa uşaq isə qorxu hiss etdikdə çox narahat olur, ya yanındakı adamdan bərk-bərk yapışır, ya da əlindən çıxaraq qaçıb gizlənməyə can atır: “Qorxular uzun müddət uşaqları narahat edərsə bu zaman onun davranışı və əhval-ruhiyyəsi də dəyişir: o, susqun, tutqun və darıxdırıcı olur. Bəzən isə bir yerdə qərar tuta bilmir, narahat olur, münaqişə yaradır, bütün günü nəsə danışır”. Uşaqların valideynləri tərəfindən müxtəlif yalanlarla qorxudulduğunu deyən psixoloq bu yolla onların övladlarında qorxu hissini inkişaf etdirdiklərini deyir: “Uşağın qorxmasına səbəb onun böyüklər tərəfindən qorxudulması da ola bilər. Bəzən valideynlər hərəkətlərində səhvə yol verərək öz istədiklərini uşaqlara məcbur etdirmək üçün onları müxtəlif cür: “ səndən küsəcəyik”, “iynə vuracaqlar”, “ham-ham gəlir”,“ qaranlığa get”, “uşaqlar səni döyərlər”, “dəcəllik etsən, səni xoxan aparar”, ”bizi hirsləndirsən öləcəyik” və s. kimi kəlmələrlə qorxudurlar. Özləri də hiss etmədən uşaqda qorxunu inkişaf etdirirlər ki, bu da onda müvafiq qorxuların yaranıb möhkəmlənməsinə və onun ətrafın təhlükələrlə dolu olduğuna inanmasına səbəb olur”.  Uşağın qorxaq kimi böyüməməsində valideynin davranışının mühüm olduğunu qeyd edən Tünzalə xanım ana və atanın hər zaman övladının yanında davranışlarına diqqət yetirmələrinin vacib olduğunu vurğulayıb: “Məktəbəqədər yaşlı uşaqlar çox vaxt yaşlıları təqlid edirlər. Uşaqların yanında böyüklərin zəiflik göstərməsi tamamilə yolverilməz haldır. Ananın pişik, tısbağa, qurbağa, toyuq-cücə, liftdən, qaranlıq yerdən qorxduğunu gördükdə bu istər-isrəməz uşağa təsir göstərir və çox vaxt onda da eyni hissləri yarada bilir. Digər tərəfdən isə uşaqların gündəlik həyatda rastlaşdıqları onların həddən ziyadə qorunması, televizorda, kompüterdə gördüyü qorxulu dava-dalaş səhnələri və cizgi filmləri, zəlzələ, sel, yanğınlar, qəzalar barədə eşitdiyi xəbərlər, həmçinin tədris - təlimdə qorxudan vasitə kimi istifadə uşaqlarda müxtəlif cür qorxuların yaranmasına rəvac verir”. Valideynlərarası münasibətin uşaq psixologiyasına təsirsiz ötüşmədiyini deyən T.Verdiyeva bu amilin uşaqların hərəkətlərində əksini tapdığını deyir. Psixoloqun sözlərinə görə ailədəki qeyri-normal münasibətlər uşaqları qorxaq etməklə yanaşı onlarda həm də əsəbi gərginlik də yaradır: “Ailədəki mühit, şərait uşaqların hərəkətlərində əksini tapır. Bəzi ailələrdə uşaqlara hətta əl də qaldırırlar.  Valideynlər arasındakı qeyrinormal münasibətlər də uşaqları qorxaq və əsəbi edir. Əsəb xəstəliyinə tutulan azyaşlılarda qorxu tutmaları baş verir: onlar gecə vaxtı yataqdan sıçrayıb qalxır, qışqırır və ağlayırlar. Amansız cəza qorxusu uşaqları aldatmağa, yalan danışmağa məcbur edir. Sonralar bütün bunlar: qorxaqlıq, yalançılıq və aldatmanın iyrənc xüsusiyyətinə çevrilir. Yeniyetmə öz rəyini açıq deməkdən ehtiyat edir, bədbəxtliyə düçar olmuş yoldaşını sözlə və işlə müdafiə etmək lazım gəldikdə qorxaqlıq edir, bəzən də öz günahını başqasının üzərinə yıxmağa çalışır”. Uşaqların müxtəlif yaş dövrlərində üzləşdikləri ani qorxuların normal olduğunu qeyd edən Tünzalə xanım bu yolla hətta uşağın müəyyən qədər də olsa özünü təhlükədən qoruduğunu deyir: “Hər bir yaş dövrü üçün spesifik olan qorxular uşağın fiziki və mənəvi inkişafı ilə birbaşa bağlıdır. Hər yaş dövrünə uyğun olaraq formalaşmış qorxular həmin yaş üçün normal sayılır. Məsələn uşaq doğulandan altıncı ayadək yüksək səslərdən, simaların onun üçün tanış olmamasına, həmçinin heç bir fiziki dəstəyinin olmamasına görə qorxu hissi keçirirlər. Uşağın birdən – birə normal münasibətdə olduğu şeylərdən qorxmağa, çəkinməyə başlamasına böyüklər tərəfindən düzgün yanaşılmalıdır. Bunun üçün böyüklər uşaqların yaş səviyyəsinin inkişafı və müvafiq yaş böhranları barədə müəyyən qədər məlumatlı və bilikli olmalıdırlar”. Qorxu hissi haqda uşağın bilgisinin olmasının vacibliyini deyən həmsöhbətimiz bunun vacibliyiniqeyd edib: “Uşaq qorxduğunu dilə gətirəndə onun yaş dövrünə uyğun normal hiss olduğunu və hər kəsin müəyyən bir qorxu anı yaşadığını ona başa salmaq lazımdır. Yer üzündə elə bir insan yoxdur ki, o qorxu hissi keçirməsin. Bilməlidir ki, gündəlik həyatımızda yaşadığımız sevinc, kədər, təəccüb kimi qorxu da yaşanması qəbul olunan bir hissdir. Ümumiyyətlə, hisslər hər hansı bir vəziyyətə qarşı reaksiyamızın müəyyənedicisidir”. Azyaşlıya yaşadığı gərginliklə əlaqədar qorxu hissinin necə dəf edilməsi haqda böyüklər tərəfindən maarifləndirilməsinin vacib olduğunu qeyd edən Tünzalə xanım bu istiqamətdə zəruri məsləhətlərini də verib: “Uşağın bu vəziyyətin normal olduğunu anladıqdan sonra isə qorxunu necə dəf etmək yollarını başa salmaq olar. Uşağın qorxu hissinə üstün gəlməsi üçün mərhələli yanaşmanın tətbiq edilməsi vacibdir. Hər şeydən əvvəl, uşağı əşyalar və hadisələrlə yaxından tanış etmək, bunlarda heç bir qorxulu şey olmadığını ona inanmağa imkan yaratmaq lazımdır. Uşaqlarda qorxmadıqlarına inam yaradılsa, bu problem daha sürətlə öz həllini tapacaq”.  Qorxaq uşaqlarda mübarizlik hissini aşılamaqla yanaşı, çox cəsur, qoçaq uşaqlara da necə davranmağın zəruri olduğunu deyən T.Verdiyeva valideynlərin övladlarına hər zaman qayğı və diqqətlə yanaşmasının vacib olduğunu deyib: “Bəzi uşaqlar istənilən hündürlükdən tullanmağa, dağdan aşıb – keçməyə, vəhşi heyvana yanaşmağa hazırdırlar. Bu ona görə deyil ki, uşaqlar iradə qüvvəsi ilə qorxuya üstün gəlirlər, ona görədir ki, onlar öz hərəkətlərinin nə kimi nəticələrə səbəb ola biləcəyini başa düşmürlər. Qorxaq uşaqlara cəsurluğu təbliğ etməklə yanaşı qorxmaz uşaqları ağıllı, ehtiyatlı böyütmək, odun , qaynar suyun, iti şeylərin, vəhşi heyvanların nə üçün təhlükəli olduğunu onlara izah etmək vacibdir. Hər iki halda cəsarətli, ehtiyatlı olmaq, çətinliyə qalib gəlməyi bacarmaq üçün uşağı bu sahədə məşq etdirmək ən vacib şərtlərdən biridir”.

 

 

Nigar Məhərrəm

 

Olaylar.- 2013.- 21 may.- S.13.