Yaqub Mahmudov-Azərbaycanın milli məfkurəli tarixçisi və ictimai xadimi

 

Yaqub Mahmudovun “qısqanclıq” böhranı yaşayan opponentlərinə cavab

 

Əvvəli ötən saylarımızda

 

1971-ci il martın 24-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK Bürosu iclasının qərarı ilə Yaqub Mahmudov Azərbaycan Sovet Ensiklopediyasına baş redaktorun müavini göndərilir. Azərbaycanın rəhbəri Heydər Əliyev tərəfindən ona həvalə edilmiş bu vəzifədə Yaqub Mahmudov, bir tərəfdən Azərbaycanın tarixi, arxeologiyası, etno­qra­fiyası və başqa sahələrə dair ilk milli ensiklopediya sözlüklərinin, məqalələrinin hazırlanması işinə başçılıq edir, digər tərəfdən isə xalq şairi, Ensiklopediyanın baş redak­toru Rəsul Rzanın həlledici köməyi ilə, ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanmasına və Kiyev şəhərində çap edilməsinə nail olur. Nəticədə, 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası tərəfindən «Azərbaycan SSR xəritələri» atlası (Azərbaycan və rus dillərində) nəşr olunur. Atlasa Azərbaycanın qədim tarixinə aid iki xəritə («Azərbaycan və qonşu vilayətlər e.ə. I minillikdə» və «Azərbaycan e.ə. I – e. I əsrində»), orta əsrlər tarixinə aid 6 (o cümlədən Sacilər, Eldənizlər, Şirvanşahlar, Qaraqoyunlular və Ağqoyunlular, Səfəvilər dövlətləri ilə bağlı), yeni və müasir dövrə aid 4 xəritə də daxil edilir.

 

 «Azərbaycan SSR-dən kənarda yaşayan azərbaycanlılar» adlı xəritə isə sovet dönəmi üçün görünməmiş yenilik idi. O zaman SSRİ-nin, demək olar ki, bütün xəritə fabriklərinin ermənilərin inhisarında olduğu şəraitdə gənc alimin böyük əmək sərf etdiyi həmin atlasın işıq üzü görməsi ensiklopediyaçıların böyük qələbəsi olmaqla yanaşı, həm də bütövlükdə Azərbaycan elminin çox mühüm uğuru idi.

1980-ci illərdə Yaqub Mahmudov bu xəritələrin yenidən nəşri üçün çox mübarizə aparmalı oldu: 1989-cu ilin oktyabrında tarix fakültəsinin dekanı olarkən Yaqub Mahmudov müxtəlif respublikaların görkəmli tarixçilərini, o cümlədən Ümumittifaq Tədris-Metodika Birliyi Rəyasət Heyətinin üzvlərini də Bakıya dəvət edərək, həmin qurumun növbəti iclasının Universitetin tarix fakültəsində keçirilməsinə nail oldu. Gündəliyə Azərbaycanın tarixi atlasının yenidən və mükəmməl nəşri məsələsi qoyuldu. Bu iclasda Azərbaycanın tarixi atlasının nəşri məsələsi yekdilliklə qəbul olundu. Lakin buna baxmayaraq, əvvəllər «Moskvadan icazəsiz xəritə buraxa bilmərik» cavabı ilə üzləşən Yaqub Mahmudova bu dəfə də özümüzünkülər mane oldu və atlas yenə nəşr olunmadı. 1994-cü ildə isə «Azərbaycan tarixi xəritələri»ni nəşr etdirən «yeni ensiklopediyaçılar» onun əməyinə sahib çıxdı. Qeyd edək ki, 2007-ci ildə, artıq AMEA Tarix İnstitutunun direktoru kimi Yaqub Mahmudov «Azərbaycan Tarixi Atlası»nın yenidən işlənmiş nəşrinə nail oldu.

Bəhs olunan dövrdə Yaqub Mahmudov, Ensiklopediyada işləməklə yanaşı, elmi-pedaqoji fəaliyyətini də da­vam etdirir. 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Ümumi tarix kafedrasına baş müəllim dəvət olunur. Burada orta əsrlər tarixini tədris ed­ir, proqramlar, tədris-metodiki vəsaitlər çap etdirir, do­sent elmi adına layiq görülür. Bütün bunlarla yanaşı, o, hə­min dövrdə Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı əla­qələri problemi üzərində tədqiqatlarını daha da genişləndirir. 1972-ci ildə Yaqub Mahmudovun «Öyrənilməmiş səhifələr», 1977-ci ildə «Səyyahlar Azərbaycana gəlir», 1980-ci ildə «Od­lar yurduna səyahət», 1985-ci ildə «Səyyahlar, kəşflər, Azərbaycan» kitabları işıq üzü görür. Alimin bu əsərləri elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanır. Yeri gəlmişkən, müəllif özünün bu əsərləri ilə Azərbaycan ta­rix­şü­naslığında tarixi keçmişin, real tarixi həqiqətlərin elmi-populyar kitablar vasitəsi ilə təbliği kimi mühüm bir istiqamətin də əsasını qoyur.

Yaqub Mahmudov 1981-ci ildə, ona tələbəlik və aspirantura illərində arxa-dayaq durmuş professor M.H.­Oru­­covun dəfələrlə  təkid göstərməsini nəzərə alaraq, yeni­dən doğma Universitetə qayıdır. Universitetə qayıdış – 1980-ci illər böyük uğurlarla zəngin olsa da, həm də Yaqub Mahmudovun ən çox təqibə məruz qaldığı dönəmdir.

Yaqub Mahmudov Bakı Dövlət Univer­sitetində yenicə açılmış Qədim dünya və orta əsrlər tarixi kafedrasında fəaliyyətə başlayır. Professor M.H.Or­u­­­co­vun dünyasını dəyişməsi ilə bağlı bir müddət Qədim dün­ya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsini icra edir. Lakin həmin dövrdə qədim dünya və orta əsrlər ta­rixi üzrə yeganə mütəxəssis olan Yaqub Mahmudova ka­fedra müdiri seçkiləri zamanı növbəti zərbə vurulur. Sovet dövrü tarixinin tədqiqatçılarından biri Qədim dün­ya və orta əsrlər tarixi kafedrasına müdir «seçilir».

Bununla belə, Universitet rəhbərliyi o zaman  Universitetin  ən nüfuzlu fakültələrindən biri olan Tarix fakültəsinin elmi-peda­qoji heyətində baş alıb gedən intriqaları, dedi-qoduları aradan qaldırmaq, tədris intizamını yüksəltmək üçün Yaqub Mahmudovun elmi-təşkilatçılıq bacarığından istifadə etmək qərarına gəlir. O, 1985-ci ildə Tarix fakültəsinə əyani, qiyabi və axşam şöbələri üzrə dekan müavini təyin edilir. 1986-cı ildə isə dekan seçilir, 1990-cı ilədək bu vəzifədə fəaliyyətini davam etdirir.

1985-1990-cı illər Yaqub Mahmudovun elmi-peda­qoji fəaliyyətinin ən qaynar illəridir. O, bu dövrdə «Səy­yah­lar, kəşflər, Azərbaycan» (1985), «Azər­baycanın Avropa ölkələri ilə əlaqələri» (1986), ali məktəblərin tarix fakültələrinin tələbələri üçün «Orta əsrlər ta­rixi» (1990) kitablarını nəşr etdirir, ali və orta məktəblər üçün «Orta əsrlər tarixi» dərsliyini (1988) Azərbaycan dilinə tərcümə edir.

Öz haqlı elmi mövqeyindən dönməyən alim, nəhayət, 1989-cu ildə Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII  əsrin əvvəlləri)» mövzusunda dok­torluq dissertasiyası müdafiə edir. Moskva Dövlət Uni­versiteti, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Leninqrad Universiteti (indiki Sankt-Peterburq Universiteti) alimlərinin yüksək qiymətləndirdiyi bu əsərə görə Yaqub Mahmudova tarix elmləri doktoru alimlik elmi dərəcəsi verilir. Azərbaycan aliminin bu tədqiqatı, eyni za­­­manda, Moskva Dövlət Universiteti Orta əsrlər tarixi ka­­fedrasının qərarı ilə çapa layiq görülür.

Bununla, Yaqub Mah­­mudovun uzun və gərgin axtarışlarının nəticələri - Azərbaycan dövlətlərinin XV-XVI əsrlərdə Yaxın və Orta Şərq ölkələri ilə Qərbi Avropa dövlətlərinin bey­nəlxalq mü­nasibətlərində həlledici rol oynaması barədəki mühüm elmi ümumiləşdirmələri, aşkar etdiyi çoxsaylı faktlar, Azərbaycanın diplomatiya tarixinə gətirdiyi yeniliklər Mo­skva və Leninqradın aparıcı elmi-tədqiqat müəssisələri, o cümlədən görkəmli şərqşünas alim­ləri tərəfindən təsdiqlənir. Bu mühüm uğur, həm də, alimin doğma Vətəndə qısqanclıq və təqiblərlə qarşılanmış prinsipial elmi yeniliklərinin Moskva və Leninqradın görkəmli alimləri tərəfindən qəbul olunması demək idi.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinə rəh­bərlik etdiyi 1985-1990-cı illərdə Yaqub Mahmudov, elmi yaradıcılıqla yanaşı, səriştəli elm və tədris təşkilatçısı kimi tarixçi kadrların hazırlanmasının keyfiyyətcə yüksəldilməsi, tarix elminin tədrisinin yenidən qurulması, tədris planlarının təkmilləşdirilməsi üçün geniş miqyaslı fəaliyyət göstərir və respublikanın kütləvi informasiya vasitələrində konkret təkliflərlə çıxış edir. Həmin dövrdə  onun təşəbbüsü və səyi ilə universitetin Tarix fakültəsində «ta­rixçi-şərqşünas», «beynəlxalq münasibətlər tarixi», «so­si­o­logiya», «psixologiya», «etnopsixologiya», «etnoso­si­olo­giya» və başqa yeni ixtisaslar açılır, tələbə qəbulu artırılır. Azərbaycanın Maddi Mədəniyyət Tarixi, Tarixi Tədqi­qatlarda Riyazi Üsullar, Tarixi Demoqrafiya kimi yeni laboratoriyalar açılır, tələbə arxeoloji ekspedisiyaları yaradılır, rayonlarda arxeoloji qazıntı işlərinə başlanır,  «Azər­­­baycan tarixi» fənninin saatları artırılır, Tarix fa­kül­təsində xarici dillərin tədrisinə diqqət  yetirilir, türk, ərəb, fars qrupları yaradılır, qədim türk dillərinin, folklorunun tədrisinə başlanılır. Onun təşəbbüsü ilə Respublika Tarix Litseyi açılır, tarix ixtisası üzrə respublika olimpiadaları keçirilir, «Azər­baycan tarixinin tədqiqi, tədrisi və təbliği üzrə» Dövlət və Hökumət proqramları hazırlanır.

Azər­bay­can tarix elminin gələcəyini təmin etmək, nadir ixtisaslar üzrə yüksək ixtisaslı tarixçi kadrlar yetişdirmək məqsədilə fakültənin əlaçı tələbələrinin təhsillərini davam etdirmək üçün Mos­kva, Leninqrad universitetlərinə və SSRİ-nin başqa qa­baqcıl ali məktəblərinə göndərilməsi daha məqsədyönlü xarakter alır və genişləndirilir. Aspi­ran­­­turaya diqqət artırılır. Yeri gəlmişkən, Yaqub Mahmudovun həmin illərdə respublikadan kənara təhsil almağa göndərdiyi tələbələri içərisində hazırda ölkənin ali dövlət strukturlarında çalışanlar da az deyil.

1989-cu ilin payızında Bakı Döv­­lət Universiteti  Ta­rix fakültəsinin 70 illiyi Moskva, Lenin­qrad, Kiyev, Minsk, Daşkənd, Alma-Ata, Aşqabad, Tbilisi və başqa  universitetlərin tarixçi alimlərinin iştirakı ilə İttifaq səviyyəsində qeyd olunur. Tarix fakültəsinin beynəlxalq əlaqələri daha da genişlənir. Türkiyə Cümhuriyyətinin Atatürk Universiteti ilə qarşılıqlı tədris və elmi əmək­daşlıq barədə razılıq əldə olunur, xarici ölkələrin gör­kəmli alimləri mühazirələr oxumaq üçün Tarix fakültəsinə dəvət olunur. Bu dövrdən başlayaraq alimin özü də xarici ölkələrə dəvət olunur. 1990-cı ildə Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən Millətlərarası I Azər­baycan Konqresində onun «Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan» mövzusunda məruzəsi ən yaxşı akademik məruzə kimi birinci yeri tutmuş və yüksək mü­kafata layiq görülmüşdür.

Yaqub Mahmudov 1988-1990-cı illərdə Azərbay­can xalqının milli-istiqlaliyyət mübarizəsində fəal iştirak edir. BDU-nun onun dekanı olduğu Tarix fakültəsi xalq azadlıq hərəkatının ən mühüm mərkəzlərindən birinə çev­rilir. Qarabağ barədə tarixi həqiqəti dünya ölkələri və xalqlarına çatdırmaq üçün fakültədə xüsusi elmi qərargah ya­radılır, müxtəlif mövzularda elmi arayışlar hazırlanır və operativ olaraq lazımi instansiyalara, ayrı-ayrı müttəfiq respublikalara, idarə və təşkilatlara, elm və tədris müəssisələrinə, xarici ölkələrə göndərilir. Tarix fakültəsinin Elmi Şurası bu dövrdə fakültə dekanı Yaqub Mahmudovun sədrliyi ilə Universitetin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə o dövr üçün çox cəsarətli qə­rar çıxarır və bu barədə rektorluq qarşısında məsələ qaldırır. Nəticədə ədalət bərqərar olunaraq S.M.Kirov a­dına Azərbaycan Dövlət Universiteti 1919-cu ildə olduğu kimi yenidən Bakı Dövlət Universiteti adlandırılır. Bun­dan başqa, alim tez-tez cəbhə bölgələrinə - Xocalı, Şuşa, Ağ­dam, Laçın, Kərkicahan, Xankəndi, Meşəli, Cəmilli, Köh­­nə kənd, Qubadlı, Horadiz, Böyük Bəhmənli, Bala Bəhmənli, Füzuli və başqa döyüş məntəqələrinə gedir, gəncləri qəhrəmanlığa ruhlandırır. O, eyni zamanda, tez-tez mətbuat səhifələrində real vəziyyəti əks etdirən yazılarla çıxış edir, Vətənin müdafiəsi üçün konkret təkliflər irəli sürür.

 

Ardı var

 

 

Olaylar.- 2013.- 21 may.- S.12.