Hansı halda pensiya almaq hüququ yaranır?

 

Oxucuların suallarını Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov cavablandırır

 

- Mən Qusar rayonunda 1960-1996-cı illərdə sovxozda baş aqronom işləmişəm. 1956-1960-cı illərdə əyani təhsil aldığım müddət mənə pensiya hesablanarkən nəzərə alınmamışdır. Mənə texnikumda əyani oxuduğum illərə görə pensiya hesablanmalıdırmı?

 

 - Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (“"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 6 mart 2007-ci il tarixli qanuna əsasən qüvvədən düşmüşdür) 67-ci maddəsinin “ğ” bəndinə görə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilirdi. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin siyahısı verilmişdir. Həmin maddədə texnikumu bitirmiş şəxslərin təhsil müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanun texnikumda əyani oxuduğunuz illərə görə Sizə pensiya hesablanmasını istisna edir.

 - Yaşa və əlilliyə görə əmək pensiyası almaq hüququm vardır. Bu pensiyaların hər ikisini eyni vaxtda ala bilərəmmi?

 - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

 - Ərim vəfat etmişdir. Mənim 56 yaşım var. Bilmək istərdim, mənim ailə başçısını itirməyə görə pensiya almaq hüququm varmı?

 - “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə görə ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Adı çəkilən Qanunun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il altı ay artırılır. Göründüyü kimi, Sizin ailə başçısını itirməyə görə pensiya almaq hüququnuzun yaranması üçün pensiya yaşına çatmağınız (hazırda pensiya yaşı qadınlar üçün 59 yaşdır), ölüm gününədək ərinizin ən azı 5 il sığorta stajının olması tələb olunur. Lakin sualınızdan aydın olur ki, siz pensiya yaşına çatmamısınız. Bu baxımdan, siz ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik deyilsiniz.

 - Anam yaşa görə pensiya alır. Hazırda xəstəliyi ilə əlaqədar özü şəxsən gedib həmin pensiyanı ala bilmir. Etibarnamə əsasında mənim həmin pensiyanı almağım mümkündür?

 - “Əmək pensiyaları haqqında” Qanunun 40.1-ci maddəsinə görə Sizin ananıza təyin olunmuş yaşa görə əmək pensiyasını etibarnamə əsasında əldə etməyiniz mümkündür. Bunun üçün ananız tərəfindən Sizə müvafiq səlahiyyətlərin, o cümlədən də əmək pensiyasını almaq səlahiyyətinin əks olunduğu notariat qaydasında təsdiqlənmiş etibarnamənin verilməsi zəruridir. Nəzərinizə çatdırırıq ki, “Dövlət rüsumu haqqında” Qanunun 11.1.5-ci maddəsinə görə pensiya alınması üçün verilən etibarnamələr üzrə dövlət rüsumu ödənilmir.

 - Mən və oğlum həyat yoldaşımın vəfatı səbəbindən ailə başçısını itirməyə görə pensiya alırıq. Oğlum universitetin əyani şöbəsinin bakalavr pilləsində oxuduğu müddətdə pensiya almağa davam etmişdir. Hazırda magistraturada təhsil alır. Bu halda, oğlumun 23 yaşı tamam olsa belə, təhsil müddətində pensiya almaq hüququ varmı?

 - Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan), təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin göstərilən şəxslər bu hüquqa 23 yaşına çatanadək malikdirlər. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.3-cü maddəsinin mətnində sözügedən şəxslərin bu hüquqa 23 yaşına çatanadək malik olmasına dair şərt vardır. Beləliklə, oğlunuzun universitetin əyani şöbəsinin magistratura pilləsində təhsilini davam etdirməsi ona, əgər 23 yaşı tamam olmuşsa, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vermir.

 - Qardaşım vəfat etdiyindən onun 3 yaşlı övladına mən baxıram. Uşağa baxdığım üçün heç bir yerdə işləyə bilmirəm. Mənim müavinət almaq hüququm varmı?

 - “Sosial müavinətlər haqqında” Qanunun 7.0.5.2-ci maddəsinə görə yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə, onun ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Həmin Qanunun 9.1.4.3-cü maddəsinə görə ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək təyin edilir. Göründüyü kimi, Sizin ailə başçısını itirməyə görə müavinət almaq hüququnuz vardır.

 - Ailə qurarkən ərimin əvvəlki nikahdan 2 uşağı vardı. Birgə nikahımızdan isə daha 3 övladımız olmuşdur. Mən ərimin əvvəlki nikahdan olan 2 uşağını da övladlığa götürmüş və bir ana kimi tərbiyə edərək böyütmüşəm. Belə olan halda, mənim pensiya yaşım “Əmək pensiyaları haqqında” Qanuna əsasən hər uşağa görə 1 il azaldıla bilərmi?

 - “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş güzəştdən istifadə edə bilmək üçün 3 şərtin birlikdə mövcud olması tələb edilir: beş və daha çox uşaq doğmaq; 2. həmin uşaqları səkkiz yaşınadək tərbiyə etmək; 2. azı 10 il sığorta stajına malik olmaq. Qeyd edilən 3 şərtdən birinin olmaması Qanunun 8.1-ci maddəyə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranmasını istsina edir. Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) 30 iyul 2010-cu il tarixli sorğu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmiş və Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş "uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş" müddəasının bəzi kateqoriya qadınların sosial təminat hüququnun qanunla müəyyən edilmiş güzəştlərindən kənarda qalmasını və ayrı-seçkiliyə səbəb olmasını göstərmişdir. Çünki "uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş" müddəası beş və daha çox uşaq övladlığa götürən və onları səkkiz yaşınadək tərbiyə etmiş analar və ya uşaqları səkkiz yaşınadək tərbiyə etmiş ögey anaların qeyd olunan güzəştlərdən kənarda qalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sözügedən sorğu əsasında konstitusiya işinə baxmış və 1 dekabr 2010-cu il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarla "Əmək pensiyaları haqqında" Qanunun 8.1-ci maddəsini Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələrinə uyğun hesab etmişdir. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu beş və daha çox uşağı övladlığa götürüb səkkiz yaşınadək böyüdən anaların yaşa görə pensiya hüququnun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla uyğunlaşdırılmasını Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir. Beləliklə, Siz "Əmək pensiyaları haqqında" Qanunun 8.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququna malik deyilsiniz.

 - Universiteti bitirdikdən sonra 1980-1987-ci illərdə Qazaxıstanda işləmişəm. Pensiyaya çıxacağım halda, bu müddət əmək stajıma daxil ediləcəkmi?

 -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

 

 

Alim

 

Olaylar.- 2013.- 21 may.- S.11.