Mövcud mexanizmlərdən səmərəli istifadə olunmur

 

Zaur İbrahimli: “Vətəndaşlarımız korrupsiya sövdələşmələrinə getməyi ona qarşı mübarizədən daha üstün tuturlar

 

 Konstitusiya Araşdırmalar Fondunun İcraçı direktoru Zaur İbrahimli bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə şərti olaraq üç mərhələdən keçib. 2004-2006-cı illəri əhatə edən birinci mərhələdə korrupsiyaya qarşı mübarizə məqsədilə qanunvericilik bazaya yaradılıb.

 

Məlum olduğu kimi sovet qanunvericiliyində korrupsiya anlayışı yox idi. Bu sistemdə idarəetmə ideoloji prinsiplərə söykəndiyindən hesab olunurdu ki, sovet cəmiyyəti ideal bir cəmiyyətdir və burada korrupsiyadan söhbət gedə bilməz. Beləliklə sovet qanunvericiliyində vəzifədən sui-istifadə, səlahiyyət həddini aşma, rüşvət, mənimsəmə kimi anlayışlar mövcud idi. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra, konkret olaraq 2004-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizənin hüquqi və instisional əsasları yaradıldı. Elə həmin ildə korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul edildi, onun 2004-2006-cı illər üçün fəaliyyət planı təsdiq olundu. Həmçinin 2004-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradıldı. 2005-ci ildə isə Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyasına qoşuldu. Ən vacib məsələlərdən biri də odur ki, həmin ildə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının əsasnaməsi təsdiq olundu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul edildi. Bununla korrupsiyaya qarşı mübarizə üçün lazım olan ilkin şərt-qanunvericilik baza formalaşdı.

 2006-cı ildə birinci dövlət proqramının icrası başa çatdı və ikinci mərhələ olaraq 2007-2011-ci illər üçün Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya qəbul olundu: “Etiraf edək ki, bu strategiya çərçivəsində bir sıra real işlərin də şahidi olduq. Məsələn, sahibkarlıq subyektlərinin “bir pəncərə” sistemi üzrə qeydiyyatı tətbiq olundu, 2010-cu ildə “Elektron Azərbaycan” proqramı qəbul olundu. Hazırda vətəndaşlar bu sistemin bəhrəsini görməkdədir. Bu strategiya ilə bağlı yekun olaraq Prezident 2011-ci ilin yanvar ayında Nazirlər Kabinetinin iclasındakı çıxışında konkret olaraq qeyd etdi ki, korrupsiyaya qarşı mübarizədə bir sıra real addımlar atılmalı, elektron hökumətlə bağlı daha böyük işlər görülməlidir. Elə həmin ərəfələrdə Dövlət Yol Polisi və gömrük xidmətləri ilə bağlı fərmanlar verildi, bu sahədə çalışan əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi və həmin sahələrdə “bir pəncərə” sisteminin tətbiqi reallaşdı. 2011-ci ildə çox mühüm bir addım da atıldı ki, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Forumuna qoşuldu”. Bununla kifayətlənməyən Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə tədbirlərini davam etdirdi. Belə ki, üçüncü mərhələ olaraq 2012-ci il 5 sentyabrda mühüm addım atıldı və çox güman ki, yaxın gələcəkdə korrupsiyaya qarşı mübarizənin əsas parametrləri məhz bu addımla şərtləndiriləcək. Bu addım iki məqamla müşahidə olundu ki, onlardan biri Açıq hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı, digəri isə Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının qəbul olunması idi. Hazırda korrupsiyaya qarşı mübarizə tədbirləri bu iki fəaliyyət planı üzrə həyata keçirilir: “Təsadüfi deyil ki, üçüncü mərhələnin başlanğıcında hamımızı sevindirəcək innovativ yeniliyin şahidi olduq ki, bu da Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyinin yaradılması idi. Hazırda Sumqayıt da daxil olmaqla Bakının üç rayonu ASAN Xidmət Mərkəzlərindən istifadə edir. Bu faktlar bir daha göstərir ki, korrupsiyaya qarşı mübarizə ümidlərimizi tam doğrultmasa da ən azı praktiki addımların şahidi oluruq”. Onun sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə 15-dən artıq qanun və digər normativ hüquqi akt qəbul olunub, 54-dən çox qanuna əlavə və dəyişiklik edilib. Təbii ki, korrupsiyaya qarşı effektli mübarizə aparmaq məqsədilə mükəmməl qanunvericilik bazası olmalıdır: “Biz bu məsələlərə nə qədər pessimist yanaşsaq da həm özümüz, həm də bir çox xarici ekspertlər etiraf məcburiyyətində qalır ki, Azərbaycandakı qanunvericilik bazası tətbiq olunsa, korrupsiyaya qarşı mübarizə üzrə kifayət qədər zəmin yaranmış olar”.

    Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işi olduqca önəmli rol oynayır. Ola bilər ki, hüquqi yolla korrupsiyaya qarşı mübarizə kənardan qeyri-obyektiv görünür. Amma fakt ondan ibarətdir ki, müəyyən mexanizmlər doğrudan da mövcuddur. Ola bilsin ki, çətindir, kifayət qədər əzmkarlıq tələb edir, ancaq reallıqdır. Məsələ orasındadır ki, vətəndaşlarımız korrupsiya sövdələşmələrinə getməyi ona qarşı mübarizədən daha üstün tuturlar ki, bunun da real səbəbləri var. Məsələn, hazırki şəraitdə hüquqi şəxsin dövlət qeydiyyatından keçirilməsi üçün maksimum bir həftə tələb olunur. Əvvəllər isə bunun üçün aylarla vaxt sərf olunurdu. Vətəndaşlar təkcə bu məsələ üçün günlərlə vaxt sərf etməkdənsə, korrupsiya sövdələşməsinə getməklə istədiyi nəticəni tez bir zamanda əldə etməyə daha üstünlük verir. Digər bir məsələ, Dövlət Yol Polisi tərəfindən edilən cərimələrə görə apellyasiya şikayəti vermək, məhkəməyə rüsum ödəmək aylarla vaxt itirmək deməkdir. Vətəndaş düşünür ki, 40 manat cərimədən ötrü bu qədər iş vaxtı saatı sərf etməkdənsə bəribaşdan tələb olunanı ödəməklə yaxa qurtarmaq daha məqbuldur: “Bu problemin aradan qaldırılması üçün ən azından inzibati prosedurların sadələşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, mətbuat bu sahələr üzrə maarifləndirmə işi aparmalıdır ki, cəmiyyət düzgün yol seçə bilsin. Bununla biz korrupsiyaya qarşı mübarizədə əsas yükü vətəndaşların üzərinə qoymuruq, ASAN xidmət mexanizmi göstərdi ki, ədalətli sistem, insanların etibar etdiyi mexanizm olduqda insanlar o sistemə çox tez öyrəşirlər və tez də bəhrələnirlər. Amma eyni zamanda, Şərq mentalitetini də nəzərə alsaq reallıq ondan ibarətdir ki, dövlət orqanlarında əyləşən məmur öz səlahiyyətlərindən maksimum özü üçün qazanmağa çalışır. Məhz bunun qarşısında ən böyük maneə vətəndaşlar ola bilər. Təəssüf ki, vətəndaşlarımız bu məsələdə elə də aktivlik nümayiş etdirmirlər. Bunu aparılan monitorinqlər də təsdiq edir. Məsələn, araşdırma zamanı bəlli oldu ki, Azərbaycanda 17 mindən artıq tələbə var, lakin il ərzində “qaynar xətt”ə orta hesabla cəmi 150 zəng daxil olub. Bu onu göstərir ki, hətta mövcud mexanizmlərdən səmərəli istifadə olunmur. Mətbuat onu təbliğ edə bilər ki, mövcud mexanizmlərdən mümkün qədər səmərəli istifadə edilsin. Digər bir misal, bir müddət öncə qanunsuz olaraq avtomobillərin dövlət nömrələri açılırdı. Lakin bir dənə də olsun bu qanunsuzluqdan ötrü məhkəməyə müraciət edən olmadı. Hansı ki, bütün ekspertlər, eləcə də mətbuat bəyan edirdi ki, bu hərəkət qanunsuzdur. Deməli, təbliğat o istiqamətdə qurulmalıdır ki, vətəndaşlarımız ən azı öz pozulmuş hüquqlarının bərpa olunması istiqamətində cəhdlər etsinlər, təşəbbüslə çıxış etsinlər. Deməzdim ki, bununla ölkədə korrupsiya tamamilə aradan qaldırılacaq, ancaq bütün hallarda ona qarşı müqavimət göstəriləcək”.

 

***

 

   Onun qənaətinə görə, korrupsiyanın davam etməsinin səbəblərindən biri də tətbiq olunan mexanizmlərdə çatışmazlığın olmasındadır. ASAN xidmət mərkəzlərinin fəaliyyəti bir daha göstərdi ki, sistem şərtləri dəyişdirilsə vətəndaşların həmin sistemdən bəhrələnməsi rahatlaşar. Çünki, belə mərkəzlərin yaradılması ilə korrupsiya riskləri minimuma enib. Məlum olduğu kimi, ASAN xidmət mərkəzləri alternativ xidmət mexanizmidir. Dövlət orqanları da bu xidmətdə olan prosedurları həyata keçirirlər. Bu isə xidmət sahəsində rəqabətə start verilməsi deməkdir. Məsələn, Sumqayıtda ASAN xidmət mərkəzinə əhalinin ən çoxu ümumvətəndaşlıq pasportunun alınması ilə bağlı müraciət edib. Deməli, gələcəkdə bu sahədə ciddi islahatlar həyata keçiriləcək. Məntiq onu deyir ki, əgər ASAN xidmət mərkəzləri bi işin öhdəsindən rahat gələ bilirsə, deməli, dövlət orqanlarında həmin xidmətin saxlanmasına ehtiyac qalmır. Nəzərə almaq lazımdır ki, ASAN xidmət mərkəzlərinin fəaliyyət göstərməsi haqqında qaydalarında yazılır ki, qeydiyyat yerindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına xidmət göstərməlidir. Sadəcə hazırda tətbiq edilən mərkəzlər pilot layihələr olduğundan hələlik qeydiyyat məsələsi saxlanıb. Təbii ki, qeydiyyat məsələsi aradan qaldırıldıqdan sonra çox böyük bir şəbəkələşmə meydana gələcək. Digər tərəfdən, ASAN xidmət mərkəzlərinin səlahiyyətləri də genişləndiriləcək. Məlum olduğu kimi ilk yarananda bu mərkəzlərdə cəmi 9 dövlət orqanı üzrə 23 növ xidmət göstərilirdi, indi isə onların sayı artırılaraq 53 -ə çatdırılıb. Belə məlum olur ki, bir sıra texniki problemlər də həll olunduqdan sonra yaxın 2-3 il ərzində bu mərkəzlər alternativsiz fəaliyyət göstərəcək. İlkin təcrübə göstərir ki, bu mərkəz xidmətləri daha keyfiyyətli və daha sürətlə həyata keçirə bilir. Məsələn, hazırda bu xidmətdə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün cəmi 7 dəqiqə vaxt sərf olunur.

 

 Alim

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili” layihəsi çərçivəsində çap olunur.

 

 

Olaylar.- 2013.- 21 may.- S.10.