Yaqub Mahmudov -Azərbaycanın milli məfkurəli tarixçisi və ictimai xadimi

 

Yaqub Mahmudovun “qısqanclıq” böhranı yaşayan opponentlərinə cavab

 

Əvvəli ötən saylarımızda

 

Yaqub Mahmudova qarşı 1989-1992-ci illərdə təqiblər böyük miqyas alır. Belə ki, 1990-cı ilin noyabrında Yaqub Mahmudov növbəti haqsızlıqla üzləşir. Alim Universitet Elmi Şurasında Milli Azadlıq Hərəkatının fəalları olan bir qrup tarixçi tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılması­na mane olur. Tarix fakültəsinin dekanının bu addımı respublika və ittifaq miq­­yasında əks-səda doğurur. Hakimiyyətdə olan rejimin yaxın adamları bundan dərhal istifadə edirlər. Alimin dekan kimi fəaliyyət göstərməsinə əngəl törədirlər.

 

 Yaranmış dözülməz şəraitdə Yaqub Mahmudov Tarix fakültəsinin dekanı vəzifəsindən istefa verməyə məcbur olur. Başladığı iş­lər yarımçıq qalır. Tarix fakültəsində həyata keçirmiş olduğu islahatların nəticələri də aradan qaldırılır. Onun aç­dığı yeni ixtisaslar, Respublika Tarix Litseyi, Tarixi Demoqrafiya laboratoriyası bağlanır. Fakültəyə tələbə qəbulu kəskin surətdə azaldılır.  Tarix fakültəsi parçalanaraq onun əsasında bir sıra yeni fakültələr, kafedralar açılır.

 Bütün bunlara baxmayaraq, zəhmətkeş alim keçirdiyi ağır mənəvi sarsıntı və təqiblər şəraitində öz elmi-pedaqoji fəaliyyətini davam etdirir. Ona görə də Universitet rəhbərliyi alimin elmi nüfuzu və universitetdə böyük hörmətə malik olması ilə hesablaşmağa məcbur olur. O, 1991-ci ildə Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri seçilir. Elə həmin ildə Yaqub Mahmudov özünün «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)» adlı fundamental tədqiqat işini  nəşr etdirir.

Bütün təqiblərə baxmayaraq, bu illərdə Yaqub Mahmudov müstəqil Azər­­­baycan Respublikasının yeni təhsil sisteminin ya­ra­dılması işində fəal iştirak edir. Xalq Təhsili Nazirliyi kol­legiyasının qərarı ilə o, Azərbaycan Respublikasının Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edir. Onun başçılığı və bilavasitə əməyi ilə qabaqcıl dünya standartlarına uyğun olan yeni təhsil sisteminin əsasları hazırlanır. Konsepsiya və Qanun layihələri ölkənin bütün aparıcı informasiya vasitələrində dərc olunur, əhalinin, o cümlədən respublika təhsil sistemi işçilərinin geniş müzakirəsindən keçir və bəyənilir. Bununla belə, özlərinin məhdud şəxsi mənafelərindən çıxış edən müəyyən qüvvələr Qanunun qəbul olunmasına kəskin mü­qavimət göstərir, məqsədlərinə çatmaq üçün onun dəfələrlə və təkrar-təkrar müxtəlif səviyyələrdə müzakirə olunmasına, hətta Milli Məclisdə qəbul olunduqdan sonra «ve­to» qoyulmasına nail olurlar. Bütün bunlara baxmayaraq, Yaqub Mahmudovun təqdimatı ilə Milli Məclis, olduqca gərgin keçən müzakirələrdən sonra, 1992-ci ilin de­ka­b­rın­da «Azərbaycan Respublikasının Təhsil Qanunu»nu qəbul edir. Bununla müstəqil Azərbaycanın yeni təhsil sisteminin əsası qoyulur. Ali məktəblərdə təhsilin bakalavr və magistratura mərhələləri fəaliyyətə başlayır. Bununla belə, yeni qanunun qəbul olunmasından dərhal sonra Təhsil Nazirliyində rəhbərliyi ələ keçirən qüvvələr bütün bunların müqabilində alimin əməyini nəinki qiymətləndirmir, əksinə onu Təhsil Nazirliyində başçılıq etdiyi tarix elmləri üzrə elmi-metodiki komissiyanın sədrliyindən belə uzaqlaşdırırlar.

Həmin dövrdə o, bir müddət Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini işləyir. Alimə qarşı təzyiqlər davam etdirilir və o, bu vəzifədən də uzaqlaşdırılır.

Yaqub Mahmudovun 1992-ci ildə yaşadığı bu ağır günlərində Azər­baycan ensiklopediyaçıları alimə mənəvi dayaq dururlar. Onlar Yaqub Mahmudovun, vaxtı ilə yaradılmasına böyük əmək sərf etdiyi Azərbaycan  Ensiklopediyasına Baş redaktor təyin olunmasını tələb edirlər. Ensiklopediyaçıların uzunsürən – aylarla davam edən tətili nəticəsində Azərbaycanın o zamankı rəhbərliyi 1992-ci ilin oktyabrın­da onun «Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Po­liq­rafiya Birliyinə baş direktor təyin edilməsinə razılıq verməyə məcbur olur. Lakin ona bu vəzifədə də işləmək imkanı verilmir.

Bütün bu ağır təqiblər şəraitində də Yaqub ­Mahmudov özünün cəsarətli çıxışları, o cümlədən publisistik yazıları ilə Azərbaycanı milli fəlakət həddinə çatdıran qüvvələrə qarşı səsini qaldırır, cəbhə bölgələrinə gedir, Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində iştirak edir, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olur, ölkə daxilindəki irticanın və xarici düşmənlərin Azərbaycanı bir dövlət kimi parçalayıb yox etmək planlarına qarşı qətiyyətlə çıxış edir, ziyalı borcunu yerinə yetirərək Vətəndaş müharibəsinin başlanmaqda olduğu və ilk qanlar axıdıldığı Navahı kəndinə gedir, qarşıduran qüvvələri barışığa çağırır, nicat yolunu təcrübəli siyasətçi Heydər Əliyevin hakimiyyətə qaytarılmasında görür, öz mövqeyini mətbuat səhifələrində cəsarətlə açıqlayır, vətəndaş qarşıdurması  və qardaş qanı axıdılmasına qarşı müstəqil ziyalı mövqeyindən çıxış edir, həyatını təhlükə qarşısında qoyaraq ən qorxulu silahlı qarşıdurma  yerlərinə gedib öz ziyalılıq borcunu yerinə yetirir, prezidentliyə namizəd Heydər Əliyevin Elmlər Akademiyasında respublika ziyalıları ilə görüşündə xalq təhsili sistemi işçiləri adından çıxış edir. Yaqub Mahmudov «Səs» qəzetində (1992-ci il, 24 və 31 dekabr sayları) Yeni Azərbaycan Partiyası və onun lideri Heydər Əliyevin müdafiəsinə qalxır və Azərbaycanın dirçəlişinin yalnız Heydər Əliyevlə bağlı olduğunu xalqa bəyan edir.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə təkrar qayıtması ilə hələ 1990-cı ildə dekan vəzifəsindən uzaqlaşdırılmış Yaqub Mahmudovun bu vəzifəyə bərpası mümkün olur. Məhz Heydər Əliyev «böyük tarixçi» adlandırdığı Yaqub Mahmudovun 1994-cü ilin əvvəlində BDU Tarix fakültəsinin dekanı vəzifəsinə qayıtmasına imkan yaradır. Yaqub Mahmudov, vaxtı ilə onun gərgin əməyi sayəsində yaranmış elmi-pedaqoji mühitin pozulduğu və əməkdaşlar arasında açıq qarşıdur­ma yarandığı şəraitdə, yenidən - ikinci dəfə BDU-nun Tarix fakültəsinə dekan təyin olunur və həmin ilin aprelində göstərilən vəzifəyə seçilir. Alim əsas diqqəti yenə Tarix fa­kültəsinin dirçəldilməsinə, kadr hazırlığının keyfiyyətcə yüksəldilməsinə, tədris planlarının təkmilləşdirilməsinə yö­nəldir. Yeni fənnlər – «Azərbaycan toponimikası», «Tarixi demoqrafiya», «Altayşünaslığın əsasları», «Beynəlxalq münasibətlər tarixi», «Türk xalqları tarixi» tədris planına daxil edilir. Tarix təhsilinin bakalavr və magistr pillələri ü­çün  15 ixtisas üzrə yeni tədris planları hazırlayır. Tələbə qəbulu yenidən artırılır, o cümlədən, regionşünaslıq («Qaf­­qazşünaslıq», «Amerikaşünaslıq») ixtisasları açılır və  müvafiq tədris planları hazırlanır. «Dünya azərbaycanlıları (Tarixi demoqrafiya)» elmi-tədqiqat laboratoriyası yenidən fəaliyyətə başlayır. «Azər­baycanşünaslıq» mərkəzi açılır. Fakültədə işgüzar elmi-pedaqoji mühit bərpa olunur. Tarix fakültəsinin elmi əlaqələri dirçəldilir. Alimin başçılıq etdiyi Qədim dünya və orta əsrlər tarixi kafedrası «Tasis» proqramının ilk mərhələsində qalib gəlir. Tarix fakültəsi və Koreya Respublikası (Cənubi Koreya) Asiya Mədəniyyət və İnkişaf İnstitutunun birgə səyi ilə Bakıda I Beynəlxalq Altayşünaslar Konqresi keçirilir. Onun təşəbbüsü və əməyi ilə fakültədə Koreya Respublikasının (Cənubi Koreya)  Asiya Mədəniyyət və İnkişaf İnstitutu ilə birlikdə Altayşünaslıq Mərkəzi yaradılır. Elə bu dövrdə Tarix fakültəsində yeni – «Altayşünaslığın əsasları» fənninin tədrisinə başlanılır.

1999-cu ildə Yaqub Mahmudov üçüncü dəfə Tarix fakültəsinin dekanı seçilir. O, eyni zamanda Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsində də fəaliyyətini davam etdirir. Alimin zəngin elmi-pedaqoji təc­rübəsi və tədris təşkilatçılığı sayəsində Tarix fakültəsində tədrisin və elmi araşdırmaların keyfiyyəti daha da yüksəlir. Fakültənin universitet və ölkə miqyasında nüfuzu daha da artır, beynəlxalq əlaqələri genişlənir. Tarix fakültəsində Türk odası açılır, ABŞ-ın İndiana Universiteti ilə əla­qə yaradılır, Amerikaşünaslıq Mərkəzi fəaliyyətə başlayır. Eyni zamanda, tələbələrə türk-islam mənəvi dəyərlərinin öyrədilməsinə diqqət artırılır. Yeni fənnin - «Din tarixi»nin tədrisinə başlanılır. Bütün bunlarla yanaşı, Y.M.Mah­­­mu­dov 1998-2004-cü illərdə ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında iştirak və çıxış edir, həmin qurultayda YAP Siyasi Şurasının üzvü seçilir. 1999-cu ildə Yaqub Mahmudov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə «Şöhrət» ordeni ilə təltif olunur.

Yaqub Mahmudovun ensiklopediyaçı fəaliyyəti Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə, Azərbaycanın milli ensiklopediyasının təşkili işində yenidən gündəmə gəlir. Belə ki, 2003-cü ilin mart-may aylarında Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyinə həsr olunmuş elmi məclislər gedişində Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən ensiklopediyanın təşkilinin zəruriliyini irəli sürür. Yaqub Mahmudov bu nəşrin baş redaktoru təyin edilir. Qısa bir müddət ərzində Azərbaycanın görkəmli tarixçilərinin də iştirakı ilə böyük arxiv sənədlərinin materialları işlənərək, 2004-cü ildə 2 cildlik «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası» hazırlanır. Bu nəşrdəki məqalələrin bir hissəsi Yaqub Mahmudovun müəllifi olduğu məqalələrdir. Müstəqil Azərbaycanın milli ensiklopediyalarının təşkilində növbəti addım - «Naxçıvan Ensiklopediyası»nın hazırlanması olur. Yaqub Mahmudov təkrar ensiklopediya fəaliyyətinə cəlb edilir. Naxçıvan Muxtar Respublikası Milli məclisinin sədri Vasif Talıbovun ümumi rəhbərliyi və redaktorluğu ilə nəşr edilən 2 cildlik «Naxçıvan Ensiklopediyası» Baş Redaksiya heyətinin üzvü olan Yaqub Mahmudov bu nəşrdə də bir çox məqalənin müəllifi olur.

Yaqub Mahmudov 40 ildən çox müddət ərzində Ba­kı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Uni­versitetində, habelə Respublika və Bakı Müəllimləri Təkmilləşdirmə institutlarında, BDU-nun Şəki filialı, Lən­­kəran Dövlət Universiteti, Qərb Universiteti, Özəl Azər­­baycan Universiteti, Qafqaz Universiteti və bir çox baş­qa dövlət və özəl ali təhsil müəssisələrində orta əsrlər tarixini, Azərbaycan tarixini, müxtəlif problemlər ətrafında ixtisas kurslarını tədris etməklə Azərbaycanda ta­rixçi kadrların hazırlanması sahəsində çox mühüm xid­mətlər göstərmişdir.

 

Ardı var...

 

 

Olaylar.- 2013.- 22 may.- S.11.