Xalq artisti Şahnaz Haşımova: “Bəzi tələbələrimiz müəllimlərin əməyini unudurlar”
Modern.az saytı “Biri var idi” adlı yeni
rubrikasında bir zamanlar səhnədə olmuş sənət
adamlarını yenidən yada salacaq, hazırki fəaliyyətləri
ilə maraqlanacaq. Rubrikamızın ilk qonağı
tanınmış müğənni, xalq artisti, prezident təqaüdçüsü
Şahnaz Haşımovadır.
- Şahnaz xanım necəsiniz, nə
işlə məşğulsunuz?
- Yaxşıyam, təşəkkür
edirəm. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən
dahi Nizaminin yubileyi ilə əlaqədar tapşırıqlar
verilmişdi. Həmin tapşırıqların icrası ilə
məşğul idik. Həmin tədbir çox yüksək
səviyyədə keçdi. Həmçinin ulu öndər
Heydər Əliyevin yubiley tədbirlərini yüksək səviyyədə
keçirdik.
- Öz
yaradıcılığınızda nə yeniliklər var?
- Bəs bu da mənim
yaradıcılığımdır da. Yeni mahnılar
yazdırmışam. Həmin tədbirlərdə rəhbərlik
elədiyim musiqi kollektivləri də yeni ifalar nümayiş
etdirdilər. Həmçinin Gəncə Dövlət
Filarmoniyasının kollektivləri, gənc ifaçılar -
Tural Abdullayev, Kəmalə Tağızadə, Sevinc
İbrahimova, Alim Rzayev, İlham Qasımov Lənkəran,
Göygöl, Yevlax, Samux rayonlarında
çıxışlar elədilər.
- Yenə də Gəncədə
Filarmoniyanın direktorusunuz?
- Bəli.
- Son dəfə Bakıya nə vaxt gəlmisiniz?
- İnanın ki, bir an belə
vaxtımız yoxdur. Mayın 28-dən
30-na qədər Məhsəti
Gəncəvinin doğum
günü ilə əlaqədar tədbirlər
keçiriləcək. İnşallah bu tədbirlər
də bitəndən sonra gəlirəm Bakıya.
- Çəkilişlərdə
iştirak edəcəksiniz?
- Bakıya yaradıcılıq hesabatı
verməyə, çəkilişlərdə
iştirak eləməyə
gəlirəm.
- Yəni Mədəniyyət və
Turizm Nazirliyinə?
- Nazirliyə onsuz da hər
ay, hər rüb hesabat veririk. Amma bu dəfə tamaşaçılarıma yaradıcılıq
hesabatı verəcəm.
Respublikanın əməkdar artisti,
oğlum Tural Abdullayevlə bir neçə telekanalda çıxışlarımız olacaq.
- Bu qədər işlər görmüsünüz.
Amma hələ ki ifanızda yeni mahnı eşitməmişik.
- Hamısını
yazmışam. İnşallah bu dəfə Bakıya gələndə
yeni nəğmələrimi
təqdim edəcəm.
Hətta
bu müddət ərzində diskim də işıq üzü görüb.
- Tələbələriniz
var?
- Bəli, yetirmələrim var. Elə
bu yaxınlarda onlardan biri Xəyal
Qasımov “Şərq
ulduzları” yarışmasında
uğurla çıxış
etdi. Xəyal “Tanıdım səni”
yarışmasında da
finala qədər yüksəlmişdi.
- Bacınız Aybəniz Haşımovanın tələbəsi
Fərid Məmmədov
Azərbaycana “Eurovision” mahnı
yarışmasında ikincilik
qazandırdı. Çıxışından razı qaldınız?
- Əlbəttə
çox razı qaldım, gözəl ifa edir. Fərid balaca uşaq idi. Onu anası Aybəniz
xanımın yanına
gətirmişdi. Bacım da
qızdırmalı idi.
Amma Fəridi geri qaytarmadı, qoydu qarşısına dərs
keçdi. Nəinki
Fəridin, “Bülbüllər”in
üzərində Aybənizin
böyük zəhməti
var. Həmin uşaqlara
ana kimi yanaşırdı. Hətta uşaqları
və analarını
öz hesabına Nabrana istirahətə aparırdı. Bəlkə də
valideynlərindən də
artıq qayğı göstərib o uşaqlara.
Həmin
uşaqlara coraba qədər alıb.
Dünyaya çıxarıb, xarici ölkələrə
aparıb. Xüsusən də Fəridi. Fəridi dəfələrlə Gəncəyə
bizim evə gətirib. Onların başlarına dolanmışıq,
xidmət eləmişik.
İstəyirəm ki, müəlliminə
layiq olsun, onun əməyini itirməsin. Bəzən tələbələr
böyüyəndə, tanınanda,
onlara zəhmət çəkən valideynlərin,
müəllimlərin əməyini
unudurlar. Arzu edirəm
ki, etibarlı övlad olsun. Allah Fəridə kömək olsun. Şəxsən mən elə
bildim ki, öz tələbəm uğur qazanıb. Çünki bacımın tələbələrini
çox istəyirəm,
həmin əziyyətləri
görmüşəm. Aybəniz həyatını o uşaqların,
xüsusən də Fəridin inkişafına
həsr edib.
- Gənc ifaçılardan kimləri
dinləyirsiniz?
- Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü
ilə təşkil olunmuş “Muğam” layihəsinin bütün iştirakçılarını bəyəndim.
- Bəs estradada?
- Onların adı yadımda qalmır. Amma yaxşısı olanda bəyənirəm.
Klassik sənətkarlardan isə
Rəşid Behbudov, Mirzə Babayev, Akif İslamzadə, Hüseynağa Hadıyevi
dinləyirəm.
- Məsələn, Röyanı dinləyirsiniz?
- Röyanı çox bəyənirəm.
O mənim ata evimdə qonşumuz Tovuz xalanın nəvəsidir. Çox gözəl, məxməri
səsi var.
- Röyanın ifasını daha çox bəyənirsiniz,
yoxsa Aygün Kazımovanın?
- Hələ ki Ali Məhkəmədə
işləmirəm. Mən sənətkaram
(gülür).
- Mən də sənətkar kimi fikrinizi soruşuram.
- Heç kimi mühakimə eləmək istəmirəm.
- Belə başa düşdüm ki, Röyanı dinləyirsiniz.
- İkisini
də çox istəyirəm və estradamızda öz yerləri var.
- Sənət adamları şəxsi həyatlarını niyə
mətbuata gətirirlər?
- Baxmıram axı, xəbərim yoxdur. Ancaq özümə
lazım olan verilişlərə baxıram..
- Bu yay istirahət
edəcəksiniz?
- Onsuz da istirahət edəndə də işləyirəm. Ya musiqi üzərində işləyirəm, ya bir şeir yazıram..
- Bədii yaradıcılıqla da məşğulsunuz?
- Bəli.
- Hazırda Gəncədə üç
xalq artisti var - Siz, Ələddin
Abbasov və Pərvanə Qurbanova. Onlardan biri Ələddin Abbasovun səhhəti yaxşı deyil. Son dəfə nə
vaxt baş çəkmisiniz ona?
- O bizim qohumumuzdur-gəlinimin babasıdır.
Təxminən iki ay əvvəl
ona baş çəkmişəm.Yaşı ilə əlaqədar səhhəti yaxşı
deyil. Tez-tez də gedib narahat eləmək istəmirəm.
- Sənətin, sənətkarlığın
əvvəlki ləzzəti
qalıb?
- Əksinə
incəsənətimizdə də, ölkəmizdə
də çox böyük inkişaf var.
Muğamımız ölüb
getmişdi. İndi görün
muğamımız dünyaya
meydan oxuyur. Nəinki muğamımız, dövlətimiz
etibarlı əllərdədir.
Çünki cənab prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün
sahələrə diqqət
və qayğı
var. İndi Gəncədə
olsanız deyərsiniz
ki, görən dünyanın hansı böyük şəhəridir.
Bütün xalqımı, məni
sevənləri, sevməyənləri
çox sevirəm.
Ölkəmizin inkişafında əllərindən gələni
əsirgəməsinlər. Dövlətimizin
dövlətçiliyimizin yanında olsunlar.
Şahnaz Haşımova.
Olaylar.- 2013.- 22 may.- S.10.