Antikorrupsiya siyasəti daha çevik olmalı

və ehtiyaclara uyğun həyata keçirilməlidir

 

Vüsal Hüseynov: “Bu baxımdan beynəlxalq təşkilatlarla əməkdaşlıq bizim üçün çox vacibdir”

 

Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlər bir çox beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Hətta ölkəmizdə tətbiq edilən yeniliklər  digər dövlətlər üçün münunə göstərilir. Elə bu səbəbdən beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlığa maraq göstərirlər.

 

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov bildirib ki, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə tədbirləri  prioritet sahə olaraq müəyyən edilib. Artıq həyata keçirilmiş tədbirlər sahəsində ölkəmizdə bu sahədə işlək və bir-birini tamamlayan mexanizmlər yaradılıb. Azərbaycanda institusional qurumlar formalaşdırılıb, qanunvericilik bazası təkmilləşdirilib, maarifləndirmə istiqamətində, beynəlxalq sahədə tədbirlər görülüb. İnstisional qurumlar baxımından əsas iki qurumun fəaliyyətini qeyd etmək vacibdir ki, onlardan biri Korrupsiyaya Qarşı Mübarizə üzrə  Komissiyadır. Komissiyanın əsas fəaliyyəti korrupsiyaya qarşı mübarizə sahəsində strateji kursu müəyyən etmək, korrupsiyanın qarşısının alınmasına yönəlik tədbirləri həyata keçirmək və bu sahədə dövlət proqramları və strategiyanın icrasına nəzarəti həyata keçirməkdir. Komissiyanın 15 üzvü var ki, onların sırasında məhkəmə və icra hakimiyyəti ilə yanaşı, qanunverici hakimiyyətin nümayəndələri də təmsil olunurlar. Bu da Komissiyanın fəaliyyətində parlament nümayəndələrinin iştirakını və daha çevikliyi təmin edir: “İndiyə qədər bizim müştərək qanunvericilik layihələri üzrə ictimai dinləmələrimiz təşkil edilib, birlikdə bir neçə qanun layihəsi hazırlanıb”.  İkinci institusional qurum isə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir ki, bu qurum da korrupsiyaya qarşı mübarizədə cinayət təqibini həyata keçirən ixtisaslaşmış orqandır.

  Onun sözlərinə görə, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq sənədlərə qoşulub: “Bu gün əminliklə demək olar ki, bizim qanunvericiliyimiz beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Beynəlxalq sənədlər dedikdə əsasən bu sahədə nüfuzlu hesab edilən Avropa Şurasının korrupsiya ilə əlaqədar cinayət və mülki konvensiyaları və BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını nəzərdə tuturam. Bu gün həmin təşkilatların monitorinq qrupları və digər xüsusi strukturları tərəfindən aparılan dəyərləndirilmələrdə bizim bu konvensiyaların impilimintasiyası üzrə həyata keçirilən tədbirlər tədqirəlayiq hesab edilib. Bununla bağlı hesabatlar həm həmin təşkilatların, həm də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın internet səhifəsinə yerləşdirilib”.  Növbəti addım Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünə qoşulmasıdır ki, ölkəmiz bu təşəbbüsə ilk qoşulan  ölkələrdəndir. Məhz bu təşəbbüsün nəticəsi olaraq cənab prezident tərəfindən iki mühüm sənəd imzalanıb. Onlardan biri Açıq Hökumətin Təşviqinə dair Fəaliyyət Planı, ikincisi isə Korrupsiyaya Qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planıdır. Hər iki sənədin hazırlanmasında Açıq Hökumət Tərəfdaşlığının prinsipləri əsas götürülüb. Yəni, şəffaflığın artırılması, vətəndaş iştirakçılığının təmin edilməsi, dövlət qurumlarının fəaliyyəti haqqında vətəndaşların məlumatla təmin edilməsi və informasiya kommunikasiya texnologiyalarının dövlət idarələrində tətbiqi kimi məsələlər əsas götürülüb: “Mən xüsusilə axırıncı element üzərində dayanmaq istəyirəm. Çünki  “elektron hökumət” və elektron xidmətlərin təşkili son dövrlərdə aktual olan bir məsələdir. Azərbaycanda yaradılan ASAN xidmət mərkəzlərini bu yanaşmanın bir kulminasiya nöqtəsi kimi qəbul etmək olar. Bu mərkəzlərdə təkcə vətəndaşlara yüksək peşəkarlıq bacarıqlarına malik dövlət qulluqçuları tərəfindən göstərilən xidmət deyil, eyni zamanda bu islahatın tətbiqi korrupsiyaya şərait yaradacaq potensialların da qarşısını alıb. Düzdür, belə təcrübələr beynəlxalq praktikada tətbiq olunur, ancaq Azərbaycan modelinin fərqli xüsusiyyətləri var.  Hesab edirəm ki, bu model digər ölkələr üçün ən yaxşı nümunə kimi göstərilə bilər”. Onun bildirdiyinə görə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində artıq iki dövlət proqramı  icra edilib. Bunun nəticəsi olaraq bu gün əksər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilir. Azərbaycanda göstərilən elektron xidmətlərin sayı 400-dən artıqdır. Növbəti bir istiqamət maarifləndirmə tədbirləri ilə bağlıdır. Təbii ki, korrupsiyanın qarşısının alınmasında əhəmiyyətli istiqamətlərdən biri də maarifləndirmənin təşkilidir. Bununla bağlı bütün mərkəzi və yerli icra hakimiyyətləri orqanları qarşısında konkret vəzifələr müəyyən edilib. Fəaliyyət proqramlarında konkret göstərilir ki, onlar öz fəaliyyətləri barədə mütəmadi seminarlar, konfranslar keçirməli, müxtəlif təşviqat materialları nəşr etməli, məlumatları yalnız vətəndaşa çatdırmaq deyil, onun mahiyyətini izah etməyə yönəlik fəaliyyət həyata keçirməlidirlər. Bundan başqa, Komissiya tərəfindən vətəndaş cəmiyyətinin də bu prosesə cəlb olunması istiqamətində konkret tədbirlər həyata keçirilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatlarının  Əməkdaşlıq Şəbəkəsi var və Komissiya da bu şəbəkənin üzvüdür. Bu isə əməkdaşlığın səmərəli bir modelidir. Eyni zamanda, Azərbaycan Hüquqşünaslar Konfederasiyası Komissiya ilə birlikdə bir sıra qanun layihələrinin ictimai dinləmələrini keçirib, vətəndaşların rəy və fikirlərinin öyrənilməsi istiqamətində birgə layihələr reallaşdırılıb. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən də korrupsiyaya qarşı mübarizə sahəsi prioritet istiqamət kimi müəyyən edilib və bu çərçivədə də QHT-lərin layihələri dəstəklənib: “Hesab edirəm ki, bu da korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmasına zəmin yaradıb, eyni zamanda dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlığın güclənməsini təmin edib. Təbii ki, dünya dəyişir, inkişaf edir. Xüsusilə də Azərbaycanda dinamik inkişaf bütün sahələrdə özünü göstərir. Bu cür makromühitdə həm dövlət qurumlarının fəaliyyətində olan standartlar, həm də vətəndaşların  gözləntiləri dəyişir. Bu baxımdan antikorrupsiya siyasəti də daha çevik olmalı və ehtiyaclara uyğun həyata keçirilməlidir. Bu baxımdan beynəlxalq təşkilatlarla əməkdaşlıq bizim üçün çox vacibdir. Çünki bu təşkilatlar digər ölkələrin artıq bu yolu keçmiş olduğu təcrübəsini bizimlə bölüşə bilərlər”. O, əlavə edib ki,  Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qura bilib. Bu təşkilatın siyahısına BMT-nin aidiyyatı qurumları, Avropa Şurası, Beynəlxalq Şəffaflıq Təşkilatı, Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsü və sair təşkilatları aid etmək olar. Təbii ki, bu siyahıda Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təkilatının (QOPAC) da olması həm beynəlxalq səylərin əlaqələndirilməsi, həm də təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. Bu təşkilatın fərqləndirici xüsusiyyətlərindən biri ondan ibarətdir ki, təşkilatın şəbəkəsi daha çox korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış parlamentarilərdən ibarətdir. Bizim də parlamentdə bu sahədə dərin biliklərə malik peşəkar mütəxəssislər var. Düşünürəm ki, belə bir əməkdaşlığın möhkəmlənməsi və gələcək inkişafı  müştərək  ideyaların meydana gəlməsinə, həmçinin QOPAC təşkilatının güclənməsinə töhvə verə bilər”.

 

Alim

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili” layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2013.- 23 may.- S.13.