Yaqub Mahmudov-Azərbaycanın milli məfkurəli tarixçisi və ictimai xadimi

 

Yaqub Mahmudovun “qısqanclıq” böhranı yaşayan opponentlərinə cavab

 

Əvvəli ötən saylarımızda

 

Yaqub Mahmudov 40 ildən çox müddət ərzində Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Uni­versitetində, habelə Respublika və Bakı Müəllimləri Təkmilləşdirmə institutlarında, BDU-nun Şəki filialı, Lənkəran Dövlət Universiteti, Qərb Universiteti, Özəl Azərbaycan Universiteti, Qafqaz Universiteti və bir çox başqa dövlət və özəl ali təhsil müəssisələrində orta əsrlər tarixini, Azərbaycan tarixini, müxtəlif problemlər ətrafında ixtisas kurslarını tədris etməklə Azərbaycanda tarixçi kadrların hazırlanması sahəsində çox mühüm xidmətlər göstərmişdir.

 

Yaqub Mahmudovun Azərbaycanın orta və ali məktəblərində tarix fənninin, o cümlədən Azərbaycan tarixi fənninin tədrisini təkmilləşdirmək sahəsində də mühüm xidmətləri vardır. O, 1960-cı illərin əvvəllərindən başlayaraq orta və ali məktəblər üçün tədris planları, proqramlar, tədris-metodiki vəsaitlər və dərsliklər yaradılması işinə  böyük əmək sərf etmiş, uzun müddət Təhsil Nazirliyi Elmi-Metodiki şurasının Tarix bölməsinə rəh­bərlik etmiş, bir sıra beynəlxalq konfranslarda iştirak və çıxışlar etmişdir. Respublikada Fövqəladə vəziyyətin elan olunduğu bir vaxtda – 1990-cı ildə nəşr olunan və üzərində  üç rəngli bayrağımızın əksi olan ilk «Azərbaycan tarixi» proqramı da Yaqub Mahmudova məxsusdur. Orta məktəblər üçün tarix sahəsində ilk proqramlar, abituriyentlər üçün «Tarix»  proqramları, çoxsaylı vəsaitlər, «Tarix» kitabı, 5-ci sinif üçün «Ata yur­du», 7-ci sinif üçün «Azərbaycan tarixi»  (həmmüəllif), «Orta əsrlər tarixi» (həmmüəllif), 8-ci sinif üçün «Azərbaycan tarixi» (həmmüəllif), «Orta əsrlər tarixi» (həmmüəllif), ali məktəblər üçün «Orta əsrlər tarixi» (1986), «Azərbaycan tarixi» (1996 - həmmüəllif) dərslikləri, bir çox metodik vəsait və proqramlar, dərsliklərin tərcümələri onun qələmindən çıxmışdır. Qeyd edək ki, uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-metodiki seminara rəhbərlik etmiş Yaqub Mahmudov hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının  Tarix bölməsinin rəhbəridir.

Nəşriyyat və poliqrafiya işi sahəsində zəngin təcrübəyə malik olan Yaqub Mahmudov 1997-ci ildən «Al­tay dünyası» adlı yeni beynəlxalq jurnal nəşr etməyə başlayır. Altayşünaslıq Mərkəzinin bazasında həyata keçirilən bu mühüm işdə koreyalı türkoloqlar - altayşünaslar da yaxından iştirak edirlər.

Yaqub Mahmudov 2004-cü ildə dördüncü dəfə BDU Tarix fakültəsinin dekanı seçilir. O, eyni zamanda, Qədim dünya və orta əsrlər  tarixi kafedrasına rəhbərliyi də davam etdirir.

Uzun illər ərzində Bakı Dövlət Universitetində, həmçinin Azərbaycan Elmlər Akademiyasında (sonralar Azərbaycan Milli Elmlər Akademiyasında) ixtisas­laş­dır­ıl­mış namizədlik və doktorluq şuralarının elmi katibi (1983­-1987), həmsədri (1995-1997) və sədri (1987-1991, 1995-1998, 2004-cü ildən indiyədək) kimi fəaliyyət göstərən, çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının el­mi rəhbəri, opponenti, rəyçisi olan Yaqub Mahmudov Azər­­baycanda yüksək ixtisaslı tarixçi kadrların hazır­lanmasına böyük əmək sərf edir. Göstərilən dövrdə həmin elmi şuralarda 300-dən çox namizədlik və doktorluq dis­sertasiyaları müdafiə olunmuşdur. Onun elmi rəhbərliyi ilə 30 nəfər tarixçi alim namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir. Hazırda Yaqub Mahmudovun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Bakı Dövlət Universitetinin Qədim dünya və orta əsrlər tarixi kafedrası və Dünya Azərbaycanlıları Elmi Tədqiqat Mərkəzində 20-dən çox gənc tarix elminin müxtəlif problemləri üzərində axtarışlar aparırlar.

Görkəmli ortaəsrşünas alim Yaqub Mahmudov ha­zır­da Bakı Dövlət Universitetinin Qədim dünya və Orta əsrlər tarixi kafedrasında Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan problemini, o cümlədən Azərbaycanın diplomatiya tarixini araşdıran elmi məktəbə başçılıq edir. Vaxtı ilə professor Ə.M.Şahmalıyev tərəfindən əsası qo­yul­muş bu elmi  istiqamət əməkdar elm xadimi Yaqub Mahmudovun uzunmüddətli və gərgin əməyi sayəsində ayrıca məktəb kimi formalaşmışdır. Alimin məqsədyönlü elmi-təşkilatçılıq fəaliyyəti nəticəsində Bakı Dövlət Universitetinin, əvvəllər, konkret tədqiqat istiqamətinə malik olma­yan Qədim dünya və orta əsrlər tarixi kafedrası hazırda Yaxın və Orta Şərq ölkələrinin, o cümlədən Azər­baycanın Avropa dövlətləri ilə qarşılıqlı əlaqələri tarixi problemi sahəsində bütün ölkədə aparıcı elmi-tədqiqat mərkəzinə çevrilmişdir. Burada çalışan istedadlı alimlər Azərbaycanın ümumdünya tarixi inkişaf prosesindəki fəal iştirakını təsdiqləyən maraqlı elmi tədqiqat işlərinin müəllifləridir.

Respublika prezidenti İlham Əliyev Yaqub Mahmudovun Azərbaycan tarix elmi üçün xidmətlərini yüksək qiymətləndirərək onu 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru təyin edir. Yaqub Mahmudovun Azərbaycan tarixinin problemlərini bir alimin məktəbi çərçivəsində deyil, respublika miqyasında sistemli hala gətirərək təşkilatlandırması, heç şübhəsiz, onun AMEA Tarix İnstitutuna direktor təyin edilməsindən sonra daha geniş şəkil alır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, ermənilərin Azərbaycanın tarixi torpaqlarına ərazi iddialarının gücləndiyi, antiazərbaycan təbliğatının genişləndiyi şəraitdə İnstitutun rəhbərliyinə gələn Yaqub Mahmudov Azərbaycan tarixçi-alimlərinin ermənilərin əsassız iddialarını ifşa etməsi işinə səfərbər olunmasında bu İnstitutun rolunu və əhəmiyyətini yaxşı başa düşürdü. Ona görə də yeni tədqiqat istiqamətlərinin müəyyən edilməsi zamanın tələbinə uyğunlaşdırılmışdı. Azərbaycanda tarix elminin inkişafı prosesinə yeni münasibət və baxış formalaşmağa başlayırdı. Bu məqsədlə ilk növbədə elmin inkişafının təşkilati prinsipləri və yeni struktur formalarının yaradılması üzrə işlər qisa müddət sonra nəticələrini verir: Tarix İnstitutunda yeni mərkəzlər və şöbələr yaradılır. «Azərbaycanlıların deportasiyası və soyqırımı» mərkəzi və onun da tərkibində iki şöbə təşkil olunur. «Heydər Əliyev irsinin öyrənilməsi», «İnformasiya və tərcümə» mərkəzləri açılır. Həm elmi, həm siyasi aktuallıq kəsb edən problemlərin araşdırılması ön plana çəkilir və bu sahədə fundamental əsərlərin nəşrinə nail olunur.

Qarabağın, Naxçıvanın, İrəvanın əzəli Azərbaycan torpaqları olduğunu əvvəlki tədqiqatlarında da dəfələrlə tutarlı dəlillərlə sübuta yetirən Yaqub Mahmudov redaktoru və həmmüəllifi olduğu «Qarabağ: real tarix, faktlar, sənədlər» (Bakı, 2005), «Naxçıvan: tarixi və abidələri» (Bakı, 2007), «İrəvan xanlığı» (Bakı, 2009) adlı fundamental əsərlərdə özgə torpaqlarına yiyələnmək siyasəti aparan, Cənubi Qafqazı terror və soyqırımları təhlükəsi altında saxlayan, «Böyük Ermənistan» xülyası ilə yaşayan erməni şovinistlərinin, o cümlədən tarixçilərinin saxta nəzəriyyələrinə və uydurma elmlərinə böyük zərbə vurmağı bacarmışdır. «Qarabağ: real tarix, faktlar, sənədlər» adlı kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və Qarabağın əsl tarixi yazılmışdır, kitaba əlavə olunmuş arxiv sənədləri, xəritələr də çox önəmlidir. Yaqub Mahmudovun həmmüəllifi olduğu digər kitab – «Naxçıvan: tarixi və abidələri» Azərbaycanın əzəli torpaqlarının tarixinin araşdırılması sayəsində ərsəyə gəlmişdir. Kitabda Naxçıvanın tarixi inkişaf yolu ayrı-ayrı dövrlər üzrə nəzərdən keçirilir, verilən konkret və zəngin faktik material bu qədim Azərbaycan torpağına ərazi iddiaları ilə çıxış edən erməni saxtakarlarının heç bir elmi əsasa malik olmadıqlarını sübut edir.

Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən biri – İrəvan xanlığının (1747-1828) tarixinə həsr olunmuş fundamental monoqrafiya – «İrəvan xanlığı» adlı əsər isə təkcə Azərbaycan tarix elmində deyil, dünya tarixşünaslığı üçün nəhəng bir hadisə sayılmalıdır. AMEA Tarix İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi və Yaqub Mahmudovun elmi redaktoru və həmmüəllifi olduğu bu kitabda Nadir şah Əfşarın yaratdığı imperiyanın süqutundan sonraya meydana çıxmış İrəvan xanlığının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu sübuta yetirilir. Monoqrafiyada İrəvan xanlığının əhalisinin etnik tərkibi ilkin mənbələr əsasında araşdırılır və erməni müəlliflərinin xanlığın xristian əhalisi barədə uydurma fikirləri ifşa olunur. Bundan əlavə, İrəvan xanlığının sosial-iqtisadi həyatı, sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik sistemi və xarici siyasət məsələləri işıqlandırılır. Əsərdə İrəvan xanlığının XIX yüzilliyin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmanlıq mübarizəsi, Rusiya tərəfindən işğalı, işğal olunmuş İrəvan xanlığı ərazisinə İrandan və Osmanlı imperiyasından ermənilərin kütləvi şəkildə köçürülməsi məsələləri də geniş əksini tapmışdır.

«Azərbaycan xalçaları. Qarabağ qrupu» və «Azərbaycan xalçaları. İrəvan qrupu» kimi fundamental əsərlərin 7 cilddə nəşr olunaraq dünyada yayılması da Tarix İnstitutunun Qarabağın və İrəvanın tarixinin öyrənilməsi və təbliği sahəsində böyük xidmətlərdir və AMEA-nın 2012-ci ildə keçirilən illik ümumi yığıncağında Azərbaycan elminin böyük uğurları qismində qeyd edilmişdir.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini vərəq-vərəq izləmək və ən başlıcası – dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Yaqub Mahmudovun rəhbərliyi ilə Tarix İnstitutunun gördüyü vacib işlərdən biri də «26 Bakı Komissarları» adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımın gerçək tərəflərinin üzə çıxarılmasıdır. Belə ki, 2009-cu ilin yanvarında Bakı şəhəri Sahil bağındakı «26-lar»a məxsus məzarlıq açılarkən burada 23 cəsədin (26 deyil!) qalıqlarının aşkar edilməsindən dərhal sonra Tarix İnstitutunda xüsusi elmi-tədqiqat qrupu yaradılmış və müvafiq elmi araşdırmalara başlanmışdır. Bu araşdırmaların ilkin nəticələri öz əksini Yaqub Mahmudovun həmmüəllifi olduğu «Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı» adlı kitabda tapmışdır. Əslində bu kitab Tarix İnstitutununu uzunmüddətli böyük bir layihəsinin tərkib hissəsidir. Kitabda «Daşnaksütyun» partiyası Bakı Komitəsinin üzvü S.Şaumyanın başçılıq etdiyi qrupun Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımın indiyədək məlum olmayan səhifələri işıqlandırılmışdır.

Bütün bu sadalanan işlər, heç şübhəsiz, Yaqub Mahmudovun və onun alim silahdaşlarının milli təəssübkeşliyinin nəticəsi olmaq etibarilə Tarix İnstitutunun son illərdə əldə etdiyi ən böyük uğurlardandır, amma eyni zamanda, bu layihələrin hədəflərindən olan erməni şovinistlərinin də qısqanclıq və qəzəb mənbəyinə çevrilməmiş deyil. Təsadüfi deyil ki, qəzet, jurnal və kitablardan tutmuş İnternet saytlarınadək ən müxtəlif yazılarda erməni müəllifləri Yaqub Mahmudovu «Azərbaycanın millətçi tarixçisi», «Yeni Ziya Bünyadov»,  «Şaumyanı ikinci dəfə güllələyən adam» və s. tipdə damğalarla adlandırmaqdan çəkinməmişlər. Amma Yaqub Mahmudovun milli təəssübkeşliyi heç zaman onun alim obyektivliyini üstələməmişdir, ona görə də tədqiqatları həm elmi ictimaiyyətin, həm geniş oxucu kütləsinin, həm siyasətçilərin nəzər-diqqətindədir.

Azərbaycan dövlətçiliyi tarixi üçün əhəmiyyət kəsb edən vacib məsələlərdən biri də «İtirilmiş torpaqlar» probleminin Şimal-Qərbi Azərbaycan ilə bağlı istiqamətidir. Bilavasitə Yaqub Mahmudovun rəhbərliyi altında Qarabağ, Naxçıvan, İrəvan ilə yanaşı, Telavidən bəri Şimal-Qərbi Azərbaycan torpaqlarının, Dərbəndin və Samur vadisinin tarixi ilə bağlı hələ keçən yüzilliyin 90-cı illərinin əvvəllərindən hərtərəfli və dərin elmi tədqiqatlara başlanmışdır. Qeyd edək ki, bu istiqamətdə böyük nailiyyətlər əldə edilmişdir: Elvira Lətifovanın «İlisu sultanlığı», Şirinbəy Əliyevin «İngiloylar», Zərinə Cavadovanın «Şimal-Qərbi Azərbaycan», Salman İbişovun «Quba xanlığının əhalisi», Arzu Məmmədovanın «Car-Balakən camaatlığı» adlı dissertasiyaları və monoqrafiyaları Yaqub Mahmudovun rəhbərliyi altında yazılmışdır. Tarixi Azərbaycanın ayrılmaz bölgələrini təşkil edən bu torpaqların tarixinin araşdırılması üzrə iş bu məktəbin nümayəndələri tərəfindən davam etdirilir.

 

Ardı var...

 

 

Olaylar.- 2013.- 23 may.- S.10.