Azərbaycan-Amerika Alyansının ölkəmizin tanıdılmasında xidmətləri

 

Azərbaycanı xarici ölkələrdə uğurla təmsil edən diaspor təşkilatlarından biri də Azərbaycan-Amerika Alyansıdır. Məlumat üçün qeyd edək Azərbaycan Amerika Alyansı Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda 2012-ci ilin əvvəllərində təsis edilib. Təşkilatın məqsədi Amerika və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin inkişafı və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsindən ibarətdir. Alyans iş adamı Anar Məmmədov tərəfindən təsis edilib. Ümumiyyətlə, Azərbaycan Amerika Alyansı ölkə haqqında geniş məlumat verən bitərəf, qeyri-kommersiya təşkilatıdır. Alyansın missiyası qarşılıqlı anlaşma və Azərbaycan ilə Amerika xalqı arasında hörmət mühiti təşviq etməkdir.

 

Azərbaycan-Amerika Alyansı fəaliyyət göstərdiyi qısa müddət ərzində bir sıra uğurlara imza atıb, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında əlindən gələni əsirgəməyib. Xüsusilə, təşkilat Xocalı soyqırımının Amerika və dünya ictimaiyyətinə çatdırılması prosesində fəal olub. Belə ki, Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə Birləşmiş Ştatlarda Xocalı soyqırımının tanıdılması məqsədilə kampaniya keçirilib. Kampaniya çərçivəsində yerli ictimaiyyətə ermənilərin Xocalıda həyata keçirdikləri soyqırımlar barədə ətraflı bilgilər verilib, maarifləndirici xarakter daşıyan materiallar paylanıb.

Alyans iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində də müntəzəm olaraq tədbirlər həyata keçirib. Belə ki, Azərbaycan-Amerika Alyansı Vaşinqton şəhərində Ağ Ev administrasiyası, ABŞ Konqresi, diplomatik korpuslar, elm və mədəniyyət sahələrindən təxminən 700 qonağın iştirak etdiyi təntənəli şam yeməyi təşkil edib. Tədbir Birləşmiş Ştatlarla Azərbaycan arasında inkişaf edən qarşılıqlı əlaqələri işıqlandırmağa xidmət edib, eyni zamanda ABŞ-ın Cənubi Qafqaz regionunda əsas müttəfiqi olan ölkənin qədim tarixə malik zəngin mədəniyyətini təcəssüm etdirib. “Bakılı qonaqlarla Vaşinqtonda bir axşam” adlandırılan qala-tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və  Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun dəstəyi ilə təşkil olunub. Tədbirdə Azərbaycanın musiqisi və rəqsləri səsləndirilib və eləcə də Azərbaycan mətbəxinin ənənəvi yeməklərinin təklif olunduğu şam yeməyi verilib.   Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Asiya üzrə alt-komitəsinin sədri, respublikaçı Dan Barton giriş nitqi ilə çıxış edib. Onunla birlikdə tədbirdə Konqresin aparıcı simalarından senator Seksbi Çemblis, senator Riçard Bur və Nümayəndələr palatasının spikeri Con Bohner iştirak edib. Qonaqlar arasında Vaşinqtonda yerləşən 40 səfirlikdən səfirlər və digər yüksək vəzifəli diplomatik nümayəndələr də olub.   Öz çıxışında sədr Dan Barton Azərbaycanı və onun xalqını tərifləyərək qeyd edib ki, ölkə onda güclü təəssürat yaradıb: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir”. O, öz həmkarlarına və tədbirdə iştirak edən qonaqlara Bakıya səfər etməyi və Azərbaycanla tanış olmağı təklif edib. Barton həmçinin qeyd edib ki, “Azərbaycanla əlaqələrin genişləndirilməsi çox mühümdür”.   Alyansın rəhbəri Anar Məmmədov qeyd edib ki, bu tədbir musiqi, mətbəx, və mədəni mübadilənin yer kürəsinin iki nöqtəsində yerləşən xalqlar arasında necə dostluq, qarşılıqlı hörmət və anlaşma körpülərinin qurmasının fantastik nümunəsidir. “Bu axşam Azərbaycanın bir çox istedadlı ifaçılarının ifasındakı gözəlliyi, qüvvə və enerjini gördükləri zaman qonaqlarımızın simalarındakı heyranlığı görmək inanılmaz idi. Fəaliyyətimizi davam etdirdikcə mən qarşılıqlı anlaşma və tərəfdaşlıq üçün belə mübadilələrin inkişaf etdirilməsinə ümid edirəm”.   Tədbirdə həmçinin 2011-ci ilin Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Ell & Nikki, Natiq Ritm Qrupu, xanəndə Mənsum İbrahimov kimi sənət xadimləri iştirak ediblər.

Sevindirici haldır ki, Azərbaycan-Amerika Alyansının fəaliyyəti dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində də təqdir edilib. Nüfuzlu  “Forbes” jurnalında alyansın və onun prezidenti Anar Məmmədovun uğurlu fəaliyyəti barədə geniş məqalə dərc edilib. Məqalədə qeyd olunub ki, Azərbaycanlıların ölkələri ilə qürur duyacaqları çoxlu məqamlar var.  Reportajın müəllifi "Wall Street Journal"ın ən müvəffəqiyyətli kapital analitiklərindən və investisiya menecerlərindən biri, "Financial Times" qəzetinin "investisiya aləmi və mülkiyyətin idarə olunması üzrə güclü və nüfuzlu ekspert", "maliyyə investisiyalarının qadın mərkəzi" adlandırdığı Hilari Kreymer olub. Məlumat üçün qeyd edək ki, onun yazıları mütəmadi qaydada "Wall Street Journal", "New York Post", "Bloomberg", "Reuters" səhifələrində dərc olunur. Azərbaycan-Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə xanım Kreymer və Forbes.com saytının bir qrup əməkdaşının Bakıya səfəri nəticəsində ərsəyə gələn məqalə və videoreportaj bu günlərdə saytın əsas səhifəsinə yerləşdirilib.

Azərbaycanın regionun ən nüfuzlu ölkəsi və dünyanın iqtisadi xəritəsinin strateji nöqtəsi kimi dəyərləndirildiyi məqalədə ölkədə aparılan yenidənqurma işləri, tikinti prosesləri, mədəni layihələr təhlil olunub. Bakının getdikcə dünyanın qabaqcıl ölkələri ilə ayaqlaşması, hətta bir çox hallarda daha da irəliləməsi xüsusi qeyd olunub. Bildirilib ki, bu möhkəm əsaslı, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son dörd ildə Prezident İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub.  Ölkənin böyük neft ehtiyatlarından əldə etdiyi gəlir digər enerji resurslarının araşdırılıb inkişaf etdirilməsinə və hər sektorda ən yaxşı texnologiyaların tətbiq olunmasına yönəldilir. Müəllif həm də Azərbaycanın investisiya yatırımı baxımından münbit ölkə olduğunu da geniş təsvir edir: "Azərbaycanlıların ölkə xaricində qürur duyacaqları məqamlar da çoxdur. İlk olaraq, BMT Təhlükəsizlik Şurasında Azərbaycan da yer tutur.  Bundan başqa, Azərbaycan Forbes siyahısında investorların hüquqlarının müdafiə olunduğu ölkə kimi 24-cü və iqtisadiyyatının inkişaf etməkdə olduğu bir çox digər ölkələrə xas olan qarmaqarışıqlığın qarşısını ala bilmək imkanlarına görə 15-ci yer tutur.  Ümumiyyətlə, Azərbaycan Forbes-un "İş üçün ən yaxşı ölkələr" 141 yerlik siyahısında 73-cüdür. Bu siyahıda Azərbaycan Braziliya, Çin (96), Hindistan (97) və Rusiyanı (105) geridə qoyur." Qeyd edək ki, Azərbaycan-Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə Forbes.com saytında Azərbaycan haqqında dərc olunan məqalə və video-reportaj silsilə səciyyəlidir.

Azərbaycan-Amerika Alyansının Azərbaycanın təbliği istiqamətində keçirdiyi tədbirlərdən biri də bu günlərdə baş tutub. Belə ki, Alyansın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Vaşinqtonda Gül bayramı keçirilib. Kapitoli binası qarşısında açıq havada qurulan səhnə və səsləndirilən Azərbaycan musiqisi amerikalılara Gül bayramı əhval-ruhiyyəsi yaşadıb. Kapitoli binası ilə Vaşinqton Monument abidəsi arasında yerləşən, National Mall adlanan parkda Amerika məktəbliləri, sakinlər və dövlət rəsmilərinin iştirakı ilə keçən mərasim Silkroad Rəqs ansamblının çıxışı ilə başlayıb. Azərbaycan-Amerika Alyansının fəxri prezidenti, konqressmen Den Börton qonaqları salamlayaraq keçirilən bayramın tarixindən danışıb. Bildirib ki, 10 May Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. O, bir böyük siyasətçi kimi nəinki Azərbaycanın, ümumilikdə dünyanın siyasi tarixində silinməz izlər qoyub. Xoşbəxtlikdən, onun müdrik siyasi kursunu övladı, Azərbaycanın prezidenti İlham Əliyev davam etdirir. Sonra Den Börton Amerikada Gül bayramı keçirilməsinin əhəmiyyətini də vurğulayıb: "Bu, amerikalılar üçün Azərbaycanı tanımağın ən gözəl yollarından biridir. Onlar həm də bu yolla ölkə mədəniyyəti ilə, bayramları ilə tanış olurlar. Azərbaycan-Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə keçirilən bu tədbir vasitəsilə amerikalılar da 10 May Gül bayramını böyük sevinclə qeyd etdilər". Daha sonra səhnəyə dəvət olunan Azərbaycanın Birləşmiş Ştatlardakı fövqəladə və səlahiyyətli səfiri cənab Elin Süleymanov toplaşanları təbrik edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın həyatında oynadığı müstəsna rolundan danışıb. Qeyd edib ki,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin həyatında həlledici, dramatik rol oynayıb. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, qurduğu əsaslı beynəlxalq münasibətlər, elə Amerika ilə güclü dostluq münasibətləri məhz onun uzaqgörən siyasətinin bəhrəsidir. Azərbaycan-Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə Vaşinqtonda keçirilən Gül bayramına dəvət olunanların böyük əksəriyyəti isə uşaqlar və məktəblilər idi. Vaşinqtonun 5 qabaqcıl məktəbinin şagirdləri Azərbaycan, onun dövlət atributları və ümumən Gül bayramı təəssüratlarını özünəməxsus şəkildə ifadə etmişdilər. Mərasimin keçirildiyi məkan başdan-başa onların əl işləri ilə bəzədilmişdi. Əsərlər elə tədbir davam edərkən də yaradılırdı. Müxtəlif guşələrdə uşaqlar üz-gözlərinin gül rəsmləri ilə boyayaraq əsl canlı çiçəklərə çevrilirdi. Gələn qonaqların diqqətini ən çox cəlb edən isə iki böyük rəsm əsəri oldu. 4 saat ərzində dayanmadan qrafiti üsulu işləyən 2 rəssam göz önündə ümummillli lider Heydər Əliyevin portretlərini canlandırıb. Bütün tədbir boyunca səslənən Azərbaycan musiqisi sanki hər kəsi Odlar Yurduna aparırdı. Amerikalılardan ibarət SilkRoad rəqs qrupunun təqdim etdiyi Azərbaycan rəqsləri isə bayramı bir az da milliləşdirirdi. Okeanın o tayında 10 May ümummilli Lider Heydər Əliyevin 90 illiyi və Gül bayramının yaratdığı əhval-ruhiyyə hər bir amerikalının ürəyində silinməz iz qoydu.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 24 may.- S.15.