Əmək müqaviləsi: gələcəyə təminat

 

Hər bir vətəndaş, əmək müqaviləsi imzalamadan çalışan hər bir işçi bilməlidir ki, əmək müqavilələrinin bağlanmaması təkcə dövlət büdcəsinə ödənilməli vergilərin gizlədilməsi deyil, eyni zamanda vətəndaşın özü üçün yaratdığı ciddi sosial problemdir. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnir. Pensiya-müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əməkhaqqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır. Mövcud vəziyyət göstərir ki, cəmiyyətin bu istiqamətdə məlumatlandırılmasına ciddi ehtiyac var.

Müvafiq dövlət qurumlarının məlumatlarına görə, işçilərlə əmək müqavilələrinin bağlanması məsələsində hələ də ciddi problemlər mövcuddur. Əksər hallarda işçi ilə işəgötürən arasında gizli razılaşma əldə edilirbundan uduzan tərəf işçinin özü və dövlət olur.

Ölkədə qeyri-leqal məşğulluğun aradan qaldırılması, yerlərinin rəsmiləşdirilməsi, işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin imzalanması dövlət strukturları qarşısında ciddi vəzifələr kimi qoyulub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, bu sahədə  ardıcıl tədbirlər həyata keçirirlər. Lakin bütövlükdə əmək bazarını tam nəzarətdə saxlamağın, işəgötürənlərlə işçilər arasında münasibətlərin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsinə nail olmağın müəyyən obyektiv səbəblərə görə çətinliyi vurğulanır. Çünki Azərbaycanda hüquqifiziki şəxslərlə yanaşı, qeyri-leqal sahibkarlıq fəaliyyəti ilə gəlir əldə etmək məqsədi güdən işəgötürənlər var. İşəgötürənlərlə əmək müqavilələrinin imzalanmaması nəticəsində işçilər məzuniyyət, icbari sosial sığorta, vaxtının tənzimlənməsi və digər hüquqlarını itirmiş olurlar. Belə insanlar işdən çıxarıldıqda işlədiklərini heç cür sübut edə bilmirlər. Dövlət Əmək Müfəttişliyi Xidməti bu münasibətləri tam nəzarətdə saxlamaq, eyni müəssisədə müntəzəm reydlər keçirmək imkanında və səlahiyyətində deyil. Ona görə də qurum təklif edir ki, problemin həlli üçün həm işəgötürən, həm də işçi əmək müqavilələrinin rəsmiləşdirilməsinin əhəmiyyətini dərk etməli, bunda maraqlı olmalıdırlar.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2012-ci ildə ümumilikdə 46735 nəfərlə əmək müqaviləsinin imzalanması təmin edilib. 2012-ci ildə 1194-ü dövlət, 7147-si özəl təşkilatlar olmaqla 8341 işəgötürənin əmək qanunvericiliyinə hansı səviyyədə əməl etməsinə dövlət nəzarəti həyata keçirilib.

İşçilərlə əmək müqavilələrinin imzalanmaması hallarına daha çox özəl sektorda yol verilir. Müfəttişliyin məlumatında göstərilir ki, bəzən ayrı-ayrı müəssisələr tərəfindən işçilərə ödənilməli əməkhaqqının, sosial müavinətlərin gecikdirilməsi, yaxud verilməməsi ilə əlaqədar qanun pozuntularına rast gəlinir.

 

İstehsalatda baş verən bədbəxt hadisələr

 

Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, il ərzində dünyada təxminən 2 milyon 300 min nəfər istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində dünyasını dəyişir. Azərbaycanda 2012-ci ildə istehsalatda 212 bədbəxt hadisə baş verib. Bu hadisələr zamanı 82 nəfər ölüb, 159 nəfər müxtəlif bədən xəsarətləri alıb. İstehsalatda, o cümlədən tikintidə baş vermiş bədbəxt hadisələr zamanı, tərəflər arasında əmək müqaviləsinin bağlanmaması səbəbindən, işçilərin həmin müəssisələrdə işlədiyini sübuta yetirmək çətin olur. Bu cür xoşagəlməz hadisələrin qarşısının alınması üçünsə işəgötürənlə işçi arasında əmək müqaviləsinin imzalanmasına nail olmaq çıxış yolu kimi irəli sürülür.

 

183040 nəfər işçi ilə əlavə əmək müqaviləsinin bağlanılması təmin edilib

 

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin  məlumatına görə, əmək bazarındakı münasibətlərin təmzimlənməsi sahəsində mövcud problemlər bir neçə fəsadın, ilk növbədə, sosial fəsadların yaranmasına səbəb olur. Bazar iqtisadiyyatı şəraitində əmək bazarının tənzimlənməsi üsullarından biri kimi tələb və təklif arasında tarazlaşdırma vergi siyasəti vasitəsilə həyata keçirilir. Yəni bazar iqtisadiyyatı vergi yolu ilə tənzimləndiyindən, vergi ödəyiciləri bu sistemin tələblərini başa düşərək özləri əmək müqavilələrinin bağlanmasında maraqlı tərəf kimi çıxış etməlidirlər. Əmək müqavilələrinin bağlanmaması vergidən yayınmanın əsas səbəblərindən biridirbu da dövlət büdcəsinə daxilolmaların səviyyəsinə mənfi təsir göstərir.

Məlumatda göstərilir ki, Vergilər Nazirliyi 2012-ci ildə əmək bazarına nəzarət tədbirlərini daha da gücləndirib və əmək müqavilələrinin bağlanması, eyni zamanda əmək bazarında əməkhaqqlarının aşağı göstərilməsinin qarşısının alınması sahəsində ciddi irəliləyişlərə nail olub. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 55700 sahibkar tərəfindən 183040 işçi ilə əlavə əmək müqaviləsinin bağlanılması təmin edilib, nəticədə dövlət büdcəsinə daxilolmalar artıb. Vergidən yayınmaq yollarından biri müqavilələrdə əməkhaqqlarının qeyri-real göstərilməsidir. Vergilər Nazirliyi bunun qarşısının alınması üçün çevik və əlverişli şəratin təmin edilməsinə nail olub.

 

Əmək bazarında baş verən dəyişikliklərə uyğun tədbirlər

 

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasinda bir sıra vəzifələr müəyyən olunub ki, burada başlıca məsələlərdən biri əmək bazarında baş verən dəyişikliklərə uyğun tədbirlərin görülməsidir. Əmək bazarındakı vəziyyət təhlil olunmalı, perspektiv inkişaf üçün vergi baxımından hansı addımların atılması müəyyənləşdirilməlidir Bu amilləri gələcək fəaliyyətində əsas istiqamətlərdən hesab edən Vergilər Nazirliyi belə hesab edir ki, ödəyiciləri cərimələməklə, inzibati yollara əl atmaqla yox, səmərəli iqtisadi mexanizmlər tətbiq etməklə onları ödənişləri yerinə yetirməyə sövq etmək lazımdır.

Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, əgər 2000-ci ildə məşğul əhalinin 33,2%-i dövlət sektorunda çalışırdısa, 2012-ci ildə bu rəqəm 26,1%-ə enib. Bu da, ilk növbədə, özəl sektorun, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar məşğulluğun səviyyəsinin yüksəlməsinin göstəricisi sayıla bilər. Əhalinin məşğulluğunun artımında icrası başa çatan və hazırda icra olunan dövlət proqramlarının rolu xüsusi vurğulanır.

2012-ci ilin yekunlarına görə Azərbaycanda əhalinin məşğulluq səviyyəsi 94,7% təşkil edib. Ölkədə hazırda işsizlik səviyyəsi 5,3%-dir, iqtisadi fəallıq səviyyəsi isə 74,2% təşkil edir. Dövlət məşğulluq orqanları tərəfindən işsiz statusu verilmiş vətəndaşların sayı 0,8%-dir.

Statistika göstərir ki, kəndlərdə məşğulluğun səviyyəsi şəhərlərə nisbətən daha yüksəkdir. Ümumilikdə, respublika üzrə məşğul əhalinin 52%-i əsasən kənd təsərrüfatı, meşəçilik, sənaye, tikinti, 48%-i xidmət sahələrində çalışır. 2012-ci ildə məşğulluq xidməti orqanlarına müraciət edən işaxtaranların sayı 49326 nəfər olub. Həmin vətəndaşların 29750 nəfəri və ya 60%-i müvafiq yerləri ilə təmin olunub. 464 nəfər peşə hazırlığı kurslarına, 1483 nəfər haqqı ödənilən ictimai işlərə yönəldilib. 3286 nəfərə isə işsizlik statusu verilməklə işsizlik müavinəti təyin edilib.

Bununla yanaşı, müəyyən yaş qrupları üzrə - xüsusən də ali təhsilli gənc mütəxəssislərin, o cümlədən yaşı 50-ni keçmiş insanların məşğulluğunun təmin edilməsində müəyyən problemlər mövcuddur. Bu cür çətinliklərin olması isə bəzi hallarda insanları qeyri-leqal məşğulluğa, əmək müqaviləsi olmadan işləməyə məcbur edir.

 

Mülki-hüquqi müqavilə

 

Əksər hallarda işçilərlə əmək müqavilələrinin deyil, mülki-hüquqi müqavilənin imzalanması da ən ciddi problemlərdən biridir. Qanunvericiliyə görə, işçi ilə mülki-hüquqi müqavilə müəyyən müddət üçün imzalana bilər. Lakin bəzən işəgötürənlər işçiləri uzun illər ərzində, sadəcə, mülki-hüquqi müqavilə əsasında işlədirlər. Nəticədə işçilər əmək müqaviləsinin yaratdığı bir sıra hüquqlardan məhrum olurlar.

Ekspertlərin gəldiyi qənaət belədir ki, qeyri-leqal məşğulluğun aradan qaldırılması ona görə çətindir ki, bəzən vətəndaş könüllü olaraq əmək müqaviləsi olmadan işləməyə razı olur, aldığı məvacib onu razı salır. Lakin belələri  sabah işsiz qalacaqları təqdirdə dövlət məşğulluq orqanları onların barələrində hər hansı sosial müdafiə tədbirləri həyata keçirə bilməyəcək, həmin şəxslər normal pensiya almaq imkanından məhrum olacaqlar. Bu səbəbdən də əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsində işçinin və işəgötürənin eyni dərəcədə fəallığı lazımdır.

Qeyd edək ki,  hazırda ölkə əhalisinin orta yaş göstəricisi təxminən 28-29-dur. 65 yaşdan yuxarı vətəndaşların sayı ölkə əhalisinin cəmi 8,8-9%-ni təşkil edir.  Avropa ölkələrində bu göstərici 22%-dən yuxarı, qonşu Rusiyada təxminən 14-15%-dir. Yəni Azərbaycanın əhalisi kifayət qədər gəncdir və əməkqabiliyyətli insanların xüsusi çəkisi yüksəkdir. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, buna baxmayaraq, əmək müqaviləsi ilə işləyənlərin məşğul əhalinin (bu, 4,4 milyon nəfərdən bir qədər çoxdur) cəmi 31-32%-ni təşkil etməsi normal göstərici sayıla bilməz. Əksər ölkələrdə bu göstərici bizdən iki dəfə çoxdur.

Digər problem ümumi daxili məhsulda, əhalinin gəlirlərində əməkhaqqının xüsusi çəkisinin azlıq təşkil etməsidir. Bu fakt göstərir ki, hazırda respublikada nəinki yerlərinin, əməkhaqqının leqallaşdırılmasında da problemlər mövcuddur.

İşəgötürənin işçi ilə formal olaraq əmək müqaviləsi imzalaması mümkündür. Lakin burada əsas şərt hər bir işçiyə görə sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə ödənilməsidir. Yalnız bu halda yerlərinin leqallaşdırılmasından söhbət gedə bilər. Statistika göstərir ki, DSMF 2012-ci ildə 2011-ci ilə nisbətən qeyri-büdcə sektorunda 22,1% çox sosial sığorta haqqı toplamışdır. Qeydiyyatda olanların sayında da ciddi artım mövcuddur. Bu onu göstərir ki, dövlət strukturları mövcud problemləri həll etməyə qadirdirbu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.

Əmək bazarında vergi uçotunun aparılması, əmək müqavilələrinin bağlanmasına onlayn rejimdə nəzarət üçün Vergilər Nazirliyində məlumat bazası yaradılıb. Hər bir əmək müqaviləsi ilə bağlı məlumatlar bazaya daxil edilir. Əmək müqavilələrinin reyestri digər dövlət orqanlarına da göndərilir. Əmək müqavilələri bağlandıqdan sonra işçi sayının düzgün göstərilib-göstərilməməsi daim nəzarətdə saxlanılır. Muzdlu işlə əlaqədar təqdim olunan bəyannamələrə görə, rəsmi işçilərin sayı 1 milyon 480 min nəfərə çatıb.

Ekspertlərin fikrincə, qeyri-leqal məşğulluqla mübarizə sahəsində ən səmərəli tədbirlərdən biri cəmiyyətin maarifləndirilməsidir. Bu baxımdan, dövlət strukturları ilə yanaşı, kütləvi informasiya vasitələrinin də qarşısında mühüm vəzifələr dayanır.

 

Aygün İbrahimova.

 

“Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

Olaylar.- 2013.- 24 may.- S.12.