Yaqub Mahmudov-Azərbaycanın milli məfkurəli
tarixçisi və ictimai xadimi
Yaqub Mahmudovun “qısqanclıq”
böhranı yaşayan opponentlərinə cavab
Əvvəli ötən sayımızda
Avropa mənbələrinin
materialları əsasında hələ ilk tədqiqatlarını
yazarkən Yaqub Mahmudov ciddi tarixi araşdırma
üçün mənbələrin nə qədər önəmli
olduğunu bilirdi. Ona görə də bu gün o, öz məktəbinin
nümayəndələrindən də, rəhbərlik etdiyi Tarix İnstitutunun alimlərindən
də öz əsərlərini mənbələrə, arxiv
sənədlərinə istinadən yazmağı tövsiyə
edir.
Tarix
İnstitutunun 2004-cü ildən bəri başlamış
olduğu ciddi araşdırmaların daha bir istiqaməti də
elə mənbələrin,
arxiv materiallarının, xüsusilə Azərbaycanda əlçatmaz
olan, xarici ölkələrdə toplanmış
materialların aşkar edilib nəşr olunmasıdır. Bu məqsədlə
Yaqub Mahmudov tarixçilərin bir qrupunu Rusiya,
Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya,
Fransa, Hindistan kimi ölkələrə ezam edərək həmin
materialların Azərbaycana gətirilməsini təmin
etmiş, eyni zamanda onların nəşrinə
başlamışdır. Bu materiallar içərisində
xüsusi olaraq «İrəvan əyalətinin müfəssəl
dəftəri»ni və «İrəvan əyalətinin icmal dəftəri»ni,
«Azərbaycan: Beynəlxalq münasibətlər və
diplomatiya tarixi. Dövlətlərarası müqavilələr
və digər xarici siyasət aktları»nı, «Azərbaycan
xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər
toplusu»nu və «Azərbaycan Xalq Cümhuriyyəti.
Böyük Britaniya arxiv sənədləri» kimi vacib nəşrləri
göstərmək lazımdır. İrəvan əyaləti
ilə bağlı dəftərlərdə Azərbaycanın
ayrılmaz tərkibi hissəsi olmuş İrəvan əyalətinin
ən qədim yerli əhalisi olan Azərbaycan türklərinin
tarixi, bölgənin sosial-iqtisadi durumu, şəhərləri,
kəndləri, tarixi coğrafiyası, toponimikası barədə
ən qiymətli faktlar öz əksini tapmışdır.
Yuxarıda adı çəkilən «Azərbaycan xalqına
qarşı 1918-ci il Mart soyqırımı» adlı 3 cildlik 4
kitabdan ibarət sənədlər toplusunun I cildində isə
sovet illərində respublika arxivlərində saxlanan, lakin
xalqdan gizlədilən bir çox qiymətli sənədlər
təqdim olunur və «26 Bakı Komissarları»nın əsl
tarixi sənədli şəkildə verilir.
XX yüzilliyin
əvvəllərində Azərbaycan tarixinin bir çox məsələlərini
araşdırarkən əksər hallarda respublikanın arxivlərindəki
materiallardan istifadə olunmuşdur. Amma hazırda Avropanın
bir çox ölkəsinin arxivlərində Azərbaycan
tarixinə, o cümlədən Xalq Cümhuriyyətinə aid
əhəmiyyətli sənədlər saxlanılır. Bu sənədlərin
elmi dövriyyəyə cəlb edilməsi və nəşri,
heç şübhəsiz, Tarix İnstitutunun
gördüyü vacib işlərdən olub təqdirəlayiqdir.
«Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniya arxiv sənədləri»
(Bakı, 2008) 1917-1920-ci illərdə Cənubi Qafqazda, o
cümlədən Azərbaycanda baş verən hadisələri
izləməyə, Böyük Britaniyanın bölgədəki
xarici siyasətini səciyyələndirməyə imkan verir. Eyni
zamanda bu sənədlər ermənilərin o zamankı mənfur
siyasətini ifşa etmək üçün də əvəzsiz
mənbə sayıla bilər.
Yaqub Mahmudovun həmmüəllifi olduğu
və 4 cilddə nəşri nəzərdə tutulmuş «Azərbaycan: Beynəlxalq
münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr
və digər xarici siyasət aktları»
adlı kitabın 2009-cu ildə çapdan
çıxmış I cildinə 1639-1828-ci illərə aid diplomatik sənədlər
daxil edilmişdir. Cild 1639-cu il Qəsri-Şirin
müqaviləsi ilə başlayır və 1828-ci il Türkmənçay müqaviləsi ilə
başa çatır. Topluda
50-dək sənəd toplanmışdır. Heç şübhəsiz,
müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutduğu,
xarici siyasi və iqtisadi əlaqələrinin genişləndiyi,
ölkəmizin ən müxtəlif iri
layihələrdə yaxından iştirak
etdiyi bir dövrdə
diplomatiya tariximizin ənənələrinin
öyrənilməsi, bu tarixin
sənəd bazasının araşdırılması elmi və siyasi
aktuallıq kəsb edir.
Danılmaz
bir faktdır ki,
zamanın və bu zamanın yetişdirdiyi tarixi şəxsiyyətlərin
xidmətlərini tarixçidən yaxşı heç kim öyrənə
bilməz! Bu gün biz böyük tarixi tarixçilərin sayəsində bilirik; tarixçilərin xidmətidir ki, minilliklər boyunca zamanlar arasında əlaqə itməmişdir.
XX yüzilliyin sonunda tarixi torpaqlarının bir
hissəsində öz müstəqilliyini
bərpa etmiş Azərbaycan xalqı zəngin
tarixə, qədim dövlətçilik ənənələrinə
və böyük mədəni irsə malikdir. Bu irsin
layiqincə – milli ənənələrə
sadiq qalmaq şərtilə
dünya mədəniyyətinin və tarixinin tərkib hissəsi olaraq
öyrənilməsi və nəsillərə
ötürülməsi Tarixçi üçün böyük
məsuliyyət və fəxarətdir. Bu
məsuliyyəti dərk edib böyük fəxarəti yaşamaq
isə hər tarixçiyə nəsib olmur.
Yaqub Mahmudov əsl Tarixçidir və
adı böyük hərflərlə
yazılacaq Azərbaycanlı Heydər Əliyev haqqında ilk tədqiqatların da məhz
bu tarixçi tərəfindən
yazılması təsadüfi deyildir.
Yaqub Mahmudov Azərbaycanın tarixində böyük rol
oynamış dahi şəxsiyyətlərə
– Cavanşirə və Babəkə, Yusif ibn Əbu-s-Saca və Şəms əd-Din
Eldənizə, Uzun Həsənə və Sara Xatuna, Şah
İsmayıla və Şah Abbasa, M.Ə.Rəsulzadəyə
və Fətəli xan Xoyskiyə, Şeyx Xiyabaniyə
fundamental tədqiqatlarında geniş yer ayırmış,
onların Vətən üçün xilaskar rolunu sübut
etmişdir. «Heydər Əliyev
ideyalarının zəfər yürüşü»
adlı əsərində (Bakı, 2011, rus
dilində - Bakı, 2012 və Ukrayna dilində
- Kiyev, 2013) Yaqub Mahmudov müasir Azərbaycanın
böyük şəxsiyyəti olan Heydər Əliyevin fədakar ömür yolunu, tarixi xidmətlərini, irsinin
müasir Azərbaycan üçün
əvəzedilməz rolunu tədqiq
etmişdir; XX yüzillikdəki siyasi keşməkeşlər və bu ağır problemlərin yükü
ilə qarşılaşmış Azərbaycan
xalqının xilas yolunun
Heydər Əlirza oğlu Əliyev olduğunu göstərmişdir.
Azərbaycan
İntibahının müasir mərhələsini
Heydər Əliyevlə bağlayan tarixçi bu dahi şəxsiyyəti onu
«Bütün Zamanların Böyük
Azərbaycanlısı» və «Böyük
Azərbaycançı» adlandırır, Heydər Əliyev
şəxsiyyətinə obyektiv tarixçi qiyməti verir. Bu səbəbdən, adı çəkilən
əsər Heydər Əliyev irsinin gələcək
nəsillərə hərtərəfli, istisnasız
çatdırılması üçün
də gərəkli vasitədir.
Yaqub
Mahmudovun «Heydər Əliyev
ideyalarının zəfər yürüşü»
adlı fundamental monoqrafiyası müasir dövlətçiliyimizin, müasir milli dirçəlişimizin
əsaslarını yaratmış, öz
fəaliyyəti ilə onilliklər deyil,
yüzilliklər üçün böyük irs qoymuş – Azərbaycan xalqının böyük tarixi şəxsiyyəti,
Ulu Öndər Heydər Əliyevin
dahi siyasətinə və Azərbaycanın
Yeni İntibah dövrü tarixinə həsr olunmuşdur.
Çağdaş
Azərbaycanın XXI yüzilliyə demokratik,
hüquqi və dünyəvi dövlət
quruculuğunda uğurdan
uğura qovuşmasını təmin edən
Heydər Əliyevin xidmətlərini obyektiv
şəkildə araşdıran Yaqub Mahmudov kitabın VIII bölməsində bu dahi Azərbaycanlının
irsinin davamçısı olan İlham Əliyevin
siyasətini tədqiq edir, müasir
dövrün ən tanınmış gənc
dövlət xadimi olan
İlham Əliyevin siyasi
portretini verir. Tarixçi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın müasir quruculuğu yolunda xidmətlərini Heydər Əliyev
ideyalarının zəfər yürüşü,
siyasi varislikdə müdriklik,
qətiyyət və milli maraqlara
sədaqət nümunəsi kimi səciyyələndirir,
Böyük Azərbaycanın İntibahının
İlham Əliyevlə bağlı olduğunu yazır.
«Heydər Əliyev
ideyalarının zəfər yürüşü»
adlı monoqrafiyasında Heydər Əliyev şəxsiyyətini
və Heydər Əliyev irsini Azərbaycanın
qədim dövrdən başlayaraq XXI
yüzilliyə qədər gəlib çıxan böyük, şanlı, zəngin dövlətçilik
tarixi fonunda
araşdıran Yaqub Mahmudov
kitabında, əslində, Azərbaycan tarixinin
yeni konsepsiyasını təqdim etmişdir. Bu konsepsiya Azərbaycan xalqının
unikallığı və təkrarsızlığı, geniş tarixi ərazidə
yayılmaqla zəngin maddi və mənəvi
mədəniyyətə, milli məfkurəyə
və tarixi yaddaşa
sahib olduğu
faktına söykənir. Yaqub Mahmudovun milli dövlətçilik
və milli məfkurə tariximizə həsr
olunmuş əsərinin
qırmızı xəttlə keçən başlıca
ideyası, fikrimizcə, budur: Azərbaycan
ideyası, Azərbaycançılıq ideyası
xalqımızın tarixi qədər qədimdir:
bu ideyanı gerçəkləşdirən
isə böyük şəxsiyyətlərdir.
Bu məfkurə,
bu tarixi yaddaş Azərbaycanı çox
ağır, lakin şərəfli
mübarizə yollarından keçirib, böyük şəxsiyyətlər ona siyasi və mədəni
İntibah yaşadıb və bu günkü Yeni İntibahını şərtləndirib.
5000 illik dövlətçilik tarixi olan xalqın gələcəyi
də keçmiş tarixi
qədər şanlıdır!
Yaqub
Mahmudovun «Heydər Əliyev
ideyalarının zəfər yürüşü»
adlı kitabı Heydər Əliyev kursunun
alternativsizliyini, Azərbaycan dövlətçiliyinin
qorunması və əbədi yaşaması üçün
yeganə təminat olduğunu bir daha təsdiqləyir və
eyni zamanda,
tarixşünaslığımız üçün
də böyük elmi
əhəmiyyət kəsb edir.
Yaqub
Mahmudov «Azərbaycan dövlətçiliyinin
xilaskarı», «Azərbaycan: qısa dövlətçilik tarixi», «Azərbaycan tarixində Heydər Əliyev
şəxsiyyəti», «Heydər Əliyev ideyalarının zəfər
yürüşü» adlı
monoqrafiyalarında və onlarla məqaləsində
XX yüzillikdəki siyasi keşməkeşlər
və bu ağır problemlərin
yükü ilə
qarşılaşmış Azərbaycan xalqının xilas yolunun Heydər Əlirza
oğlu Əliyev olduğunu
göstərmişdir. Azərbaycan
İntibahının müasir mərhələsini
Heydər Əliyevlə bağlayan tarixçi bu dahi şəxsiyyəti Mustafa
Kamal Atatürk, Corc Vaşinqton, Cəvahirləl
Nehru, Şarl de Qolla müqayisə edərək,
onu «Bütün
Zamanların Böyük Azərbaycanlısı»
və «Böyük Azərbaycançı»
adlandırır. Milli ruha bağlı olan Heydər
Əliyev haqqında Yaqub Mahmudovun
yazdıqları özləri də milli
ruhdadır və Heydər Əliyev şəxsiyyətinə obyektiv tarixçi qiyməti
verir. Adı çəkilən əsərlər
Heydər Əliyev irsinin gələcək
nəsillərə hərtərəfli, istisnasız
çatdırılması üçün
gərəkli vasitədir.
Yaqub Mahmudovun tədqiqatları təkcə respublikada deyil, xaricdə
də böyük diqqət və maraqla qarşılanır. Yaqub
Mahmudovun bir çox əsəri rus, türk, ingilis, macar, Koreya və s. dillərdə dəfələrlə çap olunmuş və elmi ictimaiyyət arasında böyük
rezonans doğurmuşdur.
Yaqub
Mahmudov Azərbaycanın
tanınmış ziyalısı kimi özünün geniş
və çoxşaxəli ictimai-siyasi fəaliyyəti,
ölkənin demək olar ki,
bütün kütləvi informasiya
vasitələrindəki çoxsaylı
çıxışları, elmi-publisistik
məqalələri, ölkə miqyaslı toplantılarda və
bölgələrdə keçirilən dövlət əhəmiyyətli
yığıncaqlardakı, elmi
konfranslardakı məruzələri, Azərbaycan
televiziyasında uzun illərdən bəri
aparmış olduğu «Azərbaycan tarixi», «Soyqırımı» proqramları, həmçinin
başqa proqramlardakı və radiodakı
çıxışları, dünyanın müxtəlif
ölkələrindəki Azərbaycan diasporunun
nümayəndələri ilə
görüşləri ilə xalqımızda, xüsusilə
gənclərimizdə milli mənlik şüurunun, Azərbaycan dövlətçiliyi
ideologiyasının formalaşdırılmasına və bununla müstəqilliyimizin qorunması və
möhkəmləndirilməsi işinə bir
vətəndaş alim kimi
yaxından kömək göstərir,
xalqımızın və milli dirçəlişimizin düşmənlərinə
qarşı barışmaz mövqedən
çıxış edir.
Yaqub Mahmudovun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu
tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Bu filmlərin
içərisində «Şuşa-Pənahabad», «İrəvan
xanlığı», «Dahi Azərbaycanlı»,
«Tariximizin keşiyində» kimi
filmlər geniş auditoriya
qazanmışdır və Azərbaycan tarixinin,
Azərbaycan dövlətçiliyinin, Azərbaycanın milli dəyərlərinin təbliğinə
xidmət edir.
Əməkdar elm
xadimi Yaqub Mahmudov Azərbaycanın orta
əsrlər tarixi, diplomatiya
tarixi və ümumdünya
tarixinə dair 1000-dən çox
monoqrafiya, kitab, dərslik,
dərs vəsaiti, elmi, elmi-publisistik
məqalə, dövri mətbuatda dərc
olunmuş müxtəlif xarakterli
yazılar və s. nəşrlərin
müəllifidir. Eyni zamanda iri həcmli tərcümələri
vardır. O, ikicildlik «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası»nın
(Bakı, 2004) baş redaktoru
və «Naxçıvan Ensiklopediyası» (Bakı, 2005) redaksiya heyətinin üzvüdür.
Həmin ensiklopediyalarda, həmçinin
«Azərbaycan Sovet Ensiklopediyası»nda
çoxsaylı məqalələri dərc olunmuşdur.
Yaqub
Mahmudov Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Yunanıstan,
İran, Koreya (Cənubi
Koreya), Səudiyyə Ərəbistanı,
İraq, İsveçrə, Belçika, Şimali Kipr Cümhuriyyəti, Pakistan,
Xorvatiya, Filippin, İsveç, Macarıstan, İtaliya
və b. ölkələrin müxtəlif
şəhərlərində (Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Moskva, Sankt-Peterburq, Kiyev, Afina, Tehran, Seul, Hoseo, Pusan,
Kayseri, Təbriz,
Zəncan-Sultaniyyə, Vladimir-Suzdal, Bağdad, Bern, Cenevrə, Brüssel, Manila, Stokholm, Budapeşt, Venesiya, Roma və s.) keçirilən beynəlxalq simpoziumlarda, müxtəlif xarakterli
toplantılarda, görüşlərdə iştirak
və çıxışlar etmişdir.
Ardı var...
Olaylar.- 2013.- 24 may.- S.10.