Diaspor təşkilatları 28 may - Respublika Gününü qeyd edib

 

28 may - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, eləcə də həmin ölkələrdəki fövqəladə və səlahiyyətli səfirliklər bayram tədbirləri təşkil ediblər. Keçirilən bayram tədbirlərində Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, eləcə də müstəqil Azərbaycan dövlətinin hazırkı vəziyyətindən danışılıb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü qardaş Türkiyə Cümhuriyyətində daha geniş çərçivədə qeyd edilib. Belə tədbirlərdən biri də Türkiyə Cümhuriyyətinin paytaxtı  Ankara şəhərində baş tutub.

Belə ki, Ankaradakı Heydər Əliyev parkında Azərbaycan Demokratik Respublikasının 95-ci ildönümü və Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib. Azərbaycanın Türkiyədəki səfirliyi və bu ölkədəki Azərbaycan diaspor təşkilatlarının da birgə keçirdiyi tədbir çəırçivəsində Ankaranın Yenimahalle rayonunda möhtəşəm musiqili tədbir də keçirilib.  Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümü ilə əlaqədar olaraq Türkiyədə keçirilən tədbirlərdə Azərbaycan Prezident Administrasiyası ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam, enerji və təbii sərvətlər naziri Taner Yıldız, daxili işlər naziri Muammer Güler, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri millət vəkili Necdet Ünüvar başda olmaqla, Türkiyənin çox sayda millət vəkili, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, ordu generalı Hulusi Akar, Quru Qüvvələri Komandanı Ordu Generalı Hayri Kıvrıkoğlu, Türkiyə Dəniz Qüvvələri Komandanı Admiral Murat Bilgel, Türkiyə Hava Qüvvələri Komandanı, ordu generalı Mehmet Erten və Türkiyə silahlı qüvvələrinin yüksək rütbəli çox sayda zabitləri, sabiq nazirlər və millət vəkilləri, ictimai xadimlər, elm və incəsənət xadimləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, diaspor nümayəndələrimiz, tələbə və müdavimlərimizlə yanaşı çox sayda kütləvi informasiya vasitələri nümayəndələri də iştirak ediblər. Musiqili tədbir iki qardaş ölkənin liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və daha sonra himnlərin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, daxili işlər naziri Muammer Güler və Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam çıxış edərək iki qardaş ölkə arasında olan əlaqələr,  Heydər Əliyev dühasının ölkəmizə etdiyi əvəzsiz xidmətlərdən geniş və əsaslı şəkildə bəhs ediblər. Çıxışlardan sonra bu il "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və ikinci yerə sahib olan Fərid Məmmədov çıxış edib, Azərbaycan Dövlət Rəqs Ansamblı isə milli rəqsləri ilə qonaqları valeh edib.  Musiqili tədbirdən sonra 28 May Respublika Günü münasibətilə xüsusi olaraq hazırlanmış tort kəsilib və tədbir iştirakçılarına yüksəksəviyyəli ziyafət verilib. Qeyd edək ki, tədbir iştirakçılarına türk dilində nəşr edilmiş "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı, "İrs-Miras" və "Diplomatik Atlas" jurnalları da təqdim olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  Ankaradakı əsaslı şəkildə təmir etdirdiyi nəhəng Heydər Əliyev parkı çox saylı qonaqlarda xoş təəssürat yaradıb, ölkəmiz haqqında müsbət fikirlərin möhkəmlənməsinə səbəb olub.

Azərbaycan Demokratik Respublikasının 95-ci ildönümü İstanbul Türkiyə-Azərbaycan Dərnəyində təntənəli şəkildə qeyd olunub. Çox sayda qonağın qatıldığı gecədə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu çıxış edərək hamını əlamətdar tarix münasibətilə təbrik edib. Səfər Qaraqoyunlu Azərbaycanın müstəqillik tarixini dəyərləndirərək bir ulduz kimi parlayan bu ölkənin öz gələcəyini əmin addımlarla inşa etdiyini və bölgənin parlayan ulduzu olmağa davam edəcəyini bildirib: “Azərbaycan xalqı 1918-ci ildə “Bir kərə yüksələn bayraq bir daha enməz” nidaları ilə müstəqillik elan etsə də, təəssüf ki, bu sevinc uzun sürmədi. Osmanlı imperiyasının Anadolu və Qafqazın ən çətin dövründə yaranan, Qafqazda ilk Türk dövləti adına sahib olan Azərbaycan Demokratik Respublikasının quruluşu bu gün olduğu kimi keçmişdə də Türk dünyasının ən önəmli hadisələrindən biri idi”. Həmin dövrün tarixinə qısaca nəzər salan Səfər Qaraqoyunlu Azərbaycan Demokratik Respublikasının çox böyük çətinliklər hesabına qurulduğunu deyib: ”Bildiyiniz kimi, xaricdən buna mane olmaq istəyən çox qüvvələr vardı və Azərbaycanda da vəziyyət çox qarışıq, ağır və çətin idi. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, bütün çətinliklərə rəğmən Azərbaycan Xalq Cümhuriyyəti varlığını sürdürdü, fəaliyyət göstərdi və iki il içərisində böyük işlər gördü, bugünkü Azərbaycanın müstəqil gələcəyinin təməlini qoydu. Azərbaycan Demokratik Respublikası o dövrdə Azərbaycanda və onun çevrəsində cərəyan edən proseslərin məntiqi nəticəsi olaraq 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin elanı ilə qurulmuşdu”. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri həmin dövrdə yaranmış türk birliyini xatırladaraq qeyd edib ki, 1915-ci ildə Bakıdan, Kərkükdən, Qafqazdan və dünyanın müxtəlif yerlərindən on minlərlə insan Çanaqqalaya gələrək imperialist qüvvələrinə qarşı mübarizə aparmış, türkün gücünü bütün dünyaya göstəmiş və Müstəqil Türk Respublikasının təməlini atmasına vəsilə olmuşlar. “Eyni ruh   həmrəylik 1918-ci ildə də təzahür etmiş, həmin il Osmanlının tənəzzülü dövründə - orduya və silaha ehtiyac olduğu bir vaxtda Azərbaycanın soyqırıma uğradığını, xalqın çətin vəziyyətdə olduğunu öyrənən Osmanlı İmperiyası Qafqaz İslam Ordusunu İstanbuldan Azərbaycana yollayıb. Azərbaycan xalqı Türk ordusunu böyük bir sevinc və çoşqu ilə qarşılamış, birlikdə düşməni Azərbaycan torpaqlarından çıxarmağa nail olmuşlar. Bu mücadilədə on minlərlə soydaşımız şəhid olub ki, onlardan da 1320-si Türkiyə vətəndaşıdır. Onlar vətəndən minlərlə km uzaqda türklük milli qürur və şüuru uğrunda həlak olub. Qafqaz və bölgənin parlayan ulduzu Azərbaycan Respublikasının təməli əslində o günlərdə atılıb. Bütün şəhidlərimizin və Azərbaycan Demokratik Respiblikasının qurucularının xatirəsini hörmətlə anırıq”.

Respublika Gününə həsr olunmuş gecədə Azərbaycanın millət vəkili Jalə Əliyeva, Azərbaycanın İstanbuldakı konsulu Emma Heydərova, Abbas Gökçe, Yakup Güvenç, İhsan Özköseli, Cumhur Turan Aşık Maksut Feryadi, azərbaycanlı yazıçı Nurəngiz Gün və digər qonaqlar çıxış ediblər. Sənətçi Metin Güngör, Aşıq Maqsud Feryadi, Tuna Güvenç və digəriləri musiqiləri ilə gecəyə xüsusi rəng qatıb.

28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi Avstraliyada da qeyd edilib. Belə ki, Avstraliyanın Sidney şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Azərbaycan – Avstraliya - Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan və türk diasporunun nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr qatılıb. Tədbirdə Azərbaycanın tarixi və 1918-1920-ci illərdə müsəlman şərqində ilk demokratiya institutu olan Azərbaycan Demokratik Respublikasının mütərəqqi addımları barədə məlumat verilib. 1918-ci ildə ölkə parlamentinin qərarı ilə qadınlara seçki hüququnun verildiyini xatırladan cəmiyyətin prezidenti İmadətdin Qasımov qeyd edib ki, Azərbaycan qadınlara kişilərlə bərabər siyasi hüquqlar verməklə nəinki şərqdə ilk olmuş, hətta bu sahədə Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa  kimi ölkələri qabaqlayaraq qərb ölkələri arasında da birincilər sırasına adını yazdırıb.

Respublika Gününə həsr olunmuş tədbirdə Sidney Texnologiya Universitetinin inşaat və ətraf mühit mühəndisliyi fakültəsinin baş müəllimi və koordinatoru,  Şəmsəddin Nicat Azərbaycan dilində vətənpərvərlik ruhunda yazdığı şeirləri oxuyub.

Daha sonra iştirakçılar Azərbaycan Demokratik Respublikasının uğurları, yenidən müstəqillik qazandıqdan sonra Azərbaycanın keçdiyi yol, Ermənistan-Azərbaycan Dağlıq münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və digər mövzular ətrafında müzakirə aparılıb.

Sonda tədbir iştirakçılarına Azərbaycan musiqisi və milli mətbəxindən nümunələr təqdim olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü Belçikada da qeyd edilib. Bu ölkədə fəaliyyət göstərən Belçika Azərbaycanlıları Cəmiyyəti “Azərbaycanın təqdimatı” adlı tədbir təşkil edib. Mərkəzi meydanlardan birində təşkil olunan təqdimatda Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin zərurəti, həmin dövrdəki siyasi vəziyyət, eləcə də demokratik respublikanın həyata keçirdiyi islahatlardan danışılıb.

“Strasburq-Azərbaycan Evi” də 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümünü qeyd edib. Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, müxtəlif birlik və cəmiyyətlərin rəhbərlərinin iştirak etdiyi tədbirdə iştirakçılar üçün bayram süfrəsi də açılıb.

İqdırda fəaliyyət göstərən Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi də Azərbaycan Demokratik Respublikasının ildönümünü qeyd edib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 30 may.- S. 15.