Azərbaycan diasporunun təşkilatlanma dövrü
XX əsrin əvvəllərində
azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlamışdır. Qafqazda çar Rusiyasının antimüsəlman və
antitürk siyasəti məqsədli şəkildə
regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə
yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər
tərəfindən həyata keçirilən soyqırım, etnik
təmizləmə siyasəti belə imperiyanın strateji niyyətlərindən törənmişdir. 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması ilə xaricə axının miqyası xeyli azalsa da, demokratik
respublikanın süqutu nəticəsində
faciəli bir vəziyyət
formalaşdırdı.
Xalq Cümhuriyyətinin
qurucularının və tərəfdarlarının
bolşeviklər tərəfindən ciddi təzyiq və təqiblərə
məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində
qoymuşdur. Təsadüfü deyildir ki, bu dövr azərbaycanlıların
xaricə miqrasiyasının kütləvi xarakter
aldığı mərhələlərdən
biri olmuşdur. XX əsrin əvvəllərində
bolşeviklərin təqiblərindən qurtulub xarici ölkələrə
mühacirət edənlərdən Əlimərdan bəy
Topçubaşov, Əlibəy Hüseynzadə, Əhməd
bəy Ağayev (Ağaoğlu), Məmməd Əmin Rəsulzadə,
Nağı bəy Şeyxzamanlı, Cahangir Kazımbəyli, Səid
Əlizadə, Ceyhun Hacıbəyli və bir çox başqa
tanınmış simalar qürbətdə Azərbayan
diasporunun təşkilatlanması prosesinin əsasını
qoymuşlar.
1949-cu ilin fevralında Türkiyənin
Ankara şəhərində yaradılmış Azərbaycan
Kültür Dərnəyi dünyada Azərbaycan diasporunun təşkilatlanması
sahəsində ilk addım olmuşdur. Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə milli təhlükəsizlik
naziri işləmiş Nağı bəy
Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı
1958-cı ildə okeanın
o tayında Amerikanın Azərbaycan Cəmiyyətini təsis
etmişdir. Hazırda bu cəmiyyətə
Nağı bəy Şeyxzamanlının nəvəsi,
xanım davamçısı Tomris Azəri rəhbərlik
edir. Bu hadisələr əsasən Azərbaycan diasporunun
tarixində təşkilatlanma mərhələsinin məhz
ötən əsrin ortalarından
başladığını söyləməyə əsas
verir. Həmin dövrə qədər
soydaşlarımızı birləşdirən icma və
birliklərin yaradılması ilə bağlı hər
hansı fakta təsadüf olunmamışdır. II Dünya müharibəsindən
sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ
ilə əlamətdar oldu. Müharibə dövründə və
sülhün bərqərar olunmasından sonra xaricdə
yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli
dərəcədə artmışdır. Onların arasında hərbi əməliyyatlar
zamanı əsir düşmüş və müharibə
başa çatdıqdan sonra müxtəlif səbəblər
üzündən Avropa ölkələrində məskunlaşmış
azərbaycanlılar əksəriyyət təşkil
etmişdir. Sovet rejiminin amansız və qəddar cəza tədbirləri,
qanlı represiyaları onların bir çoxunu geri
qayıtmaqdan çəkindirmiş,
beləliklə xaricdə yaşayan azərbaycanlıların
sayca artmasına səbəb olmuşdur. Qeyd etmək
lazımdır ki, təxminən 30 milyon azərbaycanlının
tarixən yaşadığı müasir İran ərazisindən
də son onilliklər ərzində mühacirət edənlərin
sayı Azərbaycan Respublikasını tərk edənlərin
sayından qat-qat çox olmuşdur.
Ümumiyyətlə, II Dünya
müharibəsindən bir
neçə il sonra Sovet hökumətinin tətbiq etdiyi sərt sərhəd
rejimi SSRİ-dən xaricə axını məhdudlaşdırsa
da, dissident hərəkatı əvvəlki
illərlə müqayisədə daha kütləvi xarakter
almışdır. Təbii ki,
sovet respublikası olan Azərbaycanda azad fikirli ziyalılar, vətənpərvər
qüvvələr üçün real təhlükə var
idi. Lakin SSRİ-də dissident hərəkatının,
azad fikrin genişləndiyi bir dövrdə - 1969-cu ildə
ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik
etməyə başladı. O, respublikanın həyatında,
ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin
özülünü qoydu.
Heydər Əliyev ölkənin ictimai həyatının
bütün sahələrində sürətli inkişafa aparan
köklü islahatlara yol açdı. Azərbaycan qısa
vaxt ərzində iqtisadi göstəricilərinə,
intellektual potensialına görə SSRİ miqyasında ön
sıralara çıxdi. Heydər Əliyevin ardıcıl
surətdə apardığı islahatlar yalnız iqtisadi sahəni
əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və
təhsildə, mədəniyyətdə də böyük
sıçrayışlarla nəticələndi. Azərbaycanda
elmin inkişafının stimullaşdırılması istiqamətində
bir çox mühüm addımlar atıldı. Heydər Əliyev
elmə, mədəniyyətə, ədəbiyyata xüsusi
diqqət və qayğı göstərirdi. Azərbaycanın
bir çox elm və mədəniyyət
xadimlərinin, ədib və şairlərinin həyat və
yaradıcılığında özünü göstərən
bu diqqət, respublikada azad fikirli ziyalıların təqibinə
birdəfəlik son qoydu. Təsadüfü deyildir ki, məhz
Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1969-cu
ildən Sovet İttifaqı dağılana kimi Azərbaycanda
bir nəfər də olsun dissident qeydə
alınmamışdır. Ümummilli lider Heydər Əliyev
təbiətən demokratik ruhlu bir şəxsiyyət
olduğundan ayrı-ayrı bədii əsərlərdə,
elmi monoqrafiyalarda sovet quruluşunun ünvanına yönəldilmiş
tənqidlərə olduqca dözümlü münasibət bəsləyir
və cəmiyyətin müxtəlif sahələrində təzahür
edən çatışmazlıqların üzə
çıxarılmasına əlverişli imkan
yaradırdı. O, xüsusilə Azərbaycan xalqının
milli mənəvi dəyərlərinin qorunmasını,
xalqımızın tarixinin obyektiv
araşdırılmasını, həqiqəti ortaya
çıxaran əsərlərin yaradılmasını daha
çox diqqət mərkəzində saxlayırdı.
XX əsrin 70-ci illərin əvvəllərindən
başlayan iqtisadiyyat, mədəniyyət, elm və təhsil
sahələrində inkişaf, mənəvi mühitin
sağlamlaşdırılması bütövlükdə
ölkədə milli özünüdərk prosesinin təkamülünə
böyük təkan verdi. 70-80-ci illərdə
Heydər Əliyev qətiyyət, müdriklik və cəsarətini
xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin
tərəqqisinə, Azərbaycanın bütün dünyada
tanınmasına yönəltmişdir.
Həmin dövrün mövcud siyasi
reallıqları diaspor problemi ilə milli-ideoloji zəmində
açıq və sistemli şəkildə məşğul
olmağa imkan verməsə də, mədəniyyət, incəsənət,
elm sahəsində ciddi iş aparılır,
respublikamızın nailiyyətləri təbliğ edilir,
dünya azərbaycanlılarının tarixi Vətənlə
əlaqəsinə xidmət edəcək imkandan tam səmərə
ilə istifadə edilirdi.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.-
2013.- 31 may.- S.15.