Mahir Həmzəyevin Azərbaycan diasporunda xidmətləri
Azərbaycan diasporunun tanınmış
simalarından biri də Mahir Həmzəyevdir. Uzun illərdir
ki, Litvada ölkəmizi şərəflə təmsil edən
Mahir Həmzəyev Azərbaycanın haqq səsinin dünya
ictimaiyyəti, eləcə də Litva cəmiyyətinə
çatdırılması işində yorulmaz fəaliyyət
göstərib, bu istiqamətdə bir sıra uğurlara imza
atıb.
Soydaşımız Litvada Azərbaycanın
zəngin tarixi-mədəni irsinin təbliği sahəsində
də mütəmadi olaraq tədbirlər təşkil edir, Azərbaycan
mədəniyyətini Litvada tanıdır. Məlumat
üçün qeyd edək ki, Mahir Həmzəyev 1958-ci ildə martın 8- də Quba
rayonunda anadan olmuşdur. O, 1983-cü ildə isə S.M.Kirov
adına Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin
qiyabi şöbəsini bitirmişdir. 1984-1989-cu illərdə
Mahir Həmzəyev Litva Yazıçılar İttifaqı və
Azərbaycan Dövlət Universitetinin zəmanətilə
Vilnus Universitetinin Litva filologiyası şöbəsində
litvaşünaslıq ixtisası üzrə aspiranturada təhsil
almışdır. Həmyerlimiz 1985-ci ildə Vilnus Kitabsevərlər
Cəmiyyətinin məsul katibi seçilmiş və 1994-cü
ildən bu günədək həmin cəmiyyətin sədridir.
Litvada olduğu ilk illərdən Mahir Həmzəyev diaspor sahəsində
də fəaliyyətə üstünlük vermiş və
o, 1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətinin
yaradıcılarından olmuşdu.
Mahir Həmzəyev həmin ildən indiyədək Litva
Azərbaycanlıları Cəmiyyətinin sədridir. Mahir Həmzəyev
1992-1995-ci illərdə Azərbaycan Respublikasının
Litvada səlahiyyətli nümayəndəsi olub. Mahir Həmzəyev
1991-ci ildən 2002-ci ilə kimi dəfələrlə Litva
hökumətinin yanında Milli Azlıqlar və Mühacirət
Departamentinin Milli İcmalar Şurasına üzv seçilib.
Hazırda Mahir Həmzəyev
Dünya Azərbaycanlılarını Əlaqələndirmə
Şurasının üzvüdür. O, eyni zamanda 2006-cı
ilin yanvar ayında Riqada təsis olunmuş Baltik Azərbaycanlıları
Konqresinin yaradıcılarından biri və həmsədridir.
2006-2007-ci illərdə Vilnusdə Litva-Azərbaycan
Assosiasiyasını, "Vilnus dairəsi azərbaycanlıları"
və "Vilnus azərbaycanlıları" ictimai-mədəni
təşkilatlarını yaratmışdır. 2007-ci il mart
ayının 10-da Avropa Azərbaycanlıları Konqresinin
vitse-prezidenti seçilmişdir. Mahir Həmzəyev 2008-ci ilin
oktyabr ayının 12-də Litva Respublikası
Liberallarının Sayudis Partiyasının xətti ilə
Litva Respublikası parlament seçkilərində iştirak
etmişdir. 2009-cu ildə isə Litva Respublikası Hökuməti
yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin xətti
ilə keçirilmiş seçkilərdə üç il
müddətinə Litva Milli İcmalar Şurasının sədri
seçilmişdir. Litva Respublikasının baş naziri
Andryus Kubilyusun 2009-cu il 17 noyabr tarixli 511 nömrəli sərəncamı
ilə Mahir Həmzəyev Litva Respublikası baş nazirinin
yanında Litva Milli Azlıqlarının Məsələləri
üzrə Koordinasiya Komissiyasına üzv
seçilmişdir. 2010-cu il, avqust ayının 4-dən o, Seymin İqtisadiyyat Komitəsi Sədrinin
müşaviridir.
2002-2011-ci illərdə
Litva Respublikası Seyminin sədri, Litva Respublikası baş
naziri, Litva Respublikası mədəniyyət naziri və həmçinin
Litvanın digər dövlət və hökumət
qurumlarının rəhbərliyi tərəfindən dəfələrlə
fəxri fərmanlara və yazılı təşəkkürlərə
layiq görülmüşdür. Litva Respublikasının
baş naziri Andryus Kubilyusun 2009-cu il 18 dekabr tarixli qərarı
ilə xüsusi təşəkkür elan edilmiş və
Litva adının 1000 illiyinə həsr olunmuş “Fəxri
ulduz” hökumət nişanı ilə təltif olunmuşdur.
Mahir Həmzəyev 19 noyabr 2004-cü ildə Litva
Respublikası Hökuməti yanında Milli Azlıqlar və
Emiqrasiya Departamentinin "Xidmətlərə görə"
gümüş medalı ilə
mükafatlandırılmışdır. 2006-cı il
martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı
ilə Mahir Həmzəyev dünya azərbaycanlılarının
həmrəyliyi sahəsində fəaliyyətinə görə
“Tərəqqi” medalı ilə, həmçinin Litva
Respublikasının prezidenti Valdas Adamkusun 2006-cı il 7 iyun
tarixli 648 nömrəli fərmanı ilə “Litva
qarşısında xidmətlərinə görə” dövlət
medalı ilə təltif olunmuş, 2011-ci il iyulun 4-də isə
jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan
diasporunun inkişafındakı xidmətlərinə görə
Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri
adına layiq görülmüşdür.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2013.- 31 may.-
S.15.