Korrupsiyaya qarşı mübarizə tədbirləri
genişləndirilir
Elektron imza mexanizmi sadələşdiriləcək
Azərbaycanda korrupsiyaya
qarşı aparılan mübarizə tədbirləri öz müsbət nəticəsini verməkdədir.
Baxmayaraq ki, ölkədə
hələ də korrupsiya və
rüşvət halları müşahidə olunur,
ancaq fakt odur ki, bu
sosial problemlərə qarşı effektli mübarizə aparılır. Təsadüfi
deyil ki, prezident İlham Əliyev
bəyan edib ki, Azərbaycanda
korrupsiyaya qarşı mübarizədə
çöx böyük
uğurlar əldə edilib:
“Azərbaycanda demokratiyanın inkişafı ilə
bağlı bundan sonra
da islahatlar
aparılacaq. Biz bu islahatlara hazırıq. Əslində bu islahatların təşəbbüskarı da bizik. Azərbaycanda təhlükəsizlik
tədbirləri bundan sonra
da təmin edilməlidir. Bizim
böyük xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan
vətəndaşları sülh, əmin-amanlıq,
təhlükəsizlik şəraitində yaşayırlar. Korrupsiyaya qarşı mübarizədə çox böyük uğurlar əldə edilib.
Həm inzibati tədbirlər, həm də
sistem xarakterli islahatlar aparılır və öz
bəhrəsini verir. Hesab
edirəm ki, gələcək illərdə
biz bu böyük
bəlanın aradan
qaldırılmasında daha da böyük uğurlar əldə edəcəyik. Bir sözlə, daxili siyasətin
əsas istiqamətləri çoxdan
müəyyən edilib. Sadəcə olaraq, biz bu
məsələləri daha da məqsədyönlü şəkildə həll
etməliyik”. Dövlət başçısının fikirlərindən
də aydın olur ki,
Azərbaycanda korrupsiyaya qarşı
mübarizədə həm inzibati, həm
də maarifləndirici tədbirlər həyata keçirilir. Qeyd edək ki, korrupsiya
hallarının aşkarlanmasında Baş
Prokurorluq yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi fəaliyyətini davam etdirməkdədir. Təsadüfi deyil ki, son
bir ay müddətində
sözügedən idarə tərəfindən bir neçə fakt aşkar edilib. Belə ki, Bakı şəhər
sakininin Abşeron-Binə peşə
liseyində baş verən qanunsuzluqlar barədə Baş
Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə
daxil olmuş
müraciəti araşdırılıb. İdarənin əməkdaşları
tərəfindən liseyin istehsalat
təlimi ustası Şərafət Mehdiyevanın xidməti
otağına keçirilən baxış zamanı liseydə
təhsil alan tələbələrə
məxsus və son istifadə tarixi 2013-cü ilin oktyabr ayınadək olan
17 ədəd plastik təqaüd
kartları aşkar edilib.
Araşdırmalarla həmin kartlarla təqaüdlərin
liseyin vəzifəli şəxsləri tərəfindən
çıxarılaraq mənimsənildiyi müəyyən edilib. Fakta görə
Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddəsi ilə cinayət işi
başlanıb. Hazırda cinayət işi
üzrə tam, hərtərəfli və
obyektiv istintaq
aparılmaqla, cinayəti törətmiş şəxslərin
tam dairəsinin müəyyənləşdirilərək
istintaqa cəlb edilməsi istiqamətində
zəruri istintaq tədbirləri davam etdirilir. Digər bir fakt jurnalistin
korrupsiya əməli ilə
bağlıdır. Belə ki,
Bakı şəhəri 36 saylı Texniki
yaradıcılıq mərkəzinin direktoru
Dilarə Əliyevanın Baş Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti
üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri
həyata keçirilib. Müəyyən edilib ki, 7 may 2013-cü il tarixdə “Korrupsiya və
bəşəriyyət” qəzetinin müxbiri
Xəyyam Qurbanlı və həmin qəzetin şöbə müdiri Rizvan Mirmövsümov Bakı şəhəri,
Çobanzadə küçəsi 49 saylı ünvanda
yerləşən 36 saylı Texniki
yaradıcılıq mərkəzinə gələrək
özlərini Baş prokuror yanında Korrupsiyaya
qarşı mübarizə idarəsinin əməkdaşları
kimi təqdim ediblər. Bundan sonra
mərkəzdə yoxlama
aparacaqlarını bildirərək orada
ayrı-ayrı sənədlərin fotoşəkillərini
çəkmiş və müəllimlərin işə
davamiyyəti ilə əlaqədar iradlarını bildirərək
aşkar edilmiş nöqsanlarla bağlı tədbir
görülməməsi müqabilində 300 manat
məbləğində pul tələb
ediblər. Mayın 14-də Baş
prokuror yanında Korrupsiyaya
qarşı mübarizə idarəsinin əməkdaşları
tərəfindən aparılmış əməliyyat tədbirləri
nəticəsində qeyd edilən məbləğdə
pulu mərkəzin direktoru
D. Əliyevadan alarkən hər iki şəxs
cinayət başında yaxalanıblar. R. Mirmövsümovun idarə etdiyi “Opel Vita”
markalı, 90-MF-574 dövlət qeydiyyat
nişanlı avtomobilə baxış zamanı ibtidai istintaq üçün zəruri olan
sənədlər aşkar edilərək
maddi sübut kimi götürülüb,
həmçinin avtomaşının qabaq
şüşəsinə «KORRUPSİYA» sözləri
yazılmış lövhənin yapışdırıldığı
müəyyən olunub. Faktla bağlı Cinayət
Məcəlləsinin 178.2.1, 178.2.3 (dələduzluq) və
310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə)
maddələri ilə cinayət işi
başlanmış, X.Qurbanlı və R.Mirmövsümov
iş üzrə təqsirləndirilən
şəxs qismində cəlb edilməklə barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib. Hazırda həmin
şəxslər tərəfindən törədilmiş digər
cinayətlərin müəyyənləşdirilməsi
istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri
davam etdirilir. Eyni zamanda, şagirdlərin
1-ci sinfə qəbulu ilə bağlı prosedur
qaydalarının kobud pozuntusuna
görə Suraxanı rayonunda yerləşən
270 nömrəli məktəbin direktoru
Talıb Rəhimov vəzifəsindən azad
olunub. Daxili işlər orqanlarına arayışın təqdim
edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş
qaydaları pozmuş Təhsil Nazirliyinin mühafizə polisinin
əməkdaşı və Xaricdə Şagird,
Tələbə, Aspirant və Staj keçənləri iş
üzrə Şura Katibliyin
bir əməkdaşı tutduqları vəzifədən
azad olunublar. Bundan başqa, tələbələrə
qeyri-qanuni yolla kömək
göstərməyə çalışmış Bakı
Dövlət İqtisadi və Humanitar Kollecinin Qiyabi şöbəsinin müdiri
A.Quliyeva tutduğu vəzifədən
azad olunub. Həmin kollecin direktoru və direktor müavini
aşağı vəzifəyə keçiriliblər. Təhsil
Nazirliyi mətbuat xidmətinin mayın
16-da yaydığı məlumatda bildirilir
ki, bütün bunlar vətəndaşların müraciətləri
əsasında aparılmış araşdırma nəticəsində
olub. Göründüyü
kimi korrupsiya
hallarını cəmiyyətin müxtəlif sahələrində
müşahidə etmək mümkündür.
Məhz belə halların qarşısını almaq məqsədilə vətəndaş-məmur
münasibətlərinin minimuma endirilməsi
istiqamətində müvafiq tədbirlər
həyata keçirilir. Artıq ölkədə
“Elektron hökumət” layihəsi uğurla tətbiq edilməkdədir. Elektron imzanın bütün
sahələrdə tətbiq olunması üçün
maarifləndirmə tədbirləri davam etdirilir.
Ədliyyə
Nazirliyinin Qeydiyyat və
Notariat Baş İdarəsinin
aparıcı məsləhətçisi Vidadi
Mayıl bildirib ki,
artıq 355, o cümlədən 300-ə
yaxın ədliyyə işçisinin elektron imzası notariusda qeydiyyata alınıb. Elektron imzanın bütün sahələrdə tətbiq edilməsi
üçün işlərin davam etdirildiyini deyən baş məsləhətçinin sözlərinə
görə, elektron imzadan
kütləvi şəkildə istifadə edildikdən sonra aparılan əməliyyatlar daha da sadələşəcək.
Prezident
Administrasiyasının sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş
şöbəsinin müdiri Süleyman İsmayılov bildirib
ki, Prezident
Administrasiyasına vətəndaşlardan daxil
olan müraciətlərdə
qaldırılan məsələlərin həlli üçün qanunvericiliyə uyğun olaraq müxtəlif
araşdırma, nəzarət və təhlil formalarından
istifadə olunur: “Prezident
Administrasiyasında keçirilən şəxsi qəbullarda
vətəndaşları narahat edən
problemlərin operativ həlli üçün əlaqədar dövlət
orqanları və təşkilatlar qarşısında məsələ
qaldırılır. Bu işdə müraciətlərə nəzarətlə
baxılması və belə müraciətlərlə əlaqədar
görülən tədbirlər xüsusi
qeyd olunmalıdır”. Şöbə müdiri deyib ki, Prezident
Administrasiyasında nəzarət qaydasında
baxılmış müraciətlərin sayı bu il daha
da artıb: “Onların bir çoxu müsbət
həll olunub, qalanları barədə izahat verilib,
qaldırılan bir sıra məsələlərin
həlli növbəti illərin inkişaf
planlarına salınıb. Məhz vətəndaşların
əsaslı müraciətlərinin
araşdırılması nəticəsində təkcə bu ilin əvvəlindən
ayrı-ayrı vəzifəli şəxslər barəsində
inzibati tənbeh tədbirləri tətbiq
edilib, bəziləri işdən kənarlaşdırılıb”.
S. İsmayılov vurğulayıb ki, Azərbaycan
vətəndaşlarının Prezident
Administrasiyasına göndərdikləri müraciətlər
formasından asılı olmayaraq,
hamısında bir fikir
qırmızı xətt kimi keçir: “Mən Prezidentə çox
inanıram və onun siyasətini dəstəkləyirəm”.
Şöbə müdiri bildirib
ki, daxil olan məktubların içərisində bir xeylisi problemlərinin həll
olunmasına görə minnətdarlıq hissinin
ifadə olunduğu məktublardır. S.
İsmayılov müraciətlərə
baxılmasının yaxşılaşdırılması üçün bəzi yeniliklər edildiyini də vurğulayıb: “Keçən
ilin sonlarından başlayaraq
hazırlanıb tətbiq edilmiş yeni proqram əsasında vətəndaşların
elektron qəbula yazılması təmin edilib. Artıq Bakıya gəlmədən Prezident Administrasiyasının struktur
bölmələri rəhbərlərinin qəbuluna yazıla
bilirlər. Bunun üçün
vətəndaşlar yaşadıqları şəhər və
rayondan Prezidentin rəsmi
saytı vasitəsilə istədikləri vəzifəli şəxsin
qəbuluna yazılır və təsdiq edilmiş
cədvələ uyğun qəbula gəlirlər.
Bu ilin əvvəlindən yüzlərlə vətəndaş
məhz elektron formada
qəbula yazılmaq üçün
müraciət edib, bir
çoxu qəbula yazılıb, yaxud kimə və haraya
müraciət etməli olduqları barədə onlara elektron izahat verilib”. Şöbə
müdiri qeyd edib ki, Prezidentin
rəsmi saytında “Vətəndaşların müraciətləri”
menyusu da daim təkmilləşdirilir: “Artıq bir sıra mərkəzi icra
hakimiyyəti orqanlarında isə vətəndaşların birbaşa videoqəbulu təşkil edilir”. S. İsmayılov deyib ki, 2012-ci illə
müqayisədə bu ilin
əvvəlindən indiyədək Prezident
Administrasiyasına daxil olan
müraciətlərin təhlili göstərir ki, dövlət qulluğuna
qəbul, mənzil, tikinti, məhkəmə
və hüquq-mühafizə orqanlarının fəaliyyəti,
ipoteka kreditlərinin verilməsi ilə bağlı müraciətlərin sayı
artıb: “Şəhər və rayon icra hakimiyyətlərinin, o
cümlədən onların nümayəndələrinin fəaliyyəti,
özəlləşdirmə, ekologiya, sosial müdafiə, qaçqınlar və məcburi
köçkünlərlə bağlı məsələlər,
məişət və su təchizatı
məsələləri üzrə müraciətlərin
sayı azalıb. Vətəndaşların qəbulunu
bəzən birinci şəxslərin
özlərinin aparmadığı, ayrı-ayrı idarələrdə
müraciətlərə vaxtında cavab
verilmədiyi, qəbul zamanı verilmiş
vədlərin heç də həmişə
yerinə yetirilmədiyi göstərilir və belə
halların aradan qaldırılması xahiş edilir.
Müraciətlərin növlərinə gəldikdə isə
qeyd etməliyik ki,
ötən ilin müvafiq
dövrü ilə müqayisədə
şikayətlərin faiz nisbəti
azalıb”. S. İsmayılov qeyd edib ki, nazir
və komitə sədrlərinin bölgələrdə
mütəmadi qəbullar keçirməsi də əhali tərəfindən
müsbət qarşılanıb: “Təkcə aprel ayında 20 mərkəzi icra
hakimiyyəti orqanının rəhbəri 60 şəhər
və rayonu əhatə edən qəbullarda
2 min nəfəri qəbul edib,
qəbullarda qaldırılan məsələlərin əksəriyyəti
nəzarətə götürülüb,
əsaslı müraciətlər müsbət həll olunub, qalanları barədə isə
lazımi tədbirlər görülür.
Bu qəbulların əsas məqsədi
yerlərdə əhali ilə birbaşa
ünsiyyət yaradılması, real vəziyyətin
öyrənilməsi və mümkün olan hər bir məsələnin
operativ həll edilməsidir”.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru
Vasif Mövsümov
vurğulayıb ki, Azərbaycanda
korrupsiyanın əsas səbəblərindən biri vətəndaş cəmiyyəti və ictimai nəzarətin olmamasıdır. Onun sözlərinə görə, problemi həll etmək üçün
ilk növbədə ictimai
nəzarət sistemi
yaradılmalıdır: “Vətəndaş cəmiyyətinin
üzvləri hər zaman məsələlərlə
bağlı öz tövsiyələrini
versə də, müvafiq dövlət
qurumları buna könülsüz
yanaşırlar. Bunun nəticəsində
də bəzi qurumlardan şikayətlərin
sayı artır.”
Alim
Azərbaycanın
Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı
mübarizədə vətəndaş cəmiyyəti
institutlarının və medianın birgə mübarizəsinin
təşkili” layihəsi çərçivəsində
çap olunur.
Olaylar.- 2013.- 31 may.- S.10.