“İslam ölkələrinə
toxunmayın. Öz işlərinizlə məşğul
olun”
Beynəlxalq
Forumda işğal
altında olan torpaqlarımızdan da söz
açıldı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli
dünyada sülh şəraitində birgə yaşama"
şüarı altında 2013-cü ilin 29 may -1 iyun tarixlərində
Bakıda II Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu işinə başlayıb.
Ötən
gün təşkil edilən mətbuat konfransında Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək forumun keçirilməsinin
rolundan danışıb: “Ötən il də ölkəmizdə
bu forum təşkil edilmişdi. Sözsüz ki, bu cür tədbirlərin
ölkəmizdə qeyd edilməsində ölkə prezidenti
İlham Əliyevin də rolu danılmazdır”. BMT-nin
Sivilizasiyalar Alyansının baş katibi Nasir Abdulaziz Əl Nəsir
öncə ölkəmizin strateji mövqeyi, zəngin tarixi
haqda danışıb: “Mədəniyyətlərarası
dioloq forumunun təşkili ilə əlaqədar zəngin
tarixə və mədəniyyətə sahib olan ölkənizdə
səfərdəyik. Bir çox tarixi yerlərini
gördüyümüz bu məmləkətdə olmaq bizim
üçün çox əlamətdardır”. İSESKO-nun
baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyri isə
turizmin miqrasiya, sosial-iqtisadi sahədəki və dinlərarası
münasibətlərdəki rolu haqda danışıb.
Baş direktor turizmin ölkələrarası sülh və əminamanlığın
bərpa edilməsində mühüm rola malik olmasını
qeyd edərək müxtəlif ölkələri bu sahəyə
xüsusi önəm verməyə səsləyib.
UNESCO-nun
nümayəndəsi Katrina Bolko: “Beynəlxalq forum çərçivəsində
müxtəlif istiqamətli müzakirələr təşkil
edəcəyik. Bu istiqamətdə Səudiyyə Ərəbistanı
səfirinin də rolunu yüksək qiymətləndirirəm.
Forumun keçiriləcəyi müddətdə mədəni
müxtəliflik, birgəlik, ölkələrarası
dialoqların təşkili ilə bağlı müxtəlif
müzakirələr aparılacaq. Müxtəliflik, birgəlik,
ölkələrarası dialoqlar forumun uğurla işini davam
etdirməsi üçün çox mühüm amil hesab olunmalıdır”.
Daha sonra əcnəbi jurnalistlərin suallarını
cavablandıran mədəniyyət və turizm naziri
münaqişəli regionda bu cür beynəlxalq tədbirlərin
təşkili haqda qərb mətbuatı da məlumatlandırılıb:
“Ərazilərimizin bir hissəsi Ermənistanın
işğalı altındadır. Bu gün də həmin ərazilərdə
müharibə davam edir. Ermənistanın Azərbaycana
qarşı işğalçı mövqeyi haqda o qədər
də geniş danışmağa ehtiyac görmürəm.
BMT-nin dörd qətnaməsi ilə ölkəmizin ərazi
bütövlüyü qorunur. Təəssüflər olsun ki,
bu cür qətnamələr vaxtında icra olunmur. Lakin biz həmişə
sülhü sevən dövlət olmuşuq. Buna görə,
gec ya tez aqressiv, işğalçı mövqeyi ilə
seçilən Ermənistanın işğalı altında
olan torpaqlarımızı azad edəcəyimizə
inanırıq. Yaxın gələcəkdə
torpaqlarından didərgin düşən
qaçqınlarımız doğma el-obalarına
qayıdacaq. Azərbaycanın ərazi bütövlüyü
təmin edilməyənədək işğalçı
dövlətlə heç bir əməkdaşlıq
qurmayacağıq. Ölkəmiz istər mədəniyyət,
istərsə də digər sahələrdə dünya
ölkələri ilə əməkdaşlıq etməkdə
hər zaman maraqlıdır. 2015-ci ildə Olimpiya
oyunlarının ölkəmizdə keçirilməsi
üçün təklifimizi vermişik”. İSESKO-nun baş
direktoru Əbdüləziz bin Osman əl-Tüveyri də Ermənistanın
işğalçı mövqeyi haqda danışıb: “Qərb
mətbuatı işğalçı Ermənistan haqda
heç nə yazmır. Niyə? Lakin mütəmadi olaraq islam
ölkələrinin daxili işlərinə qarışaraq
informasiyalar yaymaqla məşğul ola bilirlər. İslam ölkələrinə toxunmayın. Öz işlərinizlə məşğul olun”. Əbdüləziz bin
Osman əl-Tüveyri daha
sonra beynəlxalq forumun
uğurla öz işini davam etdirmək üçün dövlətləri həmrəy
olmağa səsləyib: “Ümid
edirəm ki, bu gün də təşkil edilən tədbirdəki
siyasi müzakirələrimiz mədəni
istiqamətə yönələcək. Bu
beynəlxalq tədbirin əsas məqsədi dövlətlərin
həmrəyliyini, birgəliyini təşkil etməkdir. Qobustan qayaüstü rəsmləri
də qədim insanların
ayrılıqda deyil, birgə olduqdan sonra müxtəlif
nailiyyətlər qazanmasını özündə əks etdirir. Həmrəy olsaq daha böyük nailiyyətlər
əldə edə biləcəyik”.
Nigar Məhərrəm
Olaylar.- 2013.- 31 may.- S.8.