Zamanın
yaddaşı Anar
Azərbaycan ədəbiyyatının “60-cılar” adlanan ədəbi nəslinə mənsub nümayəndələrindən biri də Anardır. O, ədəbiyyatımızda nasir, dramaturq, publisist, alim, ictimai xadim və eyni zamanda şair kimi tanınır. Bəri başdan deyim ki, Anarın olduqca zəngin yaradıcılığının tədqiqi üçün sanbalı bir monoqrafiyanın yazılması gərəkdir. Təkcə əsərlərinin adları uzun bir siyahı təşkil edəcək deyə mən onları sadalamaq istəmirəm. Onsuz da oxucular bu əsərləri çox gözəl tanıyırlar. Və bu zəngin yaradıcılıqla ətraflı tanış olmaq üçün uzun bir zaman lazımdır. Bunları nəzərə alaraq da söhbətimi Anarın yalnız oxuya bildiyim əsərlərinin üstündə quracağam. Sadə, əsil xalq adamı olan Anar haqqında elə sadə xalq dilində danışacağam.
Anarın
yaradıcılığı ilə ilk
tanışlığımı onun C. Məmmədquluzdə
haqqında yazıları ilə başladım. Azərbaycan ədəbiyyatında
tənqidi realizmin banisi sayılan Mirzə Cəlilin Anarın
yaradıcılığında özəl yeri vardır. O,
böyük ədibə 1 esse, 1 pyes, 1 televiziya
tamaşası, həm ssenarri yazarı, həm də rejissoru
olduğu iki seriyalı “Qəm pəncərəsi” bədii
filmi və ədibin əsərlərinin motivləri əsasında
yazdığı “Nigarançılq” telessenarisini həsr
edib. Bütün bu əsərlərdə o, Mirzə Cəlil
yaradıcılığının bütün dövrlər
üçün öyrənilməsinin vacibliyini göstərir.
Açıq etiraf edək
ki, həmişə özgə yazıçılar
haqqında söhbət düşəndə əldən-ayaqdan
gedirik, onlardan ağızdolusu danışırıq.
“Servantes, Dostyevski, Şekspirdən yoxdur”- deyirik. Amma, gəlin
görək onların hansı birisi öz xalqının dərd-sərini
Mirzə Cəlil qədər açıb göstərə
bilmişdir. R.Rzanın “Özünüöyməzlik”
şeirini burada xatırlamaq yerinə düşərdi:
...Lermontov deyiləm mən,
Şekspir də deyiləm.
nə olsun ki,
onlar da
Rəsul Rza deyildir.
Cəlil Məmmədquluzadənin öyrənilməsinin
ən asan yolu Anarın yaradıcılığından
keçir. Mirzə Cəlili “millətin müəllimi”
adlandıran Anar yazırdı: “Böyük
yazıçılar bütün nəsillərin
yaşıdıdırlar. Mirzə Cəlil
bütün nəsillərin övladıdır, hər nəslin
yol yoldaşıdır. Və bizdən
sonra gələn nəsillər onu yenidən kəşf edəcək,
öz müasirləri kimi tanıyacaq və öz
övladlarına bəxş edib gedəcəklər”. İndi bu sözlərdən çox illər
keçib. Bu gün Anar Mirzə Cəlil
haqqında bu sözləri özünə şamil edəcək
qədər işlər görüb, şöhrət
qazanıb. Bu gün o, öz şöhrətinin
zirvəsindədir.
Vaxtilə “Ölülər” yazarını
xalqımıza şər və böhtan atdığı
üçün tənqid və təqib edirdik. Bugünün özündə belə bir
“mollacığ”ın adi bir adamın göstərdiyi
“möcüzədən” danışarkən yekəpər
kişilərin ağladığını görüncə
bu dahi insana rəhmət göndərməkdən başqa
sözün qalmır.
Mirzə Cəlilin hərtərəfli şəxsiyyət
olduğunu bir də Şeyx Nəsrullahın dilindən səslənən
qəliz ərəb və fars sözləri
göstərir. Mən Əli Fəhminin
yarıdıcılığını
araşdırdığım dönəmdə alimin arxivində
Məlik Dadaşovun xatirələri ilə tanış
olmuşdum. Xalq artisti yazırdı ki, “Əli Fəhmi
teatra gəlib məni Şeyx Nəsrullah roluna
hazırlamayınca (Əli Fəhmi “Ölülər”
tamaşasının baş məsləhətçisi idi) biz
hamımız Şeyxin dilindən səslənən bu
sözləri heç bir mənası olmayan söz
yığını hesab edirdik. Əli Fəhmi
bu fikirlərimizi alt-üst edərək bildirdi ki, əksinə
bu sözlərin hər birinin ayrı-ayrılıqda bir mənası
var”.
Anarın yaradıcılığıdan oxuyub tanış olduğum əsərlərdən
biri “Ağ qoç, qara qoç” əsəridir. Əsərdə yazıçı ürəyində
gəzdirdiyi, həyata keçirmək istədiyi arzular, qurmaq
istədiyi yeni ümumtürk dünyası haqqında
arzularını ifadə edir. Biz də inanırıq ki,
bir gün həmin o ağ qoç gələcək,
bizi qanadlarının üstünə alıb qaranlıq
dünyadan Anarın öz xəyallarında qurduğu
dünyaya aparacaq. Bu əsəri utopik əsər
adlandıran tənqidçilərlə razı deyiləm.
Əksinə, bütün bu arzular çox
yaxın zamanlarda həyata keçəcək.
Anarın
yaradıcılığının əsasını təşkil
edən mövzulardan biri Dədə Qorqud mövzusudur. Onun Dədə Qorqud haqqında
yazdıqlarını ona qədər və ondan sonra
yazılmış elmi, publisistik və bədii əsərlərin
ən yaxşısı hesab etmək olar. Çünki,
burada o, “Kitabi Dədə Qorqud” dastanını müasirləşdirmiş,
oxuculara daha da sevdirmiş, hər bir azərbaycanlının
bu əsəri oxuyub öyrənməsinin vacibliyini qeyd
etmişdir. O, ömrünün altı ilini “Dədə
Qorqud” filminin çəkilişinə həsr etmişdir.
Anarın dramaturgiya
yaradıcılığı da çox zəngindir. Daha çox
oxuduğum və televiziya ekranlarında hər dəfə sevə-sevə
baxdığım ”Evləri köndələn
yar”ın üzərində xüsusi olaraq dayanmaq istəyirəm.
Bu əsərdə eyni zamanda bir neçə
problemlərə toxunan müəllif M.Ə.Sabir kimi cəmiyyətimizə
güzgü çəkib
çatışmazlıqlarımızı bizə göstərir.
Mən sovet dövrünü yaşamasam da bu
dövr haqqında çoxlu bilgim var. Bu əsəri sovet həyat
tərzində mənəviyyatımızın
güzgüsü hesab etmək olar. Əsərdə
işlənən sözlərin bir çoxu bu gün aforizm
kimi dilimizdə işlənməkdədir.
Anarın şeir
yaradıcılığına da toxunmaq istəyirəm. Əsasən
Sabirin şeirlərinə nəzirə yazılmış bu
şeirlərdə o, Sabirin iç dünyasını
açıb göstərir. İmkanlı şəxsləri
Zəngəzur qaçqınlarına, lüt-üryan cocuqlara
yardım etməyə səsləyən Sabiri bir humanist
şair kimi təqdim edir. Və eyni zamanda
toplumdakı eybəcərlikləri Sabirsayağı satirik qələmlə
ifşa edir.
Kağız üstündə qalan, üstünə
milçək qonan
Möhürlü fərmanları neylərdin,
ilahi.
Dünən səsini qısan, bu gün bar-bar
bağıran
Bu cür qəhrəmanları neylərdin,
ilahi.
Anarın hekayələrinin, esselərinin, povestlərinin,
romanlarının, ədəbi tənqidi
yazılarının, elə şeirlərinin əsas
mövzusu budur: Hər kəs həyatda bacardığı
işdən yapışmalıdır, hər kəs öz
yerini tutmalıdır. Cəmiyyətdəki biganəliyi aradan
qaldırmaq, yerlibazlıq, insanları istedadlarına görə
deyil, yaşadığı bölgələrə görə
qiymətləndirmək, lovğalıq, rüşvət,
öz ana dilini bəyənməyib rus dilində
danışanlar, dəyərsiz əsərlərini
yuxarıdan zəng etdirməklə, rüşvətlə
müzakirəyə qoyub cəmiyyətə zorla qəbul
etdirmək və süründürməçilikdir.
“Ümumiyyətlə cəmiyyətimizdə anlamsız
mübahisələrə səbəb ola
biləcək hər bir məsələ onun tənqid hədəfidir”.
Bu gün mənəviyyatımızın elə
bir sahəsi yoxdur ki, Anar ona bir əsər sərf etməsin.
“Dörd çahar”da Ali məktəbə qəbul
zamanı rüşvət alınması tənqid olunur.
“Dağ dağa rast gəlməz” hekayəsində
eyni yerdə çalışan, lakin bir-birini görməyən
iki rəfiqə-Xalidə və Validənin timsalında biganəlik,
“Ürəyim ağrıyır”da isə doğma dilini bəyənməyib
rus dilində danışanlar Anarın tənqid hədəfidir. Yeri gəlmişkən bu hekayədə
qaldırılan məsələlər yazıçıdan
böyük məsuliyyət tələb edirdi. Buna görə Anarı həbs edə, ölkədən
çıxara bilərdilər. Amma o,
bütün zamanlar üçün öz sözünü
deməyi bacarıb. Həqiqətin
gözünə dik baxır, sağlam tənqiddən incimir.
“Tənqid gələcək
inkişafımızın rəhnidir. xeyirxahlıqla
edilən tənqidə qulaq asmaq, səmərəli nəticələr
çıxarmaq lazımdır”-deyir.
Anarın qəhrəmanları bu gün
bizim hər birimizdir. Çünki, bu qəhrəmanlar
xalqın içindən çıxmış adamlardır.
Onun yaratdığı ən sadə obrazlar belə
zahirən adi adamlar kimi görünsələr də daxili aləmləri
zəngindir.
Bu sətirləri qələmə alarkən
həyatda şəxsən şahidi olduğum bir hadisəni
xatırladım. Bir gün atamla şəhərdən
kəndə qayıdırdıq. Yolda
atamın tanışlarından biri ilə rastlaşdıq.
O, bazara apardığı ənciri satmışdı, malakan
vedrələrini iç-içə qoyub kəndə
qayıdırdı. Biz binaların arasından
keçib metronun N.Nərimanov stansiyasına gəlirdik. Binaların birinin qarşısında hüzr məclisi
üçün çadır qurulmuşdu. Çadırın qarşısından keçəndə
bizi içəriyə-çaya dəvət etdilər. “İmtina etsək yaxşı çıxmaz” deyərək
çadıra girdik. Çadırın
girəcəyində iki nəfər astadan mübahisə
edirdi. Maraqlandıq, aydın oldu ki, rəhmətə
gedəni dəfn etmək və məclisi qırxa qədər
yola vermək üçün bir molla ilə
danışıb behləşiblər. Lakin
son anda molla yoxa çıxıb. Atamın
tanışı hüzr sahibinə dedi:
-Heç narahat olmayın, bu saat mən nə
lazımdırsa edərəm.
O, bunu deyib qoltuq cibindən çərəkəni
çxardı, yuxarı başa keçib bir andaca məclisi ələ
aldı. Məclisdə ən azı 200-ə qədər adam vardı və bu adamların hər biri təsdiq
etdi ki, biz bu savadda molla heç zaman görməmişdik. Hətta bəziləri öz aralarında “Hələ
bu əncir satandır bu qədər bilir, görün təhsilli
molla olsaydı, nə qədər bilərdi”-deyirdilər.
Rəhmətə gedəni torpağa
tapşırıb kəndə qayıtdıq. Anarın qəhrəmanları da məhz belə
insanlardandır.
Anarın bir böyüklüyü də
ondadır ki, bir kiçik hekayədə, bir xırda essedə
bir neçə problem qaldırır. Və ən
əsası bu problemləri vaxtında qaldırır. Azərbaycan xalqının mənəviyyatını,
psixologiyasını Anar qədər hiss edən, duyan ikinci bir
qələm sahibinə rast gəlinməz. Çünki, o, bu xalqın bağrından qopub.
Bu gün də o, öz sözünü
tutmayan, vədinə əməl etməyən, havayı
söz danışanlarla əzmlə mübarizə aparır.
Cild-cild kitablar yazan, amma öz evlərinin kədarından bir
neçə metr aralıda tanınmayan
yazıçılardan fərqli olaraq Anar hələ gənc
yaşlarında qələmə aldığı “Anlamaq dərdi”
essesi ilə ədəbiyyat aləmində yaxşıca
tanınmışdı. Bu yazını oxuyan hər
bir qələm sahibi onun gələcəcəyi haqqında
xoş sözlər yazmışlardı. Və
sonrakı dövrlərdə yazdığı əsərləri
ilə xalqımızın mənəviyyat simvoluna çevrilən
Anar özünə ölməzlik imici qazanmışdır.
Bəzən cəmiyyətdə əhalinin
bir təbəqəsi tərəfindən qəbul olunan bir
yazıçı digər bir təbəqə tərəfindən
qəbul olunmur. (məsələn
aşağı təbəqənin qəbul etdiyi bir
yazıçı elit tərəfindən qəbul olunmur və
ya əksinə). Anar isə cəmiyyətin
bütün təbəqələri tərəfindən qəbul
olunur, sevilir. Anar vətəndaş
yazıçıdır. Onu
xalqımızın tarixi ilə bağlı hər şey
narahat edir. O, Gəmiqaya, Qobustan qayaları haqqında
düşünür, yazır, qədim və müasir Gəncədən,
Naxçıvandan, İçərişəhərdən,
Nəsimidən, Aşıq Ələsgərdən,
Hurufilikdən yazır. Və bu mövzuların hər
birini müasirləşdirməyi bacarır.
Anar sırf ədəbiyyat adamı olsa da
Azərbaycan tarixinə dair bir ixtisaslı tarixçidən
daha çox əsərlər yazıb. 1991-ci ildə “İpək yolu” məqaləsində
hələ II əsrdə yaranmış, XVII əsrdə yeni
coğrafi kəşflər nəticəsində öz əhəmiyyətini
itirmiş tarixi ipək yolunun bərpası, eyni zamanda orta əsrlərdə
olduğu kimi yenə də bu yolda Azərbaycanın önəmli
rol oynamasının vacibliyini göstərmişdir.
İnsanların gen xüsusiyyətləri ilə
bağlı bəzi məsələlərdə alimlərlə
razılaşmıram. Belə hesab edirəm ki,
təkcə gen daşıyıcıları övlad sayılmamalıdır.
Kim N.Nərimanov haqqında əsər
yazırsa odur onun övladı. Kim Əmir
Teymur, Nadir şah haqqında əsər yazırsa o onların
övladı sayılır. Bu anlamda Anar da
tarixin oğludur. Şanlı
keçmişə malik Azərbaycan tarixinin
övladıdır. Anarın çox zəngin
yaradıcılığı var və bu zəngin
yaradıcılığının müqabilində onun
qazancı təmiz mənəviyyat, xalqının ruhunu
oxşayan əsərləri və bir də milyonlarla
oxucularıdır.
Qeyd etdik ki, Anar ədəbiyyata keçən
əsrin 60-cı illərində gəlmişdi. Bu dövr ədəbiyyat üçün (təkcə
ədəbiyyat üçünmü) həqiqətən də
xoşbəxt bir dövr olub. Ona görə
xoşbəxt dövr idi ki, 60-cı illərin yaradıcı
gəncləri yaşlı ədəbi nəsli istədikləri
zaman ziyarət edə bilir, yaradıcı məsləhətlər
alırdılar. (təəssüf
ki, biz gənc yazarlar üçün belə bir imkan
yaradılmır. İstər Elçin, istərsə
də Anar ictimai vəzifələrini əsas tutub kabinetlərinə
çəkilib bizim üçün əlçatmaz
olmuşlar).
Xalq yazıçısı Anar artıq
uzun illərdir ki, AYB-nin sədridir. AYB onun
sədrliyi dövründə çoxlu uğurlar qazanıb,
xarici dövlətlərin ədəbi, mədəni
qurumlarıyla əlaqələrini genişləndirib.
Lakin son illər bu qurumun fəaliyyətində geriləmə
hiss olunur. Heç bir əsəri çap
olunmayan, adları özlərindən başqa heç kimə
məlum olmayan yazarlar AYB-yə asanlıqla üzv olub, hətta
prezident təqaüdünə belə təqdim olunurlar.
Düşünürəm, gənc yazarlar
vaxtında, layiq olduqları zaman bu birliyə üzv qəbul
olmalıdırlar. Bir ərəb atalar
sözündə deyildiyi ki, “Kullu-şeyin vaktuhu (hər
şeyin öz vaxtı var)”.
Anarın yaradıcılığa
başladığı dövr həm məsuliyyətli həm
də çətin bir dövr idi. Ona
görə ki, R.Rza kimi, S.Rüstəm kimi, S.Rəhimov kimi,
M.İbrahimov kimi ədəbiyyat nəhənglərinə əsər
bəyəndirmək, onların əlindən ədəbiyyata
vəsiqə almaq hər kəsə nəsib olmurdu.
Və bu dövr bir də ona görə
çətin idi ki, ədəbiyyatda gənc imzaları
gözləri götürməyən çuğulların
ardı-arası kəsilməyən danosları bu gənc
yazarlara göz açmağa imkan vermirdi. Bu barədə yazdığı bir şerində
Anar həmin dövrün çətinliklərini təsvir
etməklə bu çətinliklərdən şərəflə
çıxmaqlarından bəhs edir.
Alnı açıq, üzümüz ağ,
Yaşadıq biz o dövranı.
-deyir.
Bu gün o, bir ədəbiyyat adamı
olmaqla bərabər həm də böyük ictimai xadimdir. AYB nin sədri olaraq ölkəmizin bütün ədəbi
mühitin ağırlığını öz çiynində
daşıyır. Yenə də yazır,
yaradır. Yazır yaradır ki. ədəbiyyatımızı daha da zənginləşdirsin.
Şərəfli və məhsuldar
ömrünün artıq 76-cı payızını
yaşayır Anar. Biz də “Olaylar” olaraq
Anarı 75 illik yubileyi münasibəti ilə təbrik edir,
şərəflə addımladığı həyat
yollarında Anara uğurlar arzu edirik.
Yeqzar Cəfərli
Olaylar.-
2013.- 13 noyabr.- S.12.