Diaspora quruculuğunda ilk məsələ təşkilatçılıqdır
Tarixən
başı bəlalı Azərbaycan türkləri zorla,
işgəncə ilə torpaqlarını tərk edib, nə
qədər ağır olsa da, xaricdə yaşamağa üz
tutublar. Xaricdə yaşayan soydaşlarımız uzun illər
boyu vətən həsrəti çəkib, el-oba,
doğmaları haqqında məlumat almaq üçün min
cür əzab-əziyyətlərə qatlaşıblar. Minlərlə
soydaşlarımız qürbət ellərdə, öz
yurduna, obasına, doğmalarına qovuşmadan ömürlərini
başa vurublar. Sovet totalitar rejimi onların
qarşısında alınmaz qala rolunu oynayıb.
Onların vətənlə əlaqələri
olmadığından çoxlu çətiliklərlə
üzləşib, ağır mənəvi məhrumiyyətlərə
düçar olublar.
“Diaspor və Lobbi” Elmi Araşdırmalar Mərkəzinin
direktoru Zaur Əliyev deyir ki, diaspora mədəniyyət obyekti
kimi deyil, qlobal faktor kimi baxmaq lazımdır. Onun sözlərinə
görə, 3 kateqoriya diaspor fəaliyyət göstərir ki,
bu sıraya dünyəvi proseslərə təsir göstərən
– dünyəvi (çin, yəhudi, erməni), reqion (Cənub-Şərqi
Asiyadakı hindlilər, Afrika) və nəhayət, dövlətlərin
ikitərəfli münasibətlərində böyük rol
oynayan sərhədyanı azlıq- Danimarka ilə sərhəd
Almaniyada yaşayan danimarkalılar, Rusiya və Azərbaycanla sərhəddə
yaşayan ləzgilər aid edilə bilər. Mərkəz rəhbərinin qənaətincə
yuxarıda sadalanan
üç kateqoriya ilə diferensial şəkildə
işləmək lazımdır: “Beləliklə,
diasporçuluqda ilk məsələ təşkilatçılıqdır.
Ikinci- elmidir. Yəni, ictimai
fikrin formalaşması üçün optimal siyasət və
qaydalar işləyib hazırlamaqdan ibarətdir. Üçüncü – diaspor birliklərinin (təşkilatlarının)
liderlərində siyasi mədəniyyətin olmasıdır.
Sadalanan prinsiplər daim diqqət mərkəzində
olarsa, onda effektli nəticə əldə olunacaq”. Zaur
Əliyev bildirib ki, bu gün diasporun potensialını milli
maraqların müdafiəsi və dövlətlərarası
münasibətlərin inkişafında istifadə etmək
dövlətlərin müraciət etdiyi modellərdən
biridir: “Bu modeli geniş istifadə edərək Çin,
Yaponiya, Macarıstan çox gözəl işləyir. Yeni, gənc misal isə Hindistandır. Xatırladaq ki, Brazilya artıq bu konsepsiyanı qəbul
edib. Bu üç modelin hər biri
mövcuddur, ancaq tendensiya əsasən
üçüncünün xeyrinə inkiaf edir. Hər
yerdə iş dəqiq hesablanıbdır. Çində
dövlət karküzarlığında ictimai təşkilat
və fondları istiqamətləndirən xüsusi struktur
vardır. Macarıstanın Xarici
İşlər Nazirliyində böyük department, Azərbaycanda
diasporla işləyən komitə vardır. Belə demək mümkünsə dünyanın əksər
inkişaf etmiş ölkələrində bu sahə prioritet
sayılır”. Mərkəz rəhbərinin sözlərinə
görə, ancaq təkcə dövlət orqanları deyil, həm
də qeyri-hökümət sektorunu bu istiqamətə yönəltmək
vacibdir: “Bununla yanaşı kağızlar üzərində
deyil əməli iş görülməlidir. Bir çox
ölkələrin, xüsusən də anqlo-sakson hüquq
sisteminin mövcud olduğu ölkələrdə Qeyri hökumət və qeyri
kommersiya təşkilatlarının dəqiq müəyyən
olunmuş hüquqi
anlayışı yoxdur. Belə hüquqi
müəyyənləşmənin olmaması həmçinin
kontinental hüquq sisteminə malik olan bəzi ölkələrdə
də yoxdur. Bu baxımdan müxtəlif ölkələrdə
bizdə QHT adlanan təsisatlar “qeyri kommersiya assosiasiyaları”,
“fond”, “könüllü təşkilatlar”, “xeyriyyə təşkilatları”,
“Gəlirsiz təşkilatlar” və s.
adlandırılırlar. Bu adlar ya daxili
qanunvericilik aktları ilə, ya da həmin ölkələrdə
təşəkkül tapmış praktika əsasında bu
cür adlandırılırlar. Fikirimizcə Non-governmental organization (NGO) –
Qeyri-Hökumət Təşkilatı kimi tərcümə
edilən termin bir çox ölkələrin qanunvericiliyində,
həmçinin beynəlxalq praktikada ümumiləşdirici
ad kimi istifadə olunur. Müasir qloballaşan
dünyamızda vətəndaş cəmiyyət təşkilatları
kimi qəbul olunan Qeyri Hökumət Təşkilatları
ölkə rəhbərliyindəki məsuliyyətlərin
xalqla paylaşma vasitəsidir. Üçüncü sektor
adını daşıyan bu təşkilatlar hökumət və
biznes sferasına aid olmamaqla cəmiyyətdə fərqli və
müstəqil rola malikdirlər”. Zaur Əliyev deyir ki,
yaşadığımız əsrdə prioritet sayılan,
daim gündəmdə yer alan diaspor fəaliyyəti
dünyanın hər yerində aktual məsələyə
çevrilib: “Diaspor vətəndən kənarda yaşayan hər
bir xalqın milli ordusudur. İstər Şərq-Qərb,
istərsə də okeanın o tayı Amerikada, bu sahə
üzrə fəaliyyət göstərən instansiyalar, istər
dövlət, istərsə də qeyri-hökümət
orqanları diasporlarla bu istiqamətdə işləyirlər.
Diaspor yaşadığımız dünyada hətta
beynəlxalq münasibətlərdə əməkdaşlığın
bir hissəsi hesab olunur. Bu artıq
xüsusi dövlət proqramı kimi qəbul olunur. Bu proqramda diaspor, əsasən başqa ölkədə
mədəniyyət və informasiya, eyni zamanda beynəlxalq
münaqişələrin həlli faktoru kimi böyük diqqət
yetirilir”. Zaur Əliyev onu da vurğulayır ki, bu gün
dünyanın bütün bölgələrinə səpələnərək
50 milyonluq azərbaycanlı adını daşıyan
soydaşlarımızın birlik, həmrəylik
anlayışılarında ciddi problemlər var: “Diaspordaxili
ziddiyyətlər, qarşılıqlı
anlaşımamazlıq, liderlik uğrunda mübarizə və
digər problemlər azərbaycanlıların vahid bir mərkəzə
çevrilməsində əngəlliklər yaradır. Bu problemlərin kökündə isə
maarifliçilik və əmərdaşlıq qurulması ilə
bağlı istəklərin zəif olması durur. Azərbaycanda
reallıq budur ki,
hələ də xaricdəki diaspor qurumları ilə
ölkədə fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları arasında əlaqə
çox zəifdir. Qeyd edək ki, nəzəri
baxımdan hər ikisinin məqsədi Azərbaycanın
dünya miqyasında təntənəsinə nail olmaq olsa da,
onların bu prosesdə birgə fəaliyyəti hiss olunmur.
Erməni diasporu öz ölkəsinin QHT-lərini
maliyyələşdirir və bu yolla öz millət və
dövlətlərinə aid olan bir sıra layihələrin
gerçəkləşməsinə töhvələrini
verir. Amma xaricdəki Azərbaycan diaspor təşkilatları
bu işdə elə də fəal deyil. Nəinki
fəal deyil, ümumiyyətlə onların ölkə QHT-ləri
ilə əlaqələri çox aşağı səviyyədədir.
Bu gün Azərbaycan
diasporu müxtəlif ölkələrdə məskunlaşmışdır.
Diasporun məskunlaşdığı ölkələr əsasən
Azərbaycandan fərqli olaraq demokratik idarəçilik sisteminə
malik, insan haqlarına sayğı ilə yanaşan,
hüquqi dövlətlərdir.
Uzun illər mühacirət həyatı
yaşaması soydaşlarımızın mənsub olduğu
ölkələrin həyat tərzini, qanunçuluğunu mənimsəməsinə,
ab-havasına uyğunlaşmasına şərait
yaratmışdır. Ona görə də
bu dövlətlərdə yaşayan, bir çoxları onun vətəndaşı
olan Azərbaycan diasporunu təmsil edən insanları milli
prorblemlərimizin həlli məsələlərinə cəlb
edərkən fərqli yanaşma tərzi, plüralizm,
demokratik prinsiplər nəzərə alınmalıdır. Bu prinsiplərin müəyyən
edilərək icra olunmasında isə vətəndaş cəmiyyətinin
siması olan Qeyri Hökumət Təşkilatları ola bilər. Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi Konsepsiyasının Maddə III
maddəsində azərbaycançılıq
ideyasının təşviq olunması və Azərbaycanın
dünya birliyinə inteqrasiya olunması əsas fəaliyyət
kimi göstərilir”. Mərkəz rəhbəri deyir ki,
ölkənin hüdudlarından kənarda Azərbaycanın mədəni
təsirini dəstəkləməyə qabil olan üç
sahə məlumdur ki, bunlardan birincisi çoxsaylı Azərbaycan
diasporunun özüdür: “Burada bir neçə mədəniyyət
və informasiya istiqamətini fərqləndirmək
lazımdır. Əvvəla, öz mədəni
irsinə biganə qalmayan hər hansı ölkə kimi Azərbaycan
da diasporun özündə ana dilinin öyrənilməsinə
kömək etməyə yönəlmiş təşəbbüsləri
dəstəkləməyə çalışır. Doğma Vətənlə əlaqə saxlamaq hər
bir milli diaspora münasibətdə istənilən dövlət
üçün ənənəvi vəzifədir.
Diasporda olan gənclərlə iş isə öz məntiqinə
görə gec-tez inkişaf edərək konstruktiv vətəndaş
fəallığına çevriləcək, Yalnız bu əsasda
həmin iş uğurlu ola bilər. Azərbaycanın
bir çox gənclərlə işləyən QHT-ləri də məhz özünün
güclü təşkilati resurslarından istifadə etməklə
gənclərə bu cür təkan vermək, onlardan əsl vətəndaşlar
yetişdirmək, müsbət həyat mövqeyi, real işlər
görmək üçün əsl vətəndaş istəyi
formalaşdırmaq, onları dünyanı
yaxşılığa doğru dəyişməyi
bacaracaqlarına inandırmaq əzmindədir”. Zaur Əliyevin
bildirir ki, son
10 ildə dünyada azərbaycançılığın təbliği,
ermənilərin zaman-zaman yanlış informasiyaları nəticəsində
yaranmış rəyin dağıdılması istiqamətində
dövlət tərəfindən ardıcıl və
birbaşa hədəflərə hesablanmış iş
aparılır: “Azərbaycan üçün vacib olan bu
işdə dövlətlə yanaşı, vətəndaş
cəmiyyəti də mühüm rol oynayır. Bunu həyata keçirilən işlərə nəzər
yetirdikdə görmək olur. Vətəndaş cəmiyyətini
təşkil edən qeyri-hökumət təşkilatlarının
Azərbaycanın təbliği, Qarabağ həqiqətlərinin
yayılması istiqamətində gördükləri işlər
isə Heydər Əliyev Fondu ilə yanaşı Prezident
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maddi və mənəvi dəstəyi sayəsində
baş verib. Müasir beynəlxalq münasibətlərdə
isə söz sahibi olmaq üçün diaspora quruculuğu,
lobbiçilik və dünya azərbaycanlılarının həmrəylini
təmin etmək lazımdır. Bunu üçün isə
mütləq “dövlət-QHT-lər, dövlət- diaspora təşkilatları
və dövlət – beynəlxalq təşkilatlar “ üçbucağı çərçivəsində
çalışmaq lazımdır. Ancaq burada bəzi
nöqsanlara rast gələ bilərik. Bu
Diasporla İş üzrə Dövlət Komitəsinin yerli
QHT-lərlə əməkdaşlıqdan çəkinməsidir.
Bu isə vətəndaş cəmiyyəti-diaspor
münasibətlərinin tənzimlənməsi prosesini ləngidir.
Fikrimizi əsaslandrmaq üçün qeyd etmək
olar ki, QHT Şurasından fərqli olaraq Komitə yerli QHT-lər
üçün qrant proqramları elan etmir. Beləliklə,
Azərbaycanın üzləşdiyi böyük problemlərin
beynəlxalq səviyyədə həll olunması və
dünyanın bir çox dövlətləri, xüsusi ilə
Qərb ölkələri ilə sıx əməkdaşlıq
və perspektivdə müttəfiqlik münasibətlərinin
qurulması yolunda kifayət qədər nəhəng bir
qüvvə olan diasporumuzdan yüksək səviyyədə
istifadə edilərək onun Azərbaycan dövləti
faktoruna doğru yönəldilməsi vacibdir. Beynəlxalq
təcrübəyə əsaslanaraq biz bu istiqamtə bir
neçə təklif irəli sürmək istərdik.
Bu təkliflərin icra edilməsi diaspor-QHT münasibətlərini
tənzimləyə və birgə əməkdaşlığa
təkan verə bilər: Birincisi, Diaspor-Milli Fondu
yaradılması. Hesab edirik ki, bu Fond hər iki tərəfə
maddi və mənəvi dəstək ola
bilər. Həmçinin QHT- lərin xaricdəki təşkilatlarla
əməkdaşlıq memarandumun imzalanması ikitərəfli
iş istiqamətlərini müyyən edə bilər. Bundan başqa diaspor və QHT əməkdaşlıq
Xartiyası hazırlana bilər”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2013.- 15 noyabr.- S.15.