“Qaraçuxa
həm məni qoruyur,
həm də
başqalarını...”
Müsahibimiz tanınmış yazıçı, “Ulduz” dərgisinin baş redaktoru Elçin Hüseynbəylidir.
- Elçin müəllim, siz çağdaş ədəbiyyatımızın tanınmış qələm sahiblərindənsiniz. Ədəbiyyatımızı sanballı əsərlərinizlə zənginləşdirmisiniz. Ədəbiyyatda öz iziniz, dəst-xəttiniz var. Yazdığınız əsərlərə öz imzanızı qoymasanız belə bunların Elçin Hüseynbəyli tərəfindən yazıldığını təyin etmək heç də çətin olmaz. Dəyərli bir qələm sahibi kimi ümumilikdə ədəbiyyatımızın çağdaş durumu size qane edirmi?
-Çox sağ ol, Yeqzar, xoş
sözlərə görə. Onu deyim ki, Azərbaycan ədəbiyyatının
çağdaş durumu
kifayət qədər rəngarəngdir. Müəyyən
izmlər, müəyyən janrlar, texniki üslublarda əsərlər
kifayət qədərdir. Yəni bu
baxımdan Azərbaycan ədəbiyyatının
palitrası zəngindir. Bütün bu zənginliyin
içində mənim özümü qane etməyən yazıçıların bir-birini qəbul etməməsi məsələsidir.
Məsələn, deyək ki, filankəs
mənim yazıçım deyil söhbəti.
Doğrudan da elə
yazıçı var ki,
o da mənim
yazıçım deyil, mən onu oxumaqda çətinlik
çəkirəm. Ancaq bu
o demək deyil ki, mən o yazıya dəyər
verə bilmirəm.
- Gənc yazarlar əsərlərini daha çox posmodernizm, fantastika ruhunda yazırlar. Bu da müəyyən qədər realizmin aradan çıxmasına yol açır. Bir müddətdən sonra ümumiyyətlə gənc yazarların toplumdakı gerçəkləri unutması və ya dəyişdirib istədiyi səmtə yönəltməsi sizi narahat etmirmi?
Bilirsən deyirlər
uşaqlar öz zəmanəsinə
oxşayır. Mən bir yazımda onu başqa cür qeyd eləmişəm.
Hökmdarlar öz zəmanəsinə
oxşadığı kimi, uşaqlar da öz zəmanəsinə oxşayır.
Söhbət ondan gedir
ki, Azərbaycandakı gənc yazarlar daha çox
küyə gedirlər, hansısa təsirlərlə
yazırlar. Və bu təsirlər
bilavasitə Avropa ədəbiyyatından
qaynaqlanır, təəssüflər olsun
ki, Azərbaycan ədəbiyyatından
qaynaqlanmır. Ancaq mən təsirlənmənin
özünə pis baxmıram. Bu şərtlə ki, sən
həmin təsiri avropalının özünə qaytarmayasan. Yaxşısı odur
ki, həmin Avropa
texnikasından, üslubundan, düşüncəsindən
istifadə edib öz genetik, mənəvi, mədəni kökünün üzərində əsərlər
qurasan. Bu istər müasir dövrə aiddir,
istərsə klassikaya aiddir.
Və bir də açığı məni
qane etməyən gənclərin bizim tariximizə, keçmişimizə çox az müraciət
etmələridir. Həmin əsərlər bilirsiniz
daha çox nəyə
oxşayır? Avropa musiqisi
altında sən Azərbaycan rəqsi oynayırsan. Ancaq Avropa uslubunda
impravizə olunmuş Azərbaycan musiqisi altında oynamaq olar. Mənə elə gəlir ki, ən doğru variant budur.
-Gənc yazarlardan daha çox kimi oxuyursunuz?
-Gənc yazarların çoxunu oxuyuram, demək
olar ki,
hamısını diqqətdə saxlayıram. Deyim
ki, gənc yazarlardan
hansısa biri məni heyrətləndirib,
hələ o yoxdur. Poeziyada düşünürəm ki, buna daha
çox şairlər qiymət verə
bilər. Poeziyamızda da maraqlı imzalar var, nəsrimizdə
də. Ancaq mən gözləriyəm ki, onlar, belə deyək, bizim ədəbi-mədəni
zövqümüzə cavab verəcək.
Mən yenə deyirəm, söhbət ondan
getmir ki, sırf mənim
istədiyim əsərlər olsun. Məsələyə
bir az geniş
konteksdən baxmaq lazımdır. Ola bilər ki, hansısa əsəri qəbul etməyim. Əgər orada Azərbaycan ruhu duyuramsa, düşdüyümüz
mühitə, auramıza uyğundursa, onu dəyərləndirirəm. İstərdim,
ən azı heç olmasa
mükəmməl hekayələr yazılsın. Romanlar demirəm, çünki
roman yazmaq çox çətindir. Və bunu gənc yazarlarımızdan gözləyirəm,
o cümlədən sənin özündən
də.
-Yaşı 25-dən çox olmayan hansı gənc haqqında daha ümudlüsünüz? Məsələn, deyəsiniz ki, bu gələcəyin Anarıdır, bu gələcəyin Elçin Hüseynbəylisidir?
-Mən bir dəfə gənc yazarımız Cavid Zeynallıya müsahibə verəndə dedim ki, ola
bilsin ki, mənim deyəcəyim
sözlər bir az yekəxana,
təvazökarlıqdan uzaq olacaq, ancaq yenə də
deyəcəm. Mən dedim ki,
“Rəqs edən oğlan” kitabımı ortaya qoyanda başda Anar müəllim
olmaqla, tənqidçimiz Arif
Əmrahoğlu və başqa
yazıçılar dedilər ki, Azərbaycan
ədəbiyyatına yeni imza
gəlib. Sonra tanınmış tənqidçi
Vaqif Yusifli mənim
haqqımda bir yazı yazdı.
Yazının da adı belə idi: “Öz
yaşıdlarından bir boy
yuxarı görünən yazıçı”. Bax, indi mən əlimi yerə vurub
deyə bilmərəm ki, Azərbaycan ədəbiyyatına
öz nəfəsi, öz
ruhu, öz uslubu olan Azərbaycan
yazıçısı gəlib. 60-cı illərdə necə
Anar haqqında, Elçin
haqqında, Mövlud haqqında, deyək ki, lap 80-ci illərdə Afaq haqqında deyirdilərsə ki, ədəbiyyata yeni
uslubda yazıçılar gəlib, mən
istəyərdim ki, indiki
nəslin də içindən elə yazıçılar
çıxsın və biz də deyək ki,bu doğrudan da yeni yazıçıdır. Heç
kimin demədiyini, görmədiyini, ifadə
edə bilmədiyini ifadə edə bilən bir
yazıçı gəlib. Bu o demək deyil ki, onların içində istedadlı uşaqlar yoxdur. Sadəcə
olaraq istedadlı mətn hələ yoxdur.
-Çağdaş ədəbiyyatımızda hər hansı bir yazarın müəyyən bir dünya ədəbiyyatı nümayəndəsinin həddən ziyadə təsiri altına düşməsi nəticəsində müəyyən qədər onun kölgəsində qalır. Və yazdığı əsər də müəyyən qədər həmin yazıçının əsərini xatırladır. Sizcə bu nə ilə bağlıdır?
-Yenə də deyirəm
mən təsirlənmələrə pis
baxmıram. Ağıllı və istedlı adam
lazımı səviyyədə təsirlənir və o əsərləri elə
özününküləşdirə bilir
ki, elə milliləşdirə bilir ki, deyək ki, onun hansısa
yazıçıdan gəlməsini hiss
etmək mümkün deyil.
Mənim şəxsən elə əsərlərim olub ki, bilirəm onun
qaynağı hardandır, onun təsiri
hardandır. Ancaq tənqidçilər onu tamam başqa
qaynaqlarda axtarırlar. Yəni bu cür
çaşdırıcı məqamlar onunla
bağlıdır ki, mən o əsərləri kifayət qədər
özümünküləşdirə bilmişəm. Azərbaycan
mətni kimi təqdim edə bilmişəm.
Bu bəla bizim təkcə
Azərbaycan nəsrində deyil, sənə
deyim, bizim, həm Azərbaycan
kinosunda, həm də Azərbaycan
teatrında var.
-Açığını etiraf edim ki, çağdaş yazarlarımızdan əsərlərinə ən çox müraciət etdiyim yazarlardan biri də sizsiniz. Bunu səmimi olaraq sizin sadə, şirin Azəri türkcəsi ilə yazmağınız və mövzu güncəlliyi amilləri ilə bağlayıram. Həmçinin özüm də posmodernizm ruhunda yazdığım üçün sizin yaradıcılığınız mənə doğmadır. Necə fikirləşirsiniz çağdaş oxucunun zövqünü oxşaya bilirsinizmi?
-Deyim ki, oxucularım çoxdur, tuğyan edir, yalan olar. Digər tərəfdən də deyim ki, mənim
oxucularım yoxdu, bu da yalan olar.
Bilirəm ki,orta, statik
oxucularım var. Və onlar
o oxuculardır ki, pul verib kitab
alırlar. Bunu da onunla əlaqələndirirəm ki, mənim öz naşirim var. Hər hansı bir
yazıçının özünün
naşiri olmalıdır və həmin naşir onun əsərlərinin
həm çapı, həm yayımı, həm reklamı, həm
də qələm haqqı ödəməyi ilə məşğul
olmalıdır. Hazırda qələm nəşriyyatı əsərlərimin
demək olar hamısına müraciət
edir, yaxınlarda beş
kitab çıxacaq, sonradan
daha bir neçə kitab buraxmaq fikirləri var. Bu da
o deməkdir ki, mənim
kitablarımın alıcıları və oxucuları var. Olmasaydı bəlli ki,
nəşriyyat özü də onlara müraciət etməzdi. Biz
nə qədər desək də ki, Azərbaycanda
oxucuların sayı artır, doğru deyil. Azərbaycanda
oxucu kütləsi çox
deyil. Kitaba pul verib alanların
sayı, yəni aktiv oxucunun
sayı təxminən min nəfərdi. Passiv oxucuların sayı isə beş min nəfərdi. Bu mənim özümün
şəxsi hesablamamdı. Lakin
bütövlükdə götürəndə, dost- tanış, qohum-əqrəba hamı
birlikdə hardasa on min oxucu ola
bilər.
-AYB-də uzun illərdir çalışan bir ədəbiyyat adamı, ən əsası da AYB Gənclər şurasının başqanı və “Ulduz” dərgisinin baş redaktoru kimi bütövlükdə AYB-nin fəaliyyətini necə qiymətləndirirsiniz?
-Mən bunu dəfələrlə demişəm ki, AYB yeganə ədəbi qurumdur ki, sırf ədəbiyyatla məşğul olur və təbii ki qalxmalar, enmələr də olur. Ancaq nəzərə almaq lazımdır ki, uzun illərdir AYB-də geniş tədbirlər keçirilir, xarici dövlətlərin ədəbi-mədəni qurumları ilə əlaqələr qurulur. Təbii ki, hələ Yazıçılar Birliyində görüləsi işlər çoxdur. Müxtəlif layihələr keçirilməli, kampaniyalar təşkil olunmalıdır. Azərbaycanın ədəbi, mədəni qurumları ilə ortaq layihələr reallaşdırılmalıdır. Gözləyək görək, yəqin, bu məsələlər də öz həllini tapar.
-Yaxın zamanlarda AYB-də reallaşması gözlənilən qurultayın vaxtının bu qədər uzanmasının səbəbini nə ilə bağlayırsınız?
-Qurultayın
vaxtının bu qədər
uzadılmasının səbəbini katiblik
daha yaxşı bilər. Təbii,
qurultayın vaxtının bu qədər
uzanması normal hal deyil.
- AYB-nin qurultayı keçiriləndən sonra sədr postuna yeni yazarın gələcəyi gözlənilir. Sizcə ədəbi qurumun sədrliyinə ən layiqli namizəd kimdir?
-Qurum
sədrliyinə yeni namizədin gələcəyi
ilə bağlı infomasiyalar
dolaşmaqdadır. Biz hələ Anar müəllimin yenidən sədr seçilib seçilməyəcəyini bilmirik. Təbii ki, o öz namizədliyi versə ona dəstək
olacağıq. Yox əgər başqa biri seçiləcəksə,
biz yenə də istərdik ki, bu, AYB-nin
gələcək fəaliyyətində müsbət şəkildə
özünü göstərsin.
-Adətən gənc yazarlar ədəbiyyata kiçik hekayələr və ya şeirlərlə gəlirlər. Bəzən də elə olur ki, bir tənqidi və ya araşdırma biçimli yazılarla da ədəbiyyata gələnlər olur. Bu yanaşmalardan hansını daha doğru hesab edirsiniz?
-Birinci yanaşmanı daha doğru hesab edirəm. Tənqidçinin sonradan
ədəbiyyata gəlməsi bir növ mətnin qurulmasına xidmət edir və uzun müddət
onun yazdığı şeir
və ya hekayələrdə bu ruh qalır.
- Şah Abbas romanı ilə siz onun haqqında səslənən bir çox qaranlıq məqamlara aydınlıq gətirdiniz. Necə düşünürsünüz Şah Abbası Azərbaycan xalqına lazımı səviyyədə təqdim edə bildinizmi?
-Təbii ki, bir romanla Şah Abbas kimi nəhəngi lazımı səviyyədə təqdim etdiyimi düşünmürəm. Lakin qeyd etmək istəyirəm ki, onun haqqında yazanlar daha çox bizdən olmayan yazıçılar, araşdırmaçılardır. Çalışmışam ki, onun haqqında müəyyən qaranlıq məqamlara aydınlıq gətirəm.
- Sonuncu dəfə sizin “Yolayrıcında qaçış” romanınızı oxudum. Romanda müəyyən siyasi məqamlara da bacarıqla münasibət bildirmisiniz. Bütövlükdə çağdaş romançılıqda siyasətlə ədəbiyyatın vəhdəti geniş yayılıb. Bunu nə ilə əlaqələndirmək olar?
-Bu
belə də olmalıdır. Çünki
hər hansı bir roman
hardasa müəyyən bir
tarixi hadisəyə, siyasi
məqama söykənə bilir. Buna normal baxmaq
lazımdır. Və roman da
müəyyən qədər həmin tarixi
hadisənin, siyasi məqamın
güzgüsünə çevrilə bilər.
-Əsasən ədəbiyyatımızda tarixi romanlar müəllifi kimi tanınırsınız. “Azıx” romanı ilə tariximizin daha bir boşluğunu doldurdunuz. Əgər yaradıcılıq sirri deyilsə bu dəfə tariximizin hansı dövrünə mürüciət etmək fikrindəsiniz?
-Açığı,
Qarabağ tarixi ilə
bağlı bir roman yazmaq fikrindəyəm. Orada
bir çox siyasi məqamlara, tarixi
gerçəklərə münasibət bildirmək istəyirəm.
Türkmənçay müqaviləsini buna
misal göstərə bilərəm.
Hazırda “Qarabağnamələr” üzərində
araşdırma aparıram. Gücüm çatsa, belə bir əsər
yazacam. Çünki ciddi tarixi roman,
çox enerji tələb
edir.
-Tanınmış yazıçı kimi ədəbiyyata yenicə qədəm qoyan gənc yazarlara nəyi məsləhət görərdiniz?
-Dünyanın
ədəbi məkanı geniş və
çoxrənglidir. Çox istərdim ki, bu rəngarəngliyin
içində bizim cavan
yazıçılar, tənqidçilər bir
rəssam kimi olsunlar və
hər rəngi öz çalarında görüb dəyərləndirə bilsinlər.
-Və son sual: Niyə Qaraçuxa?
-Bildim nəyi deyirsən. Qaraçuxa mənim ədəbi
təxəllüsümdür. Həm məni qoruyur, həm də başqalarını…
Yeqzar Cəfərli
Olaylar.- 2013.- 15 noyabr.-
S.12.