Hüseyn Cavid. Əsərləri İstanbulda nəşr olunub

 

Sona Vəliyeva: “Min Cavidi fiziki cəhətdən öldürə bilərlər, amma onun ideyaları yaşayacaq”

 

Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri professor Əli Həsənovun təşəbbüsü, “Kaspi” qəzetinin və eyni adlı təhsil mərkəzinin layihəsi əsasında “Hüseyn Cavid əsərləri” adlı kitab İstanbulda nəşr olunub. 

Noyabrın 15-də AMEA-nın əsas binasında böyük dramaturqun əsərlərinin ilk Türkiyə nəşrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. O, dahi şəxsiyyətin həyat və yaradıcılığından danışıb: “Hüseyn Cavid öz məktəbini yaratmış bir insandır. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanın banisidir. O, Türkiyə ilə möhkəm surətdə bağlıdır.  Hüseyn Cavid 1906-1909-cu illərdə İstanbulda təhsil alıb. Onun böyük müəllimlərinin içərisində Rza Tofiq, Namiq Kamal kimi insanlar olub”. Professor bildirdi ki, kitab Cavidin əsərlərini əhatə edir. Kitabda onun dram əsərləri əksini tapıb. Şairin müxtəlif mövzularda yazılan  şeirləri də yer alıb. Natiq H.Cavidin  türkcəsinin Azərbaycan ağırlıqlı türkcə olduğunu da vurğuladı.

Tədbirin davamında professor Kamran Əliyev “Hüseyn Cavid əsərlərinin Türkiyədə ilk nəşri” adlı məruzə ilə çıxış etdi. Məruzəçi  İstanbul nəşrinin Hüseyn Cavid əsərlərinin yenidən doğulması kimi qiymətləndirdi. Filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin rəhbəri, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva  Cavid yaradıcılığı ilə yaxından tanış olduqdan sonra Cavidin İlahi tərəfindən xüsusi missiya ilə göndərilən insanlardan olduğu qənaətinə gəldiyini bildirdi. Cavidin İrfan adamı olduğunu deyən S. Vəlieva onun missiyasında İrfan ədəbiyyatının yaratmaq, onun romantikasından istifadə edərək millətin gələcəyi üçün vacib olan, onun tarixdə duruşunu təmin edəcək milli məfkurənin türkçülük və Quran fəlsəfəsini qoruyub yaşatmaq kimi böyük missiyaları var idi: “Hüseyn Cavidin İrfan adamı olması onun doğuluşundan kodlarla şifrələnmişdi. Onun doğulduğu yer Naxçıvandır. Hər qarışında övliyaların xanəgahı yerləşir. Onun yaradıcılığı ilə daha yaxından tanış olduqdan sonra həyatda təsadüflərə etiraz etdim. Fikirləşdim ki, təsadüf dediyimiz şeylər də İlahinin zəruriyyət verdiyi müəyyən məsələlərin həyata keçirilməsinə səbəb olacaq zəruri məqamlar üçün yaranıb”. Layihə rəhbəri böyük Cavidin Urmiyada dini təhsil almasından, sonradan İstanbulda 4 il ərzində yetişməsindən söz açdı. Cavidin məfkurə adamı olduğunu bildirən S.Vəliyeva bildirdi ki, fiziki cəhətdən min Cavidi öldürə bilərlər, amma Cavidin ideyası daim yaşayacaq. Natiq onu da bildirdi ki, bü gün biz qəbul etdiyimiz azərbaycançılıq məfkurəsinə görə də məfkurə incanlarına borcluyuq: “Cavidi dərk edən və onun ideyalarını vətən, millət üçün vacib hesab edən Ulu öndər  Cavid üçün bir məqbərə də ucaltdı. Bilirdi ki, Cavid kimi bir insan üçün məqbərə ucaldılmalıdır. Məqbərə isə bir xalqın xilasında, tarixində böyük rol oynayan şəxslərə ucaldılır” .

Qeyd edək ki, Hüseyn Cavid əsərlərinin İstanbul nəşrini tədqiqatçı Azər Turan hazırlayıb.

 

Aygün

 

Olaylar.- 2013.- 16-18 noyabr.- S.6.