Dirilər üçün “Ölü
Canlar”
Lənkəran Dövlət Dram Teatrında hazırlanan yeni tamaşanın təəssüratları
N.B.Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrı tamaşaçı
sarıdan əsla korluq çəkməyən
azsaylı sənət ocaqları sırasındadır. Bunun da səbəbləri
var. Ən başlıcası, bu teatrın repertuar siyasəti
sıravi tamaşaçı
zövqünə deyil, zamanın tələblərinə
müvafiq qurulur və
tamaşaçını öz ardıyca
çəkməyə hesablanır. Tamaşaçı
yetişdirilməsi prosesi burada hər zaman
teatrın diqqət mərkəzində olmuşdur.
Teatrda hər il uşaqlar və yeniyetmələr üçün yeni-yeni tamaşalar və sıravi
tamaşaçılar üçün
müxtəlif səpkili komediyalar hazırlanır. Amma
Lənkəran Teatrı daha çox intellekt teatrı hesab olunur. Bir əyalət teatrında
əgər “Topal Teymur”(H.Cavid), “Ölülər” (C.Məmmədquluzadə),
“Oktay Eloğlu”(C.Cabbarlı),
“Ezop”(Fiqereyro), “Şah Edip” (Sofokl),“Qış nağılı” (Şekspir), “Qaçaqlar”
(Şiller), “Müfəttiş” (M.Qoqoql) oynanılırsa, bu teatrın gücünə və hədəflərinə
hörmətlə yanaşmaq lazım
gəlir.
Növbəti tamaşada yenə Qoqola
müraciət olunması da teatrın imkanlarının nə
qədər geniş olmasından xəbər
verirdi.“Ölü canlar” pyesi bütün dövrlər
üçün kifayət qədər samballı bədii,
eyni zamanda siyası çalarları ilə fərqlənən
çox ciddi bir əsərdir. Getdik,
baxdıq, bəyəndik! Bu
tamaşanı maraqlı edəcək daha
bir cəhət onu Ukraynadan dəvət edilmiş
rejissor Arkadiy Nepitalyukun hazırlaması oldu.
Lənkəran teatrı təkcə ölkəmizin digər
teatrlarının deyil, əcnəbi
rejissorların üzünə də hər zaman
açıq olub. Bir müddət əvvəl
Bolqarıstandan gəlmiş rejissor Xristo Stoiçev bu teatrda “Mizantrop”,
Gürcüstandan dəvət olunmuş rejissor Zurab Pxakadze isə
“Şeytanın oyunları-Neron” tamaşasını
hazırlamışdı. Bu tamaşalar teatrsevərlərin
yaddaşından hələ də silinməyib. Lənkəran
teatrının direktoru İslam
Həsənov əcnəbi rejissorların
yaradıcılıq təxəyyülünün bu teatrı daha bir addım irəli apardığını bildirir. Yeni
tamaşanın quruluşçu rəssamı
xanım Yevdokiya Nepitalyuk
quruluşçu rejissorun
həyat yoldaşıdır və hər ikisi
Ukraynanın Karpenko-Kariy adına Kino, Teatr və Televiziya Akademiyasının müəllimləridir.
Qeyd edək ki, Qoqol komedik ruhlu
siyasi əsərlər müəllifi kimi rus ədəbiyyatına
öz möhürünü
vurmuş yazıçılardandır. Onun “Ölü canlar” romanı öz dövrünün böyük
ədəbi hadisəsi hesab olunub. Romanı məşhur rus
yazıçısı Mixail Bulqakov səhnələşdirib. Əsərin
müasir dövrümüzlə necə
səsləşəcəyini
müəyyən etmək
üçün son
baxış- məşqə
diqqətlə baxmaq yetərli idi. Teatrın direktoru
İslam müəllim və baş rejissor Tural Mustafayev də
qollarını çırmalayıb səhnənin tərtibat
işlərində və rus dilində
danışan rejissorun
fikirlərini incələmələrinə kimi
aktyorlara izah edilməsində
öz xidmətlərini əsirgəmirdilər.Səhnənin
qara örtüyə bürünməsi, havadan müxtəlif libasların və
üzərindən
sarımtıl şarların asılması hadisələrin
ruhlar-ölülər aləmindən xəbər verəcəyini
aşılayırdı. Cərəyan edən ilk
hadisələr də məhz bunu ifadə
edirdi. Vaxtı ilə məsul vəzifələrdə
çalışmış məmur Çiçikov
( Əlibala Əskərov) istefaya
çıxmışdır. Stol
arxasında əyri stullarda katibə ilə
qarşı-qarşıya outraraq
danışmaları bir çox
həqiqətləri ifadə edir. Katibənın (Aynur Əhmədova)
ittihamlarına görə o indi tam miskin
vəziyyətdədir. İndi onun ixtiyarında yanıb, bərbad hala düşmüş bir köhnə malikanə, Slifan
və Petruşka adlı iki
nökərdən (Səyyad Əliyev və Emin
Fərzullayev) başqa heç
nə yoxudur. O isə firavan yaşamaq və ailə
qurmaq istəyir. Çiçikov
bunun yolunu onu miskin
vəziyyətə salmış cəmiyyəti aldatmaqda görür. Qanunlarda olan boşluq və səbatsızlıq bütün
dövrlərdə birinci olaraq
fırıldaqçıların diqqətini cəlb edir. Çiçikov öz öhtəsində daha
çox təhkimli kəndlisi olan mülkədarlara əlavə təzminat verildiyini öyrənir. Lakin
can siyahısı təsdiq olunanacan ölmüş kəndli
də diri hesab olunur və mülkədar buna
görə vergi ödəyir. Bu isə onların ürəyicə deyil. Çiçikov bu ölü canları həmin
mülkədarlardan satın almaqla özünün tabeliyində çoxlu
kəndlisi olduğunu təsbit edəcəyini
və hökumətdən çoxu pul qoparda biləcəyini düşünür. Bu pulun müqabilində isə Çiçikov
malikanəsini təmir etdirə və özünün
təsərrüfatını qura bilər.
Beləcə o öz
çamadanını və fərasətli nökərlərini
götürüb Rusiyanın şəhərlərinə
səfərə çıxır. Rusiyanın əyalətləri
ona çox
yaxşı tanışdır. Burada kimin kim olduğu heç gizlin deyil. Hər yerdə
eyni vəziyyətdir: tamahkarlıq,
saxtakaqlıq və rüşvətxorluq! Əslində müəllif
zadəganlarının miskin həyatını
göstərməklə çar Rusiyasının iç
üzünü ifşa
edir. Aktyor Əlibala
Əskərov obrazın tam açılması
üçün əlindən gələni
etməyə çalışır. Səs diapozonu
rus zadəgan ibarələrinə müvafiq gəlməsə də aktyor çevik jest və mimikaları ilə obraza
diqqəti artırır. Bir azca ifa tempini
yüksəldərsə bunu
Əlibalanın ən uğurlu rolu hesab etmək olar. Digər aktyorlar da tamaşanın və rejissorun
tələblərinə cavab verməyə
çalışırdılar. Çiçikovun
götürdüyü
çemodanların üzərindəki yazılar onun getdiyi vilayətlərin
adını göstərir. Diqqəti bir elə cəlb
etmədiyi üçün əslində
bu detal elə də uğurlu tapıntı sayıla bilməz. Rejissor bundan ötrü tamaşaya fərqli yol
lövhələrini, buraxılış məntəqələrini,
kareta təkərlərinin, at ayaqlarının, faytonçu
hayqırtısının səsini əlavə edə bilərdi.
Çiçikov öz
ideyasının əyalətlərdə necə
qarşılanacağını yaxşı bilir,
amma daha bu qədərini
heç təsəvvür də etmir. Xersonda İlk qarşılaşdığı
mülkədar Manilov (Əbülfəz Axundov)
bütün günü
yatır. Bu tənbəl əslində rus zadəganlığının yatağan
olmasını biruzə verir. Tənbəlliyinin
və axmaqlığının ucbatından Manilov tamam müflisləşmişdir.
Bu obraz üzərində
gərgin zəhməti aktyor Əbülfəz
Axundovun
yaradıcılığında yeni
səhifə sayıla bilər. Ümumiyyətlə, bu aktyor teatrdakı hər
rolundan sonra daha da püxtələşir, yetkinləşir. Bu rolu ilə də o tamaşanın ümumi
ansamblına xüsusi rəng qata bilir.O, Çiçikovla
həddən artıq mədəni danışmağa
çalışır. Rus zadəganlığı
üçün xarakterik
ifadə tərzi onların dialoqunda özünü
daha parlaq
göstərir. Onların ifrat nəcibliyi
hətta gülüş doğurur.
Söhbət onun tabeliyində
olan və artıq ölmüş
kəndlilərin satın alınmasından getdikdə, Manilov hər şeyi unudub,
azğınlaşır, vəhşi və həm də maymaq üzünü
göstərir, gülünc dilənçi
kimi yalvarır, ölülərin alverinə
çıxır. Rejissorun bu zaman eyni səhnə əlbəsələrinin,
xüsusən də kreslonun
pozasını dəyişməklə onlardan
bir neçə məqsəd üçün istifadə edə bilməsi çox maraqlı görüntü
yaradır. Nökər
Slifanın gəlib diz çökməsi,
Çiçikovun müqavilə
kağızını onun kürəyinə
qoyaraq imzalatması da
xüsusi mənalar daşıyır. Çiçikov Manilovdan ölü canları çox
ucuz qiymətə “ala”
bilir. Tamahkar mülkədar
xüsusi tərtib olunmuş
müqaviləyə axmaqcasına imza
atır. Amma ödəniş şəhərdə
olacaqdır. Çiçikovun səfərə
çıxdığı növbəti əyalətdə o, Sabakeviç (Adil Zeynalov) adlı bir başqa mülkədarla görüşür.
Bu adam düşmüş
olduğu miskin vəziyyətinə
rəğmən zadəgan ədasından qalmır, özünü az qala qoşunsuz komandan kimi aparır. Amma dilənçi qədər kasıb və
çox xəsisin biridir.
Aktyor Adil Zeynalovun yumoristik
ampluası ona bu
obrazı mükəmməl yaratmağa imkan verir. Amma
Çiçikov onun
ağrılı yerini yaxşı müəyyən
edir. Bu xəsis
mülkədar hətta ölüləri də ata malı kimi satmağa qadirdir. Təki pul olsun. Mülkədar Plyuşkin( Eynəli Nurullayev) də çox miskin vəziyyətdədir.
Belələri təsərrüfatları canlandırmaq, ədalətlə
işlətmək əvəzinə kəndliləri soymaqdan başqa bir yol tanımır. Eynəli Nurullayevin ifasında Plyuşkin bir yaşlı qadın qədər deyingən
və acizdir.Onun malikanəsi babat qızdırılmadığından Plyuşkin qadın örpəyinə bürünmüşdür. Öz
fərsizliyi ucbatından müflis olsa da, bunun
günahını oğrularda görür. Artıq o
sağlam düşüncə tərzini
də itirmişdir. Ətalət hissi indi onu
hər verilən yalan vədə də inanmağa məcbur edir. Plyuşkin özünün
təbəsi sayılan, ölmüş
insanların adını can sayı olaraq satır və bu barədə nökər Slifanın kürəyinə
qoyulmuş müqaviləyə məmuniyyətlə
imza atır. Amma Çiçikov müqavilədə göstərilən məbləği alması üçün onu da şəhərə dəvət edir. Mülkədar Nazarov
(Qabil Quliyev) də fərqli
xarakteri ilə maraqlıdır. Əslində
tamaşada canlandırılan mülkədar
obrazlarının hər biri rus zadəganlığının bir simasını əks etdirir.
Lakin onları birləşdirən ümumi bir sifət var: rüşvətxorluq, xəyanət, acizlik, boşboğazlıq. Nazarov
çox zalım, tamahgir
və axmaqcasına hiyləgərdir. O, ölüləri
havayı verməyə razılaşır, amma
əvəzində Çiçikov onun atını çox baha qiymətə almalıdır. Çiçikov ona at lazım olmadığını dedikdə, o itini almağı təkid
edir. Sonra onunla qumar oynamağa
çalışır. Çiçikov bu zırrama ilə alver
etmədən aradan çıxır. Rusiyada nə çox ləyaqətsiz
mülkədar! Elə birisi
yağışlı-boranlı havada
onların üzünə malikanənin qapılarını açmaq istəmir. Mülkədar Karoboçka (Qızılgül Quliyeva) şişman bir qadındır. Darvazanı döyənlərin
zadəgan olduğunu bilən kimi qapını açır. Rejissorun
və tərtibatçı rəssamın bu
səhnədə yaratdığı qutu tabuta, dəmir barmaqlıqlı kiçik pəncərələr əslində
rus zadəganlığının qəfəsdə
olmasına işarədir. Bu qəfəs
onların xislətidir; təkəbbürüdür,
avamlığı, zalımlığı, tamahgirliyidir.
Qızılgül Quliyeva bu
obrazı bəlkə də digər aktyor
yoldaşlarından daha şövqlə
yaradır, obrazın psixoloji durumunu yaşayır. Çiçikov
artıq öz istəyinə nail olmuşdur. Lakin pulu
olmadığı səbəbindən onun
karetası sıradan çıxmışdır. Bu isə fırıldaqçıların çox uzağa gedə
bilməməsinə bir işarədir.
Nökər Petruşka atları
qaydasına salanacan vaxt
keçir və Çiçikov
şəhərə vaxtında çata bilmir. Şəhərdə isə tabeliyində
olan ölü
canları belə “satmış”
satqın mülkədarlar buna
görə pul almaq üçün onu
gözləyirlər. Birdən onlar Çiçikovun başına bir xəta-bala gəldiyini və ya həbs olunduğunu düşünür, hətta öz
maraqları naminə onun müdafiəsinə
belə qalxmağa hazır olurlar. Çiçikovun onlara verməyə pulu yoxdur. Onları əslində yaxşıca
aldatmışdır. Jandarmeriya bunu başa düşür, odur ki, onun yanına elçi göndərir. Üç
min rüşvət verməsi yetər ki, jandarmeriya ondan əl çəksin. Bu isə qanunçuluğu
qorumalı olan qüvvələrin də
rüşvətə bulaşdığını və belə
rejimlərin artıq çürüdüyünü
ifadə edir. Çiçikov
fırıldaqçı rejimdə hamıdan daha
artıq fırıldaqçı ola, varlana və öz problemlərini
həll edə bilməz. Buradan isə Qoqolun inqilabi
ruhu duyulur: əsas olan bu rejimi
dəyişməkdir, fərdi qaydada və
fırıldaqçılıqla xoşbəxtlik əldə
etmək mümkün deyil.
Əsər boyu əsas hədəf olaraq öndə ölü
canların satın alınması tutulsa da, əslində bu tamaşa tamamilə diri canlar üçün ibrət dərsidir. Tamaşa hələ təhvil verilmədiyi və
tamamlama işləri davam
etdiyi üçün
qüsurlardan xali deyil. Səhnədə XX əsr rus həyat və yaşam
tərzini ifadə edən detallardan qismən
az istifadə edilməsi hadisələrin
cərəyan etdiyi mühiti
dolğun canlandıra bilmir.
Musiqi tərtibatı, geyim
və qrim işi qismən
qənaətbəxş sayılsa da, səhnə
tərtibatında istifadə edilən əlbəsələrin
kasadlığı belə düşünməyə əsas
vermir. Aktyorlar zadəgan
ədasını, jest və
mimikalarını, eləcə də rus
danışıq ibarələrini düzgün
tədbiq edə bilmirlər. Tamaşanın uğurlu
alınması üçün bu kimi incə detalların
çoxluğu müsbət təsir oyadardı.
Nökərlər Slifan və
Petruşkanın müasir dövrün santexniki formasında səhnəyə
çıxarılması heç münasib görünmür.
Rejissor bununla əsəri
müasirləşdirdiyini
düşünürsə, bunu çox primitiv və uğursuz improvizasiya
adlandıra bilərik. Amma tamaşaya
müsbət çalar qatan
elementlər daha çoxdur.
Köhnə qramafon musiqisi kimi bütün dövrlər
üçün dünyanın eybəcərlikləri
gəlib keçir, qalan
isə düzlük, yaxşılıq,
halallıq olur. Tamaşanın əvvəli
ölü canlara dikilmiş
ümidlərlə başlansa da, bu kimi
iddiaların nə qədər gülünc
olduğu ifşa edilir və sonluqda dirilərin əsl nicatı yalnız düzlük və ədalətə möhtac olur. Müasir dövrümüzdə də
insanların buna ehtiyacı tükənməmişdir.
Lənkəran teatrının yeni
tamaşası insanlığa yönəlmiş
çağırış təəssüratını
bağışlayır. Kifayət qədər aktual və dəyərli missiyadır.
Hafiz Mirzə
www.hafizmirza.com
Olaylar.-
2013.- 19 noyabr.- S.10.