Bu dünyada kim uduzdu, kim uddu...
Ötən
yüzilin 50-ci illərində ədəbiyyata gələn Məmməd
Araz “Atamın kitabı”, “Oxucuya məktub”, “Dünya sənin,
dünya mənim”, “Daş harayı”, “Vətən deyin”,
“Əsgər andı”, “Sevgi nəğməsi”, “3 oğul
atası”, “Araz axır”, “Dünya düzəlmir” və
başqa bu kimi əsərlərlə özündən
sonrakı şair nəslinin yetişməsində, eləcə
də yeni tipli şerin yaradılmasında önəmli rol
oynadı.
Məmməd Araz hər şeydən
öncə lirik şairdir. Onun
poeziyası bir çiçək qədər zərifdir.
Bu poeziya zərif olduğu qədər də
möhkəmdir. Bu poeziyada bir qranit möhkəmliyi
var. Bir sal qaya üzərində də bitə bilən bir
sevgi çiçəyidir şairə ilham verən. Bu çiçək kimi zərif, bu qranit kimi
möhkəm olan sevgidən alır öz mayasını M.Araz
poeziyası. Bu sevgi əsil sevgidir. Əsil sevgi isə qızılça xəstəliyi
kimi hər insana həyatında yalnız bir dəfə gələ
bilir. Bəzən bir saniyəlik
baxış da bir ömürlük sevgiyə çevrilə
bilir. Sonrakı-ikinci,
üçüncü məhəbbət məhəbbət
sayılmaz. Bu artıq sevmək deyil,
seçmək olar. Bu sevgi, bu eşq Məcnunun eşqi
kimi ülvi deyil, ya Şeyx Sənanın eşqi kimi platonik,
ya da müvəqqəti eşq olan maddi-cinsi eşq ola bilər. Əsil sevginin
vüsalı nə qədər şirin olursa, yetim qalanda isə
daha ağrıdıcı olur. Onda bir
anlıq ağrı bir yüzilə bəs edir.
M.Arazın
yaradıcılığında ən başlıca yeri təbiət
tutur. Ümumiyyətlə onun
poeziyasını təbiətsiz təsəvvür etmək
qeyri-mümkündür. O, öz qəmini, qüssəsini
yalnız təbiət qoynunda unuda bilir, təsəlli
tapır. İxtisasca coğrafiyaçı olan
M.Araz Azərbaycanın təbiətinə çox gözəl
bələd idi. Təbiəti seyr etməkdən
doymayan şair maraqlı adamlarla təmasda olur, bu adamlarla
söhbətlərini, xatirələrini toplayırdı.
Sonralar bu xatirələri “Həyatın və
sözün rəngləri” kitabında çap etdirdi. Həmişə poeziya ilə təbiət
arasında bir vəhdət olur. Başqa
şairlər kimi M.Araz da təbiətdən zövq
alırdı. Əsil şair təbiətdən və
gözəllərdən zövq almasa şair ola
bilmir. Daha doğrusu əsil şair ola
bilmir. Deməli əsil şer cəmiyyətlə
təbiətin vəhdətindən yaranır. Onun
yaradıcılığında S.Vurğunun
açıq-aydın hiss olunan təsiri və təbiət
şairi olan Musa Yaqubla yaradıcılıq
yaxınlığı da məhz hər üç şairin
təbiət şairi, təbii şair olmaları ilə
bağlı idi.
M.Arazı Azərbaycan təbiətinin
çox gözəl bir hissəsi olan Araz çayına
bağlayan qırılmaz tellər var. Şair o qədər
Araza bağlıdır ki, gecə yuxularında tez-tez Arazı
görür. Azərbaycan ədəbiyyatında
Əli Kərim Kürü vəsf etdiyi qədər də
M.Araz Arazı vəsf etmişdir. Onun Araz təxəllüsü
götürməsi heç də təsadüfi deyil, Araza
sonsuz məhəbbəti ilə bağlı idi. Öz həyatını, ölümünü belə
Araza bağlarmışdı.
Mənim tək bir andım,
Bir də bir ricam var.
Araz,
Mən səni apara bilməsəm,
Sən məni apar, Araz.
Prof. Yaşar Qarayev yazırdı: “Poeziyanın dumduru,
şəffaf bulağı başına, Arazın bulanıq və
paralı sahilindən ayrılıb gəldi, özü ilə
poeziyaya Arazın ağrısını, dərdini də gətirdi.
Özü də tarixdən və təbiətdən,
ana dilindən, bayatıdan, folklordan axan bir Araza döndü-Məmməd
Araz”. O, Arazdan yaza-yaza Araz onu , o isə
Arazı şöhrətləndirirdi. Araz
onunçün təkcə sevinc deyildi, həm kəddər
idi, qüssə idi, ikiyə bölünmüş Vətən
idi, onun sinəsində çalın-çarpaz dağ idi.
Və Araz onun sinəsindən axaraq bütün
daxili aləmini kin-küdurətdən, həsəddən təmizləmişdi.
M.Arazın
yaradıcılığında bir Azərbaycan qadını,
Azərbaycan qızının surəti var. Bu qadın
dünya qadınlarının ən yaxşısı, ən
vəfalısı, ən insaflısı, ən gözəlidir. O, Azərbaycan
qızlarını, qadınlarını öz şerlərində
vəsf etməkdən doymurdu:
Səndən vəfalısı, səndən qəşəngi,
Səndən insaflısı heç harda
yoxdur.
Mənim qara şanım, mənim ağ
duzum
Mənim nar ağacım, -Azəri
qızı.
Bununla belə o, Azəri qızlarına
ayıq-sayıq olmağı, “çürük sap kimi tez-tez
qırılmamağı, başqasının onların
gözəlliklərindən süni istifadə etmələrinə
imkan verməmələrini, kitab kimi əldən-ələ
keçməməyə” çağırırdı.
Məmməd Araz əsil xalqın
şairidir. Ona görə ki, o, daim
xalqın içərisində idi, onun dərdlərin, bir
sözlə, xalqa gərəkli olnları qələmə
alırdı. “Sənətdə son mənzil
olmur”-deyirdi. Amma hansı sənətdə?
Əlbəttə ki, əbədiyaşar, xalqa
xidmət edən bir sənətdə. Baxın,
M.Araz da məhz özündən sonra belə bir sənət
qoyub getmişdir.
M.Araz poeziyasında bədbinlik-dünyanın
düzələcəyinə ümüdsüzlük
üstünlük təşkil edir. Bu bədbinliyin
içində bir Dünya obrazı var. Bir yandan dolan, bir yandan
boşalan acılı-şirinli, yumşaq sərt və
başdan-başa ziddiyyətli olan bu Dünya (ya) şairin bir
ziddiyyətli baxışı var. Bu Dünya o qədər dəyişib
ki, o qədər yamanlaşıb ki, “Allahın qurduğu
dünyadan” heç əsər-əlamət qalmayıb”.
İndi onun yaradıcılığı və haqqında
yazılmış xatirələrlə tanış
olunca anlaşılır ki, M.Araz istər yaxınları, istərsə
də dövlətimiz tərəfindən həmişə
qayğı ilə əhatələnib. Bəs
onda bu bədbinlik haradan qaynaqlanır? Əgər
bu onun yaradıcılığının son dövrlərini əhatə
etsəydi, bunu şairin xəstəliyi ilə əlaqələndirmək
olardı. Amma onun bütün
yaradıcılığı boyu bu bədbinlik, bu
ümüdsizlik hiss olunur.
Gülünclərə gülünc qələm, bu ada
güldüm,
Yüyəninə hər əl yetən bu ata
güldüm,
Mən özümlə oynadığım şahmata
güldüm,
Dünya sənin, dünya mənim,
dünya heç kimin.
Bəli, bu dünya həqiqətən də
bir şahmatdır. Anlaşılmayan, başa
düşülməyən, pisi yaxşıdan ayıra bilməyən
bu dünyaya həqiqətən də gülməyə dəyər.
Bəs M.Arazı heç kimin olmayan bu
dünyadan küsdürən nə idi? Biganəlik,
yaltaqlıq, vəzifə düşgünlüyü,
qoltuqlara sığınmaq, ən əsası isə millətin
“çoxşaxəli” dərdləri. Xalqı
bir olmağa çağıran şair ürək
ağrısı ilə “Bir süfrə başında iki
sözümüzü bir edə bilmiriksə onda biz kimik, nəyik?
-deyirdi. O, haqlı olaraq bütün bəlalarımızın
kökünü birliyimizin olmamasında görürdü. Qanımıza hopan “haralısan” sözü onun qəlbini
didib dağıdırdı.
Mən Təbrizli, Naxçıvanlı, mən Gəncəliyəm,
Çox görmüşəm hasar üstə ölənləri
də,
Mən torpağı bölünməyə
öyrəncəliyəm.
Heç qazanan görməmişəm
bölənləri də.
Qəlbində Araz axan şairi bu
dünyada heç bir sərvətlə təəccübləndirmək
mümkün deyildi. M.Müşfiqə nəzirə
yazdığı bir şerində “Bu toyların və
yasların özülü sayılan dünyadan artıq əlini
üzmüşəm”-deyirdi. Çünki,
dünyamızda nə qədər insan yaşayırsa bir o qədər
də şeytan yaşayır. Qoltuqlara
sığınanları, yaltaqları, riyakarları,
yaxşılığa yamanlıq edənləri görüncə
o, daha da bədbinləşir, “Dünya düzəlmir ki,
düzəlmir baba” qənaətinə gəlir.
Qeyd etdim ki, M.Arazın bu dünyaya
baxışı ziddiyyətli idi. Bir yandan:
Mən Arazam, səsim tutqun Arazdır,
Ha çağırdım, ha yüyürdüm, ha
yazdım,
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, bilmirəm.
-deyərək dünyanın düzələcəyinə
şübhə ilə yanaşır, bir yandan da “Dünya
gözəl, dünya gözəl dünyadır”-deyir. Dünya isə zənnimcə bütün hallarda
gözəl dünyadır, onu həqiqətən
yaşamağa dəyər.
Məmməd Arazı həddindən ziyadə
kövrək idi, hər şeyi özünə dərd edərdi. Onun
yaradıcılığı ilə tanış
olunca şair oğulsuzluğu özünə böyük bir
dərd bilirdi və hansı bir bədxahınsa tənəsindən
kədərlənir.
Oğlum yoxdur, sonum yoxdur dedilər,
Sağım yoxdur, solum yoxdur dedilər,
Odun boyda suyun yoxdur dedilər
Bu da belə bir ömürdür,
yaşadım.
Halbuki, onun İradə xanım kimi
övladı vardı. Neçə igid oğul İradə
Tuncay qədər fədakar ola bilər? Ara-sıra məmim də ziyarət etməyə səlahiyyətli
olduğum bu qadın əsil Azərbaycan qadınının
bütün müsbət keyfiyyətlərini özündə
birləşdirir. Böyük Nizami
“Aslanın erkəyi, dişisi olmaz” deyəndə məhz belə
qadınları nəzərdə tuturdu. “Kimə
gülzar, kimə xəzəl dünyadı” adlı xatirələri
oxuduqca M.Arazın həyatının son, xəstəlik
anlarında İradə xanımın atası haqqında necə
fədakarlıq etdiyinin şahidi oluruq.
Həyatının son dövrlərində
M.Araz daha da bədbinləşir. “Rahat
ölməyə də gecikdim”-deyir. Görəsən
dünyaya gəlişinə necə, gecikmişdimi? Yoxsa tələsmişdi? Əyər
tələsmişdisə bəs onda hansı zamanda dünyaya
gəlmək istərdi? Düşünürəm
ki, bədxahlığın, paxıllığın,
yalanın, riyakırlığın, qoluzorluluğun, vəzifə
düşkünlüyünün yox olduğu bir zamanda.
Elə onun yaradıcılığının əsasını
da bunlar təşkil edirdi. M.Araz həqiqətən
də ləyaqətli, mənəviyyat sahibi, şəxsiyyət
idi və çox şərəfli bir həyat
yaşamışdı. Çünki,
ömrün bir daha qayıtmayacağını bilirdi.
İnadıma qamçı vurub ötürmə,
Uçan dağın daş ömründən
ömür nə,
Qaya yıxdım, bir də qaya ömrümə,
Qayıt dedim, qayıtmadı.
Doğma vətəninə bağlı vətəndaş
şair idi. Onun
yaradıcılığında milli ruh, vətəndaş məsuliyyəti
vardı. Vətəninin ikiyə
bölünməsi onun qəlbini ağrıdırdı, Azərbaycanı
bütöv görmək arzusu ilə alışıb
yanırdı. Bu amala xidmət edirdi.
Mənfur qonşularımız
torpağımıza qəsd edəndə M.Araz ilk gündən
xalqımızın milli istiqlal və doğma
torpaqlarını azad etmək uğrunda mübarizəsinə
qoşuldu. Əsgərlərimizi şerlərilə
qəhrəmanlığa ruhlandırırdı. Onun bu sahədəki fəaliyyəti yüksək
qiymətləndirilir. Bütün bunlarla o, hamını
vətəninə sıx bağlanmağa
çağırır, hər daşın altında bir tarix
yatan vətən torpağını sevməyə
çağıraraq:
Vətən daşı olmayandan olmaz
ölkə vətəndaşı.
deyirdi.
Vətən Məmməd Araz
üçün vahiddi, bölünməzdi. Onu bu dünyadan küsdürəm, bədbinləşdirən
daha bir səbəb vətən həsrəti idi, Şəhriyar
həsrəti idi. Bu həsrətə
dözə bilməyən şair qoca bir vulkana bənzətdiyi
Azərbaycan xalqını oyanmağa, birləşməyə
çağırırdı.
Nə yatmısan qoca vulkan, səninləyəm.
Ayağa dur, Azərbaycan, səninləyəm.
Səndən qeyri biz hər şeyi bölə billik,
Səndən başqa biz hamımız
ölə billik.
Öz doğma vətəni, xalqı
üçün xoş arzuları vardı M. Arazın. Hələ
1970-ci ildə yazırdı:
Mənim könlüm bu dünyanı vəsf eyləyərək,
Azərbaycan dünyasından dünyaya baxar
İndi o vaxtdan çox illər
keçib. İndi biz dünyaya Azərbaycandan
baxırıq. İndi dünya
öz-özünə Azərbaycandan baxır. İndi Azərbaycanın səsi dünyanın
möhtəşəm saraylarından gəlir. Bu gün Azərbaycan sözü işlənərkən
dünya ayağa qalxır, Azərbaycanı
alqışlayır. Onun Azərbaycanı
xoşbəxt görməkdən böyük arzusu olmayıb.
Ümumiyyətlə Məmməd Araz poeziyasını bir
neçə sözlə ifadə etmək lazım olursa belə
demək mümkündür: “Mayası vətənpərvərlikdən
yoğrulan poeziya”.
Məmməd Araz doğma vətəninə,
torpağına bağlı olduğu qədər də öz
ailəsinə -övladlarına, valideynlərinə ürəkdən
bağlı idi. Şerlərinin birində yazırdı:
Arzum budur ömrüm boyu oyanam.
Günəşlə bir yurdumuza boyanam,
Səhər-səhər dan yerinə boylanam,
Sizə yetim deyən olsa qızlarım
Və yaxud:.
Əyib atamı da dövrün gərdişi
Dünyanın qəribə sirləri
varmış.
Ömür yoldaşını itirən kişi,
Uşqadan da betər yetim olurmuş.
Bu mövzuda şikayətə N.Həsənzadədə
də rast gəlmişəm:
Dul qalmaq yetimlik nişanəsiymiş
Ər qadın ömrünün kaşanəsiymiş.
M.Araz öz
yaradıcılığına qarşı həddindən
artıq tələbkardı. Öz
yaradıcılığına tənqidi yanaşan çox az təsadüf olunan qələm sahiblərindəndir.
Ürəyə yatımlı saysız şerlərilə,
qəlbləri riqqətə gətirən, insanları qəhrəmanlığa
səsləyən mahnıları ilə böyük
şöhrət qazanmasına baxmayaraq bütün bunları
yetərli bilmirdi. Onu tanımaq, xarakterini
müəyyən etmək üçün ən yaxşı
vasitə onun şerləridir.
Uzaqdan uzağa xoşuna gəlsəm,
Məni dindirməyə tələsmə hələ,
Tanımaq istəsən məni əzəl sən,
Tanış ol bu kiçik nəğmələrimlə.
Əlbəttə, şairin “kiçik nəğmələr”
deməsi təvazökarlığdır. Əksinə bu “kiçik nəğmələr”lə
öz xalqına layiqli xidmət göstərmişdi, dəyərli
şerləri ilə ədəbiyyat xəzinəmizi zənginləşdirmişdi.
Ləyaqətli, halal bir insan idi Məmməd Araz.
Bu xalqa, bu torpağa yetərincə xidmət etməsinə
baxmayaraq yenə torpaqdan halallıq istəyirdi. M.Arazın 80 yaşı tamam olur. Böyük yaradandan şairə rəhmət diləyirik.
Məmməd Araz ən ali
mükafatlara layiq görülüb. 1993-cü
ildə isə Məmməd Araz ödülü təsis
olunub. Amma, onun ən böyük
ödülü Azərbaycan xalqının ona olan sonsuz
sevgisidir. Bir şair üçün kitablarının
bu günki gündə belə oxunmasından, əldən-ələ
gəzməsindən də böyük xoşbəxtlik ola bilərmi?
Dini kitablarda insanların dünyaya gəlişi-gedişi
haqqında çox oxumuşam. Bu dünyanı tərk edən insanlar
yalnız bir şeylə təsəlli tapırlar. Kim
özündən sonra xeyirxah əməllər qoyub gedirsə,
kim arxaya boylanıb ötən günlərini xoş təbəssümlə
xatırlayırsa bu dünyanı qazanan da, udan da odur. Ləyaqətlə
başa vurduğu ömürlə, arxada qoyduğu xoş
xatirələrlə əbədiyyəti də, bu
dünyanı da qazandı, uddu Məmməd Araz.
Peşimanı kim
olacaq bilmirəm.
Yeqzar Cəfərli
Olaylar.-
2013.- 20 noyabr.- S.13.