Rumıniya-Azərbaycan
Gənclər və Mədəniyyət
Assosiasiyasının Azərbaycan diasporunun
inkişafına verdiyi töhfələr
Əvvəli
ötən sayımızda
Rumıniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri də Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasıdır. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası 2001-ci ildə təsis edilib. Assosiasiya həmin il, iyul ayının 4-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri əsasən Rumıniyada təhsil alan azərbaycanlı və rumın tələbələrdir. Assosiasiyanın üzvləri Rumıniya kütləvi informasiya vasitələrində vaxtaşırı çıxış edir, Azərbaycan həqiqətlərini rumın ictimaiyyətinə çatdırırlar. Həmçinin assosiasiya üzvləri müntəzəm olaraq Azərbaycanla əlaqədar müxtəlif tədbirlər həyata keçirirlər. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyevdir. Qeyd edək ki, İqbal Hacıyev eyni zamanda Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəridir.
Müsbət
məqamlardan biri ondan
ibarətdir ki, Rumıniya-Azərbaycan Gənclər
və Mədəniyyət Assosiasiyası bu
ölkədə fəaliyyət göstərən digər diaspor təşkilatları, xüsusilə
Heydər Əliyev Fondunun Rumıniya
nümayəndəliyi və Azərbaycanın
Rumıniyadakı fövqəladə və səlahiyyətli səfirliyi ilə
sıx əməkdaşlıq şəklində işləyir
və fondun təşkil etdiyi
tədbirlərə yaxından dəstək verir.
Belə tədbirlərdən biri Heydər
Əliyev Fondunun Rumıniya nümayəndəliyinin
təşəbbüsü ilə 2011-ci ildə Buxarestdə
31 mart azərbaycanlıların
soyqırımı günü münasibəti
ilə keçirilib.
Azərbaycan Respublikasının
Rumıniyadakı Səfirliyi və Heydər Əliyev Fondu – Rumıniya nümayəndəliyi tərəfindən
keçirilən tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya
Mədəniyyət və Gənclər Assosiasiyasının
və Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Rumıniyadakı nümayəndəliyinin
rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan
azərbaycanlılar, İran azərbaycanlıları,
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak ediblər.
Azərbaycanlıların Soyqırımı
Gününə həsr olunmuş geniş tədbir proqramında azərbaycanlıların
soyqırımının tarixi, xüsusi olaraq, 1905-1907-ci
illərdə ermənilər tərəfindən Bakı, Şuşa, Zəngəzur, İrəvan,
Naxçıvan, Ordubad, Eçmiədzin,
Cavanşir və Qazaxda
törədilmiş vəhşiliklər,
275 kəndin dağıdılması, 1918-ci ilin
mart-aprel aylarında ermənilər tərəfindən
Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran rayonlarında 50 min azərbaycanlının öldürülməsi,
on minlərlə insanın evlərindən
didərgin düşməsi qeyd olunub, Qubada 122 kənd,
Dağlıq Qarabağda 150 kənd, Zəngəzurda
115 kənd, İrəvan quberniyasında 211 kənd və Qars vilayətində 92 kəndin
dağıdıldığı vurğulanıb. Bundan başqa, 1918-1920 illərdə repressiya
zamanı indiki Ermənistanda yaşayan 575000 azərbaycanlıdan 565000 qovulduğu və öldürüldüyü
diqqətə çatdırılıb. Çıxış edənlər
1948-1953-cü illərdəki deportasiyadan
söhbət açaraq, 1946-47-ci illərdə
Suriyadan, Yunanıstandan, Livandan,
İrandan, Bolqarıstandan, Fələstindən,
Fransadan, Birləşmiş
Ştatlardan, Misirdən, İraqdan
və Rumıniyadan 86300 erməninin keçmiş
SSRİ ərazisinə köçürülməsi və bununla bağlı 1948-50-ci illərdə
SSRİ Nazirlər Şurasının qərarları ilə
100000 azərbaycanlının öz
yaşayış yerlərini tərk etməyə məcbur
olması barədə geniş məlumat
veriblər. Yığıncaqda
çıxış edən natiqlər Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
zamanı baş vermiş
hadisələrdən danışaraq, Ermənistanın
işğalçılıq siyasəti, 26 fevral
1992-ci il tarixində Xocalı faciəsi, 2
aprel 1993-cü il
tarixində Azərbaycan Respublikasının Kəlbəcər
rayonunun işğal
olunması, onların ağır nəticələri və bu soyqırımın mahiyyət etibarilə
Ermənistanın separatçılıq, terrorçuluq
siyasətinin tərkib hissəsi olduğu
barədə konkret faktlarla
tədbir iştirakçılarını məlumatlandırıblar.
Qeyd olunub ki, 26 mart
1998-ci ildə Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin Azərbaycanlıların
Soyqırım Gününün 31 mart tarixində qeyd
olunmasına dair verdiyi
fərman böyük tarixi
əhəmiyyətə malikdir və azərbaycanlıların
soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət verilməsi dövlətimizin
qarşımızda qoyduğu əsas vəzifələrdən
biridir. Sonra Azərbaycanlıların
soyqırımının dəhşətlərini əks
etdirən foto guşə
iştirakçılara nümayiş etdirilib. Həmçinin Azərbaycanlıların
Soyqırımı Günü ilə
bağlı səfirlik tərəfindən
hazırlanmış geniş pres-reliz Rumıniyanın dövlət
orqanlarına, qeyri-hökumət təşkilatlarına,
Rumıniyada fəaliyyət göstərən diplomatik
nümayəndəliklərinə də göndərilib
Bir müddət əvvəl isə Heydər
Əliyev Fondunun dəstəyi ilə
Rumıniyanın Buxarest şəhərində
fəaliyyət göstərən Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan
Araşdırmalar Mərkəzi açılıb. Açılış mərasimində universitetin rektoru, müəllimlər,
tələbələr, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya
Mədəniyyət və Gənclər Assosiasiyasının,
Rumıniya-Azərbaycan Sənaye və Ticarət
Palatasının üzvləri, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin
Rumıniya nümayəndəliyinin əməkdaşları,
Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar
icmasının təmsilçiləri, diplomatik
korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak ediblər. Tədbir Universitet Senatının otağında Heydər
Əliyev Fondunun Rumıniya nümayəndəliyi
ilə Rumın-Amerikan Universiteti arasında
əməkdaşlıq sazişinin
imzalanması ilə başlayıb. Sonra tədbirin
iştirakçıları Azərbaycan Araşdırmalar Mərkəzinin
yerləşdiyi "Bakı" otağının
açılışında iştirak
ediblər. Heydər Əliyev Fondunun
Rumıniya nümayəndəliyinin direktoru
İqbal Hacıyev tədbir iştirakçılarına
mərkəzin fəaliyyət istiqamətləri barədə
məlumat verib. İqbal
Hacıyev bildirib ki, mərkəzdə
Azərbaycan dili tədris olunacaq,
Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi təbliğ ediləcək, ölkədə
gedən inkişaf prosesləri barədə
rumın tələbələrə məlumat veriləcək.
Qeyd olunub ki, Azərbaycan Araşdırmalar Mərkəzinin
açılması iki xalq
arasında mövcud olan
dostluq münasibətlərinin daha da möhkəmlənməsinə
xidmət edəcək. Rumın-Amerikan Universitetinin
rektoru Ovidiu Folcut Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevaya Rumın-Amerikan Universitetinə verdiyi
böyük önəm üçün
təşəkkür edib, Fondun Rumıniyadakı nümayəndəliyinin
fəaliyyətini yüksək qiymətləndirib. Rektor yeni imzalanmış sazişin və yeni
yaradılmış Azərbaycan Araşdırmalar Mərkəzinin
iki xalq arasında olan dostluq münasibətlərinin
daha da möhkəmlənməsinə
xidmət edəcəyini vurğulayıb. Ovidiu
Folcut Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin və Prezident İlham
Əliyevin uğurlu siyasəti nəticəsində
yüksək inkişafa malik
olan Azərbaycanı təbrik edib. Tədbirin sonunda Azərbaycanın
inkişafını əks etdirən "Azərbaycanın
inkişafı: Neftdən sənayeyə doğru"
filmi göstərilib.
Cari il, iyun
ayının 5-də isə Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə, Azərbaycan-Rumıniya
Ticarət Palatasının təşkilati dəstəyi ilə
“Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına
Yardım” İctimai Birliyi
Azərbaycan
uşaqlarının rəsm sərgisinin
açılış mərasimini keçirilib.
Rumıniya Milli Kitabxanasında baş tutan sərgini giriş sözü ilə
Heydər Əliyev Fondunun
Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev açıb və sərginin
əhəmiyyətindən danışıb. Açılış
mərasimində iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin məsul əməkdaşı
Vüsal Quliyev
çıxış edərək Azərbaycanda fəaliyyət
göstərən gənclər təşkilatlarının
ölkəmizdən kənarda dövlətçiliyimizin
inkişafına yönəlik müxtəlif tədbirlər
təşkil etməsini yüksək qiymətləndirib. Bildirib ki, bütün
bunlar ölkə başçısı cənab
İlham Əliyevin gənclərə və
gənclər təşkilatlarına göstərdiyi
etimadın nəticəsidir. Azərbaycan Gənclər Fondunun da öz
növbəsində belə layihələri dəstəkləməsi
təqdirəlayiqdir. Layihənin koordinatoru,
Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev Rumıniyada yalnız ticarət
layihələri deyil, müxtəlif sosial layihələrə də dəstək
verəcəklərini qeyd edib.
Tədbirdə Rumıniya parlamentinin
deputatları, Azərbaycan Respublikasının
Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin,
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin,
Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər
Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və
Ticarət Palatasının əməkdaşları,
Rumıniyanın elm və ictimaiyyət
nümayəndələri, tələbələr, kütləvi
informasiya vasitəsi və yerli
qeyri-hökumət təşkilatları iştirak
ediblər. Qeyd edək ki, 3 gün
davam edən sərgidə məcburi köçkün uşaqlarla
yanaşı, Tofiq İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin,
Nizami adına Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin, Respublika
İncəsənət Gimnaziyasının Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin və Bakı şəhər
gənc turistlər və diyarşünaslıq mərkəzinin
şagirdlərinin çəkdiyi rəsmlər nümayiş etdirilib.
Noyabrın 21-də isə
Buxarestdəki Rumın-Amerikan Universitetində Heydər
Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan
– Uğurlu inkişaf modeli” mövzusunda konfrans keçirilib. Konfransda
Rumın-Amerikan Universitetinin rəhbərliyi,
müəllim-tələbə heyəti, Azərbaycan səfirliyinin
əməkdaşları, ARDNŞ-in
Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya
Gənclər və Mədəniyyət Assosiasiyasının,
Azərbaycan-Rumıniya Ticarət Palatasının üzvləri,
Qara dəniz və Xəzər dənizi
Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq
Fondunun, Rumıniyada yaşayan
Azərbaycan, türk-tatar
icmalarının nümayəndələri iştirak
ediblər. Heydər Əliyev Fondunun
Rumıniya nümayəndəliyinin direktoru
İqbal Hacıyev Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı,
sürətli inkişafı barədə tədbir
iştirakçılarına məlumat verib.
O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın
müstəqilliyinin qorunması, dövlətçiliyin
möhkəmləndirilməsi, qısa müddətdə
ölkədə sabitliyin bərqərar
olması, sürətli inkişaf proseslərinin
başlanması ilə bağlı misilsiz
xidmətləri haqqında interaktiv təqdimatla
çıxış edib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 23-25 noyabr.- S.15.