Dünyada oxuna biləcək dəyərli
bir əsər
Çağdaş
ədəbiyyatımızı “Nadir şah”, “Əmir Teymur”,
“Təhmasib şah” və bir çox tarixi əsərlərlə
və “Atilla” pyesi ilə zənginləşdirən
tükoloq, tarixçi alim, tarixi romanlar müəllifi Yunus
Oğuz bu əsərlərin hər birində Azərbaycan
tarixi ilə bağlı bir sıra qaranlıq məqamlara
aydınlıq gətirdi.
“Şah
arvadı və cadugər” romanı ilə də tariximizin daha
bir qaranlıq səhifəsini işıqlandırdı. Biz həmişə, (orta və ali məktəbdə
təhsil alarkən) tariximizdə rabitəsizliklə
qarşılaşır, səbəbilə maraqlananda
isə “bütün bunların cavabı
tarixdə yoxdur” eşidirdik. Yunus Oğuzun
bir-birindən maraqlı, dövrlə səsləşən əsərlərini
oxuduqca aydınlaşır ki, bütövlükdə tarixdə
cavabsız heç nə yoxdur.
Sadəcə, gərgin əmək sərf edib bu boşluqları doldurmaq, tapıb yerinə qoymaq
lazımdır. “Şah arvadı və
cadugər” romanı da öyrənilməsi
vacib olan məsələlərdən
bəhs edir. Əsərin əsas surəti
Xeyrənisə xanımdır. Romanda
demək olar ki, bütün əsas məsələlər bu obrazın ətrafında cərəyan edir… Bütün qızlar
kimi onun də gələcək
xoşbəxt həyatı ilə bağlı romantik
düşüncələri var. Lakin şah sarayından ona elçi gəlməsi
bütün arzularını alt-üst edir. O,
inadkarlıq edir, şah
oğluna ərə getmək istəmir. Lakin,
atasının “Gələcəkdə ola
bilər ki, bu dövləti
sən idarə edəcəksən” sözlərindən sonra o, “bal
yeyən də ölür, şor yeyən də” qənaətinə gəlir.
Öz sevgi hisslərini
hakimiyyətə qurban verir.
Bununla da onun gələcək həyat yolu
müəyyənləşir. Hələ I Təhmasibin
hakimiyyətinin ilk illərindən başlayaraq hakimiyyəti türklərin əlindən
almaq, heç olmazsa onu tədricən
farslaşdırmaq üçün fars əyanları səy göstərirdilər.
Xeyrənisə xanım da Məhəmməd
Xudabəndəyə məhz bu məqsədlə
ərə verilmişdi. Bu missiyanı yaxşı dərk
edən fars qızı Qızılbaş
türklərdən intiqam almaq
yolunda bütün
vasitələrdən istifadə edir, onun tapşırıqlarını yerinə yetirən
kişilərə bunun əvəzini cinsi əlaqəyə belə girməklə
ödəyirdi. Xeyrənisə xanımın
Qızılbaşlar sarayındakı fəaliyyətini İnanc xatunun Atabəy
Eldənizlərin sarayındakı fəaliyyəti ilə
müqayisə etmək olar. XII yüzildə bu ərəb
qadını dövlət vəzifələrini necə ərəbləşdirirdisə,
Xeyrənisə xanım da türk
qızılbaş sarayındakı vəzifələri
farslaşdırırdı və bu inadkar qadın ölümünə yaxın bir sıra önəmli vəzifələri
farslaşdıra bilmişdi. Hər halda bu iş
üçün möhkəm zəmin qoymuşdu və anasının
ölümündən bir neçə il sonra hakimiyyətə gələn
I Şah Abbas
paytaxtı Qəzvindən İsfahana
köçürməklə onun
arzularını həyata keçirdi. Ali divanın
vəkili vəzifəsinə yüksələn və Mədhi
Ülya rütbəsi alan
Xeyrənisə xanım sarayda
açıq-aydın türkləri təhqir edir,
onları “aciz
qırmızıpapaqlılar” adlandırırdı. Bu azğın qadın heç
kimdən çəkinmədən sarayda
istədiyi adamı yatağına alır,
cinsi əlaqəyə girir,
hətta öz həmcinsləri ilə belə
sevgi oyunları oynayırdı.
Şahın kor, zəlil və aciz olmasından öz çirkin məqsədləri üçün
bacarıqla istifadə edən Medhi Ülya bir çox
məqsədlərini həyata keçirdikdə ərə
gedərkən ona cehiz
kimi verilən cadugərdən istifadə
edirdi. Əlbəttə, ilk
baxışda oxucu Xeyrənisə
xanımın bu cadugərlə fəaliyyətinə
dodaq büzə, cadugər vasitəsi ilə
düzələn işlərə şübhə ilə yanaşa bilər. Amma, gəlin
tarixə nəzər salaq. Bütün
dövrlər üçün dövlət
başçıları öz
saraylarında münəccimlər, öncəgörənlər,
falçılar saxlayırdı. Məgər müasir
dünyada öncəgörənlər,
çevrəsindəkilərin beyninə təsir edə bilən
insanlar yoxdurmu? İndi belə bir sual meydana çıxır:
Öz çılğınlığına
görə 19 il Qəhqəhə
qalasında dustaq saxlanan
və gəncliyi gözləri önündə puç olub gedən (elə
buna görə daha da qəddarlaşan) İsmayıl Mirzə şah olandan sonra bütün yaxın
qohumlarını öldürdüyü,
hətta onu böyük
çətinliklə dustaqlıqdan azad
edən bacısı Pərixan xanımla qəddarcasına rəftar
etdiyi halda niyə
qardaşı Məhəmməd Xudabəndəyə və
övladlarına toxunmadı? Halbuki, Məhəmməd
Xudabəndə şahın böyük oğlu kimi hakimiyyətə
başqalarından daha yaxın idi. Vəzir Mirzə Salmanı
isə qətl etdirmək əvəzinə özünə daha da yaxın etdi. Əsəri dərindən təhlil edən
professor Nizami Cəfərov
də cadugərlik məsələsini “Yunus
Oğuzun təxəyyülünün məhsulu”
hesab edir.
Lakin, Xeyrənisə xanım nə qədər
güclüdürsə də, şahı oyuncaq
kimi əlində istədiyi kimi fırlada bilirsə də, Səfəvi
dövlətinin sütunları sayılan Qızılbaş əmirləri
daha güclüdür.
Onlar istədikləri
vaxt bu sütunları
sarsıdıb dağıda bilərlər. Şah
qızılbaşların tələbi ilə arvadı Mədhi
Ülyanın qətlinə fərman verəndə məhz bu amili nəzərə
almışdı. Əsərin maraqlı sürətlərindən
biri, öncələr Şiraz
hakimi, daha sonra isə Səfəvi şahı Kor Məhəmməd Xudabəndədir. Əsərdə
o, “gözü pis görən, xəstə, əzgin, öz hayında olan, öz halına yanan” bir insan kimi
təsvir olunur. Onu
hakimiyyətdən, eyş-işrətdən daha
çox dərman və süd
içmək, musiqi dinləmək
maraqlandırır. “Arvad əlində
girinc qalan bu bivec” bütün
hakimiyyəti arvadına verib ara-sıra onun hesabatını dinləməyi yetərli
sayırdı. I Təhmasib hələ öz
sağlığında onu “evdə
arvadı ilə bacara bilməyən maymaq” adlandırmışdı. Pərixan xanım
surətinə fikir verək. Əsərdə
o, hər hansı bir
qızılbaş əmirindən daha güclü, daha
çılğın təsvir olunur. O, çox təəssübkeşdir. Gürcü qızından olan
qardaşı Heydər Mirzə və arvadı fars qızı olan Məhəmməd
Xudabəndənin hakimiyyətə gəlişini istəmir. Amma İsmayıl Mirzənin,
çılğın və “dəli” olmasına baxmayaraq onun anası türk qızıdır. Ona
görə də İsmayılı Qəhqəhə
qalasından azad edib
hakimiyyətə gətirir. Onun
ölümündən sonra isə hakimiyyəti
öz əlinə alır. Lakin orta əsrlərin
amansız qanunları qadının şah
olmasına imkan vermir.
Məhz buna görə də
qızılbaşlar ondan üz
döndərib Məhəmməd Xudabəndənin tərəfinə
keçdilər. Sonucda o
təkləndi və Mədhi Ülya tərəfindən
məhv edildi. Bu
inadcıl qız atasının sağlığında bütün dövlət məsələlərində
yaxından iştirak edirdi
və I Təhmasib onu hakimiyyətə hər
üç oğlundan
daha layiq bilib, “kaş Pərixan oğlan olaydı” demişdi.
Ağa Dərviş Pərixan
xanımı təhlükədən xəbərdar edib onu bu
işlərdən çəkindirsə də bu
inadcıl qız nəinki təhlükədən yan keçir, əksinə,
təhlükənin üzərinə yeriyir.
Müəllif onu hökmlü,
çətin durumdan baş
çıxarmağı bacaran bir qadın kimi səciyyələndirir.
Lakin qeyd etdyimiz kimi
yaşadığı dövr ona öz ideyalarını
həyata keçirməyə heç bir şans vermir.
Səfəvi şahları şah olmaqdan başqa həm də
dövlətin ruhani
başçıları idi. Və onlar sufi dərvişlərin
ən yüksək rütbəsi olan
Şeyxəvənddən daha üstün idilər. Qızılbaşlara
görə Səfəvi şahlarında bir
müqəddəslik vardı və onlara
qarşı çıxmaq hər iki dünyada məhv olmaq demək
idi. Məhz bu səbəbdən
də Pərixan xanım “qadınların ümidünə qalan bu xanədandan” heç bir dəstək ala bilmədi. Cadugər isə manqurtlaşan,
öz sahibəsinin əmrlərini
danışıqsız yerinə yetirən, heyvani
bir şəhvətlə Xeyrənisə
xanıma bağlanan və bu
həyatı cadu etməkdə və Xeyrənisə
xanımın yatağında görür.
Elə bu heyvani şəhvətdən
qopan qısqanclıqla da
öncə xanımı, daha sonra isə özünü
həlak edir. Romanı oxuyub bitirdim. İndi mən qəti əminəm ki, Yunus Oğuz
Səfəvilər dövrü tarixini həmin dövrü
araşdıran ixtisaslı bir
tarixçidən daha mükəmməl bilir. “Şah arvadı və
cadugər” romanı ilə müəllif göstərdi ki, o, Səfəvi tarixinə
təkcə xronoloyi baxımdan deyil, qızılbaş şahların daxili saray həyatına qədər
bələddir. Gənc bir
araşdırmaçı olaraq o əsəri əsl bədii əsər hesab edirəm. Əsər bir
anlıq da olsa oxucunu heç zaman görmədiyi, təsəvvür belə
etmədiyi yad bir aləmə
aparır, ona ətrafı unutdurur.
“Şah arvadı və cadugər” də məhz
belə bir əsərdir. Bundan öncəki əsərlərə nisbətən
burada təbiət təsvirləri daha güclüdür, bənzətmələr
daha maraqlıdır. Məsələn: “Xəfif
küləyin ətrafa səpdiyi qar tozanağı
ulduzlar kimi
sayrışırdı”.
Yunus Oğuz bütün ürəyi, bütün
varlığı ilə bu xalqa, bu torpağa
bağlıdır. Elə bu torpağa bağlı olduğu
üçün də bu
xalq üçün,
bu torpaq üçün çox
gərəkli işlər görür.
Əli bəy Hüseynzadə yazırdı: “Topu
yerə atırsan, o, torpağa
dəyir, sonra yüksəyə
qalxır”. Belə bir qənaətdəyəm
ki, doğma
torpağına ürəkdən bağlı olmayan
bir qələm sahibi bu qədər dəyərli əsər yarada bilməz. Sayğıdəyər alimimiz Nizami Cəfərov
“Şah arvadı və cadugər”i ədəbiyyatımıza
şöhrət gətirə bilən bir
əsər” adlandırmaqda tamamilə haqlıdır.
Bizi daha bir
maraqlı əsərlə sevindirən sevimli
yazarımıza oxucu
şükranlığımızı yetiririk.
Yeqzar Cəfərli
Olaylar.-
2013.- 23-25 noyabr.- S.9.