Öz qədrini bilənin qədrini bilərlər!
İnsan
kompleks varlıq olduğu üçün özünü
“biz” hesab edə bilər
Qədir
anlayışı heç də hamı tərəfindən
eyni cür və birmənalı qarşılanmır. Bəziləri
bunu bir elə vecinə almır, daha çoxları isə
bunu gülünc vəziyyətlə
qarışdırır və ya xurafat hesab edir. Amma
etdiyi yaxşılıqların əvəzi ilə
qarşılaşmayan, zəhməti dəyərləndirilməyən,
nankorluq və xəyanət görən bir çox insanlar da
var ki, dərin təəssüf hissi keçirdir və qədr-qiymətinin
olmadığından gileylənirlər. Qədir
anlayışı bəxt-taleyin
müəyyən tərkib hissəsi sayıla bilər,
amma qədir həm də
insanın özündən asılıdır və onu hər
kəsin özünün formalaşdırması tam
mümkündür. Qədri-qiyməti olsun deyə
başqalarına ağıllı yardım, mənalı
köməklik göstərmək, ictimai faydalı müdafiə,
mənfəətsiz yaxşılıq və qədərində
olan ianə vermək sonradan peşimançılıq etməmək
üçün qismən münasib sayıla bilər.
Lakin qədrsiz vəziyyətdən
tam sığortalanmaq da mümkündür.
“Qədər” bizdə miqdar anlayışını
verirsə də, osmanlı türkcəsində “taleh” deməkdir
və “qədir” sözünü xatırladır. Bu mənada
“taleh” anlayışını “qədir”dən tamam
uzaqlaşdırmaq düzgün olmazdı. “Qədir”
anlayışı həm də Ramazan ayının ən
şərafətli Qədr gecəsinin Allah yanında yüksək
qiymətinə işarədir. Həmin dəyərli gecədə
Allah –təala Cəbrayıl əleyhüssəlamın vasitəsilə
özünə elçi seçdiyi Məhəmməd ibn
Abdullahın qəlbinə müqəddəs Qurani-Kərimi
saldı və İslam dinin təməlini qoydu. “Qədr Xum” çölündə
isə İslam peyğəmbəri sonuncu həcc ziyarətindən
geri dönərkən dayandı və məhz burada
özünün vəsiyyətini etdi. Bu məqamlara nəzərən “Qədr”
anlayışı həm də müqəddəslik xarakterini
daşıyır. Elə isə qədirli adamın üzərində
Allahın nəzərlərinin daha çox olduğunu iddia
etməyə dəyər. Lakin yenə də insanın
özü üçün qalan çox məqamlar var. Hətta
Allahın dərk olunması da
insanın özündən asılıdır. Yalnız
Peyğəmbərlik və İmamlıq İlahi seçimlədir,
qalan bütün məziyyətlər insanın öz əlindədir;
insan şərafətli də ola bilər, alim də,
müdrik də, ziyalı da, xoşbəxt də, bədbəxt
də, qədirli də, qədirsiz də. Bəxti
açıq-aşkar qara gətirən adam bu uğursuluğa
bənd olub qalarsa, faciəyə təslim olarsa,
ağlayıb-sızlamaqdan durmazsa, onun bəxtsizliyi, kədəri,
faciəsi daha güclü təsir
və daha uzun müddət davam edəcək. Allah hərəkət
edənə bərəkət verir. İnsanın qədrli-qiymətli
olması onun özünün özünə verdiyi dəyərdən
başlanır. Təbii ki, bu dəyər insanın fiziki
varlığına, maddi mövcudluğuna aid olduqda təkəbbür
xarakteri daşıyacaq. Amma bu şəxsi dəyər insanın bütünlüklə
varlığına şamil edildikdə ciddi
qarşılanmalıdır. Ən azından içində
İlahi nurun zərrəsini qoruyub saxlaması səbəbindən
insanın kimsəni, eləcə də özünü
küçümsəməyə və alçaltmağa
ixtiyarı yoxdur. İnsan varlığı isə kompleks
şəkildə bir neçə məvhumdan ibarətdir. Bu səbəbdən
də insanın danışarkən “mən” yox, “biz” ifadəsindən
istifadə etməsi daha səmimi səslənir. Hətta Allah
da özünü “Biz” ifadəsi ilə tanıdır. Bu
heç də onun tək olmadığına işarə
deyil, bu ifadə onun kompleks böyük bir varlıq
olduğuna işarədir. İnsanın özünə
verdiyi dəyər öz içindən başlanır.
Müdrik insan özünün təkcə fiziki deyil, həm
də astral varlıq olduğunu anlayır, astral
varlığını daha düzgün yaşamağa
çalışır. Əslində o özünün fiziki
varlığını mənəvi cəhətdən
düzgün yaşadıqda, astral varlığı da
güclənir, o müsbət yüklü əməllər
sahibinə (əməli-saleh) çevrilir. Qeyd edək ki, həyatda
heç nə itmədiyi kimi, deyilmiş sözün,
düşünülmüş fikrin, edilmiş əməllərin
enerji yükü də itmir. Bunun bir qismi konkret əməllərə
hopursa, digər bir qismi də insanın ətrafında qalaraq
bioloji enerji qatı yaradır. Bu enerji müsbət
yüklü olduqda bədənin ətrafında
gümüşü zərrin halə formasına
düşür. Müsbət enerji qatı güclü olduqda
insanın yaxşılıqları yaxşılıq cəlb
edir, zəif olduqda və ya
qaranlığa büründükdə isə
özünə yalnız pisliklər çəkir. Qeyd
etdiyimiz kimi, astral varlıq
anadangəlmə olaraq mənfi yüklü də,
müsbət yüklü ola bilər. İnsan bunu
özünün yaxşı və ya pis əməlləri ilə
dəyişməyə, artırmağa qadirdir. Amma bundan
ötrü o əvəlcə özünü kompleks şəklində
dərk etməlidir. Təəssüf ki, bir çox insanlar nəinki
başqalarını, heç özü özünü də
dərk etmir. Bu dünyaya haradan gəlib, ona bu hərəkət,
düşüncə haradan verilib? O niyə körpəlikdən
böyəlir, yaşlanır, qocalır, ölür?.. Ona
canı-ruhu kim verib, niyə verib? Özünün daxili və
xarici orqanlarının funksiyaları nəyə və necə
xidmət edir? Zəka, təfəkkür və təxəyyül
nə deməkdir? Onu necə zənginləşdirmək olar?
Doğru və yalan, düz və əyri, günah və savab
necə başa düşülməlidir? İnsanın fərdi
və ictimai funksiyaları necə olmalıdır? Şəxsi
və ictimai münasibətlər necə tənzimlənməlidir?
Bu suaların cavabı məlum olduğu halda kimsə o
insanın haqqını mənimsəyə, hüququnu
tapdalaya, kimsə onun xidmətini kiçildə, etdiyi xidməti
yanlış qəbul edə və
yaxşılığın müqabilində ona pisliklərlə
cavab verə bilməyəcək. İnsan öz şəxsində
yuxarıdakı suallara müsbət cavab verə bilərsə,
qədri də olacaq, qiyməti də. Göründüyü
kimi, bu heç də sadə proses deyil. Bu tələblərə
cavab verməyəcəksə, heç evdə-ailədə,
arvad-uşaq yanında da şəxsin qədri olmayacaq.
Düşünək ki, insanın özünü
düzgün dəyərləndirməsi, yəni öz qədrini
bilməsi üçün özünü hamıdan daha
yaxşı tanıması vacibdir. Sorğu keçirilərsə 100 adamdan heç 90-ı
özünü nə fiziki, nə psixoloji, nə mənəvi,
nə də astral cəhətdən tanımayacaq. Bu bir qədər
inandırıcı səslənməsə də, təəssüf
ki, belədir. Daha asan və gözlə görünən,
rahatca dərk edilə bilən fiziki varlıqdan başlayaq.
Özünün anatomik qurluşu, bütün orqanların dəqiq
funksiyaları və onların idarə edilməsi hər adama məlumdurmu? Şəxsin
gigiyenik qorunması, psixoloji mühafizəsi və dəqiq mənəvi
səviyyəsi necə?.. İnsanın acarkən yemək, bədəni
soyuqdan üşüyərkən geyinmək, isti olarkən sərinlənmək,
xoşalanarkən sevmək, nəsə almaq naminə pul
qazanmaq, yorularkən yatmaq və digər fiziki
ehtiyaclarını ödəməli
olduğunu dərk eləməsi 100-ün 1-ə nicbəti qədər
kiçikdir və bu kimi tələbatları yerinə yetirməkdən
ötrü şüura çox da ehtiyac qalmır və bunu
hansısa formalarda şüursuz heyvan da icra edə bilir.
İnsan özünü psixoloji və astroloji cəhətdən
də yaxşı tanımalı, hansı məqamda necə
addım ata biləcəyini qabaqcadan bilərək
uğursuzluqdan sığortalanmalı, uğura doğru
özü addımlar atmalıdır. Ətrafımızda beləsi
neçə nəfərdir? Mənəvi cəhətdən
kamilləşməyən insanın mükəmməl
yaxşılıqlar törədəcəyi təsadüflərə
möhtacdır. İnsanın həm də bir bio-enerji məfhumu
olduğunu da anlaması lazımdır. Bir daha qeyd edirik ki, hər
bir insan özünün əməllərinə uyğun
olaraq öz ətrafında
bio-enerji yükü yaradır.Onun əməlləri ümumbəşəri
normalara müvafiq olaraq müsbət
xarakterli olduqda bu əməlin enerji yükü tam ixrac olunmur,
şəxsin öz ətrafında da cəm olaraq qalır.
Yanan şam ətrafa işıq salmaqla yanaşı yanaraq öz ətrafında mavi halə
yaradır. İnsanın astral enerji sahəsi də onun ətrafında
bu cür halı formalaşdırır. Sadəcə, onu
fiziki gözlə görmək mümkün deyil. Bundan
ötrü insanın həm də bəsirət gözü
açıq olmalıdır. Öz bədəninin astral mahiyyətini
dərk edən və buna vaqif olan insanın astral gözü-
bəsirət gözü də açıq olacaqdır. Bu
cür insanlar qarşılaşdıqları digər
insanların ətrafında mövcud olan bio-enerjinin rənginə
və gücünə nəzərən onun mənəvi cəhətdən
kimliyini dəqiq müəyyən edə bilər. Müsbət
xarakteri zəif olan və ya pisliklər məcmuusu sayılan
insanların ətrafında mənfi yüklü, qara enerji
qatı yaranır və bu sıxlaşır. Bəzən əməlində
olmasa da xislətində xəbislik və müxtəlif
cür yamanlıqlar olan insanla qarşılaşarkən insan
özünü çox pis hiss edir. Bu onun ətrafındakı
mənfi enerjinin güclü təsirinə görədir. Beləsi
ilə hər dəfə qarşılaşdıqdan sonra
işləri düz gətirməyən insanlar onun
üzünün pis olması qənaətinə gəlirlər.
Bu heç də xurafat deyil. Sadəcə, mənfi
yüklü insanla qarşılaşdıqda onun sənin
müsbət və ya mənfi yükündən daha
güclü olan mənfi enerjisi sənə pis təsir edə,
müsbət enerjini azalda, sarsıda, hətta tamam məhv edə
bilir. Ətrafında mənfi enerji yükü artdıqda
insanın uğur dalıyca getməsi nəticəsiz qalır
və ya çox pis nəticələnir. Həyat yaşamaq təkcə
maddı təminatların ödənilməsindən ibarət
deyil. İnsan fiziki olmaqla yanaşı həm də mənəvi
varlıqdır. Onun bu mənəvi varlığı isə
fiziki dünya ilə paralel mövcud olan astral dünyaya bağlıdır.
Ətrafımızdakı insanlara nəzər saldıqda
onların çoxunun maddı mövcudluq uğrunda mücadilə
apardığının şahidi oluruq. Maddiyat isə
insanı hər cür yamanlığa məcbur edə bilir.
Qeyd edək ki, mənəvi cəhətdən kamil olan insanların
ciddi və maddi problemləri olmur. Məhz mənəvi kamillik
səbəbindən insanın bioloji varlığının ətrafında
artan, güclənən, böyələn astral nur haləsi
daha güclü təsirə malik olur. Bu isə insanın
yönəldiyi bütün istiqamətlərə nur
salması, oranı işıqlandırması deməkdir.
Əsil nurlu, ziyalı sayılmaq da budur. Əməlləri
işıqlı, nurlu olan insanların özünə
qayıdan cavab əməllər və ümumiyyətlə, hər
hansı bir qismət də bu nurun içərisindən
keçməyə və deməli işıqlanmağa məhkumdur.
Bu halda onun bütün arzuları
əlbəttə gerçəkləşəcəkdir.
İnsan yaşadığı dövrdən, zamandan,
formasiyadan asılı olmayaraq, öz
varlığını kompleks halda dərk və hiss
etdikdə, doğru olanı
yaşadıqda, problemləri asanlıqla həll
olunacaqdır. Bu olmadıqda isə aurası qaranlıq olan
insanların çoxluq təşkil etdiyi cəmiyyətlər
tez-tez çalxalanacaq, inqilablarla, qiyamlar, çevrilişlərlə
zənginləşəcək, lakin problemlər yeni forma alsa
da, tükənməyəcək, bitməyəcək. Sosial təminatları
daha yaxşı ödənilən sovet adamı
axtardığını düzgün müəyyən edərdisə,
sosializmin devrilməsinə əsla çalışmazdı.
Amma o nə istədiyini, nə axtardığını dəqiq
bilmirdi. Sadəcə, daha mükəmməlini görə və
yarada bilməməsi, kommunizmin qurulmasının mümkün
olmadığı səbəbindən və on illiklər boyu
yamanladığı kapitalizmə olan maraq səbəbindən
kapitalizmə düşdülər. İndi isə bir
çox insanlar iyrənc, zalım və vəhşi
kapitalizmin caynaqları içərisində ikən sosializmə
nastolji hisslər keçirdirlər. Yenə də varlıq
etıbarı ilə kompleks halında nə istədikləri
məlum deyil. Sovet adamının digər insani tələblərinin
ödənilməsinə şərait mövcud deyildi. Dini, fəlsəfi
inanclar, yaradıcılıq imkanları da məhdud idi.
İndi mənəvi cəhətdən azad hesab olunan cəmiyyətimizdə
bəs nə üçün insanlar anlaşılmaz vəhşiliklər,
qəddarlıq və amansızlıq törədirlər? Etiraf edək ki, indi ateizmin
tüğyan etdiyi sovet rejimindən daha betər kafirlik peyda
olub! Heç bir sağlam məntiqə sığmayan
inkarçılıq və təftişçilik də
anlaşılmazdır. Çünki böyük çoxluq əslində
nə istədiyini bilmir. Özünü yaxşı
tanıyan insan təbii ki, birinci olaraq öz Allahını
tanıyacaq. Yuxarıda qeyd olunan suallara cavab verməyən insan isə
heç şeytana da düz-əməlli itaət və ibadət
edə bilməyəcək.
İnsanın özünü mənəvi cəhətdən
dərk etməsi üçün isə onun dini həqiqətlərə vaqif
olması gərəkir. Dini həqiqətlər insanı
yaxşılıqlara təhrik edir və deməli, onun astral
mövcudluğunu müsbət enerji ilə gücləndirir.
İmanı kamil olan insanın
təmizliyi ucbatından bəzən çaşması,
səhf buraxması mümkün olursa da, yamanlıqlar törətmə
və yamanlıqlar görmə ehtimalı az olur. Təəssüflər
olsun ki, “hırnan-zırın fərqini” belə anlamayan bir
çox kütbeyinlər sosial şəbəkələrdə
səninlə uzun-uzadı mübahisə edir, dinin, xüsusən
də İslamın gerilik mənbəyi
olduğunu isbata yetirməyə çalışır.
Qarşısına min bir arqument qoyursan, amma o mənəvi cəhətdən
kor olduğu üçün öz tutduğunu buraxmır ki,
buraxmır. O özünün nə istədiyini bilirmi? Hətta
rifah halı çox yüksək olan insan da bəzən müxalifətdən
daha betər od püskürür. O da əslində nə istədiyini anlamır. Beləsinin etdiyi
hansısa yaxşı əməl onun mənəvi
balansına daxil olarkən əvvəllər törətmiş
olduğu digər cahil, kafir, naqis və günah əməllərin
müqabilində toplanmış mənfi yükə
üstün gələ bilmir. Enerji balansında
üstünlük müsbət
enerji xarakterli olmadıqda bəzi yaxşı əməllərin
yaxşılıq cazibəsinin olmayacağı, əvəzsiz,
yəni bu əməlinin qədirsiz
qalacağı labüddür. Bu halda insanın qədrinin
olmadığından gileylənməsinə haqqı
çatırmı? Özünü kompleks şəkildə
dərk etməyən kəs özünü tanıya bilməz.
Tanımadığı üçün öz içində
İlahinin Nur zərrəsi olan canı-ruhu da tanıması və
onunla canlı münasibət qurması mümkün deyil. Bu
olmadıqda özünü
kompleks şəkildə necə sevəcək, necə
düzgün dəyərləndirəcək, öz qədrini
necə biləcək? Öz qədrini
bilməyənin başqaları da qədrini bilməz.
Hafiz Mirzə
www.hafizmirza.com
Olaylar.-
2013.- 26 noyabr.- S.12.