Uğurlu inkişaf yolunda olan Azərbaycan diasporu

 

XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, II Dünya Müharibəsi və əsrin sonlarında müstəqil Azərbaycan Respublikasının yaranması ictimai-siyasi prosesləri daha da gücləndirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli Heydər Əliyev Azərbaycanın üzləşdiyi bəlalardan onu xilas etmək missiyası ilə bərabər illərdən bəri Vətəndən kənarda məskunlaşmağa məcbur olan soydaşlarımızın təşkilatlanmaq arzusunu da gerçəkləşdirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində olarkən Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik və birlik gününün qeyd olunması məqsədi ilə 16 dekabr 1991-ci il tarixdə əhəmiyyətli qərar qəbul edildi. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin 10-cu ildönümü günlərində, 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayını təşkil etməklə bütün türk dünyasının arzularını həyata keçirdi.

Həmin qurultayda milli mənəvi dəyərlərin qorunub saxlanması üçün başlıca amil olan azərbaycançılıq ideyasını gücləndirmək əsas məsələ kimi qarşıya qoyuldu. Eyni zamanda bildirildi ki, azərbaycanlıların vətəndaşlığını qəbul etdikləri ölkələrin iqtisadi, siyasi həyatında fəal iştirak etmələri, siyasi partiyalarda təmsil olunmaları, qanunvericilik orqanlarında çalışmaları Azərbaycanın dünya birliyində tanınmasına imkanları artıran başlıca məsələdir. Bu isə hər bir soydaşımızın əsas vəzifəsi olmalıdır. Çünki Dağlıq Qarabağ kimi qlobal münaqişəyə cəlb olunan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu məsələyə diqqət yetirilməlidir. Qurultayda Heydər Əliyevin nitqində belə bir fikir səsləndirildi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... Ona görə də mən arzu edirəm ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy bir-birlərinə dayaq olsunlar, bir-birlərinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər.

Qurultaydan sonra bu məqsədə çatmaq üçün dünya azərbaycanlılarının həmrəyliyinin genişləndirilməsi, inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaradılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qarşıya qoyuldu. Bu sahədə məqsədyönlü, böyük əhəmiyyətli iş aparılması üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Həmin komitənin yaxından iştirakı və təşkilatçılığı ilə qısa zamanda soydaşlarımızın ən çox məskunlaşdığı ölkələrdə azərbaycanlıların icmaları, mədəniyyət ocaqları, dərnəkləri yaradıldı. Diaspor təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsinə başlandı.

Dünya azərbaycanlılarının təşkilatlanması, milli həmrəyliyin möhkəmlənməsi ulu öndər Heydər Əliyev tərəfindən başlandısa, soydaşlarımızın təşkilatlanmasının keyfiyyətcə yeni mərhələ üzrə inkişafı, diaspor fəaliyyətinin əsas prinsipləri strateci məqsədlərdən biri kimi qarşıya qoyuldu. Bu ideyaların zərurəti nəzərə alınaraq 2003-cü ilin aprelində Almaniyanın Maynts şəhərində Dünya Azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirildi, problemlər təhlil olundu.

2006-cı il, mart ayının 16-da keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında  çıxış edən Prezident İlham Əliyev I Qurultaydan ötən müddət ərzində görülən işləri Azərbaycan icmalarının formalaşması istiqamətində mühüm mərhələ adlandırdı, perspektivləri bu sözləri ilə müəyyənləşdirdi: "Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək."

Türkiyə ilə dostluğumuza böyük önəm verən, "biz bir millət, iki dövlətik" söyləyən ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirir ki, bir millətin iki diasporu ola bilməz. Buna görə də Türkiyə-Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti əsas vəzifədir. Bu birliyə böyük əhəmiyyət verən, diaspor hərəkatının inkişafının yeni istiqamətlərini müəyyənləşdirən möhtərəm Prezidentimiz İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının VIII Zirvə görüşündə vurğuladı ki, birgə fəaliyyətimiz bölgəni inkişaf etdirmək, sülhün, təhlükəsizliyin, sabitliyin tam şəkildə bərqərar olması üçün böyük əhəmiyyət kəsb edir.

Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda isə cənab İlham Əliyev qeyd etmişdir ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın fəallığı bizi çox sevindirir. "Azərbaycanlılar yaşayan bütün xarici ölkələrdə təşkilatlanma prosesi gedir və bu gün Azərbaycan diaspor təşkilatları artıq böyük gücdür. Bu fəaliyyətin daha da canlanması üçün onlara dəstək göstərilməsi daimi proses kimi diqqətdə saxlanmalıdır".

Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanması üçün ideoloci bazanın yaradılması başlıca amil hesab edilirdi. Prezidentimiz, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri İlham Əliyevin tövsiyələri dünyanın siyasi reallıqlarını nəzərə alaraq diaspor quruculuğunu müasir tələblər səviyyəsinə qaldırmaq baxımından proqram sənədi oldu. İcmalar arasında əlaqələri daha da genişləndirmək, onların Vətənə bağlılığını artırmaq, xaricdə yaşayan azərbaycanlılar arasında mənəvi-psixoloci, siyasi-ideoloci əlaqələri daha da möhkəmləndirmək istiqamətində konseptual qərarlar qəbul olundu, önəmli addımlar atıldı. Azərbaycan və türk icmaları arasında əməkdaşlığın inkişafı, türkdilli xalqların birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərin sayı kimi coğrafiyası da genişləndirildi. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməklə siyasi partiya və təşkilatlarla əlaqələr qurur. Bu tendensiya lobbi quruculuğu istiqamətində də uğurlar əldə etmək üçün zəmin yaradır. Belə ki, dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış siyasət adamları, ictimai xadimlər, ziyalılarla əlaqələrin möhkəmləndirilməsi, Azərbaycana dost münasibət bəsləyən insanlarla əməkdaşlığın genişləndirilməsi, güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Bir sıra ölkələrin siyasi dövlət xadimləri, parlament üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycana gəlib, respublikamızda gedən iqtisadi inkişaf prosesləri, quruculuq işləri ilə yaxından tanış oldular. İndi tam mənada demək olar ki, diaspor hərəkatı davamlı, eyni zamanda dinamik sürətlə inkişaf edir.

Bu gün xarici ölkələrdə yaşayan soydaşlarımızın birliyi naminə həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması yönümündə atılan ən mütərəqqi addımlardır. Arxada qalan illər ərzində diaspor təşkilatları formalaşmış, fəaliyyətləri sürətlənmiş, nüfuzları artmışdır. Dövlət siyasətinin əsas prioritetlərindən olan diaspor işinin təkmilləşdirilməsi 50 milyondan artıq soydaşımızın vahid ideya ətrafında sıx birləşməsi deməkdir. Bakıda Türk dövlət və cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası üzvlərinin iştirakı ilə "Azərbaycan-Şərqin dünyaya açılan qapısı" adlı silsilə tədbirlərin keçirilməsi diasporun inkişafına təkan verən mühüm tarixi hadisələrdir. Təşkilatlanma işinin sistemli fəaliyyətini müəyyənləşdirən "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" sənədi bəşəri və milli-mənəvi ideyalar əsasında hazırlanmışdır. Əsas odur ki, bu sahədəki strategiyamızı düzgün müəyyənləşdirək. Bu yolu bizə Prezidentimiz İlham Əliyev bir daha göstərdi. Müdafiə taktikasını ideoloji hücum taktikası ilə əvəz etməyi tövsiyyə edən cənab İlham Əliyevin diaspor təşkilatlarına göstərdiyi qayğı bu strategiyanın əsas istiqamətlərindən biridir. "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" diaspor təşkilatları üçün proqram sənədi olmaqla soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmlənməsinin yeni mərhələ üzrə davamını aktual məsələ kimi qarşıya qoyur. Eyni zamanda ortaq dil, əlifba, televiziya kanalının yaradılması istiqamətində də birgə fəaliyyətə üstünlük verilir. Azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiya kimi hazırlanan layihələr, həmçinin, soydaşlarımızın məskunlaşdıqları ölkələrdə hüquq və azadlıqlarının yerli qanunvericilik, xüsusilə beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin prinsip və mexanizmlərini müəyyənləşdirəcək. Azəbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği metodologiyasını müəyyən etmək də Xartiyanın məqsədləri sırasına daxildir. Həmrəylik Xartiyası xarici ölkələrdə yaşayan həmvətənlərimizin Azərbaycan dövlətçiliyi və Vətənin milli maraqları ətrafında daha sıx birliyinə nail olunmasını, diasporumuzun digər xalqların diasporları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsini, gələcəkdə güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün real zəminin yaradılmasını tənzimləyəcək.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar yeni əsrdə ümummilli ideallar əsasında mütəşəkkil bir xalq kimi birləşmək imkanı qazanmışlar. Son illər ərzində Azərbaycan dövlətinin xaricdəki soydaşlarımızla yaratdığı əlaqələr öz bəhrəsini verir, təşkilati və ideoloci sahədə böyük uğurlar qazanılır. Bizim yaşadığımız günlərdə dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi özlərinə lider, ümid yeri və mənəvi dayaq bilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 11 oktyabr.- S.15.