Ana dilimizi qoruyaq

 

Son illər dövlət dili olan Azərbaycan dilinin qorunması istiqamətində bir sıra addımlar atılıb. Qanunlar qərarlar qəbul olunub. Bununla belə yenə paytaxt Bakının küçə meydanlarında, kafe-restoranlarında, iaşə müəssisələrində  dövlət dilinin qayda normalarının pozulması, ana dilinə hörmətsizlik hallarına rast gəlinir.

Azərbaycana müstəqillik qazandırmış Milli Azadlıq Hərəkatının güclü zamanlarında media, ictimai sektor bu sahəyə güclü nəzarət edirdi. Uzun illər imperiya dilində danışmağa vadar olmuş insanlar ana dilinə təşnə idi. Hamı doğma türkçədə danışmaq istəyirdi. Düşünürdük ki, zaman keçdikcə ana dilinə hörmət məhəbbət artacaq, Azərbaycan dili bütün sahələrdə hökmranlığı ələ alacaq. Amma zənnimizdə yanıldıq. 20 ildir müstəqilik, amma yenə   bəzi soydaşlarımız ana dilimizə sayğısızlıq göstərir. Ayrı-ayrı vətəndaşların laqeydliyi haradasa başa düşülür. Dövlət qurumlarının, rəsmi idarələrin laqeydliyi dözülməzdir. Dövlət idarəsi var ki, qəbzlər rusça verilir. Qəbz sözünün özü rusca (çek) yazılır. Dövlət dilinin qayda normalarının pozulması daha çox nəqliyyat sektorunda üzə çıxır. Böyük terminallar var ki, elanlar rusça yazılır. Düzdür, ölkəyə gələn əcnəbilərin əksəriyyəti  Azərbaycan dilini bilmir, amma bu ona əsas vermir ki, dövlət dilinə sayğısızlıq göstərilsin. İri reklam şitləri, elan bildirişlər Azərbaycan dilində yazılmalı, yalnız mətnin altında xırda şriftlərlə rus ya ingilis dillərində tərcüməsi verilməlidir.

  Dövlət dilinə sayğısızlıq iri Ticarət Mərkəzlərində müşahidə olunur. AvtomobilindənBinəTicarət Mərkəzinə düşən rayon adamı özünü Rusiyanın hansısa şəhərində hiss edə bilər. Çünki iri reklam şitlərinin əksəriyyəti rusça yazılıb. Düzdür, buranın müştəriləri əsasən Dağıstandan, Pyatiqorskdan gəlmiş rusdilli insanlardır. Amma bu, iri adamlarına əsas vermir ki, ana dilinə sayğısızlıq etsinlər.

  Dövlət ana dilinin qorunması üçün lazımi addımları atır, qalır vətəndaşların milli təəssübkeşliyi. Unutmayaq ki, müstəqil dövlətin varlığı hələ hər şey demək deyil. Ana dilini qorumasaq, əcnəbi dillərə möhtac olacağıq. O qədər müstəqil dövlət var ki, dövlət dili əcnəbi dildir. Ö dilini yaşada, inkişaf etdirə bilmir. Unutmayaq ki, xalqımızın Güneydə yaşayan 35 milyonu ana dilində təhsil ala bilmir. Müstəqillik bizə sanki Tanrının verdiyi nemətdir. Müstəqil dövlət milli təhlükəsziliyin qarantı olduğu kimi, ana dilinin qarantı olmalıdır. Çünki bir milləti yaşadan onun dilidir.

  Yazarlar, publisistlər, jurnalistlər sayıq olmalı, ana dilinin qorunmasına öz töhfəsini verməlidirlər. Bəzən sensasiya ardınca qaçan xəbər saytları hamıdan irəli düşmək üçün Azərbaycan dilinin qaydalarını kobud şəkildə pozur, küçə jarqonlarına, vulqarizmə yol verirlər. Bu kimi hallardan qaçmaq lazımdır.

Silahlı Qüvvələrimiz NATO sisteminə keçəndən sonra hərbi terminlərimiz xeyli dəyişib, təkmilləşib. Amma təəssüf ki, bu gün bəzi zabitlər rusça əmrlər verir, rus hərbi terminlərindən yaralanırlar. Bunun qarşısı alınmalıdır. Avtomobil-təmir, tikinti, biznes sektorlarında bəzi rus terminləri hələ ana dilində söz terminlərlə əvəz olunmayıb. Razılaşmaq olar ki, bu sahələrdə elə söz terminlər var ki, Azərbaycan dilində qarşılığı yoxdur. Amma vəziyyət belə qalmamalıdır. Sözügedən sahələr üzrə ana dilli terminlər yaradılmalıdır.

 

Ərhun Abbas

 

Olaylar.- 2013.- 11 oktyabr.- S.10.