Min bir dərdin dərmanı – BAL!

 

Lənkəranda arıçı Adil Məmmədovu bu sahənin professoru adlandırırlar

 

 “Bal tutan barmaq yalayar”

 

Atalar təbiətin ən dadlı neməti olan bal haqqında ibrətamiz çox sözlər deyiblər. Şirinliyin etalonu “bal kimi” ifadəsidir. İnsan üçün ən əziz olan övlada məhəbbət də bal sözü ilə sinonim təşkil edir və “bala” sözü yaranır.   Bal tutan barmaq yalayar” deyiblər. Amma hər adam da bal tuta bilməz. Çünki arıçılıqla məşğul olmaq, çox çətin, qəliz, çox incə, əzab-əziyyətli, həm də çox şərəfli bir işdir. Təbiətdə bir neçə həşarat var ki, onu İlahinin möcüzəsi adlandırırlar. Və onlar yüzlərcə həşaratdan, heyvandan, balıqdan, quşdan daha faydalı, həyatı, missiyası daha çox maraqlı, zəngin və düşündürücüdür.

 Mən əvvəllər bu sırada daha öndə zəlinin olduğunu düşünürdüm. Ancaq heç demə təbiətdə insanlıq üçün zəlidən daha faydalı və daha möcüzəli olan bal arısı da imiş! Arıçılıqla məşğuliyyət isə elə arının yaranış missiyasını tamamlamağa bərabərdir. Yəni arıçılıq da elə arı zəhmətidir. Hər dəfə bu barədə söhbət düşərkən mənə Adil Məmmədovun barəsində danışırdılar. Lənkəranda hamı  onu bu sahənin professoru hesab edir. Son günlər yabanı arıların artması və bal yarmarkaları nəhayət ki, Adil kişi ilə görüşmək istəyini gücləndirdi. Lənkəranın  Şovu kəndində yaşadığını dedilər. Onun yaxın qohumu, klub işçisi Balamır Yəhyayevin bələdçiliyi ilə Şovuya yollandıq. Talış dağlarını, meşələrini, düzlərini, bulaqlarını görən rəssam üçün İlahi Cənnət məkanı tabloda təcvir etmək çətin olmaz. Şovu kəndinin eləcə cənnət guşəsi olduğunu qeyd etsəm yanılmaram. Burada təkcə yaşıllığın deyil, sükutun da öz romantikası var. Ciyər dolusu nəfəs almaq üçün çiyinlərini qaldırmağa dəymir. Adil kişi yaşayış üçün yer seçimində əsla yanılmayıb. Həyət –bacada müxtəlif meyvə ağacları hələ də bar üstündə idi. Dağ kəndi üçün spesifik olmayan yaraşıqlı, qırmızı kirəmidli  evin qarşı həyətində də müxtəlif ağaclar diqqəti cəlb edirdi. Amma həyətin əsas hissəsində arı qutuları düzülmüşdü və həyət-bacaya xüsusi görkəm verən də elə bu qutular idi. Gəlişimiz Adil kişinin xanımının müqəddəs Kərbəla ziyarətindən qayıtdığı günə təsadüf etmişdi. Həyətin təndirxana hissəsində ehsan qazanları tüstülənir, oğul-uşaq, qız-gəlin əl-ayaqda müxtəlif işlər görürdü. Təkcə Kərbəlayi xanımın deyil, onu ziyarətə gələnlərin də üzünə nur qonmuşdu. Adil kişi qıvraq olsa da, müdrik qoca  qədər nurani və xoş təbəssümlü idi. Bir azdan o özünün  həlim xasiyyəti və asta səsi ilə bizi öz cazibəsinin sehrinə  saldı. Əslində o Lerik rayonunun Siyov kəndində doğulub. Orta məktəbi orada bitirib. Ən böyük arzusu həkim olmaq imiş. Amma bir neçə il cəht göstərsə də müsabiqədən keçə bilməyib. Onda Gəncəyə ( o vaxtkı Kirovabad şəhərinə) gedib və orada Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakultəsinə qəbul olunub. Baytarlıq heyvanların sağlamlığı ilə məşğul olan sahədir. Amma buna görə indi əsla təəssüf etmir. Çünki sonra işlədiyi bütün yerlərdə yüzlərcə dilsiz-ağızsız mala-heyvana, quşa həyat verib, yüz minlərlə arını xilas edib,.. İnstitutdan sonra bir müddət Lənkəran  Quşçuluq Fabrikində baş baytar işləyib. Əskəri xidmətdən sonra isə Biləsər kəndindəki Frunze adına sovxozda,  Lənkəran rayonlararası Damazlıq Birliyində baytar-həkim olaraq çalışıb. Adil kişi yenidən Biləsərə qayıdıb və sonra da bir müddət Lerik rayonunun kəndlərində baytar işləyib. O eyni zamanda özünün fərdi təsərrüfatında da çalışır, arıçılıqla məşğul olurdu. Bu sahə onu özünə aludə etmişdi. 1983-cü ildə  Lənkəranda Arıçılıq sovxozu yaradılanda onu baş baytar vəzifəsinə dəvət etdilər. Burada 17 il işlədi. 1985-ci ildə Adili Moskva şəhərinə, Skryabin adına Kənd Təsərrüfatı Akademiyasına təhsil almağa göndərdilər. Akademiyada Adil arıçılığın bir çox sirlərinə yiyələndi. Təcrübəsi və savadı ona elmi iş yazmağa imkan verirdi. Amma gündəlik təsərrüfat qayğıları onu tam məşğul edir, illər isə sürətlə ötürdü. Sovxozda 3500 arı ailəsi yaratmışdı. Hər il 30-40 ton təmiz bal istehsal edirdilər. Lakin 2000-ci ildə bu nadir təsərrüfatı da islahat adı ilə dağıtdılar, arı ailələrini işçilər arasında payladılar. Amma heç də hamı bu sahəni davam etdirə bilmədi. Adil kişi bu arada- eyni zamanda 5 il ərzində 6 saylı Sərhəd Baytarlıq-nəzarəti məntəqəsinin rəisi vəzifəsində də çalışdı. Amma hamı ona bir mahir arıçı kimi daha çox müraciət edirdi. Elə biz onunla söhbət edərkən də tez-tez mobil zənglər olur, arıçılar ona öz problemlərini deyir, məsləhət alırdılar. 2013-cü ilin fevralında Adil kişini 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə çıxartmışdılar. Amma onun xidməti bitməmişdi. Sadəcə, daha əvvəlki iş yerinə getmirdi – xidmət davam edirdi. 65 də bir elə qocalıq yaşı sayılmazdı. Atası İsmayıl müəllim 97 il yaşamışdı, anası isə 89 –cu ilini yaşamaqda idi. Arıçılığın sirlərinə tamam vaqif olmaqdan ötrü təqaüdə çıxmaq da Adil kişi üçün bir fürsət yaradırdı. Söhbət etdikcə onun öz peşəsinin alimi olduğunu görürdük.

 

Arıların həyatını və fəaliyyətini

refleks saymaq çətindir

 

Arılar tarixən təbiətdə ağac koxasında yuva salıblar. Amma bu onlardan məhsuldar bar almağa imkan verməyib. Bir ağac koxası nə qədər arı yuvacığı tutar ki? Ona görə də bal çox az və həddən artıq baha olub. Meşədə ağac koxasından süzülən bal ya meşəbəyinin, ya da buna çox meyilli olan ayıların diqqətini cəlb edərdi. Ayılar qan və bal qoxusunu bir neçə kilometrdən duya bilir. Onların çox möhkəm bədənli, sağlam və güclü olmasının bir sirri də çox güman ki, bal ilə qidalanmağa çox meyl etməsidir. 1930-40-cı illərdə arıçılar arını vəhşi təbiətdən bir qədər ayırmağı qərara aldılar və onlar üçün çubuq və ağac qabıqlarından ayrıca yerdə koğuşlar düzəltdilər. Amma bu da yüksək rentabellik vermədi. Yalnız bundan sonra arılar üçün mədəni yuvalar sayılan qutular düzəldilməyə başlandı. Onun işini asanlaşdırmaq, xəstəlik və qurdlardan qorumaq, düzgün nəzarət etməkdən ötrü qutu çox münasib idi. Sarı mumdan yuvacıqların bünövrəsini lövhə şəklində hazırlayıb bu yuvalara qoymaqla arının işi daha da asanlaşdı və o daha çox bal hazırlaya və bala qoya bildi. Arı öz yuvacıqlarını büsbütün özü və  qarnındakı buğumların arasında yaranan sarı-mumdan götürərək hazırlayırdı. Çox vaxt bu işləri hələ uça bilməyən cavan arılar həyata keçirdir. Çölü-düzü, meşəni gəzib çiçəklərdən şirə toplayan işçi arılar bu şirəni bir-birlərinin ağzına ötürür, mədələrindən keçirdirlər. Bu zaman onların mədəsində fermantativ proseslər gedir. Şirənin artıq bala çevrildiyini hiss edən arı daha onu bir başqa arıya ötürmədən, gətirib bu yuvacıqlara boşaldır ( bir növ qusur).  Sonra işçi arılar bu yuvacıqların qarşısında günlərcə qanad çırpır, yuvacığın içindəki şirəni kürəyərək tərkibindəki suyu qurudurlar. Yuvacıqda xalis, yetişmiş bal  formalaşdıqdan sonra isə onun ağzını əvvəlcə zəhərlə, sonra isə qarın buğumlarından götürərərək sarı mumla bağlayır, bir növ konservləşdirirlər. Arı  insanı çalarkən zəhəri zərərli funksiya daşısa da, revmatizm, artrit, polartrit, venoz genişlənmə zamanı  bədənin həmin yerlərini arıya çaldırmaqla müalicə effekti alınır. Əslində qutuda bir-birindən fərqlənən 3 cür arı fəaliyyət göstərir: ana arı, işçi arı, erkəy arı. Ana arının vəzifəsi  əmcək formalı, bir qədər uzun olan xüsusi yuvacıqlara yumurta qoymaqdır. Gün ərzində ana arı 2500-3000 yumurta qoya bilir. Ana arı yumurta qoyduqdan sonra işçi arılar bu yuvacıqların üstündə 5-6 gün yatır. Bu zaman həm onun nəm və mikrob çəkməsinin, çürüyüb lox olmasının qarşısını alır, həm də onu qidalandırırlar. Yuvacıqlarda yumurtaların xarab olmasını arıçı qutunun ağzını açan kimi üfunətli qoxusundan bilir. Yumurta tam hazır olduqdan sonra işçi arılar bu yuvacığın ağzını bağlayırlar. 21 gündən sonra yuvacıqlardan yeni arılar çıxır. Onlara uçmağı da işçi arılar öyrədir. Digər yuvacıqlar isə bal hazırlanması üçün yaradılır. Erkək arılar ana arıları mayalandırmaq üçündür. İldə bir dəfə, günəşli havada, günorta çağı ana arı bayıra çıxır, bu zaman erkəy arılar onu əhatəyə alaraq, bir növ arı quşunun hücumundan qoruyaraq uçuşurlar. Yüzlərlə arının içərisindən 2-3 arı bu ana arını mayalandırır. Bir dəfə mayalanmaqla ana arı 3 il yumurta qoya bilir. Yuvadakı ana arı yumurta qoymaq keyfiyyətini itirdikdə onu öldürürlər. Yeni ana arı yaratmaq üçün bir sutkalıq arı yumurtasını işçi arılar digərlərindən fərqli olaraq 5-6 gün deyil, 10-12 gün xüsusi qaydada güclü yemləyirlər. 16 günə ana arı yaranır. Bir həftə yuvada qaldıqdan sonra bu ana arı mayalanmaq üçün bayıra çıxır. Hava yağışlı, yüksək rütubətli olduqda ana arı mayalana bilmir, qısır olur. İşçi arılar onu öldürür, yeni ana arı yaratmağa başlayırlar. Bu zaman yuva (ailə) heç də ana arısız qalmır. Təkcə ana arını deyil, erkəy arıları da işçi arılar qidalandırırlar. Lazımı qədər mayalanma prosesi getdikdən sonra onlar erkəy arıları daha qidalandırmır, qovur və ya öldürürlər. Şikəst yaranmış işçi arılardan kəşviyyat işlərində istifadə olunur. Onlar şirəli güllərin yerini öyrənir, qövsvari uçaraq gəlir və xəbər gətirirlər. Bundan sonra işçi arılar onların sanki havada açdıqları izlə şirə olan yerə uçurlar. Arıların uçuş xəttinin altından keçmək də müalicəvi əhəmiyyət kəsb edir. İşçi arılar təkcə şirə deyil, həm də çiçək tozu gətirirlər. Onların aləmində arının yuvaya (ailəyə) “əli boş” qayıtmaları qəbul olunmur, eləsini keşikçilər yuvaya buraxmırlar. Şirə karbohidrat, çiçək tozu isə zülaldır.Bu zülalla həm də yumurtanı qidalandırırlar. Arı çiçək tozunu başı ilə döyəcləyir, bu zaman çıxan süd turşusu ilə zülalı konservləşdirmiş olur. Çiçək tozunda- zülalda 48 makro-mikro elementlər, vitaminlər, hormonlar özünü göstərir. Bu isə balın özündən qat-qat qiymətlidir. Baldan daha qiymətli olan həm də arı südüdür. Arı südü əslində ana arı yetişdirilən yuvacıqdakı arı mayasıdır.Hər yuvada ən çox halda 10-15 ana arı yuvası qurulur. İşçi arıların yumurta qoyduğu yuvalar da olur. Onlardan erkək arılar çıxır. Arı südündən istifadə cinsi fəaliyyəti pozulmuş adamlar üçün daha çox faydalıdır. Ən mahir arıçı buna çalışdığı halda bir arı ailəsindən 20-30 kq bal ala bildiyi halda 10 qramdan artıq “arı südü” əldə edə bilmir.

 

Arıçılığın inkişafı xüsusi

diqqət və qayğı tələb edir

 

Arı balı min bir dərdin dərmanıdır. Qan azlığı, immunitetin artırılması, mədə-bağırsaq, ağciyər və digər xəstəliklər zamanı bal çox faydalıdır. O ən ləziz qida kimi həm də uzunömürlüyə fayda verir, onunla müxtəlif məlhəmlər hazırlanır. Vərəmun adlanan sarı mum daha çox müalicəvi xassəlidir.Bu qədər faydalı arının özünü də qorumaq və müalicə etdirmək lazım gəlir. Arıların saxlanılması üçün yazda braulyoz, akarapidoz parazitylərinə Avropa və Amerika çürümə xəstəliklərinə qarşı xüsusi proflaktik tədbirlər görülməlidir. Əks təqdirdə parazitlər arının qanını sovururlar. Arı yuvacığına gənə də yumurta qoyur, işçi arılar onları da qidalandırdığı üçün 9 günə gənə çıxır və yuvacıqdakı arı yumurtası ilə qidalanır. Arı isə 16 günə çıxır və yeyildiyi üçün onların qanadı olmur. Buna görə yuvalara xüsusi dərman lentləri salınır. Qutulara pensilin, streptometsin, oksi-tetroksilin paraşokları çilədilir. Yapon alimi Nişşi yazır ki, bal böyük klinikadır. Yer üzündə taxıl əkilməsə, əvəzində bal olsa yetər. Dünyada polimorf ( çoxlu bitkilərdən) və monomorf ( bir bitkinin gülündən)  alınma  2 cür bal var. Ölkəmizdə ən faydalı Lerik, Daşkəsən, Balakən, Zaqatala, Kəlbəcər balı, ən keyfiyyətli isə 23 dioqtoza dərəcəsi sayılır. Ağcaqayın, cökə və cır xurma ağacının gülü arılar üçün daha faydalıdır. Lakin indi meşələrimizdə bu ağacların sayı çox azalıb. Adil kişi ölkədə ixtisaslaşmış arıçılıq təsərrüfatlarının olmaması barəsində də ürək ağrısı ilə danışdı. Müəyyən ləvazimatlar, pereparatlar olarsa və dövlət özü bir alıcı kimi çıxış edərsə, arıçılığa maraq daha da artar,  arıçılar indiki kimi ən az 25-30 qutu deyil, 250-300 qutu arı saxlaya bilərlər. Adil kişi uzun xortumlu “qabaqtəpə” arı növünün əhəmiyyətindən, yayılmasından və arıların quş və həşaratlardan qorunması üsulları barədə də çox danışdı. Söhbətimiz bitmək bilmirdi. Məni arıçı olmağa tam hazırlamaq üzrə idi. Diqqət, qayğı, şərait və alıcı bazar olacağı şəraitdə hər kəsin arı saxlamasına dəyərdi. Arı təbiətin möcüzəsi idi. Bu möcüzə hər birimizin həyatında mühüm əhəmiyyət kəsb edə bilərdi. Dərmana veriləsi pulu bala vermək daha faydalı olmazdımı?

 

Hafiz Mirzə

www.hafizmirza.com                     

                         

Olaylar qəzeti.- 2013.- 18 oktyabr.- S.13.