Tarixi şəxsiyyətlərə yanaşmada diqqətli olmalıyıq
Gövhər Baxşəliyeva: “Əcnəbi
müəlliflərin Azərbaycanın tarixi
şəxsiyyətləri haqqında uydurma
faktlarla yazdığı əsərlərin
ölkəmizdə yayılması yolverilməzdir”
Tarix hər bir xalqın mirasıdır. Bu mirasa diqqətlə, vicdanla yanaşmaq millətin borcudur. Tarixi şəxsiyyətlər tarix yaradan insanlardır. Əsrlər əvvəl Vətən üçün mübarizə aparan böyük şəxsiyyətləri bu gün yarğılamaq, tarixi xidmətlərini kölgədə qoymaq xalqın tarixi və mənəvi mirasına ziyan gətirməkdən başqa bir işə yaramır. Mövzu elm adamlarımızı da çox narahat edir. Millət vəkili, AMEA Ziya Bünyatov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər xanım Baxşəliyeva bu məsələyə münasibətini bildirdi.
-Gövhər xanım, tarixdəki roluna görə, bu gün qəhrəman kimi anılan insanlara cəmiyyətdə bəzən ikili fikirlər olur. Sizin bu məsələdə mövqeyinizi öyrənmək istərdik…
-Azərbaycan
xalqının tarixində müstəsna rol
oynamış, milli şüurunu
formalaşdırmış, vahid bir Azərbaycan
dövləti yaratmış, yaxud Azərbaycanın
mədəniyyətinin, ədəbiyyatının, elminin inkişafında müstəsna xidmətləri
olan insanlar var. Azərbaycan xalqının dövlətçiliyinin
yaradılması və inkişafı baxımından, istərsə də
Azərbaycanın vahid bir
sosio-mədəni məkan kimi
formalaşması baxımından bu insanlar Azərbaycan tarixinə
düşüblər. Mənim bu məsələdə
münasibətim birmənalıdır. Bu
şəxsiyyətlər bizim milli iftixarımızdır. Onlara yanaşmada çox ehtiyatlı olmalı, həyat və fəaliyyətlərinin
təhrif olunmasına yol verməməliyik.
Babək Xürrəmini götürək. Babək Xürrəmi Azərbaycan
xalqının azadlıq
mübarizəsi tarixində müstəsna rolu olan tarixi
şəxsiyyətdir. Bu şəxsiyyət
haqqında hətta düşmən ərəb tarixçiləri
qibtə oyadacaq sözlər yazıblar. Orta əsrlərdə ərəblərdə
tarixlə bağlı bütün məqamları
qələmə almaq ənənəsi çox gözəl inkişaf
etmişdi. Onlar bütün hadisələri, onların
iştirakçılarının dediklərini dəqiqliklə
qələmə alırdılar. Ona görə də orta əsr ərəb mənbələrini ən
etibarlı mənbə hesab edirəm.
Ərəb müəllifləri Babək haqqında da yazıblar. 20 il xilafətə
qarşı mübarizə aparan insanı ərəb mənbələri,
təbii ki, düşmən kimi təsvir edirlər. Odur
ki, onun haqqında
müxtəlif uydurmalar da
var. Bir düşmən
obrazı yaratmaq üçün
belə hallar olurdu.
İnsanları düşmənə qarşı mübarizəyə
qaldırmaq üçün onun müəyyən mənfi obrazı
yaradılırdı. Bu məqam əks tərəfə
lazım idi. Amma hətta
Babəkin şücaətinə valeh olan düşmən tarixçisi
belə Babək haqqında doğrunu yazır. Belə ki,
artıq Babəki cəzalandırmaq üçün
Samara şəhərinə gətirirlər.
Meydanda edam
hazırlığı aparılır. Babəkin edamı
başlayır, əvvəl onun əli-qolu
kəsilməlidir, sonra isə
başı. Ayağının birini cəllad
vuranda, Babək əlini uzadıb
qanını götürüb
üzünə yaxır. Bu ərəb
müəllifi tərəfindən qələmə
alınmış dəqiq faktdır. Xəlifə ondan niyə belə elədiyini
soruşmalarını istəyir. Babək, insan
öləndə qan itirmədən sifəti
saralır, düşmənlərimin mənim qorxudan
saraldığımı güman etməsindən
ehtiyat edərək üzümə qan çəkdim, - cavabını verir. Bu sözləri xəlifəyə
çatdıranda o deyir:
“Bu dəyanətə, mərdliyə
görə ona aman
vermək lazımdır, amma, təəssüf ki,
onun günahları çox
böyükdür.
-Birmənalı münasibətə baxmayaraq, Azərbaycanda da bəzən Babək haqqında xoşagəlməz fikirlər səsləndirilir.
- Azərbaycan
tarixşünaslığında Babək birmənalı olaraq böyük bir qəhrəman kimi təsvir
olunur. Həqiqətdə də bu belədir. Amma bəzən,
görürsən ki, hətta Babəkin əzəmətinə
xələl gətirə biləcək uydurmalar
səsləndirilir. Bu birmənalı
şəkildə yolverilməzdir. Durub tarixi
yenidən nəzərdən keçirməyin, azərbaycançılıq
ideologiyasına xidmət etməyən uydurulmuş
faktları çıxarıb oxucuya çatdırmağın nə mənası
var? İkincisi isə,
bu bizim
xalqımızın, xüsusilə də gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyə olunmasına xələl gətirə bilər, şərəfli tarixi keçmişimizlə bağlı
hansısa şübhə oyada bilər Mən bunu bir vətəndaş kimi,
Azərbaycan xalqını sonsuz dərəcədə
sevən, xalqıyla, öz milli mənsubiyyətilə fəxr edən və
xalqımızın qarşısında böyük
bir vəzifənin durduğunu
nəzərə alan bir
insan kimi deyirəm. Biz işğal olunmuş torpaqlarımızı azad etməliyik. Ölkədə hər şey o ali
məqsədə xidmət etməlidir, o
cümlədən də milli ruhun tərbiyəsi. Bütün
xalq bir yumruq kimi bir
ideya ətrafında birləşməli və
torpaqlarımızın bütövlüyünü
təmin etməlidir.
-Gövhər xanım, haqqında mənfi fikirlər səsləndirilən tarixi şəxsiyyətlərimizdən biri də Şah İsmayıl Xətaidir.
-Şah İsmayıla münasibət bizim üçün birmənalı olmalıdır. Mən hətta hər hansı mənbədə Şah İsmayıl haqqında hansısa mənfi fikirlər olubsa da belə onları burada tirajlamağın tərəfdarı deyiləm. Çünki bu fikirlər yad, düşmən ideologiyaya xidmət edən müəlliflər tərəfindən uydurulurdu və onların əsərləri bu gün etibarlı mənbə hesab edilə bilməz. Azərbaycan Səfəvi dövlətinin banisi olması, ilk dəfə Azərbaycan dilini dövlət dili kimi tətbiq edən bir şəxsiyyət olması faktı kifayətdir ki, biz Şah İsmayıl haqqında deyilən mənfi fikirləri yaxına buraxmayaq. Məsələn, düşmən osmanlı müəllifləri Şah İsmayıl və onun Qızılbaş əsgərlərinin insan əti yediyini yazırlar. Halbuki, XVI əsrdə müsəlman olan kəs insan əti yeyə bilməzdi. Belə hal cahiliyyə dövründə, islamdan əvvəl ola bilərdi. O vaxt düşmənin ürəyini çıxarıb yeyirdilər. Amma 16-cı əsrdə bu mümkün deyildi. Şah İsmayılın şeirlərində “Loxmanı çiy yemə, yerinə dişin düşər” şəklində bir misrası var. Belə bir fikir sahibinin haqqında bu cür cəfəngiyyat yazmaq nə qədər inandırıcıdır?
-Bu cür fikirlər haradan qaynaqlanırdı və səbəbi nə idi?
-O zaman
Azərbaycan Səfəvi dövlətinin yaşaması üçün osmanlı ordusu
ilə ölüm-dirim savaşı gedirdi. Hər ikisi türk idi, amma XVI əsrdə etnik birlik məsələsinə bugünkü
nöqteyi-nəzərdən yanaşmırdılar. Onların
hər biri üçün
yalnız öz qurduğu
dövləti qoruyub yaşatmaq
və onun sərhədlərini genişləndirmək
vacib idi.
Odur ki, Osmanlı
tarixçiləri Şah
İsmayılı adam əti yeyən, qəddar,
insanlıqdan kənar bir şəxsiyyət
kimi təsvir edirdilər. Düşmənin
bu cür uydurmalar yaymaqda məqsədi
ordunun ruhunu
qaldırmaq, vəhşi bir düşmənə
qarşı haqq mübarizəsi
aparıldığına inandırmaq idi.
Bu kimi fikirlər hətta
türk yazıçısı Ömər
Seyfəddinin əsərlərində də yer
alıb.
- Azərbaycandan olmayan müəlliflər tərəfindən qeyri-səhih əsərlər yazılır və oxucularımıza təqdim olunur. Bu məsələyə münasibətiniz necədir?
- Bu cür uydurma faktların
bir neçə əsrlər
keçdikdən sonra hansısa
yazıçı tərəfindən qələmə
alınması və Şah
İsmayılı xarakterizə etməsi qətiyyən
yolverilməzdir. Türkiyə yazarları bunu
edirlər. Biz onlara uzaq başı yanıldıqlarını deyə
bilərik. Amma belə əsərləri
Azərbaycanda yaymaq, gənc, tam formalaşmamış beyinlərdə
şübhə toxumu səpmək
yolverilməzdir. Ola bilərmi ki türk müəllifləri
hansısa bir türk
sultanı haqqında belə cəfəngiyyatlar yazsın? Məsələn,
Sultan Səlim Yavuzu
götürək. Yavuz sözünün
özünün bir mənası
da “qəddar”, “zalım” deməkdir. Türk sultanları haqqında bəzən bütün Avropa
tarixşünaslığının nə
yazdığını biz bilirik.
Amma biz azərbaycanlı
olaraq daim türk sultanlarını qaldırmağa
çalışırıq, sivil bir hökmüdar kimi göstərməyə
çalışırıq. Bu Türkiyədə
də bizim tarixi şəxsiyyətlərə
münasibətdə belə olmalıdır.
Hazırda İsgəndər Palanın romanı yayılıb. Yazıçı Şah İsmayılı aşağılayır. İstərdim ki, bizim alim və ziyalılar həmin o müəllifə yanıldığını çatdırsınlar.
-Gövhər xanım, bizim özümüzdə də bu cür romanlar çap olunur. Sizcə, tarixi şəxsiyyətlərin toxunulmazlığını təmin etmək üçün hansı addımlar atılmalıdr?
-Güntay
Gəncalp tərəfindən Şah
İsmayılı aşağılayan roman
yazıldı və bizdə çap olundu. Bu tamamilə
yolverilməz bir haldır. Müəyyən şəxsiyyətlər
var ki, onlar
toxunulmazlıq statusuna malikdirlər.
Hesab edirəm ki, Azərbaycan
xalqının tarixində müstəsna xidmətlər
göstərmiş şəxsiyyətlərin fəaliyyətinin
təhrif edilməsinin yolverizməliyi haqqında bir sənəd qəbul etməliyik. Elə xalqlar var ki,
artıq 100-illiklərdir oturuşmuş
dövlətləri var. Onların
torpaqları işğal olunmayıb. Məsələn,
ingilis kralları haqqında tarixi əsərlərin həmin dövlətlərin
bugünkü həyatına təsiri yoxdur. Amma biz
cəmi 22 ildir müstəqilliyini bərpa
edən və ərazilərinin 20 % işğal
olunmuş, ikiyə bölünmüş
bir xalqıq. Böyük
mücadilələr aparan, tarix boyu çox
böyük ədalətsizliklərlə
qarşılaşan bir xalqıq. Bu gün də
xalqımız qarşısında dövlətimizin ərazi bütövlüyünün bərpası durur. Belə bir
xalqın tarixi şəxsiyyətləri haqda belə romanlar yazmaq, fəxr etdiyimiz
şəxsiyyətləri aşağılamaq birmənalı
şəkildə gənc nəslə mənfi təsir edir, onun düşüncəsinə
şübhə toxumu səpir. Əcnəbi
ölkənin ideologiyasının təsiri altında olan müəlliflər tərəfindən
yazılanların burada birbaşa
yayılması doğru deyil.
Fars ideologiyası təsirində olan İran
tarixşünaslığı Şah
İsmayıla bir cür,
Türkiyə tarixşünaslığı başqa
cür yanaşır.
Azərbaycan
tarixşünaslığının yanaşması isə
birmənalıdır və dəqiq tarixi-müqayisəli metodologiyaya əsaslanır. Prezident
administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin yazıları bu
sahəyə böyük aydınlıq gətirdi.
-Azərbaycan müəllifləri tərəfindən kifayət qədər tarixi romanların yazılmaması fikri ilə razısınızmı?
-Bizim
özümüzdə tarixi romanlar kifayət qədər deyil.
İstərdim ki,
yazıçılarımız tarixi mövzulara daha tez-tez müraciət etsin
və Azərbaycan tarixinə aid romanlar yazsın. Orada da bizim ideoloji
əsaslar baxımından tarixi şəxsiyyətlərin
fəaliyyəti və dövrləri öz
əksini tapsın. Bu, bizim
böyüməkdə olan nəslin tərbiyəsinə
çox müsbət təsir edər.
Ərəblərdə Fələstin-İsrail
qarşıdurması başlayan kimi, torpaqlar işğal edildi, böyük qaçqın ordusu
yarandı və bu problem
ümummili problemə çevrildi.
Bütün ərəb ölkələrinin ədəbiyyatında
Fələstin problemi,
qaçqınlıq-köçkünlük faciəsi çox geniş şəkildə
işıqlandırıldı. Ərəblərin haq mübarizəsi, müharibənin
ayrı-ayrı epizodları ətraflı yer
aldı bu əsərlərdə. Möhtəşəm
“müqavimət ədəbiyyatı” adlanan
ədəbiyyat yarandı. O ədəbiyyata qatılımlar bu günə kimi davam edir. Hər bir ərəb yazıçısı bu məsələyə mütləq
müraciət etdi. Janrından
asılı olmayaraq, yazdılar. Bu da problemə töhfə
idi. Hətta elə yazıçılar oldu ki, əlinə silah alıb vuruşdular.
İstərdim ki, Azərbaycan
yazıçıları da Qarabağ mövzusuna tez-tez müraciət etsinlər. Bu,
xalqımızı sabahkı
mübarizəyə hazırlamaq
üçün çox
vacibdir.
Aygün
İbrahimli
Olaylar.- 2013.- 25 oktyabr.-
S.4.