İsraildəki Azərbaycan diasporunun

Xocalı soyqırımın təbliğində uğurlu fəaliyyəti

 

Yaxın Şərq regionunda Azərbaycan diasporunun ən fəal olduğu ölkələrdən biri də İsraildir. İsraildə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından olan İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası yarandığı gündən Azəbaycan haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davamlı olaraq çalışır.

Məlumat üçün qeyd edək ki, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 2007-ci ilin aprelində Təl-Əviv şəhərində təsis olunmuşdur. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təsis qurultayında İsrail Baş nazirinin müavini, strateji planlaşdırma naziri Aviqdor Liberman, turizm naziri İsax Aranovic, nəqliyyat naziri Şaul Mofaz, bu ölkənin bir sıra tanınmış ictimai xadimləri, Türkiyədən bu ölkənin İsraildəki səfiri Mehmet Tan, Mərmərə Sosial-Siyasi Araşdırmalar Vəqfinin prezidenti Akkan Suverin başcılığı ilə nümayəndə heyəti, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Qurultaya Birləmiş Ştatlar, İsvecrə, Ukrayna, Rusiya, Moldova, Özbəkistan və digər ölkələrdəki yəhudi icmalarının  nümayəndələri qatılmışlar. Qurultayda İsrailin 26 şəhərində yaşayan 30 minə yaxın Azərbaycandan köçmüş yəhudini təmsil edən 30 Azərbaycan icması tərəfindən secilmiş 408 nəfər nümayəndə iştirak etmişdir. Təşkilatın nəzdində müxtəlif sahələr üzrə 12 komitə fəaliyyət göstərir. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının ilk qurultayında qurumun sədri postuna İsrail Parlamentinin deputatı İosif Şaqal seçilmişdi.

Yuxarıda qeyd etdiyimiz kimi İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının fəaliyyəti dövründə əsas diqqət yetirdiyi məsələ Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki çalışmalar olub.  Ötən müddət ərzində assosiasiya İsraildə Xocalı soyqırımının tanıdılması məqsədilə bir sıra aksiyalar, kütləvi tədbirlər həyata keçirib. Soyqırımın tanıdılması məqsədilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası bir müddət əvvəl daha bir aksiyaya start verib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təşkil edilən müxtəlif təbliğat tədbirlərinə getdikcə maraq da artır və həmin tədbirlər tədricən öz nəticələrini də verməkdədir Belə ki, 2013-cü ilin cü ilin fevral ayından  “Xocalıya ədalət” kampaniyası çərçivəsində açılmış fotosərgi öz fəaliyyətini İsrailin ən böyük şəhərlərindən biri olan Tel-Əvivdəki “Neve-Eliezer” Mədəniyyət Sarayında davam etdirilir. Qeyd edək ki, bu fotosərgi Heydər Əliyev Fondu, Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyəçilik Fondunun dəstəyilə İsrail-Azərbaycan(Azİz) Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçirilən tədbir "Justice for Khojaly" sənədli fotosərgisinin nümayişi ilə başlayıb. 1992-ci ilin fevralında Azərbaycan şəhəri Xocalıda baş vermiş soyqırımı hadisələrini əks etdirən sərgi iştirakçılarda dərin təssürat oyadıb. Xatirə kitabında öz təəssüratlarını Tel-Əviv şəhər merinin müavini Arnon Gilyadi, Şəhər İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillilər Federasiyasının Tel-Əviv bölməsinin rəhbəri İlya Levin, Tel-Əviv sakini, Azərbaycanın xalq artisti Dina Tumarkina, professor Mixail Aqarunov və digərləri yazıblar. Xocalı soyqırımı ilə bağlı iştirakçıları beynəlxalq münasibətlər üzrə ekspert, İsrail-Azərbaycan (Azİz) Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Arye Qut təfərrüatı ilə bilgiləndirib və soyqırımına işıq salıb. Xocalı soyqırımının təfərrüatlarından danışan ekspert qeyd edib ki, soyqırım ilə bağlı ortada olan faktlar Xocalının dinc sakinlərinin qətlə yetirilməsi, onlarıln kütləvi məhv edilməsi məqsədi daşıdığını sübut edir. Bu da məhz onların azərbaycanlı olması səbəbindən baş verib: “Xocalı şəhəri növbəti işğal faktı və Azərbaycan ərazilərinin etnik təmizlənməsinin növbəti mərhələsi kimi götürülüb, şokedici qəddarlıqla törədilərək əhali arasında panika və dəhşət yaymağa xidmət edib. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı bu barbar qəddarlığı heç bir izaha yer qoymur”. Arye Qut bildirib ki, Xocalıda azərbaycanlı əhalinin qırılması qeyri-iradi olaraq nasistlərin Lidiçdə, Oradurda, Xatunda törətdikləri vəhşilikləri yada salır: “Nə qədər ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər Ermənistanın işğalı altında qalır, Azərbaycanın bu müqəddəs torpaqları işğalçılardan azad olunmayıb və azərbaycanlı qaçqınlar doğma yurdlarına dönməyib, hər birimiz İsraildə Azərbaycan diasporunun nümayəndəsi kimi dünya ictimaiyyətinə erməni təcavüzü, onun ən ağır izləri və ədalətin bərpa olunması barədə barədə həqiqətləri çatdıracağıq”.

Tel-Əviv şəhər merinin müavini Arnon Gilyadi, Şəhər İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillilər Federasiyasının Təl-Əviv bölməsinin rəhbəri İlya Levin tədbirdə çıxış edərək tədbirin təşkilatçı və dəstəkçilərinə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, Azərbaycan xalqının qanlı qırğınından və dəhşətli faciəsindən şoka düşüblər: "Fotosərgi sadəcə məni sarsıtdı, mən burada gördüklərimdən şok yaşadım. Bu Azərbaycan xalqına qarşı vəhşilik və qəddarlıq təzahürüdür. Mən Belarusda anadan olmuşam və 1943-ci ilin yazında Xatın Belarus kəndin faşistlər tərəfindən məhv edilməsi tarixini çox gözəl bilirəm. Bu gün bu dəhşətli fotosərgini görəndə və bu faciə haqqında dolğun məlumat alandan sonra anladım ki Xatın və Xocalı bizim iki xalqlarımızın qanlı və unudulmaz faciələridir."

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının ("AZİZ") baş direktoru Lev Spivak bütün iştirakçılara Xocalıya həsr olunmuş tədbirdə iştiraka görə təşəkkürünü bildirib. Spivak Təl-Əviv şəhər meriyasının nümayəndələrinə, Azərbaycan icmasına daimi diqqətə görə minnətdarlığını bildirib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 26-28 oktyabr.- S.15.