Azərbaycan diasporunun tarixi şəxsiyyətlərindən Səfiəddin Urməvi

 

Azərbaycan diaspor tarixinin görkəmli şəxsiyyətlərindən biri də Səfiəddin Urməvidir. Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfiəddin Urməvi Azərbaycanın qədim mədəniyyət mərkəzi sayılan Urmiyə şəhərində 1216-cı ildə anadan olmuşdur. O, ibtidai təhsilini öz vətənində almış, musiqi savadının əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan Səfiəddin Urməvi ərəb xilafətinin paytaxtına, bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlərindən sayılan “Müstənsəriyyədə" təhsilini davam etdirmişdir. O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olmuşdur. Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin Urməvi xəttatlıqda da böyük uğur qazanmışdır. Əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapmış və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl Müstəsimin sarayına dəvət olunmuşdur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttatı təyin olunmuşdur. Səfiəddin Urməvi hələ sarayda ikən 1252-ci ildə “Kitab-əl Ədvar” adı ilə məşhur olan musiqi risaləsini tamamlamışdır. Kitab ərəb dilində yazılmış və 15 fəsildən ibarət idi. Maraqlıdır ki, bu əsərdə qaldırılan musiqi nəzəriyyəsi məsələləri bu gun də aktuallığını itirməmişdir. Muğamlardan bəhs edən doqquzuncu fəsil çağdaş oxucusunu daha çox maraqlandıra bilər. Burada ümumiyyətlə 12 muğam dəstgahının adı çəkilir. Musiqinin not yazısına həsr edilən 15-ci fəsil musiqiçi və musiqişünasların sonrakı nəsilləri üçün xüsusilə maraqlıdır. Səfiəddinin təklif etdiyi sistem üzrə, musiqi hərfi-ədədi üsulla yazılırdı. Ərəblərə məxsus "Əbcəd" sisteminin hərfləri səslərin şərti yüksəkliyini, rəqəmlər isə onların uzunluğunu bildirirdi. Misal üçün, yarım tonlardan az intervalların işarəsi kimi, T, C, B, və sairə hərflərdən istifadə olunurdu. Ladların adı, melodiyanın quruluşuritmi özəl olaraq rəqəmlərlə qeydə alınırdı. Maraqlıdır ki, müasir Qərb not sistemi yarım tonlardan kiçik intervalların yazıya alınması üçün imkan vermirdi. Və elə buna görə də muğamların, eləcə də Şərq musiqisinin bütün səs incəliklərini çatdırmaqda çətinlik törədirdi. Bəlkə də elə buna görə Şərqdə XIX əsrin sonlarına qədər Urməvi sistemindən geniş istifadə olunmuşdur. Avropanın ilk məşhur musiqişünası R.ErlanjuC.Fermer bir-birindən xəbərsiz olaraq Urməvinin bir rübai üzərindəki not yazısını müasir not yazısına köçürə bilmişlər. 700 ildən bəri susan melodiya yenidən səslənmişdir. Məşhur Azərbaycan musiqişünası Əbdülqadir Marağayi özünün "Məqasidül-əlhan" əsərində yazmışdır ki, Əbdül mömin Səfiəddin Urməvi bir çox görkəmli şəxsiyyətlərin müəllimi olmuşdur. Bunların sırasında Şəmsəd-Din Söhrəvərdi, Əli Sitan, Həsən Zəfərvə Hüsam əd-Din Tutluq Buğa kimi tanınmış musiqişünasların adları çəkilir. Səfiəddin 2 yeni musiqi aləti yaratmışdır, “Hüzhə” və “Müğni”. Hüzhə müasir arfayə kanona bənzəyirdi. Səfiəddin ömrünün son illərini yoxsulluq içərisində keçirmiş və 1294-cü ildə Bağdaddakı borclular həbsxanasında vəfat etmişdir. Hazırda Səfiəddin Urməvinin əsərlərinin əlyazmaları London, İstanbul, Sankt-Peterburq, Nyu-York və dünyanın başqa böyük muzeylərində saxlanılır. Onun kitabları sonrakı əsrlərin bir çox məşhur musiqiçilərinin diqqətini çəkmişdir. İngilis alimi Henri Corc Fermer Səfiəddin Urməvi haqqında demişdir ki, o, sistemli bir məktəbin əsasını qoymuşdur və özündən sonra gələn bütün ərəb-fars və türkdilli müəllimlər onun davamçıları sayıla bilər.

 

Olaylar.-2013.-5 sentyabr.-S.15.