Azərbaycan diasporunun tarixi

şəxsiyyətlərindən-İren Melikoff

 

Azərbaycan diaspor tarixində adı keçən görkəmli şəxsiyyətlərdən biriİren Melikoffdur. İren Melikoff 1917-ci il oktyabrın 25-də  anadan olmuşdur.

O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. İren ilk təhsilini Paris şəhərində almışdır. Elmə, təhsilə böyük maraq göstərən İren Paris universitetini bitirmişdir. Təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir. Sonra o, təhsilini Sarbonna universitetində davam etdirmişdir. Bu universitetiuğurla başa vurduqdan sonra İren Melikoff elmi işlə məşğul olmağa başlamışdır. İrenin əsas tədqiqat obyekti Azərbaycan,onun qədim tarixi və ədəbiyyatı olmuşdur. Gərgin tədqiqatlarının nəticəsi kimi 1957-ciildə doktorluq dissertasiyası müdafiə etmiş, az sonra onun “Danışmənd dastanı”, “Əbumüslüm Xorasani”, “Umur Paşa dastanı”adlı kitabları işıq üzü görmüşdür. 1957-ci ildən 1964-cü ilədək İren Melikoff Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışmışdır. Sonra o, Strasburq Humanitar Elmlər Universitetində işləməyə başlamış, bu məşhur təhsil və elm ocağının professoru olmuşdur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərmiş, bir müddət inadlı fəaliyyət göstərdikdən sonra istəyinə nail olmuşdur. Onun yaratdığı Türkiyyat Araşdırmalar İnstitutu qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilmişdir. İren Melikoff bununla kifayətlənməyib Strasburq Humanitar Elmlər Universitetində 1984-cü ildə Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaratmış və onun prezidenti seçilmişdir. Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz qoyulmuşdur. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Məlikof prezident, professor Lui BazenTimurçin Hacıbəyli vitse-prezident seçilmişlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında umumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoymuşdur. Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı da nəzərdə tutulmuşdur. İren Melikoff Strasburq universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə olmuşdur. Onun ciddi fəaliyyəti nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatmışdir. Onlardan 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət üzrə ixtisaslaşmışlar. Azərbaycan ruhu ilə yazıb-yaradan İren xanım Strasburq universitetində dil və ədəbiyyatdan dərs demişdir. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində onunTürk Qafqaz qeydləri” silsiləsindən “Babək Xürrəmi və Seyid Battal” adlı böyük məqaləsi dərc edilmişdir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professorudur. Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olanTürkika” nın baş redaktoru olan İren Melikoff Cənubi Azərbaycanda da olmuş, Təbrizi gəzmiş, çox sevdiyi Şah İsmayıl Xətai haqqında zəngin material toplamışdır. Bu görkəmli alim Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə yüksək qiymət vermiş, Mirzə Fətəli Axundovun yaradıcılığına heyran olduğunu gizlətməmişdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 6 sentyabr.- S.15.