Azərbaycan diasporunun
görkəmli
şəxsiyyətlərindən
Mehralı Məmli oğlu
Azərbaycan diasporu tarixində adı keçən
görkəmli şəxsiyyətlərdən biri
də Mehrali Məmli oğludur.
Mərd sərkərdə, cəsur ordu
başçısı kimi şöhrət
qazanan, Türkiyənin milli
qəhrəmanı Mehralı Məmli oğlu
1844-cü ildə Borçalı mahalının Darvaz kəndində anadan olmuşdur.
Türk mənbələrinin məlumatına
görə, Mehralı 17-18 yaşlarında ikən atası
kazaklarla atışma zamanı həlak olmuşdur. Hökumət
onun atasının cənazəsinin müsəlman qəbiristanlığında
dəfninə icazə verilməmiş və onu zorla,
qarapapaqların adət və ənənələrinə zidd
olan qayda ilə başqa məzarlıqda dəfn etmişlər.
Elə bu hadisə də Mehralını hökumətə
qarşı üsyan qaldırmasına səbəb
olmuşdur. Dəfn olunan günün gecəsi Mehralı bu yad
qəbiristanlığın iki keşikçisini öldürərək
atasının cənazəsini öz kəndlərinin məzarlığında
dəfn edib meşəyə qaçmışdır. Bir
müddət dağlarda, çobanların yanında
qaldıqdan sonra İrana keçən Mehralı bəyi
canişinliyin məmurları təqib etmişlər. O, yenidən
Gürcüstana qayıtmış və dağlara çəkilərək
mübarizəsini davam etdirmişdir. Az sonra Mehralının dəstəsi
xeyli böyümüş və onun şöhrəti Axalkələk,
Borçalı, İrəvan, Trialetlə yanaşı, Qars,
Ərdəhan, Çıldır, Şürəgəl
(Arpaçay), Ağbaba və başqa bölgələrə
də çatmışdır. Mehralının ələ
keçirilməsi və ya öldürülməsi
üçün çar hökuməti tərəfindən
elan olunan böyük məbləğdə pul və rütbə
vədindən sonra ələ keçəcəyindən
ehtiyat edən qiyamçı Türkiyə torpağına,
Şurəgəl qəzasında yaşayan qarapapaqlara pənah
aparmışdır. Rusiya hökuməti Osmanlı
padşahı Sultan Əbdüləzizə müraciət edərək
Mehralının Rusiyaya qaytarılmasını tələb
etmişdir. Burada da Mehralını tutmaq istəyən iki
dövlət məmurunu öldürüb yenidən doğma
yerlərə qayıtmışdır. Mehralı bir neçə
döyüşlərdən qalib çıxsa da sonuncu
döyüşdə ağır yaralanmış, Türkiyə
tərəfə keçərkən elə həmin gün də
həbs edilmişdir. Yaraları sağaldıqdan sonra Mehralıbəy Qars həbsxanasından
qaçmağa müvəffəq olmuşdur. 1877-1878-ci illər rus-türk
müharibəsi başlamışdır. Mehralı bəy
qohumlarını və özünə yaxın bildiyi digər qarapapaqları başına
toplayıb onlara rusların zülm və işgəncələrindən xilas olmaları naminə Osmanlıya getmələrini
məsləhət bilmiş, onunla razılaşanlarla birlikdə
Osmanlıya keçmişlər. Ona
minbaşı, sonra isə albay,
miralay rütbəsi verilmişdir.
Mehralı bəy özünün
mahir bir sərkərdə,
cəsur bir döyüşçü
olmasını Qars və onun
ətrafındakı məşhur meydan
vuruşmalarında bir daha
sübut etmiş və
orduda ilk olaraq Osmanlı dövlət mükafatına da burada layiq
görülmüşdür. Bu döyüşlərdə onun
fədakarlığını ordu komandanı
Qazi Əhməd Muxtar
Paşa da yüksək
qiymətləndirmiş, azərbaycanlı döyüşçünün
qəhrəmanlıqlarını paytaxta -
müvafiq instansiyalara
çatdırmışdır. Nəticədə Sultan Əbdülhəmid Anadolu
cəbhəsində ilk dəfə olaraq Mehralını Məcidiyyə
Nişanı ilə mükafatlandırmışdır.
Müharibədən sonra Sivasda
yaşayan Mehralı bəyi bir çox təhlükəli
üsyan və qiyamların
yatırılmasına da cəlb etmişlər.
Mehralı bəy İraqda qiyamın
yatırılmasında böyük fədakarlıq
göstərmişdir. Az sonra
Osmanlı dövlətinin tabeliyində olan
Yəməndə türklərə qarşı üsyan qaldırılanda da
üsyanın yatırılmasına da
Mehralı bəy göndərilmişdir. Üsyan yatırılsa da Mehralı bəyin
özü də yaralanmışdır. Yəmənin istisinə
tab gətirə bilməyən Mehralı bəy yaralı halda
xəstələnir və 1906-cı ildə orada da vəfat
edir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 14 sentyabr.- S.15.