Tarixi Bakı zəfəri – 95 il

 

“Mancehster Guardian”: “İngilisə nüfuzunu alçaldan və gücü çatmayan işə girişmək lazım deyildi”

 

15 sentyabr 2013-cü il… Tarixi zəfərin 95 ili tamam olur. 1918-ci ilin 15 sentyabrında Bakımız Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun mübarizliyi nəticəsində bolşeviklərdən azad olunur. Bakının bolşeviklərin caynağından azad olunduğu 15 sentyabr tarixi Azərbaycanın şanlı səhifələrindən birini təşkil edir.

 

Tarixi Bakı zəfəri o zaman ədəbiyyatdan da yan keçməmişdir. Əldə olunan qələbələr sönməkdə olan ümidləri yenidən közərtməklə bərabər türk sabahının işıqlı gələcəyinə dərin inam oyadırdı. Türk irqinin qüdrət və qabiliyyətinə dərin inam bəsləyib, belə bir irqin, o cümlədən Azərbaycan türklərinin nümayəndəsi olması ilə fəxr edən, poeziyası öz fəlsəfi tutumu və fikir yükünün nəhayətsizliyi ilə seçilən alovlu vətənpərvər şair Məhəmməd Hadi bu münasibətlə “Türkün nəğməsi” şeirində yazırdı:

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Məfkurə yolunda tökülən qan hədər olmaz,

Qiymətli olan xuni-şəhidan hədər olmaz…

...Bədbəxt olan əfğani-yetiman hədər olmaz.

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Göründüyü kimi, dörd il ərzində (Birinci Dünya Müharibəsi (1914-1918) nəzərdə tutulur) türk irqi, o cümlədən Azərbaycan türkləri azadlıq və istiqlaliyyət məfkurəsi uğrunda qan tökür, şəhid verir. Bütün bunlar həm də ona görə hədər gedə bilməzdi ki, bu qan aydın məqsəd - azadlıq və istiqlaliyyət məfkurəsi yolunda tökülmüşdür. Odur ki, şair sözünə qətiyyətlə davam edirdi:

Qan ilə qazandıq zəfəri, verməyiz əldən,

Xof eyləmədik atəşi-dəhhaşe-dövəldən

Bir zərrə belə qorxmayırız dəst-əcəldən,

İstərsə cahan çevrili, varsın da təməldən,

Türkün üzü çevrilməyəcək səmti-əməldən...

Konkret tarixi şəraitdə qarşısında olan vəzifələrin xarakterindən asılı olaraq Qafqaz İslam Ordusu müxtəlif struktur dəyişikliklərinə məruz qalmışdır. Bu məsələyə hərbi şərait, çağırışçı ehtiyatlarının miqdarı, maddi-texniki baza müəyyən təsir göstərsə də Bakının azad edilməsinə kimi baş verən struktur dəyişiklikləri başlıca olaraq döyüş vəzifələrinin miqyası və xarakteri ilə bağlı olmuş, Bakı azad edildikdən sonra həyata keçirilən struktur dəyişiklikləri isə əsasən daha çox dinc şəraitdə ordu quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan ordusunun daha da möhkəmləndirilməsi planları ilə əlaqədar olmuşdur. Hazırda elmi dövriyyədə olan faktlar və məlumatlar bu prosesin bütöv və tam mənzərəsini yaratmaq imkanı verməsə də həmin sahədə ardıcıl olaraq axtarışların aparılmasını, yeni layihələrin tətbiqinə meydan verildiyini görmək mümkündür. Heç şübhəsiz ki ordunun tərkibində suvari, topçu hissələri, habelə yardımçı bölmələr olmalı idi. Bu struktur onu nəzərdə tuturdu ki, Qafqaz İslam Ordusunun birləşmə, hissə və bölmələrinin şəxsi heyəti əsasən azərbaycanlılardan ibarət olacaq.

Azərbaycanın müstəqilliyinin elan edildiyi ilk günlərdə təxminən bu struktura yaxın olan bir struktur mövcud idi. Həmin strukturun saxlanılacağı təqdirdə də heç şübhəsiz ki Qafqaz İslam Ordusu komandanlığının ikili tabeliyi qalacaqdı. Qafqaz İslam Ordusunun əsasını təşkil edən 5-ci Qafqaz diviziyası Azərbaycana göndərilmək ərəfəsində III Ordu komandanlığının tərkibində idi. 1918-ci il iyun ayının sonlarına aid olan döyüş raportlarında Azərbaycan milli bölmələrinin Müsüslü dəstəsinin tərkibində olduğu bildirilir. 5-ci Qafqaz diviziyasının əməliyyat tabeliyinə verilmiş olan bu dəstədə adları çəkilən bölmələr vardı : Dəstənin qərargahı, dəstənin bir bölüyü, 1-ci süvari alayının 1-ci və 2-ci bölükləri, 2-ci süvari alayının 1-ci bölüyü, Qarayazı atlı piyada bölüyü, dəstənin pulemyot bölüyü, Zirehli qatar, dəstə səhra batareyası, dəstə teleqraf taqımı, Göyçay milli əsgər bölüyü.

1918-ci il avqust ayının 13-də Nuru Paşanın əmri ilə Azərbaycan korpusunun ləğv olunması ilə bu korpusun tabeliyində olan bütün hissələr birbaşa İslam Ordusu komandanlığına tabe etdirildi. Azərbaycan korpusunun ləğv olunmuş piyada hissələrinin yerinə tamamilə yeni milli hissələr yaradılmasına başlandı. Bu hissələrin başında türk zabitləri dayanırdı. Nuru Paşanın Azərbaycan korpusu komandirinə 2 avqust tarixli məktubunda təşkil olunmaqda olan 1-ci Qazax, 2-ci Qarabağ, 3-cü Zaqatala piyada alaylarının adları çəkilir.

1918-ci ilin yayında yaranmış mürəkkəb hərbi siyasi və diplomatik vəziyyətdə heç bir qüvvənin türk ordusunun qarşısını kəsə bilməyəcəyi aydın idi. Çətin vəziyyətə düşən Bakı Sovetində ixtilaflar dərinləşdi. İyulun 16-da Bakı Sovetinin iclasında eser və daşnaklar ingilislərin Bakıya dəvət olunması haqqında qətnamə təklif etdilər. İngilislərin Bakıya dəvət edilməsi məsələsi barədə hökumətin rəsmi mövqeyini öyrənmək məqsədilə Stalinə müraciət edən Şaumyana iyulun 21-də mənfi cavab verildi. Stalin bu barədə Leninə Bakıda vəziyyət haqqında teleqram göndərərək məlumat verdi. Beləliklə, iyulun 31-də gündüz saat 11:00-da Bakıda sovet hakimiyyəti iflasa uğradı. Lakin xalqın iradəsini əks etdirən hakimiyyət qurmaq mövcud şəraitdə mümkün deyildi.

Eser, daşnak və menşeviklər Bakıdakı ingilis konsulu Makdonelin iştirakı ilə avqustun 1-də Bakıda “Sentrokaspi diktaturası” adlı koalisiyalı hökumət qurdular. İngilis kəşfiyyatı Bakıda qarşıya qoyulan vəzifəni uğurla həyata keçirdi. Sentrokaspi hökuməti Qafqaz İslam Ordusunun azadlıq yürüşünün qarşısını almaq üçün Denstervillə müraciət etdi. İngilislərin gəlişi bolşeviklərin vəziyyətini daha da ağırlaşdırdı. Bundan əvvəl Sentrokaspi diktaturası Bakı Sovetini vətənə xəyanətdə ittiham etmişdi. 1918-ci il avqustun 12-də Şaumyan, Petrov, Poluxin, Caparidze Bakının “müdaxiləçilər tərəfindən işğalı təhlükəsi” ilə bağlı verdikləri çağırışda bildirdilər ki, Rusiya sovet hakimiyyətinin siyasi və hərbi nümayəndələri də bu andan Bakıda qala bilməzlər, onlar Bakını tərk etməyə məcburdurlar.

Avqustun 24-də Qafqaz İslam Ordusunun Bakını azad etmək səyləri gücləndi. Qafqaz İslam Ordusunun sürətli hücumu Osmanlının müttəfiqi olan Almaniya tərəfindən mənfi qarşılandı. Alman hökuməti həm daxili siyasi, həm də beynəlxalq şərtləri əsas götürərək türkləri Bakıya buraxmamaq məqsədi ilə avqustun 27-də Brest-Litovsk sülh müqaviləsinə əlavə olaraq rus-alman protokolunu imzaladı. Bu zaman Bakı bolşeviklərin əlində olmasa da onlar almanlara neft verməyi, almanların isə Qafqazda kifayət qədər gücü olmasa da türkləri Bakıya buraxmamağı öhdələrinə götürdülər.

Senyabrın 10-da Nuru Paşa bakının azad edilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürdü. Bu vaxt Bakıda 18 min nəfərdək erməni dəstəsi, 1200 ingilis, 1500 nəfərlik Biçeraxov əsgəri var idi. Sentyabrın 12-də Xəlil Paşa şəhərin azad edilməsi barədə əmr verdi. Şəhərin azad edilməsi xeyli dəqiq aparılırdı. Mərmilər tarixi binalara, yaşayış binalarına, neft mədənlərinə ziyan vurmadı. Hətta Denstervil də etiraf edirdi ki, türklərin mərmiləri şəhərə az ziyan vurdu. Lakin şəhərin atəşə tutulmasının mənəvi-psixoloji cəhətədn necə təsir edəcəyini türklər yaxşı bilirdilər. Möhtəşəm hücum qarşısında Denstervillin yazdığı kimi Bakını yalnız möcüzə xilas edə bilərdi. Sentyabrın 14-dən 15-nə keçən gecə X.M.Yevanqulev başda olmaqla nümayəndə heyəti Xəlil Paşanın qərargahına gələrək şəhərin təhvil verildiyini bildirdi.

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi ingilislər tərəfindən gözlənildiyi kimi qəzəblə qarşılandı. İstanbulda çap edilən “Yeni gün” qəzeti Berndə xüsusi müxbirindən aldığı xəbərə istinadən yazırdı ki, ingilislər Bakıya ruslara və ermənilərə öz ordularının köməyə getməsini və tezliklə də uğursuzluqlarını bir tərəfdən Bakıda rusların fəaliyyətsizliyi və sevilməməsi, digər tərəfdən isə ermənilərin qorxaqlığı və satqınlığı ilə əlaqələndirirlər.

İngiltərənin “Manchester Guardian” qəzeti ingilislərin Bakıdan qaçması ilə əlaqədar olaraq yazırdı: “İngilisə nüfuzunu alçaldan və gücü çatmayan işə girişmək lazım deyildi”. General Moris bu məsələ ilə bağlı daha kəskin və ittihamedici formada deyirdi ki, yüngülbeyin avantüristlərin yol verdikləri hərəkətlər ingilis ləyaqəti ilə bir araya sığmır. Ümid etmək olar ki, Bakıya yürüş gələcəkdə ingilis hökuməti üçün dərs olacaqdır.

Qafqaz İslam Ordusunun komandanı Bakı hücumunun uğurla başa çatdırılmasından sonra 5-ci və 15-ci diviziyanın komandirlərinə göndərdiyi məlumatda : “Bakının ələ keçirilməsi üçün gedən döyüşlərdə xidmət edən bütün zabit və əsgərlərin göstərdikləri səy və fədakarlığa görə təşəkkür edirəm. 56-cı alayın top atəşi olmadan gecə düşmənin iki müdafiə xəttini ələ keçirməsi təqdirəlayiq bir məsələdir. Odur ki, alay komandiri mayor Fəhmi bəyin polkovnik-leytenant rütbəsinə yüksəldilməsini Hərbi Nazirliyə bildirdim. Bu döyüşdə fədakarlıq göstərən zəbait və əsgərlərin müəyyən edilərək 17 sentyabr axşamına qədər orduya göndərilməsini rica edirən.“

Şərqi Türk dünyası üçün istər elm və ürfan, istərsə də zəngin təbii sərvətləri ilə bir sənaye və ticarət mərkəzi olan Bakı üçün neçə aylardı ki, çox qan tökülüb, şəhidlər verilmişdir. Bakının türklərin əlinə keçməsi ilə yüz il müstəqilliyindən məhrum olan Azərbaycan əsarətdən xilas olmuş, 28 mayda yaradılan Azərbaycan Cümhuriyyəti həqiqi istiqlalına qovuşmuşdu. Üç ay yarım davam edən çətin mübarizədən sonra türk əsgərləri artıq Bakıda idi. Almanların bütün təzyiq və cəhdlərinə baxmayaraq hərəkat dayandırılmamış, Anadolu və Azərbaycan əsgəri çiyin-çiyinə bu mübarizəni sonadək davam etdirmiş və bu torpaqda yaşayan türkləri azadlıqlarına qovuşdurmuşdur.

95 il əvvəl Azərbaycanın istiqlaliyyəti uğrunda canlarını fəda etmiş Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərinin əziz xatirələrini ehtiramla yad edirik...

 

Sevda Qurbanqızı

 

Olaylar.- 2013.- 14 sentyabr.- S.11.