Diaspor təşkilatları milli
musiqimizi layiqincə təbliğ edirlər
Dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatları, ayrı-ayrı cəmiyyət və
birliklər təkcə ölkəmizin həqiqətləri
deyil, eləcə də zəngin tarixi-mədəni irsimiz və
musiqimizin təbliği sahəsində aktiv fəaliyyət
göstərirlər. Məhz soydaşlarımızın bu
istiqamətdəki uğurlu fəaliyyəti nəticəsində
dünyanın əksəriyyət ölkələrində
milli musiqimizə olan maraq artır.
Azərbaycan
mədəniyyətinin təbliği sahəsində uğurlu
fəaliyyət göstərən təşkilatlardan biri də
Danimarka-Azərbaycan Dostluq Cəmiyyətidir.
Xüsusilə cəmiyyətin Mədəniyyət Mərkəzi
milli musiqimizin təbliğinə ciddi diqqət yetirir.
Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin Mədəniyyət
Mərkəzinin sədri, tanınmış pianoçu Kəmalə Hüseynova milli
musiqimizin təbliği sahəsində görülən
işlərdən danışıb. Əvvəlcə
Danimarkaya getməyi və oradakı fəaliyyətindən
söhbət açan Kəmalə Hüseynova deyib ki, 1965-ci
ildə anadan olub və 6 yaşında o vaxtkı Dzerjinski
adına 11 illik orta ixtisas musiqi məktəbi və eyni zamanda
Bakı şəhəri 12 ¹-li orta məktəbinə qəbul
edilib: “1982-ci ildə oranı fərqlənmə ilə
bitirmişəm. 1986-cı ildə isə indiki N.Tusi adına
Pedaqoji Universitetinin musiqi fakültəsini qırmızı
diplomla bitirmişəm. Onu da qeyd etmək istərdim ki, Adil Bəbirov,
Eldar Mansurov, Kamilə Qarabağlı, Gülarə Axundova,
Dilarə Əliyeva kimi istedadlı bəstəkar və
musiqiçilərin tələbəsi olmuşam. Əldə
etdiyim uğurlarda onların əməyi böyükdür. Həmin
ildən etibarən ixtisasım üzrə əmək fəaliyyətinə
başlamışam. 1988-ci ildə ailə qurmuşam və həyat
yoldaşım sovet ordusunun zabiti olduğu üçün
Macarıstanda, Rusiyada, Ukraynada orta və musiqi məktəblərində
çalışmışam. Təbii ki, sovet dönəmində
hərbi orkestrlərlə, çoxmillətli uşaq və gənclərlə
apardığım işlərlə böyük təcrübə
əldə etmişəm. 1991-ci ildə ermənilərin Azərbaycana
təcavüzü başlayan kimi həyat yoldaşım Vətənə
dönərək döyüşlərə qatıldı. Mən
isə Bədii Gimnastika Federasiyasında musiqi tərtibatçısı
və pianoçu kimi fəaliyyət göstərməyə
başladım. 2003-cü ildən Danimarkanın Fredensborq
şəhərində yaşayıram. Danimarka dili məktəbini
bitirmişəm. Hazırda özəl Danimarka məktəbində,
ixtisas musiqi məktəbində və özəl türk məktəbində
musiqi, xor və fortepiano dərsləri verirəm. Bundan
başqa, Danimarkanın qədim Renessans xorunda da fəaliyyət
göstərirəm. Hələ cəmiyyətimiz fəaliyyət
göstərməmişdən əvvəl milli bayramlarda orada
yaşayan azərbaycanlılarla bir yerə toplanıb
maraqlı vaxt keçirirdik. Belə tədbirlərdə təbii
ki, mahnı və rəqslərimiz xüsusi yer tuturdu. Mən
həmişə piano çalırdım, rəfiqələrim
xalq mahnılarını, rəqslərimizi ifa edirdi. Cəmiyyətimiz
təşkil olunduqdan sonra isə belə bir mərkəzin
yaranması artıq qaçılmaz idi. Çünki bir milləti,
ölkəni tanıtmaq üçün onun milli dəyərlərinin,
mədəni irsinin, folklorunun təbliği çox vacibdir.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların
əsas vəzifələrindən biri məhz budur”.
Danimarka-Azərbaycan
Dostluq Cəmiyyətinin Mədəniyyət Mərkəzinin rəhbəri
olmaqla yanaşı, eyni zamanda danimarkalılardan ibarət
“Hafla” İnstrumental ansamblında çalışan Kəmalə
Hüseynova deyib ki, “Hafla2 danimarkalı Lars Bodur tərəfindən
yaradılıb: “Mən bu ansamblın həm solisti, həm də
pianoçusuyam. Qeyd edim ki, kollektivdə yeganə azərbaycanlı
da mənəm. “Hafla” sözünün mənası isə “əyləncə”
deməkdir. Repertuarımız əvvəlcə yalnız yerli
musiqidən ibarət idi. Daha sonra mən şərq musiqisinin
nümunələrindən ifa etməyi təklif etdim.
Hal-hazırda isə Azərbaycan mahnıları böyük
üstünlük təşkil edir. Onu da diqqətə
çatdırım ki, danimarkalılarla Azərbaycan musiqisini
ifa etmək, onlara milli musiqimizi öyrətmək elə də
asan deyil, bu iş çox vaxt aparır: “Çünki
onların musiqisi ilə bizimki arasında hər baxımdan fərq
var. İlk növbədə bizim musiqidəki melizmlər
onlara yaddır, incəlikləri aşılamaq bəzən
çətin olur. Amma mahnılarımızı böyük
həvəslə ifa edirlər. Azərbaycanı bircə dəfə
də görməyən, bu ölkə haqqında demək
olar ki, heç bir məlumatı olmayan bir danimarkalının
ifasında “Qubanın ağ alması”, “Aman ovçu”,
“Laçın”, “Güləbatın”, “Qaragöz”, “Əsmərim”
və s. kimi mahnıları eşitmək doğrusu, insanı
fərəhləndirir. Qeyd edim ki, bu əsərlər
repertuarımızda xüsusi yer tutur. Hər bir musiqi məktəbində
olduğu kimi, Danimarka məktəblərinin proqramları da
klassik musiqidən ibarətdir və təbii ki, əsas yeri
Avropa klassik musiqisi tutur. Lakin mən öz tələbələrimə
Azərbaycan klassik musiqisinin nümayəndələrindən
olan Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovun əsərlərini
bu ilki proqrama daxil etməyi planlaşdırmışam. Bu barədə
hətta rəhbərliklə də məsləhətləşdim
və onlar bu təklifi müsbət qarşıldılar.
Arzum danimarkalı tələbələrin Azərbaycan klassik əsərlərindən
ibarət konsertini təşkil etməkdir. Məhz bu layihəm
həyata keçərsə, Vətənimi tanıtmaq naminə
müəyyən bir addım atdığımı deyə
bilərəm.
Qeyd
edim ki, türk məktəbində işlədiyim
üçün türkiyəli tələbələrimin də
musiqi həyatında yaxından iştirak edirəm. “Səkkizinci
Uluslararası Türkçe Olimpiyat”ının Şimali
Avropa finalının Kopenhagendə keçirilməsi
zamanı mən də münsiflər heyətinin tərkibinə daxil idim.
Fəxr edirəm ki, Danimarkada Azərbaycan adından ilk dəfə
mən seçilmişəm. Türkiyəli tələbələrimə
olimpiadada ifa etmələri üçün “Sarı gəlin”,
“Sən gəlməz oldun”, “Daşlı qala” kimi Azərbaycan
mahnıları da seçmişdim. Qeyd edim ki, “Yeddinci
Uluslararası Türkçe Olimpiyat2da Şimali Avropa
finalının xüsusi diplomu və hədiyyəsinə
layiq görülmüşəm. Tələbələrim
qalib gəldiyi üçün məni musiqi redaktoru və tərtibatçısı
təyin etdilər”. Kəmalə Hüseynova Danimarkada Azərbaycan
musiqisinə olan maraqdan da söhbət açıb.Bildirib ki,
bir çox avropalılar kimi, danimarkalılar da əsasən
müasir estrada, yaşlı nəsil isə dini musiqiyə
üstünlük verir: “Danimarkalılar təvazökar,
işgüzar və xoşməramlı xalqdır. Hər
yeniliyə böyük maraq göstərir. Azərbaycan
musiqisinə maraqları gündən-günə artır.
Çıxışlar və konsertlərdən sonra mənə
tez-tez yaxınlaşıb ifa etdiyim musiqi və
mahnıların qaynaqlarını soruşurlar. Azərbaycan bəstəkarlarının
CD satışı və ya İnternet ünvanını istəyirlər.
Hesab edirəm ki, Azərbaycanımızı geniş
tanıtmaq üçün musiqimizin və, ümumiyyətlə,
zəngin mədəniyyətimizin təbliği birinci yerdə
olmalıdır. Çünki bu protokol tədbirlərdən
daha effektivdir”.
Soydaşımız
bildirib ki, Danimarka kiçik ölkə olduğu
üçün Almaniya, İsveçlə müqayisədə
orada yaşayan azərbaycanlıların sayı nisbətən
azdır: “Danimarkada yaşayan soydaşlarımız təhsil
alır, çalışır və işlərində
nailiyyətlər əldə edirlər. Məsafə və
insanların məşğul olması hamının bir yerə
yığışmsına hər zaman imkan vermir. Buna
baxmayaraq, bizim ətrafda yaşayanlar və qonşu şəhərdəki
azərbaycanlılar Mədəniyyət Mərkəzin tədbirlərində
fəal iştirak edirlər. Xanımlarımız mətbəximizin
ən gözəl nümunələrini hazırlayır, əl
işlərini nümayiş etdirir, uşaqlar rəsm əsərlərindən
ibarət sərgi təşkil edir, mən də öz tərəfimdən
mədəni tədbirləri idarə edirəm. Misal
üçün deyə bilərəm ki, Fredensborq bələdiyyəsi
ilə birgə keçirdiyimiz “Fərqli və Birlikdə2
adlı tədbirə gün ərzində yüzlərlə
insan gəlmişdir. Konsert proqramı ilə yanaşı
danimarkalılara Azərbaycan milli mətbəxinin nümunələri
də təqdim edildi. Azərbaycanlı rəfiqələrimin
“Aman ovçu” xalq mahnısını ifa etdiyim zaman yerlərində
dura bilməyib rəqs etmələri bütün tədbir
iştirakçıları tərəfindən rəğbətlə
qarşılandı”. Kəmalə Hüseynova
danimarkalıların Azərbayana olan marağı, ölkəmiz
barədə fikirlərinə də toxunub: “Danimarkaya yeni gələndə
çox insanlar Azərbaycanın harada yerləşdiyini belə
bilmirdilər. Hətta bu mənim xətrimə dəyirdi.
Artıq bu gün biz Azərbaycanı geniş Danimarka kütləsinə
tanıtmaq istiqamətində müəyyən nəticələrə
nail olmuşuq. Onlara Azərbaycanın müstəqil,
inkişaf etmiş ölkə olduğunu artıq isbat
etmişik. Musiqi və yeməklərimiz onlarda maraq oyadır və
ən çox da Azərbaycanın təbiətini sevirlər.
Bu gün demək olar ki, Hillerod və Fredensborq şəhər
bələdiyyələrinin əsas dövlət və mədəniyyət
tədbirlərində hər zaman Azərbaycan musiqisi və
mahnıları səslənir və hər dəfə
alqışlarla qarşılanır”. Kəmalə
Hüseynovanın sözlərinə görə, Danimarka
hökuməti Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən
razıdır və bir sıra tədbirlərdə
yaxından iştirak edir: “ 3 F Həmkarlar
İttifaqının sədri, deputat Tyu Torsen bizim bütün
fəaliyyətimizi ürəkdən dəstəkləyir. Tədbirlərimizi
keçirmək üçün deməkm olar ki, əlindən gəldiyi qədər
şərait yaradır. Qeyd etdiyim kimi Fredensborq şəhər
bələdiyyəsinin mədəniyyət işləri
üzrə rəhbərindən dəfələrlə dəvət
almışıq. Danimarkanın müxtəlif şəhərlərində
hər ay mədəniyyət günləri keçirilir və
biz azərbaycanlılar onların daimi
iştirakçısıyıq. Məhz bizim proqramlar
xüsusi rəngarəngliyi ilə seçilir. Hər dəfə
milli libaslar, yeməklər, əl işləri və rəsm əsərləri
ilə bərabər, milli musiqimizdən, xalq
mahnılarımızdan ibarət maraqlı bir konsert
proqramı da hazırlayırıq. Son zamanlar müşahidə
etmişik ki, Azərbaycanı tanıdan proqram yerli əhali
arasında xüsusi maraq oyadır. Bu, çox sevindirici
haldır”. Danimarkada fəaliyyət göstərən digər
diaspor təşkilatları ilə əməkdaşlıq məsələsinə
gəlincə
soydaşımız deyib ki, təkcə Danimarkada deyil,
eləcə də digər dövlətlərdə fəaliyyət
göstərən diaspor təşkilatları ilə əlaqələr
yaradılır.: “Məsələn, İsveçin Malmo şəhərində
yaşayan həmyerlimiz “Xəzər” Azərbaycan-İsveç
Dostluq Cəmiyyətinin sədri Leyla Kiani ilə yaxından əməkdaşlıq
edirik və həmin ölkədə keçirilən tədbirlərdə
biz də fəal olmağa çalışırıq.
Əlbəttə ki, Diasporla İş üzrə Dövlət
Komitəsi ilə də sıx əlaqələrimiz var. Komitənin
əməkdaşları ilə Dağlıq Qarabağ
münaqişəsinin, habelə mədəniyyət və incəsənətimizin
təbliğatı ilə bağlı bir neçə layihəni
birgə həyata keçirmişik.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 17 sentyabr.- S.15.