Bakıda möhtəşəm 15 sentyabr bayramı
Mətbuat
Şurası və ATXƏM birgə tədbir keçirib
Azərbaycan Mətbuat
Şurası və Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
“Azərbaycan Xalq Cümhuriyyəti: tarixi reallıqlar və
şəxsiyyətlər media müstəvisində” layihəsi
çərçivəsində “Qafqaz İslam Ordusu - 95”
mövzusunda kütləvi informasiya vasitələri təmsilçiləri
arasında yazı müsabiqəsinin yekunlarına həsr
olunan tədbir keçirib.
Millət
vəkilləri, tarixçilər, QHT və KİV rəhbərləri,
eləcə də Türkiyədən təşrif
buyurmuş nümayəndə heyətinin iştirakı ilə
keçirilən tədbiri giriş sözü ilə
açan Mətbuat
Şurasının sədri Əflatın Amaşov 1918-ci
ildə Bakıda bolşevik-daşnak birləşmələrinin
azərbaycanlılara qarşı törətdiyi
soyqırımlara diqqət çəkərək, bu qətliamların
qarşısının alınmasında Qafqaz İslam
Ordusunun xidmətlərinin əvəzsiz olduğunu bildirib.
Əflatun Amaşov qeyd edib ki, Nuru Paşanın
komandanlığı altında Azərbaycana gələn
Qafqaz İslam Ordusunun bir neçə aylıq gərgin
mübarizəsi 15 sentyabr tarixində tarixi qələbəilə
nəticələndi ki, məhz bu qələbədən sonra
Azərbaycan Xalq Cümhuriyyəti real olaraq öz
varlığını hiss etdi və Bakı əbədi
olaraq Azərbaycanın paytaxtına çevrildi. 15
sentyabrı Çanaqqala savaşından sonra ikinci bir
şanlı tarix kimi xarakterizə edən Əflatun Amaşov
bildirib ki, bu səbəbdən tariximizi yüksək qiymətləndirməliyik.
Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin
sədri İlham İsmayılov bildirib ki, rəhbərlik etdiyi təşkilat
Nuru Paşanın komandanlığı altında Qafqaz
İslam Ordusunun Bakını bolşevik-daşnak birləşmələrindən
azad etdiyi 15 sentyabrı hər
il xüsusi təntənə ilə qeyd edir. “Bu Azərbaycan
türklərinin milli azadlıq bayramlarından biridir. Ona
görə də mərkəzimiz Bakının
işğaldan azad edilməsində əvəzedilməz xidmətləri
olan Nuru Paşanın adının əbədiləşdirilməsi
ilə bağlı bir sıra təşəbbüslər irəli
sürüb, rəsmi qurumlara məktubla müraciət edib.
Çünki bu insanlara olan mənəvi borcumuzu qaytarmaq
lazımdır. Azərbaycanda qırğınlar törədən
Şaumyana sovetlərin zamanında
heykəl qoyulduğu halda Bakını işğaldan
azad edən Nuru Paşaya heç bir abidə qoyulmayıb. Bu
günkü gənclik tarixi gerçəklikləri bilməlidir.
Ancaq sevindirici hal ondan ibarətdir ki, ötən hər ildə
15 sentyabr tarixinin daha geniş ictimai dəstək
qazandığını görürük”. ATXƏM sədri
bildirib ki, XX əsrdə Azərbaycan iki dəfə
parçalanmaq, yox olmaq təhlükəsindən qurtulub:
“Birinci dəfə sentyabrın 15-də Nuru Paşa
Bakını işğaldan azad etdi. İkinci dəfə
ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbvaycanı
parçalanmaqdan, yox olmaqdan xilas etdi. ”İlham İsmayılov
deyib ki, bu tarixi günün daha
böyük ictimai sferada tanıdılmasında mətbuatın
xüsusi yeri var: “Məhz bunu nəzərə alaraq, təşkilatımız
bu il Azərbaycan Mətbuat Şurasına müraciət edərək,
Qafqaz İslam Ordusunun 95-ci yubiley ilinin birgə keçirilməsini
təklif etdi, Mətbuat Şurası bu məsələyə
pozitiv yanaşaraq, bu ilki tədbirin daha da möhtəşəm
keçməsinə dəstək verdi. Belə ki, Azərbaycan
Mətbuat Şurası və ATXƏM avqustun 15-dən etibarən
“Azərbaycan Xalq Cumhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər
media müstəvisində” layihəsi çərçivəsində
“Qafqaz İslam Ordusu-95” mövzusunda KİV-lər arasında
yazı müsabiqəsi elan etdi. Layihənin məqsədi
Bakının 1918-ci ilin sentyabrında bolşevik-daşnaq
qüvvələrindən azad edilməsində Qafqaz İslam
Ordusunun və onun görkəmli sərkərdəsi Nuru
Paşanın rolunun media vasitəsilə geniş ictimayyətə
çatdırılması idi..Müsabiqəyə olduqca
böyük marağın olduğu münsiflər heyətinə
daxil olan yazıların sayında özünü göstərirdi.
Təxminən 50-dən artıq yazı təqdim olundu. Layihə
çərçivəsində elan olunan müsabiqədə
Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki roluna dair
KİV-lərin materiallarının daha peşəkar tərzdə
təqdimatını stimullaşdırmağı, milli mənəvi
dəyərlərimiz, türkçülük kökənimiz
və dövlətçilik tariximiz baxımından
mühüm əhəmiyyət kəsb edən mövzunu hər
zaman diqqətdə saxlamağı, mövcud istiqamətdə
yeni jurnalist araşdırmalarının meydana
çıxmasına şərait yaratmağı nəzərdə
tutub”.
Tədbirdə
çıxış edən xalq şairi Nəriman Həsənzadə qeyd edib ki, Azərbaycan
xalqı 1918-ci ildə erməni-bolşevik qətliamlarından
xilas olduğuna görə Nuru Paşaya mənəvi olaraq
borcludur. “Biz bir xalq olaraq bu mənəvi borcu onun adının
layiqli bir şəkildə əbədiləşdirilməsi
ilə qaytara bilərik. İnanıram ki, bir gün Bakıda
Nuru paşanın əzəmətli bir heykəli önündə
onun xatirəsini yad edəcəyik”.
“Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sözlərinə görə, Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi Azərbaycan azərbaycanlılardan tamamilə təmizlənəcəkdi: “O zaman Azərbaycanı işğal edən bolşevik-daşnak qüvvələrinin başlıca məqsədi Azərbaycanın səltənətini tam mənimsəmək idi. Ancaq Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Azərbaycanı bu bəladan xilas etdi. Ona görə də biz hər zaman onlara sayğı ilə yanaşmalıyıq. Çünki bizim var olmağımızda onların böyük xidmətləri olub”. Tənzilə Rüstəmxanlı hesab edir ki, hələ də Bakıda Nuru Paşaya abidənin qoyulmaması Nuru Paşanın bəzi tarixçilər tərəfindən işğalçı kimi qələmı verilməsi ilə bağlıdır: “Biz qədirbilən xalqıq. Bizim borcumuz onları layiq olduğu mərtəbəyə qaldırmaqdır”. O, Nuru Paşaya Bakıda abidə qoyulması təklifi ilə dövlət başçısı İlham Əliyevə müraciət edilməsinin zəruriliyini vurğulayıb. Natiq əmin olduğunu bildirib ki, milli-mənəvi dəyərlər və digər bu kimi məsələlərə yüksək diqqət ayıran prezident İlham Əliyev həmin müraciətə də müsbət reaksiya verər. Tənzilə Rüstəmxanlı Nuru Paşaya milli qəhrəman adının verilməsini də təklif edib.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu deyib ki, sovetlərin zamanında 70 il bu tarix Azərbaycan xalqına yalnış olaraq çatdırılıb. Dərnək rəhbərinin sözlərinə görə, 15 sentyabr tarixi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının göstəricisidir. Səfər Karakoyunlu Qafqaz İslam Ordusunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə rəhbərlik etdiyi dərnək adından təkliflərini səsləndirib. Bildirib ki, Bakının uyğun bir yerində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın abidəsi ucaldılmalı, Bakıdakı küçələrdən birinə Nuru Paşanın adı verilməli, Bakının işgaldan azad edilməsində yaralanaraq şəhid olmuş ağdaşlı Hüseyin Əfəndinin oğlu İhsan Özköselə şəhidlik statusu verilməlidir.
Qafqaz İslam Ordusunun əsgəri
Hüseyn Əfəndinin oğlu İhsan Özköseli, türkiyəli yazar Abbas Göyce də
çıxışlarında mövzu ətrafında
geniş çıxış edərək, bildiriblər ki,
Azərbaycan-Türkiyə arasındakı tarixi münasibətlər
yalnız dostluq, qonşuluq münasibətləri deyil, ortaq
tarix, mədəniyyət və eyni soykökə
bağlılıqla əlaqədardır. Natiqlər
çıxışlarında həmin dövrdə baş
verən proseslərə də nəzər salıblar.
Milli
Məclisin deputatı Qənirə Paşayeva deyib ki, Qafqaz
İslam Ordusu Bakını yalnız işğaldan azad etmədi,
eyni zamanda bir örnək rolu oynadı. Millət vəkili gələn
il Bakıda Nuru Paşaya abidə ucaldılmasını
arzulayıb. Eyni zamanda təklif edib ki, Azərbaycan və
Türk ssenaristləri bu tarixlə bağlı ortaq film
çəkməlidirlər: “Bakının işğaldan azad
edilməsinin 100 illiyinin bütün türk dünyasında
qeyd edilməsini arzulayıram. Həmçinin
o dövrdə böyük xidmətləri olmuş
Əliağa Şıxlinskinin məzarının Fəxri
Xiyabana köçürülməsi məqsədəuyğun
olardı”. Tarixçi-alim Anar
İsgəndərli, BDU jurnalistika fakültəsinin
dekanı Şamil Vəliyev
də öz çıxışlarında Qafqaz İslam
Ordusunun tarixi xidmətlərindən danışaraq, Azərbaycan
xalqının taleyində xilaskarlıq missiyasını yerinə
yetirmiş Nuru paşanın adının əbədiəşdirilməsini
vacib saydılar.
Tədbirdə
xalq şairi Nəriman Həsənzadənin “Nuru paşa”
poemasından parçalar səsləndirilib. Sonda Mətbuat
Şurası və ATXƏM-in elan etdiyi yazı müsabiqədə
fərqlənən jurnalistlərə mükafatlar təqdim
edilib. Həmçinin xalq şairi Nəriman Həsənzadə, araşdırmaçı alim
Güllü Yoloğlu, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin
sədri Səfər
Karakoyunılu, İhsan Özkösel və Abbas Göyçe
türk dünyasının inteqrasiyası və Türkiyə-Azərbaycan
dostluq-qardaşlıq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə,
ATXƏM plaketi ilə təltif olunublar.
Süleyman İsmayılbəyli
Olaylar.- 2013.- 17 sentyabr.- S.9.