“Türkiyənin Azərbaycana kömək etməsi şərtdir”

 

Abbas Göyçe: “Azərbaycan üçün canımı verməyə belə hazıram”

 

“Türkiyə-Azərbaycan qardaşlığı yetərincə deyilbu qardaşlıq bir qədər də inkişaf etdirilməlidir”

 

Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 95-ci illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn türkiyəli yazar, əslən azəbaycanlı Abbas Göyçe “OLAYLAR”-ın suallarını cavablandırıb. Abbas Göyçe söhbət zamanı Azərbaycanın 3 böyük dövlət adamı ilə olan təmaslarından danışıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən söz açıb.

 

-Abbas bəy, Azərbaycana neçənci dəfədir səfər edirsiniz və təəssüratlarınız nədən ibarətdir?

-Mən üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm. Hər dəfə də Azərbaycana səfər edəndə Azərbaycanın inkişaf etdiyini, gözəlləşdiyini görürəm. Səmimi deyirəm,  bu məni çox sevindirir.  Azərbaycan mənim öz məmləkətim, dədə-baba yurdumdur. Təəssüflər olsun ki, ata və babalarımın yurdu sayılan Göyçə bu gün ermənilərin əlindədir. Bu mənim içimi yandırır. Mən Azərbaycan üçün canımı belə verməyə hazıram. Hətta Azərbaycana ilk səfərim zamanı bir şeir də yazmışam. Özümü həm də xoşbəxt sayıram ki, Azərbaycanın üç böyük dövlət adamı ilə yaxından təmaslarım, onlarla söhbətlərim olub. Onlardan birincisi Məmməd Əmin Rəsulzadədir. Məmməd Əmin Rəsulzadə ilə 1950-ci illərdə Ankarada görüşdüm. O zaman Məmməd Əmin Rəsulzadə Ankarada Azərbaycanla bağlı yaradılan cəmiyyətə rəhbərlik edirdi. Hər həftənin şənbə günü onun söhbətlərinə qatılırdım. İkinci dövlət adamı Əbülfəz Elçibəy idionunla da təmaslarım olub. Əbülfəz Elçibəylə tanışlığım 22 il əvvələ təsadüf edir. O zaman biz Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən simpoziumda iştirak etmək üçün Azərbaycana gəlmişdik. Türkiyədən gələn nümayəndə heyətlərindən birisi simpoziumda çıxışı zamanı bildirdi ki, biz daha çox məsələlər barədə danışa bilərik. Lakin qorxuruq ki, bizim danışdıqlarımız Azərbaycan tərəfinə ziyan verər. Bu zaman salondakılardan biri özünü kürsüyə ataraqBizim heç nədən qorxumuz yoxdur, kim nə deyəcəksə desin” deyə türkiyəli qonaqlara xitab etdi. Həmin şəxs Əbülfəz Elçibəy idi. Əbülfəz Elçibəyi o zamandan etibarən tanıdım. Onunla bir sıra müştərək söhbətlərimiz olub. Mərhum Heydər Əliyevlə tanışlığımın da qəribə tarixçəsi var. Belə ki, Əbülfəz Elçibəyin prezidentliyi zamanında Ankarada Azərbaycan Dərnəyi fəaliyyət göstərirdi. Dərnəyə rəhbərlik edən Cəmil bəy adlı birisinin Heydər Əliyevi həmin dərnəyə üzv qəbul etməmək barədə göstəriş verdiyi məlum oldu. Bir gecə ev telefonuma zəng gəldi. Zəng edən Azərbaycanın Türkiyədəki səfiri idi. O, hadisəni mənə danışdı və bildirdi ki, buna etiraz olaraq Şereton otelində tədbir keçiririk və sənin də həmin tədbirdə iştirakını arzulayırıq. Heydər Əliyev həmin tədbirdə çıxış etdikdən sonra mən heç kimə bir kəlmə demədən kürsüyə qalxdım. Bildirdim ki, bizim davamız Elçibəy və ya Əliyev davası yox, bizim davamız Azərbaycan davasıdır. Bizim ürəyimiz Azərbaycan üçün titrəyir və Azərbaycan üçün hər şey etməyə hazırıq. Qeyd etdim ki, Heydər Əliyevi dərnəyə üzv qəbul etmək istəməyənlər hesab etməsinlər ki, onlar Azərbaycan üçün çalışırlar. Kürsüdən enər-enməz Zeynəb Xanlarova məni qucaqlayıb öpdü. Beləliklə, həmin vaxtdan etibarən Heydər Əliyevlə tanışlığım baş verdi. Azərbaycanın üç böyük dövlət adamı ilə təmaslarım olduğu üçün özümü bəxtiyar hesab edirəm.

-Bu günlərdə Bakının işğaldan azad edilməsinin 95 illiyi qeyd edilib.  Bu tarixi qısaca necə xarakterizə edərdiniz?

-Azərbaycanın qurtarıcısı Nuru Paşadır. Ona görə də Bakıda Nuru Paşaya abidə qoyulmalı, küçələrdən birinə onun adı verilməlidir.

-Hazırda Azərbaycan-Türkiyə münasiətlərini necə dəyərləndirirsiniz?

-Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyətindən o qədər də razı deyiləm. Çünki Azərbaycan hələ də Türkiyəyə viza tətbiq edir. Halbuki Yunanıstan da daxil olmaqla bir sıra dövlətlər Türkiyəyə viza tətbiq etmir. Əgər millətin sərt təpkisi olmasaydı hazırda Türkiyəyə rəhbərlik edən şəxs Ermənistanla sərhəddi açacaqdı. Bu məsələ də məni narahat edir. Hazırda bütün türkün gözü, könlü Azərbaycandadır. Ancaq hesab edirəm ki, Türkiyə-Azərbaycan qardaşlığı yetərincə deyilbu qardaşlıq bir qədər də inkişaf etdirilməlidir. Ermənilərin Xocalıda törətdiyi vəhşilik hamımıza məlumdur. Ona görə də Türkiyə bu soyqırımla bağlı məsələdə duyğusuz qalmamalıdır. Türkiyənin Azərbaycana kömək etməsi şərtdir və bunun olması lazımdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 19 sentyabr.- S.15.