“Mənim ağzım nədir, vətənpərvər olmayım”

 

Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayı ilə müəyyən olurViktor Hüqo

 

 

Kiçik araşdırma apardıq. Yazıçı və şairlərə müraciət etdik, danışdırdıq. Danışdılar. Bir məsələ ortaya qoyduq – Vətənpərvərlik. Nəyə görə məhz yazıçı və şairlər? Çünki bir ölkənin insanlarını səhv, ya da ki, doğru istiqamətə aparan onun güvəndiyi ədəbiyyatçı və ziyalılarıdır. Söz yox ki, dildən-dilə gəzən aforizmlər də məhz həmin kateqoriya insanların istinad mənbələridir. Öz fikirləri olmayan insanlar üçün aforizmlər yolu göstərən mayakdır. Alber Kamyu deyirdi: “Bir yazıçıyam. Mən deyil, qələmim düşünər, xatırlayar, ya da əhatə edər”. Azərbaycan adamına da onun yaradıcı obyektinindüşündüyü maraqlıdır. Demək, sualı belə qoymuşduq: “Siz özünüzü vətənpərvər hesab edirsinizmi, əgər edirsinizə Azərbaycan sevgisini necə ifadə edərdiniz?” Qısa girişdən sonra onların nə dediklərinə baxmaq yerinə düşərdi. Buyurun! 

 

 

                                              ***

 

Qan Turalı (yazıçı): “İnsanın vətən sevgisini uca səslə elan etməsi onun mənəvi puçluğundan xəbər verir. Çünki sevgi intim hissdir, daxildə olur. Bu sevginin izharı repressiyalar, vətən xainləri, yalançı millət qəhrəmanları yaradır. Orhan Vəlinin bapbalaca şeirində dediyi kimi: - Neler yapmadık şu vatan için! Kimimiz öldük; Kimimiz nutuk söyledik”.

 

 

                                             ***

 

Günel Mövlud (yazıçı): “Mən özümü vətənpərvər hesab edirəm. Vətənpərvərlik anlayışım coğrafiyaxud milli anlamda deyil. Mən bütün xalqları və insanları sevirəm. Bu xalqlarainsanlara azərbaycanlılar da daxildir. Millətçilik, vətənini və xalqını sevmək ibtidaiprimitiv hisslərdir".

 

 

                                             ***

 

Əsəd Qaraqaplan (yazıçı): “Əslində ədəbiyyat, yaradıcılıq heç vaxt konkret məkanla, hətta zamanla bağlı olmayıb. Çünki bu ilahidən gəlmə bir hissdironun ancaq forması hansısa məkana, zamana aid ola bilər. Amma ruhi halı həmişə məkansız və zamansız olub. Ümumiyyətlə vətənpərvərlik və başqa pərvərliklər sənətdə görünməyən "izm"lərdi. Vətənpərvərlik mövzusunda bəzi hisslərimi çıxsaq məni o qədər də yaxşı patriot saymaq olmaz. Mənə görə vətən sevdiyin insanın yanıdır, əgər varsa, yoxdursa demək laməkansan”.

 

 

                                              ***

Mirzə Sakit (satirik şair): “Harada yaşamağından asılı olmayaraq yaşadığım məkanda vətənimin hansısa guşəsinə oxşar yerlər tapmağa çalışıram. Arada həmin yerlərə gedib təsəllimi oralardan tapıram. Vətənə qarşı sevgimi onun vətəndaşlarını sevməklə ifadə etməyə çalışıram. Çünki Vətən vətəndaşlardan başlayır”.

 

                                             ***

 

Ceyhun Musaoğlu (yazıçı): “Yazıçıdan vətənpərvərlik tələb etmək düzgün deyil. Ceyhunun şəxsindən vətənpərvərlik tələb etmək olar, amma onun əsərlərindən bunu istəmək düzgün deyil. Əkrəm Əylislinin ermənilərlə bağlı yazdığı əsər ölkədə skandal yaratdı. Hamı onun üzərinə düşdü və düşməli idilər. Əkrəm Əylislinin üzərinə ona görə getmədik ki, o vətənpərvər deyil. Onu qeyri-vətənpərvər olmaqda ittiham etmirəm, mən Əkrəm Əylislini qeyri-peşəkar yazmaqda ittiham edirəm. Yalan yazıb. Çünki ermənilər həmişə bizə zülm ediblər və indibuna çalışırlar. Ermənilər xalq olaraq keyfiyyətcə Azərbaycan xalqından aşağıdır, milli sənəti, mədəniyyəti, musiqisi yoxdur. Dövləti bizim dövlətdən zəifdir, ordusu cılızdır, pulu yoxdur, işğalçıdır. Bunu hamı bilir. Əgər Əylisli bunu bilərək yazırsa, o vətənpərvər deyil, qeyri-peşəkardır. Yazıçı şəxsində vətənini sevməlidir. Hər yazıçı ancaq vətənpərvərlik mövzusunda yaza bilməz, onun kitabı satılmaz. Yazıçının yaşayışı kitabdan təmin olunur. Bu oxucunu da yorar. Yazıçı fövqəl insandır. Onu göydən yerə endirib vətənpərvər etmək olmaz. Yazıçı hər şeydən yaza bilər – Allahı yoxa çıxara bilər, peyğəmbəri adi adama çevirə bilər. Vətən sevgisini daim əsərlərində göstərməyə çalışan yazıçılarımız da az deyil. Düşünürəm ki, vətənini sevməyən insan yoxdur. Biz vətənimizi doğulduqdan sonra instinkt olaraq sevirik. Mən burada doğulmuşam, qanım bura bağlıdır, bu torpağın enerjisindən yaranmışam, bu torpaqda bitən meyvələri yeyərək valideynim məni dünyaya gətirib. Həmin meyvələrin, qidaların yaratdığı enerji şüuraltına keçib. Vətən sevgisininin tibbibioloji izahı var. Mənim ağzım nədir vətənpərvər olmayım! İstinkt olaraq vətənimi sevirəm. Bəzən vətəninin əleyhinə gedib özünü göstərməyə çalışan yazıçılar var. Vətənin əleyhinə gedirlər ki, onu çox oxusunlar. Sən istəsən də bu vətənə qarşı gələ bilməzsən, çünki şüuraltı olaraq bu torpağa bağlısan. Müəyyən şeylərin əleyhinə getmək olar, amma bütünlüklə bu torpağın suyunun, çayının dağının, insanının əleyhinə gedə bilməzsən, qardaşım. Yazıçı çalışmalıdır ki, əsərlərində vətəninə xələl gətirəcək fikirlərdən az işlətsin”.

 

                                              ***

 

 

Cəlil Cavanşir (yazıçı): “Əlbəttə vətənimi sevirəm. Azərbaycan təkcə mənim yox, babalarımın, atamın və övladımın doğulduğu məkandır. Bu torpağa həm fiziki, həm də ruhi bağlılığım var. Qarabağ, Xocalı Soyqırımı və sadalaya biləcəyim digər problemlərimiz məni çox narahat edir. Özümü vətənini sevən vətənpərvər yazıçı hesab edirəm. Amma bunu həmişə özünü göstərmək üçün gözə soxmağın, danışmağın, nümayiş etdirməyin, öyünməyin əleyhinəyəm. Çünki hər bir vətəndaşın ilk borcu vətənini sevməkdir. Əgər o, Azərbaycanda doğulubsa, torpağını sevməlidir. Bunu tez-tez gözə soxmaq, müsahibələrdə yersiz yerə reklam etmək fikrimcə, düzgün deyil. Yazıçının vətənpərvərliyi - yaxşı və düzgün yazmağındadır, cəmiyyəti ölkəsi üçün faydalı olmağıdır. Boyalı cümlələr, şeirlərlə insan vətənpərvər ola bilməz. İçindən gəldiyi kimi yazmalısan”.

 

 

                                              ***

 

Sayman Aruz (şair): “Hər bir insan, hər bir Azərbaycanda doğulan vətəndaş vətənini sevməlidir. Vətən o qədər müqəddəsdir ki, ona anamızın adını veririk, danışdığımız dilə anamızın dili deyirik. Hər bir soydaşımız vətənini sevməlidir, Azərbaycanımız uğrunda hərəkət etməlidir. Ümummilli dəyərlər, maraqlar həmişə nəzərə alınmalıdır. Azərbaycan müstəqil olduqdan sonra biz bu tip mövzulara daha çox ehtiyac hiss edirik. Sovet dönəmində müəyyən təzyiqlərə görə insanlar vətənpərvərlik hisslərini gizlətməyə məcbur olurdular. Müstəqil dövlətimiz isə vətənpərvər insana ehtiyac hiss edir. Hər birimiz üçün bu mövzu çox əhəmiyyətlidir. Yazıçılar, ziyalılar bu barədə düşünməlidirlər. Azərbaycana ayaq açmış Avropanın postmodernist ədəbiyyatı millilikdən çox uzaqdır. Postmodernizm təbliğ olunur. Biz milli ədəbiyyatımızı inkişaf etdirməsək, onların dilində danışa bilməyəcəyik. Biz azərbaycanlı kimi dünya ədəbiyyatında çıxış etməliyik. Dünya ədəbiyyatını təqlid edib plagiatçılıqla məşğul olmamalıyıq. Məsələ araşdırılmalı, yazıçı və ziyalılar buna diqqət etməlidirlər”.

 

P.S: “Mənim məşğuliyyətim, kitablarımı yazmaq, insanlarım və xalqım təhdid edildiyində döyüşməkdir.Bu qədər” Alber Kamyu.

 

Ömər Zamin

 

Olaylar.- 2013.- 20 sentyabr.- S.13.