Yazımızın başlanğıcı

 

Gəmiqayadakı türk damğaları və onların anlamı

 

Türklərin daha əski çağ düşüncə və yaşam tərzini anladan əsas qaynaqlardan biri türk yurdlarında rast gəldiyimiz piktoqrafik qaya rəsimləridir. Bu rəsimlər böyük bir coğrafi alanı əhatə edir və bu nəticəyə gəlmək olar ki yer kürəsində ilkin sivilizasiyanın başında elə türklər dayanır. Orta Asiyanın ucqar yerlərindən tutmuş Avropaya qədər, İran yaylasından tutmuş Ərəbistan və Afrikanın şimalına qədər, hətta Amerika qitəsinə qədər uzanan ortaq bir sivilizasiyanı özündə birləşdirir. Burada türklərə aid rəsm üslubunu başqa xalqların üslubundan ayırmaq çox asandır. Bu üzdən bəzi alimlər bu qənaətə gəlmişlər ki, tarixin başlanğıcının əsasını türklər qoymuşlar.

Qaya üstü rəsimlər qədim Daş (paleolit- m.ö 40000-13000) dövründən başlayaraq, Tunc (m.ö IV-III min il.), Dəmir( m.ö II-I min il.) və hətta Orta əsrlərə qədər böyük bir zaman kəsiyində davam etmişdir. Bu proses Azərbaycan və qədim türk beşiyi sayılan İran yaylasında eyni ilə sürmüşdür. Burada biz yalnız Guzey Azərbaycanın bir bölgəsində, yəni Naxçıvanın Ordubad rayonununda yerləşən Gəmiqaya dağındakı türk damğalarını və orada olan bəzi petroqlif yazılara aydınlıq gətirmək istəyirik. Bizi özünə cəlb edən əsas məsələ astral rəsmlərdir ki, onların vasitəsi ilə əcdadlarımızın varlıq haqda düşüncə və inancları barədə məlumat əldə etmək olur. Bütün türk qaya rəsimlərində ortaq motivlərin mövcudluğu və onların oxşar tiplərinin müqayisəsi, bu piktoqrafik yazıların təhlili onların “oxunuşunda” bizə yardımçı ola bilir. Bu motivlərdən biri 80% qaya rəsimlərində izi görünən keçi rəsimləridir. Burada bəzi ov səhnələrindən başqa bu heyvanla əlaqədar zoomorf rəsimlərə də rast gəlinir. Bunlar əsasən əcdadlarımizin astral görüşlərindən qaynaqlanır və sonucda “zaman” anlayışının yaranması və təqvimlərin ortaya çıxması ilə nəticələnir.

Gəmiqaya rəsmlərində sadə keçi rəsimlərindən başqa bu heyvanın ideoqram cizgisinin ortaya çıxmasının şahidi oluruq. Burada kəpənəyə oxşayan, başqa sözlə təpə nöqtələri birləşmış üçbucaqları xatırladan fiqur keçini simvolizə edir. Bu onun buynuzunun və quyruğunun olmasından görünür. Eyni motivə İran yaylasında da rast gəlinir. Buynuzsuz və quyruqsuz isə həmin işarə türk ideoqrafik sistemində “baş” sözünü (damğasını), türk fonetik yazısında isə “b” səsini ifadə edir.

Bu işarə təkcə qayalarda deyil, Tunc dövrünə aid saxsı qabların üzərində, sonrakı dövrlərdə isə kilim və xalılarımızıda təkrarlanan simvoldur. Piktoqramdan ideoqrama keçid artıq yazının başlanğıcı deməkdir və maraqlıdır ki, bu qayalardakı işarə əsasən göy obyektlərinin yanında cızılmışdır və bu baxımdan hansısa astroloji bir görüşü ifadə etməkdədir. Çox güman ki, bu, hansısa bir ulduzlar qrupuna (bürc) işarədir. Bu damğanı tədqiqatçılar əski türk yazılarında (Tonyukuk, Yenisey, Talas) “baş” kimi oxumuşlar. Belə isə, yəni bu rəsmləri gerçəkdən də türklərin əcdadları cızmışlarsa, deməli, onların, yəni prototürklərin dilində keçiyə “baş” deyilməli idi. Görünür, elə belə də olmuşdur. Məsələ burasındadır ki, qədim şumer dilində mövcud olan “mas” sözü əsasən keçı, gənc, uşaq mənalarında işlənmişdir. Bundan başqa, həmin dildə “mas-da” sözü dağ keçisi, ceyran deməkdir. Şübhəsiz ki, “mas”, “baş” sözünün fonotik variantıdır. İran yaylasında keçi mənasında bu gün də “bzuuz”, “buza”, “boz” kəlmələri işləkdir. Anadolu xalq ağzında alnı ağ ( qaşqa ) olan keçiyə "beş" deyilir.

Keçi sürüsündə öndə gedən Baş keçi ("Bazman" qaya rəsmlərindən - İran yaylası Bəluçestan)

Qədim astrologiyanın mərkəzi sayılan İkiçayarası (Mesopotamiya) xalqlarında, xüsusi ilə də şumerlərə aid möhür və rəsmlərdə səma obyektırindən ay, günəş, səkkiz güşəli Venera planeti ilə yanaşı yeddi dairə şəklində işarələnmış Ülkər ulduz qrupunu müşahidə etmək mümkündür. Bu qrup bütün mədəniyyətlərdə diqqət mərkəzində olmuş, onunla bağlı nağıllar və əfsanələr söylənmişdir və bu gün də söylənməkdədir.

 

Şumer möhür və lövhələri

 

Maraqlıdır ki türk dilində “Ulduz” sözü qədimi Şumer mixi yazılarında “UL” sözü ilə ifadə edilmiş və formaca Ülkər qrupu ulduzlarını xatırladır :

Bizdə isə Ülkər haqda bir çöx xalq rəvayətləri var ki, onlardan biri bizim əcdadlarımızdan gələrək, xalq arasında bu günə qədər davam edən “ Təkə gözünü Ülkərə dikən kimi” söyləntisidir. Bu deyim bölgə əhalisinin xüsusən ovçuların təcrübəsi əsasında formalaşmışdır. Belə ki, payızdan 18 gün qalanda “Ülkər” axşamdan doğur, elə o vaxt da təkələr (erkək keçilər) keçilərin içinə qarışarlar, ona görə də belə bir məsəl var “təkə gözünü ülkərə tikən kimi” deyirlər. “Keçi ilə Ülkərin əlaqəsinə” qədim saxsı və metal qabların üzərində də rast gəlinir :

 

 “Marlik keçisi” sənət əsəri

 

Gəmiqayada “BAŞ” damğası ilə bir neçə rəsm mövcüddur ki onların birində damğanın yuxarısında aypara, aşağısında iki dairə cızılmışdır :

Burada Ülkərlə ayın yaxınlaşması təsvir edilmişdir ki, bu rəsmi zaman təqvimi kimi qəbul etmək olar . Qədim türk qaynaqlarında bu iki səma obyektinin yaxınlaşması çox önəmli təqvim hadisəsi sayılır və bu hadisəyə “ Qonas” və “Qonaşıq” deyilir. Bu söz çox ehtimal ki, “qonaq” sözündən yaranmışdır ki, qədim türkcədə ev, mənzil anlamını ifadə edirdi. Qonaş hadisəsi hər ay bir kərə baş verir və Əqrəb bürcünün 22-sindən Buğa bürcünün 22-sinə qədər gündüz çağına düşdüyündən gözlə görünmür. Lakin qalan 6 ayda gecə baş verdiyindən muşahidə olunur hətta ekizlər bürcündə buğda biçini vaxtina düşdüyündən ona “Biçin Qonaş” deyirdilər. Yuxarıdakı rəsmdə ayparanın yönünü nəzərə alsaq, bu hadisənin bürcün birinci yarısında baş verdiyini söyləyə bilərik. Əski türk xalqlarının inancında Ülkər ulduzlar qrupunun başqa səma obyektəri ilə görüşməsi müxtəlif hadisələrin qaynağı sayılırmışdır. Məsələn, yakutlar Ülkərlə Veneranın qarşılaşmasının fırtına və yağışın meydana gətırəcəyini düşünürdülər və yaxud Ayla Veneranın görüşməsi uğur rəmzi sayılırmış və bu ay-ulduz damğası sonralar yaxın Şərqdə geniş yayılmış, hətta bu yaxın zamanlarda İslam ölkələrinin bayrağına yol tapmışdır.

 

Ardı var

 

Mənsur Rəhbəri

 

Olaylar.- 2013.- 20 sentyabr.- S.12.