«İki sahil» qəzeti Neftçilər Gününə
həsr olunmuş
xüsusi buraxılış hazırlayıb
20 sentyabr - Neftçilər
Günündə işıq üzü görən 180 səhifəlik
Xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin
19 ildə keçdiyi inkişaf yolunu əks etdirən
maraqlı yazıları, rəngli şəkilləri və
yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
1994-cü
il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin qətiyyəti
sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində
yerləşən «Azəri-Çıraq-Günəşli»
yataqlarının neft-qaz sərvətlərinin birgə
işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
arasında imzalanan, tarixə «Əsrin müqaviləsi» kimi
daxil olan neft sazişindən sonra ölkəmizin ictimai-siyasi,
iqtisadi həyatında yeni mərhələnin
başlanması Xüsusi buraxılışın ana xəttini
təşkil edir.
Xüsusi
buraxılışın üz qabığında ulu öndər
Heydər Əliyevin ««Əsrin müqaviləsi»ndə
qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl
edilməsi, yeni neft strategiyamızın uğurla həyata
keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin
əsas qarantlarından biridir...» fikirləri ilə
başlayır. Sonrakı səhifədə isə
ümummilli liderin ««Əsrin müqaviləsi» ilə
qoyduğumuz təməl XXI əsrdə Azərbaycan
xalqının inkişafı, firavan həyatı, müstəqil
Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi
üçün gözəl imkan yaradacaq. İnanıram ki,
XXI əsr Azərbaycan dövləti üçün ən
xoşbəxt dövr olacaq» fikrinin davamı olaraq Prezident
İlham Əliyevin «Biz neft kapitalını insan kapitalına,
neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft
sektorunun inkişafına yönəldə bilmişik. Vaxtilə
bəzi təhlilçilər tərəfindən deyilən
Azərbaycanı «Holland sindromu», yaxud da ki, «neft lənəti»
gözləyir fikirlərinin heç biri reallaşmadı.
Çünki bizim düşünülmüş siyasətimiz
vardır. Bizim siyasətimiz tam şəkildə Azərbaycan
xalqının maraqlarını təmin edir» tezisi öz əksini
tapıb.
Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə «Neftçilər günü»nün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir. Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2013-ci il tarixli «Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə «Əməkdar mühəndis» fəxri adı verilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında» sərəncamları yer alıb.
Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 19 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır. Xüsusi olaraq qeyd edilir ki, həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir.
Azərbaycan tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə dövlət müstəqilliyinin möhkəmləndirilməsində «Əsrin müqaviləsi»nin əhəmiyyəti xüsusi buraxılışda dərc olunan yazıların hər birində geniş təhlil olunur, bu günün uğurları fonunda perspektivlər müəyyənləşdirilir və həlli yolları diqqətə çatdırılır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbrikində bildirilir ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu il də peşə bayramlarını sonsuz iftixar və qürur hissi ilə qarşılayırlar. «Həyata keçirilən genişmiqyaslı regional və qlobal layihələr nəticəsində ölkəmiz nəinki özünün enerji təhlükəsizliyini tam təmin etmiş, həmçinin neft, qaz, emal və neft-kimya məhsullarının etibarlı ixraçatçısı kimi Avropanın enerji təhlükəsizliyi sisteminin vacib həlqələrindən birinə çevrilmişdir. Dünya enerji bazarında etibarlı neft ixracatçısı kimi özünü çoxdan təsdiq etmiş Azərbaycan son illərdə beynəlxalq qaz tədarükü sisteminə inamla daxil olaraq, bu sahədə yeni-yeni nailiyyətlər qazanmışdır.»
Təbrikdə o da qeyd olunur ki, modern, innovativ, çevik, beynəlxalq səviyyəli sənaye kompleksinə çevrilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inkişaf yolu ilə inamla irəliləyir. Şirkətimiz beynəlxalq neft və qaz layihələrində dövlətimizi ləyaqətlə təmsil edir, müstəqil işlədiyi yataqlarda müvəffəqiyyətlə çalışır.
O da qeyd edilir ki, ARDNŞ inkişaf etdikcə respublikamızın sosial-iqtisadi həyatında daha yaxından iştirak edir. Cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilər ölkənin iqtisadi yüksəlişi naminə dövlət və xalq qarşısında cavabdehlik hissini heç zaman unutmurlar. «Əminəm ki, çoxminli neftçilər ordusu bundan sonra da qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün var qüvvə ilə çalışacaqlar.»
ARDNŞ-in prezidenti R.Abdullayevin «ARDNŞ dünya enerji xəritəsində» yazısında qeyd edilir ki, XX əsrin sonlarında xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına təkan verdi. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs müstəqil dövlətimizin iqtisai-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatıdır. Respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri, Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlar bu müdrik, uzaqgörən konsepsiyanın təntənəsinə ən parlaq misaldır.
Yazıda o da qeyd edilir ki, hazırda ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. ARDNŞ 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. 1995-2013-cü illərdə neft-qaz sektoruna ümumilikdə təqribən 47 milyard dollar məbləğində sərmayə qoyulmuşdur.
Yazının sonunda bu fikir bir daha xüsusi vurğulanır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən davamlı inkişaf prosesləri, sürətli iqtisadi artım, əhalinin maddi rifahının günbəgün daha da yaxşılaşması bir daha sübut edir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyası durmadan, uğurla həyata keçirilir.
Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır. Şirkətin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin «Böyük işlər, möhtəşəm layihələr», iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun «ARDNŞ-nin beynəlxalq reytinq dərəcələri artır», sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun «ARDNŞ dünya enerji şirkətləri ilə etibarlı tərəfdaş kimi uğurla əməkdaşlıq edir», emal üzrə vitse-prezident David Məmmədovun «ARDNŞ-nin neft-qaz emalı və neft-kimya sənayesinin uğurları», vitse-prezident Mikayıl İsmayılovun «ARDNŞ təchizat sahəsində uğurlarını davam etdirir», sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun «Neftçilərin sosial müdafiəsinin gücləndirilməsi əsasdır», kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun «ARDNŞ elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnir», neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanovun «Yeni texnika və texnologiyaların tətbiqi müasir dövrün tələbidir», ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin «ARDNŞ-nin ətraf mühitin mühafizəsinə yönləmiş siyasəti uğurla davam etdirilir», strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun «ARDNŞ-nin strateji inkişaf istiqamətləri», Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin «Səmərəli fəaliyyətdən sonra rahat istirahət neftçi əməyinə verilən dəyərdir», «Azneft» İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun «Neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlarına tam əməl olunub», «Azərikimya» İB Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin «Bu günün və sabahın reallıqları prizmasında», «Azəriqaz» İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyevin «Qaz təsərrüfatında yeniliklər davamlıdır», «Azərneftyağ» Neft Emalı Zavodunun direktoru Rövşən Həsənovun «Uğurlu nəticələr gələcək üçün stimuldur», Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun «Neft strategiyasının inkişafı kadr hazırlığını zərurətə çevirir», Ekologiya İdarəsinin rəisi Azər Əliyevin «Ətraf mühitin mühafizəsi sahəsində uğurlarımız», Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin «Geofiziklərin kadr potensialının və maddi texniki bazasının gücləndirilməsi öz bəhrəsini verməkdədir», Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Ayaz Qarayevin «Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu yeni mərhələdə», Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun ««Əsrin müqaviləsi» müəssisəmizin inkişaf tempini sürətləndirmişdir», «Kompleks Qazma İşləri» Trestinin müdiri İskəndər Şirəlinin ««Kompleks qazma İşləri» Tresti 2013-cü ilin yanvar-avqust aylarında respublikanın quru və dəniz sahələrində 96896 metr qazma işi yerinə yetirmişdir», Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin «Neft məhsullarının ixracı geniş coğrafiyanı əhatə etməkdədir», Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun «Nəql sistemində səmərəlilik prioritetdir», «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılovun «Neft elminin inkişafı strateji hədəflərə xidmət edir», «Neftqaztikinti» Trestinin müdiri, Əməkdar mühəndis Mirkazım Abasovun «Yerli və beynəlxalq neft-qaz tikinti layihələri uğurla icra olunur», Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin «Qaz Emalı Zavodunun kollektivi Neftçilər Gününü yüksək texniki-iqtisadi göstəricilərlə qarşılayır», «Qaz İxrac» İdarəsinin rəisi Qağaməli Seyfullayevin «Magistral qaz kəmərləri sahələrinin müasirləşdirilməsi və yenidənqurulması «Qaz İxrac» İdarəsinin fəaliyyətinin əsas istiqamətlərindəndir», Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun «Dövlət başçısının sosial yönümlü siyasəti davamlı inkişafa təminatdır», Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin «Sərmayə qoyuluşları iqtisadi inkişafın yeni vektorlarını müəyyənləşdirir», Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin «Təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir», Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun «Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində kadr hazırlığı uğurla davam etdirilir», Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətovun «Xəzər Dəniz Neft Donanması dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının aktiv iştirakçılarından biridir», İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi, Əməkdar mühəndis İnayət Hüseynovun «İnformasiya Texnologiyaları və Rabitə İdarəsi «İnformasiya-kommunikasiya texnologiyaları ili»ndə mühüm nailiyyətlər əldə etmişdir», «Neftçi» İSM-in icraçı direktoru, «Neftçi» PFK-nin prezidenti Sadıq Sadıqovun ««Neftçi» İSM altı ildir ki, «İlin ən yaxşı idman cəmiyyəti» adına layiq görülür», «Ekol Mühəndislik Xidmətləri» QSC-nin baş direktoru Ramil Əliyevin ««Ekol Mühəndislik Xidmətləri» QSC ekoloji layihələrin həyata keçirilməsində mühüm iştirakçıdır» və «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin ««Əsrin müqaviləsi»: İqtisadi inkişafın yol xəritəsi» məqalələrində «Əsrin müqaviləsi»nin imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda əldə olunan uğurlar diqqətə çatdırılır və ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsi kimi dəyərləndirilir. Bildirilir ki, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafına, uğurların davamlılığına stimul verir.
Xüsusi buraxılışda Prezident İlham Əliyevin «... bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edibdir. Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edibdir, müstəqilliyini möhkəmləndirə bilibdir» fikri ötən dövr ərzində qazanılan uğurların ümumiləşdirilmiş ifadəsidir.
Xüsusi buraxılış ulu öndər Heydər Əliyevin «Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir» fikri ilə tamamlanır. Bu gün böyük fəxrlə deyə bilərik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir.
Olaylar.- 2013.- 21-23 sentyabr.- S.11.