İlham Əliyevin prezidentliyi
dövründə
diaspora sahəsində
baş verən mühüm hadisələr
Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı cənab İlham Əliyev də Azərbaycan
Respublikasına rəhbərlik etdiyi on il ərzində diaspora
sahəsi, xarici ölkələrdə yaşayan
soydaşlarımızla işə böyük
üstünlük verib. Təsadüfi deyil ki, Azərbaycan
diasporunun həyatında baş verən ən mühüm
hadisələr də məhz İlham Əliyevin prezidentliyinin
10 ilini əhatə edir. Prezident İlham Əliyevin diaspor
quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri
yerinə yetirən Diasporla İş üzrə Dövlət
Komitəsi də fəaliyyət göstərdiyi bu illər ərzində
xarici ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması, soydaşlarımız arasında
milli-mənəvi dəyərlərin qorunub
saxlanılması, həmvətənlərimizin hüquq və
azadlıqlarının qorunması istiqamətində bir
sıra mühüm tədbirlər həyata keçirib,
diasporumuzun təşkilatlanması, ayrı-ayrı
qurumların 1 təşkilatda birləşməsi davam etdirib.
Belə ki, 2004- cü ilin aprel ayının 17-də Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı keçirilib. Tədbirə dünyanın 28 ölkəsində fəaliyyət göstərən 50-dən artıq diaspor təşkilatından 264 nümayəndə qatılıb. Təsis konfransında Avropa Azərbaycanlıları Konqresinin nizamnaməsi qəbul edilib və qurumun rəhbər orqanları seçilib.
May ayının 28-də Türkiyə Respublikasının İsgəndərun şəhərində bu ölkədə fəaliyyət göstərən 18 Azərbaycan icma və birliklərini özündə birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirilib.
2004- cü ilin oktyabr ayında Ümumrusiya Azərbaycan Konqresinin II Qurultayının keçirilməsi isə Azərbaycan diasporunun həyatında ən mühüm hadisələrdən biri oldu. Qurultayda Azərbaycan və Rusiya Prezidentlərinin də iştirakı onun siyasi və tarixi əhəmiyyətini artıran əsas faktlardan biri kimi səciyyələndirilə bilər.
2005- ci ilin aprel ayında Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransının keçirilməsi Azərbaycan icmalarının vahid təşkilatda birləşməsi prosesinin artıq mütəşəkkil xarakter aldığını və bütün dünyanı əhatə etməkdə olduğunu göstərdi.
Həmin ildə Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyətinin Dnepropetrovskda keçirilən toplantısında Ukrayna Azərbaycanlıları Konqresinin bütün regional təşkilatlarında gənclər birliklərinin yaradıması barədə qərar qəbul edildi.
2006-cı ilin mart ayının 16-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. Dünya Azərbaycanlılarının II Qurultayı tarixi məzmununa və ictimai əhəmiyyətinə görə, ilk Qurultaydan bir çox cəhətləri ilə seçilirdi. Bu fərqlərdən birincisi Azərbaycanın müstəqil dövlət olaraq keçdiyi inkişaf yolu ilə bağlıdır. Dünya azərbaycanlılarının II qurultayına dünyanın müxtəlif ölkələrindən ümumilikdə 1231 nümayəndə seçilmişdi. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdi. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr Rusiya Federasiyası (200), Türkiyə (116), Ukrayna (85), Almaniya (53), Gürcüstan (40), ABŞ (38), Fransa (27), Qazaxıstan (25), İsveç Krallığı (23), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (16), Belarus (15), Kanada (13), Niderland Krallığı (14), Latviya (14), Estoniya (13) və Avstriya (10) olmuşdu.
2007-ci il noyabrın 17-19-da yenə də Azərbaycan dövlət başçısının təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda-Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı da Prezident İlham Əliyevin türk xalqları arasında birliyin möhkəmləndirilməsinə verdiyi xüsusi önəmin göstəricisidir. 30 ölkədən 550 nəfər nümayəndə və qonağın dəvət olunduğu qurultayın işində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk xalqının lideri, cümhurbaşqanı Mehmet Əli Tələt, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl, habelə Türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələri iştirak etmişdi. Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının açılışında Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev, Qırğızıstanın təhsil və elm naziri Kanıbek Osmonaliyev, Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Askar Buribayev də çıxış edərək Qurultayın əhəmiyyəti barədə fikirlərini bölüşmüşlər.
2008-ci il martın 27-də Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçirildi. Tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov “Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında diasporların rolu” mövzusunda məruzə ilə çıxış etdi. İclasda qərara alındı ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordiyasiya Şurasının 9 nəfərdən ibarət idarə heyəti yaradılsın. Eyni zamanda Şuranın katibliyi yaradılsın və bu struktur Avropa dövlətlərinin birində yerləşsin. Toplantının sonunda Berlin Bəyannaməsi və 1918-ci martın 31-də Azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar Bəyanat qəbul olundu. Şura üzvləri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdulla Gülə müraciət qəbul etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərmək zərurətindən irəli gəlmişdi. Prezident İlham Əliyevin 2009-cu il 14 may tarixli fərmanı ilə Diasporla Iş üzrə Dövlət Komitəsinin əsasnaməsi və strukturu təsdiqlənmişdi.
2008-ci il dekabrın 18-da Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası üzvlərinin iştirakı ilə “Azərbaycan-Şərqin dünyaya açılan qapısı” adı altında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş silsilə tədbirlər keçirildi. Toplantıya şura üzvləri ilə yanaşı dünyanın 17 ölkəsindən nüfuzlu Azərbaycan icma və birlik rəhbərləri, həmçinin türk və yəhudi icmalarının nümayəndələrindən 39 qonaq qatıldı. İclasda “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”nın layihəsi əlavə və təkliflər nəzərə alınmaqla qəbul edildi. Tədbirdə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
2009-cu il martın 7-də Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) ll qurultayı keçirildi. Qurultayın qətnaməsi qəbul edildi, səsvermə yolu ilə 12 nəfərdən ibarət BAK idarə heyətinin üzvləri seçildi. İdarə heyətinin ilk iclasında isə Elsevər Məmmədov sədr, Sahil Qasımov isə fəxri sədr seçildilər.
2009-cu il aprelin 14-də isə Frankfurtda Avropa Azərbaycanlıları Konqresinin III Qurultayı keçirildi. Avropanın 25 ölkəsindən 79 nümayəndə və qonağın qatıldığı tədbirin qətnaməsinə görə, qurumun Nizamnaməsinə uyğun olaraq 11 diaspor təşkilatı Avropa Azərbaycanlıları Konqresinə yeni üzv qəbul edildi. Avropa Azərbaycanlıları Konqresinin strukturunda da dəyişiklik edildi, iki birinci vitse-prezident və beş vitse-prezident vəzifələri təsis olundu, 27 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi təsdiqləndi. Mayns-Azərbaycan Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini, əvvəlki tərkibdə Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti olan Başar Kömür qurultayda AAK-ın prezidenti seçildi. Qurultay adından Bəyanat və Azərbaycan Prezidentinə müraciət qəbul edildi.
2009-cu il mayın 30-da Toronto şəhərində “Kanada Azərbaycan Təşkilatlar Assambleyası”nın I Qurultayı keçirildi. Tədbirdə 2 təşkilat quruma üzv qəbul edilib və Assambleyaya daxil olan diaspor təşkilatlatlarının sayı 12-yə çatdı. Qurultayda Assambleyanın növbəti müddət üçün iş planı və qurumun rəhbər orqanları seçildi, toplantının qətnaməsi qəbul olundu, tədbir iştirakçiları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlandı.
2009-cu ildə baş verən mühüm hadisələrdən biri də Ulyanovsk şəhərindəki mərkəzi meydanlardan birinə ulu öndər Heydər Əliyevin adının verilməsidir. 2008-ci ildə isə Ulyanovskda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi açıldı və bu il həmin abidənin yerləşdiyi və artıq ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan meydanda geniş abadlıq işləri görüldü. Ulyanovsk şəhərinin Zasviyajsk rayonundakı Jiqulyovsk və Fruktovaya küçələrinin kəsişməsində ucaldılmış abidənin müəllifi Azərbaycanın xalq rəssamı, Milli Elmlər Akademiyasının həqiqi üzvü, heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur. Bundan başqa, Ulyanovskdakı 78 nömrəli orta məktəbdə Azərbaycan tarixi və mədəniyyəti muzeyinin açılışı oldu. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ulu öndərin ailə üzvlərinin, habelə ölkəmizin görkəmli dövlət xadimlərinin həyat və fəaliyyətinə həsr olunmuş ayrıca stend yaradıldı. Ulyanovsk şəhərində ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması, H.Əliyev muzeyinin yaradılması və ulu öndərin adının həmin meydana verilməsi barədə qərar Ükrayna Azərbaycanlıları Konqresi Ulyanovsk regional bölməsinin vilayət və şəhər rəhbərliyinə müraciətindən sonra qəbul edildi.
Ardı növbəti
sayımızda
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 24 sentyabr.-
S.15.