Yadlaşan geyimlərimiz...

 

Qərbin təsiri mədəniyyətimizdə, davranışımızda özünü biruzə verdiyi kimi geyimlərimizə də təsirsiz ötüşməyib. Son dövrlər gənclərin geyimləri üzərində xoşagəlməz yazılarla yanaşı insan skeleti olan müəyyən şəkilləri də görmək olar. Bakı şəhər sakini Gülnarə Xəlilova daha çox görünüşə görə geyim seçimi etdiyini deyir:

“Geçim seçimi edərkən onun mənə nə qədər yaraşıb, yaraşmadığını nəzərə alıram. Üzərindəki yazıların mənası bir o qədər də mənim üçün önəmli deyil”. Həmsöhbətimiz skelet şəkli olan geyimlərə də normal münasibətinin olduğunu deyir: “Normaldı, bu gün hamı üzəri belə şəkil olan geyimlər geyinir. Zəmanə bunu tələb edir”. “You are a fool”(Sən axmaqsan), “Who are you?” (Sən kimsən) kimi mənaları özündə ehtiva edən geyimlər də satışda üstünlük təşkil edir. Təəssüflər olsun ki, şəhər sakinləri seçim edərkən bu kimi amilləri nəzərdən qaçırır. Psixoloq Dəyanət Rzayev insanların bu cür geyimlərə maraq göstərməsinin səbəbini belə izah edib: “İnsanlar hər zaman diqqət çəkmək istəyirlər. Nə edirlərsə bunun üçün edirlər. Öncəki illərdən fərqli olaraq ətrafdakıları təəccübləndirmək çox çətindir. Bunun üçün  hər kəs özünə qarşı təəccüb yaratamaq üçün belə yollara əl atır. Sovet dövründə məndə belə bir mayka var idi ki, onun üzərində “kommunisti öldür” şüarı yazılmışdı. Gənc nəsillə yanaşı yaşlılar da qeyri-adi yollara əl ataraq ətrafdakıları təəccübləndirməyi sevir”. Psixoloq bu cür geyimlərin satışa çıxarılma səbəbini isə belə izah edir: “İstehsalçılar müəyyən monitorinqlər apararaq hansı geyimlərə tələbatın daha çox olduğunu öyrənir. Nəticədə bu cür geyimlərə marağın böyük olduğunu görərək onları satışa buraxırlar. Bu cür geyimlər ucuz olduqda onlar daha çox gəlir götürə bilirlər. 50  qəpiyə olan bir mayka milyonlara satıldıqda görün nə qədər gəlir əldə etmək mümkündü”. Psixoloq rəmzlərə də toxunub. O, müxtəlif rənglərə üstünlük verən insanların da fərqli fərdi xasiyyətə malik olduğunu deyir: “Hər bir şeyin öz rəmzi olub. Məsələn sovet dövrünün, kommunistlərin öz rəng və simvolları var idi. Narıncı inqilab da bir simvolik məna daşıyırdı. İndi mavilərin də bir simvolu var. Lezbiyankaların seçim etdiyi rəng isə çəhrayıdı. Bir də görürsüz ki, hamı narıncı, ya sarı geyinməyə başladı. Ümumiyyətlə nəyəsə meyilli olmaq bir növ insanın daxili aləmindən də xəbər verir. Məsələn, sarı rəngə meyilli şəxslər daha çox depresssiya yaşayanlardı. Sarı rəng depressiyaya yaxşı təsir edir. Bir çox xarici ölkələrdə xəstəxanalar sarı rəngdə olur. Yaşıl rəngə meyill olanlar tənbəlliyi sevən insanlardı. Hər rəngin və simvolun öz mənası var. Hər kəs fərdi olmalıdı. Düşünürəm ki, bu cür tərzlər fərdiliyi itirir”.

 

Nigar Məhərrəm

 

Olaylar.- 2013.- 24 sentyabr.- S.13.