İlham Əliyevin 10 illik prezidentlik
dövrü-diaspor hərəkatının
inkişaf mərhələsi
Əvvəli ötən
sayımızda
Cənab İlham Əliyevin prezidentliyinin on ili ərzində Azərbaycan diasporu milli maraqlarımızın müdafiəsi işində də fəal iştirak edib və bu istiqamətdə müxtəlif ölkələrdə tədbirlər, forum və konqreslər təşkil olunub. Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildiriblər. Belə ki, 2009-cu il ərzində regionda baş vermiş bir sıra mühüm hadisələr, xüsusilə də Türkiyə və Ermənistan arasında “Diplomatik münasibətlərin qurulmasına” və 2İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair” protokolların imzalanması Azərbaycan və Türk diaspor təşkilatları tərəfindən ciddi narahatlıq və etirazla qarşılandı. Bununla əlaqədar, diaspor təşkilatlarından Diasporla İş üzrə Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil oldu.
2009-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirildi. Toplantıda diaspor təşkilatları birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu və bu məsələdə Azərbaycan Respublikasının mövqeyini dəstəklədiklərini bildirdilər. Azərbaycan və türk diaspor təşkilatları nümayəndələri birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu vurğuladılar. Müzakirələrin yekunu olaraq toplantı iştirakçıları adından Azərbaycan və Türkiyə prezidentlərinə müraciət qəbul edildi.
2009-cu ilin noyabr ayında Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradıldı. Belə bir qurumun yaradılması ideyası Avropada yaşayan azərbaycanlı xanımları daha da fəallaşdırmaq məqsədilə irəli sürülmüşdü. Bu birlik azərbaycanlı qadınların, eləcə də qadın təşkilatlarının arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə, onların bir-biri ilə daha sıx ünsiyyətdə olmasına xidmət edirdi.
2009-cu ildə həm də Diasporla İş üzrə Dövlət Komitəsinin yeni internet saytı istifadəyə verildi. Yeni saytda Azərbaycan dövləti və xalqı haqqında geniş məlumat əksini tapdı.
2010-cu ilin əvvəlində “Azərbaycan diasporuna dövlət qayğısı” adlı Azərbaycan dövlətinin diasporumuzun inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən III kitab işıq üzü gördü. Burada Azərbaycan Prezidenti İlham Əliyevin diaspor quruculuğu işinin təkmilləşdirilməsinə, xarici ölkələrdə yaşayan soydaşlarımızın problem və qayğılarının həllinə xidmət edən fərman və sərəncamları, dünya azərbaycanlılarına, həmçinin diaspor təşkilatlarının toplantılarına müraciətləri və digər mühüm sənədlər, habelə forum və qurultaylardakı çıxışları, diaspor nümayəndələri ilə görüşlərinə dair məlumatlar əksini tapırdı. 2010-cu ildə Çexiyanın Lidiçe küçələrindən biri Xocalı adının, Xocalı şəhərində küçələrdən birinin isə Lidiçe adının daşıması haqqında qərar verildi. 2010-cu il martın 1-də Xocalı Şəhər İcra Hakimiyyəti ilə Lidiçe Xatirə Kompleksi və onun tabeçiliyində olan NKP Lejaki Memorialı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalandı. Memoranduma görə, Lidiçe Xatirə Kompleksi və Xocalı Şəhər İcra Hakimiyyətinin əməkdaşlığı əsasən qarşılıqlı təşviqat-təbliğat işlərinin aparılmasını, hər iki şəhərdə baş vermiş faciəyə dair sərgilərin təşkilini, Lidiçe sakinlərinin və Xocalı faciəsi şahidlərinin görüşlərini, elmi tədqiqatlar üçün arxiv materiallarından istifadə üçün şəraitin yaradılmasını, soyqırıma aid nəşrlərin mübadiləsini, eləcə də birgə nəşrlərin layihəsinin hazırlanmasını və tarixi materialların çap olunmasını, uşaq və gənclər üçün tədris xarakterli yarış və müsabiqələrin təşkilini əhatə edirdi.
2010-cu ilin mayında İsrailin Təl-Əviv şəhərində “KİV və regional münaqişələr” mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının birgə təşkil etdiyi konfransda dövlət rəsmlərinin, regiondakı prosesləri dərindən bilən politoloqların və mütəxəssislərin, habelə Azərbaycan, İsrail, Birləşmiş Ştatlar, Ukrayna və Rusiyada fəaliyyət göstərən rusdilli Kütləvi İnformasiya Vasitələri rəhbərlərinin iştirakı ilə medianın münaqişələrin həllində roluna dair müzakirələr aparıldı. Mayın 6-da İsrailin Hadera şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq xiyabanın təməlqoyma mərasimi oldu.
2010-cu ildə Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu keçirildi. Ukraynanın 27 vilayət və şəhərindən 700-dən çox gəncin qatıldığı forumda ermənilərin ideoloji təxribatlarına cavab vermək məqsədilə hər il aprelin 24-ü Ukraynada yaşayan Azərbaycanlı gənclərin həmrəylik günü elan olundu. Tədbirdə Ukraynada yaşayan azərbaycanlı gənclərin əlaqələndirmə şurası yaradıldı.
2010-cu ildə Marneuli şəhərində Gürcüstan azərbaycanlı gənclərinin I qurultayı keçirildi. Tədbirdə Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı yaradıldı, qurumun Nizamnaməsi təsdiq edildi. 13 nəfərdən ibarət İdarə Heyəti seçildi.
İsveçdə də azərbaycanlı gənclər bir araya gələrək yeni təşkilat yaratdılar. İsveç Krallığında yaşayan azərbaycanlı gənclərin yeni təşkilatı “İsveçin gənc azərbaycanlıları” adlandırıldı. Qeyd etmək lazımdır ki, indi dünyanın əksər ölkəsində 370-dən çox Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.
2010-cu il, may ayının 15-də Marneuli şəhərində Gürcüstan azərbaycanlı gənclərinin I qurultayı keçirilib. Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyilə keçirilmiş qurultayda Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Rauf Əliyev, Sabir Hacıyev, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, Kvemo-Kartli qubernatorunun müavinləri Hüseyn Yusifov, Koba Kubiaşvili, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Gürcüstan azərbaycanlı gənclərinin I qurultayının təşəbbüs qrupunun rəhbəri Leyda Məmmədova çıxış edərək qurultayın çağrılmasının məqsədi barədə danışıb. O qeyd edib ki, toplantının əsas məqsədi gürcüstanın azərbaycanlı gənclərini bir araya gətirmək və onların cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl layihlər həyata keçirməkdir. L.Məmmədova qurultayda 202 nəfər nümayəndədən 165 nəfərin iştirak etdiyini bildirib. O, qurultayın işində Gürcüstandakı azərbaycanlı gənclərin təsis etdiyi 18 təşkilatın nümayəndəsinin iştirak etdiyini diqqətə çatdırıb. Toplantıda Gürcüstanın azərbaycanlıların yaşadığı bütün bölgələr təmsil olunub. Mayın 19-da İsveçdəki Azərbaycan diasporunun gənc fəalları yeni təşkilat yaradıblar. Stokholmda bir araya gələn gənc soydaşlarımızın keçirdiyi təsis konfransında Linköping Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin tələbəsi Mahirə Muxtarlı və Stokholm Universiteti Hüquq və Beynəlxalq Əlaqələr fakültəsinin tələbəsi Fərəc Quliyev təşkilatın nizamnaməsini geniş ekran vasitəsi ilə təqdim ediblər. Konfrans iştirakçılarının yekdil qərarı ilə İsveç Krallığında yaşayan azərbaycanlı gənclərin yeni təşkilatı “İsveçin gənc azərbaycanlıları” adlandırılıb. Konfransda təşkilatın idarə heyəti və rəmzləri təsdiqlənib. İdarə heyətinə həm Azərbaycan Respublikasından, həm də əslən Güney Azərbaycandan olan tələbələr, eləcə də ayrı-ayrı idarələrdə, müəssisələrdə çalışan aktiv gənclər seçiliblər. Konfransa dəvət olunan qonaqlar öz çıxışlarında gənclərin bu təşəbbüsünə və onların gələcək fəaliyyətinə dəstək verəcəklərini bildiriblər. Sonda artıq isveçlilərin rəğbətini qazanmış reper Azərikim konfrans iştirakçıları qarşısında İsveç və Azərbaycan dilində çıxış edib.
İlham Əliyevin prezidentliyi dövründə diaspora sahəsində ən yadda qalan hadisələrdən biri də Dünya Azərbaycanlılarının III qurultayının keçirilməsidir. Belə ki, 2011-ci il, iyulun 5-də Bakıda, Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı keçirilib. Qurultayda bildirilib ki, Dünya azərbaycanlılarının III qurultayının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etməsi bu möhtəşəm tədbirin ictimai-siyasi məzmununu daha da zənginləşdirir. Qeyd edək ki, Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə keçirilmişdi. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayı ilə milli diasporumuz inkişafının yeni mərhələsinə qədəm qoydu. Qurultaydan keçən 5 il ərzində 100-dən çox yeni diaspor təşkilatı yaradılmış, bir sıra regionlarda azərbaycanlı icmaların fəaliyyətini əlaqələndirən yeni qurumlar təsis edildi. III qurultayda 42 ölkədən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edib. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunmuşlar. Ümumilikdə qurultayda 1872 nəfər iştirak edib. Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olub. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak edib. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak edib. Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırıb. Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları arasında vaxtilə Azərbaycanda yaşamış yəhudi, rus, ukraynalı, bolqar, ahıska türkü və digər xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri də olub.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib, nümayəndələrin çıxışları dinlənilib.
Qurultay Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2013.- 25 sentyabr.- S.15.