Qloballaşan dünyada Azərbaycan
diasporu
Soydaşlarımızın daha sıx şəkildə birləşməsi zərurətə çevrilir
Qloballaşan
dünyanın doğurduğu reallıqlar Azərbaycan
diasporunun fəaliyətinə də öz təsirini göstərməkdədir.
Cərəyan edən inteqrasiya prosesləri dünyanın
müxtəlif regionlarında yaşayan həmvətənlərimizin
daha sıx şəkildə birləşməsini zərurətə
çevirir. Başqa sözlə desək, indi azərbaycanlıların
ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından
irəli gələn məsələ deyildir, həm də
müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi
ilə ortaya çıxan zərurətdir.
Bu gün xarici ölkələrdə
yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması
prosesi müşahidə edilməkdədir. Azərbaycan
Respublikası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə,
soydaşlarımızın diaspor quruculuğu sahəsində
fəaliyyətini koordinasiya etməyə
çalışır. Təşkilatlanmış Azərbaycan
cəmiyyətlərinin fəaliyyət göstərdikləri
ölkələrin ictimai-siyasi həyatında fəal
iştirakının təmin
olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindəndir.
Bu məqsədlə ötən dövrdə
soydaşlarımızın yaşadıqları ölkələrdə
keçirilən seçkilərə təsiretmə mexanizmlərinin
hazırlanmasına nail olmaq üçün müəyyən
işlər görülüb və uğurlu nəticələr
qazanılıb. Diasporumuzun daxili strukturunda vahid vətəndaşlıq
məhfumunun olmaması, ölkədaxili proseslərin
birbaşa xaricdə yaşayan və müxtəlif təşkilatlarda
təmsil olunan soydaşlarımızın siyasi
baxışlarına təsir etməsi, iqtisadi maraqların
önə çəkilməsi bu qitələrdəki təşkilatların
konqreslər və federasiyalar halında
formalaşmasında ciddi çətinliklər yaradır.
“Lobbi və Diaspor” Elmi Araşdırmalar Mərkəzinin rəhbəri
Zaur Əliyev deyir ki, Azərbaycan diasporunun təşkilatı
sistemində başqa bir mənfi cəhət hər bir qurumun
yaranması və fəaliyyəti zamanı onların Azərbaycandakı
daxili məsələlərlə
bağlılığının olmasıdır. Onlar diaspor təşkilatlarına
xas olan təsis olunduqları ölkələrin ictimai fikrində
və beynəlxalq təşkilatlar içərisində təmsil
etdiyi milləti və dövləti təbliğ eləmək
və siyasi-lobbiçilik işi apramaq əvəzinə daha
çox bir-birləri arasında münasibətləri
aydınlatmağa çalışırlar. Son zamanlar bəzi
neqativ cəhətlərin aradan qaldırılmasına
baxmayaraq, verilən bəyanatlarda Azərbaycandakı siyasi
partiya və liderlərin mövqeyindən
çıxış edilməsi fikirlərinə gəlmək
olar.
Xaricdə yaranan Azərbaycan diaspor təşkilatlarının
yaranması tarixinin hələ ötən əsrin əvvələrinə
təsadüf etməsinə baxmayaraq müasir mərhələdə
bu istiqamətdə canlanma 1988-ci ildən etibarən
başlandı. Belə təşkilatlanma prosesi 1993-cü ilə
qədər davam etdi. Bu işdə xüsusilə Avropa
ölkələrində yaşayan soydaşlarımız fəallıq
nümayiş etdiriblər. Bir-birinin ardınca Avropa ölkələrində
yaranan təşkilatlar üç mərhələli sistem
üzərində fəaliyyət göstərirdilər.
Burada diqqəti çəkən əsas məqam yaranan bəzi təşkilatların
adlarında fərq olmasına baxmayaraq, onların bir şəxs
tərəfindən təsisi edilməsi idi. Belə təşkilatların
yaranması isə eyni sxem üzrə bir neçə təşkilatın
fəaliyyət göstərməsinə gətirib
çıxarırdı. Bü cür təşkilatlar «ailə
təşkilatları» adı almaqla, onların kimin
mövqeyindən çıxış etməsi və tələblərinin
nə olması barədə ortaq fikrə gəlməsinə əngəlliklər
törədirdi. İlk olaraq Avropada bu illərdə
ardıcıl yaranan təşkilatların apardıqları
işlər sırf mədəni xarekterli idi. Bu təşkilatların
bir çoxu cənublu soydaşlarımız tərəfindən
təsis olunduğundan onların fəaliyyətində sol
meyilli İran müxalifətçilik mövqeyi daha aşkar
görünürdü. Bəzi təşkilatlar isə
iqtisadi maraqlar naminə təsis edilirdi. Belə təşkilatlar
digərləri kimi konsert proqramları təşkil etməklə
yanaşı, İrana və
«yenidənqurma» dövrü yaşayan Azərbaycana
gediş-gəliş işlərini əllərində cəmləməyə
çalışırdılar. Gəlirli sahə olduğundan
bu təşkilatlara rəqib çıxan başqa təşkilatlar
da bu istiqamətdə işlər aparmaq qərarına gəldikdə
Avropada təşkilatlanma prosesində ziddiyətlər
yarandı və təşkilatların özləri bir
neçə yerə parçalanmalı oldu. Beləliklə,
kiçik təşkilatların federasiyalar və konqreslər
şəkilində birləşdirilməsi zərürəti
meydana çıxdı. İlk olaraq bu addımı Birləşmiş
Ştatlarda məskunlaşmış soydaşlarımız
atdılar və Dünya Azərbaycanlıları Konqresi (DAK)
adlı qurumun təsis olunması prosesinə başladılar.
Adından göründüyü kimi, ətrafında
dünyanın müxtəlif bölgələrində məskunlaşan
azərbaycanlıları birləşdirən bu qurumun 1997-ci
ilin iyun ayının 27-29-u Birləşmiş Ştatlarda
keçirilən ilk toplantı zamanı yaradılması
diasporumuzun formalaşması istiqamətində mühüm
tarixi addım hesab olunur. I Konqres dünya azərbaycanlılarının
yaratdıqları təşkilatların vahid mərkəzdən
idarə olunmasında əhəmiyyətli
qurum kimi gözlənilirdi. Konqresdə Şimali və Cənubi
Azərbaycanın problemlərinin bərabər səviyyədə
götürülməsi nəzərdə tutulurdu. Lakin ilk
konqres mövcud problemlərin zahirə çıxmasına
sanki təkan verdi. Vətəndaşlıq mənsubiyyəti
məsələsində olan neqativ hallar Cənubdan və
Şimaldan olan azərbaycanlılar arasında
anlaşılmazlıqları üzə
çıxartdı. Tədbirin
hansı, İran yoxsa Azərbaycan bayrağı altında
keçirilməsi məsələsində fikir
ayrılıqları yaşanan ilk konqresin növbəti
görüşlərində də belə hallara tez-tez təsadüf
olunmağa başlandı. Dünyanın müxtəlif
bölgələrinə səpələnən azərbaycanlıların
müəyyən hissəsini ətrafında
birləşdirən DAK-ın fəaliyyətində
hazırda da ciddi problemlər var.
DAK-dan başqa onun özünün də daxil
olduğu Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurası (DAƏŞ) diaspor təşkilatlarını ətrafında
birləşdirən II böyük qurum sayılır. Bu qurum
2001-ci ildə Bakı şəhərində keçirilən
Dünya Azərbaycanlarının I Qurultayı zamanı
yaradılıb. 102 nəfərdən ibarət Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının 23 nəfərlik
idarə heyətində xaricdə
yaşayan soydaşlarımızla birgə yerli dövlət
qurumlarında çalışan vətəndaşlarımız
da təmsil olunur.
Azərbaycan diaspor təşkilatlarını ətrafında
birləşdirən III böyük qurum 2004-cü ilin aprel
aynın 17-də Almaniyanın Berlin şəhərində təsis
olunan Avropa Azərbaycanlıları Konqresidir (AAK). Təşkilatın
yaranma zərurəti Avropada pərakəndə halında olan,
Dünya Azərbaycanlıları Konqresi və Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurası kimi qurumlarda təmsil
olunan və olunmayan Azərbaycan təşkilatlarını
birləşdirməkdən irəli gəlir. Diasporla
İş Üzrə Dövlət
Komitəsinin təşəbbüsü ilə yaradılan
Avropa Azərbaycanlıları Konqresinin Əsanaməsinə
daxil olan məqsəd və vəzifələr Avropada
yaşayan azərbaycanlıların milli-mədəni
xüsusiyyətlərini qorumaq, onların sosial-siyasi və
hüquqi maraqlarını təmin etmək, bu qitədə
çoxtirajlı dövrü mətbuat və elektron kütləvi
informasiya vasitələrində təbliğat işinin
aparılması, müxtəlif mövzulara aid konrfans, seminar,
diskussiya, mətbuat üçün brifinqlər, musiqili tədbirlər,
sərgilər və başqa istiqamətli tədbirlər həyata
keçirmək; Azərbaycan və türk dünyası ilə
bağlı elmi işlər və kitabların dəstəklənməsi;
lobbiçilik və s idi.
Zaur Əliyev deyir ki,
sayına və fəaliyyətinə görə Azərbaycan
diasporunun güclü olduğu dövlətlərdən biri
Rusiyadır. Rusiyada Azərbaycan diaspor təşkilatları 89
obyektin hamısında var. Rusiyada azərbaycanlıları ətrafında
birləşdirməyə çalışan 13 mərkəz
fəaliyyət göstərsə də, bunlardan ikisi
Ümumrusiya Azərbaycanlılar Konqresi və Rusiya Azərbaycanlılarının
Federal Milli Mədəniyyət Avtonomiyası FNKA-Azerros ətrafında
Azərbaycan cəmiyyətləri və təşkilatları
toplaşıb və Rusiyanın bir çox bölgəsində
filialları var. Azərbaycan diaspor təşkilatlarını
bir qədər aktiv olduğu ölkələrdən
Almaniyanın adını qeyd etmək olar. Burada hələ II
Dünya Müharibəsindən sonra təsis edilən təşkilatlaırn
bu günkü sələfi olan qurumlar fəaliyyətinə
görə çox geri qalırlar. Almaniyada son zamanlar təsis
edilən qurumlar iqtidar və müxalifət yönümü
ilə seçilirlər. Bitərəf qalan təşkilatlar
isə hər iki tərəfin kölgəsində
qalıblar. Məsəl üçün burada fəaliyyət
göstərən Dünya Azərbaycanlıları Mərkəzinin
üzvlərinin bir çoxunu siyasi mühacirlər təşkil
edir, Nizami Gəncəvi adına Mədəniyyət
İnstitutu isə bu ölkədə
biznes maraqları güdən soydaşlarımızın əsas
birləşdiyi təşkilatdır. Diaspor təşkilatlarının
fəal olduğu ölkələr içərisində
İsveçin də adını çəkmək olar. Bu
ölkədə ilk təşkilatlar 1985-ci ildən etibarən
yaradılmağa başlanıb. Hazırda bu ölkədə
fəallığına görə Azərbaycan-İsveç
Komitəsi xüsusi olaraq fərqlənir. Azərbaycan və isveçlilərin
birləşdiyi bu cəmiyyət İsveçdə fəal təşkilatlardan
hesab olunur. Azərbaycan-İsveç münasibətlərini
normallaşdırmaq üçün iş aparan Komitə eyni
zamanda lobbiçilik və təbliğat işilə məşğul
olur. Bu təşkilatdan başqa biz Azərbaycan-İsveç
Federasiyası, Azər Cəmiyyəti və digərlərinin
adını qeyd edə bilərik ki, onlar öz fəaliyyətləri tək İsveçi deyil digər
Skandinaviya ölkələrini də
əhatə edir.
Belçikadakı “Azərbaycan Evi”də fəallıq
nümayiş etdirən diaspor təşkilatlarındandır.
Belçikada əvvəl fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət Evinin
əsasında qurulan təşkilat 2000-ci ildən fəaliyyətə
başlayıb. Əsasən lobbiçilik, təbliğat, mədəni
tədbirlər ikitərəfli əlaqələrin
yaxşılaşması istiqamətində iş aparır.
Hazırda da yeni-yeni diaspor təşkilatlarının
yaradılması istiqamətində işlər davam etdirilir
ki, bu da diaspora hərəkatının inkişafına öz
töhfəsini verir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2013.- 27 sentyabr.- S.15.